Ədəbiyyatımızda
istiqlal ideyalarının tərənnümü
Milli müstəqil dövlətçiliyimizin qurucularından olan görkəmli mütəfəkkir, böyük ictimai-siyasi xadim, yazıçı və publisist Məhəmməd Əmin Rəsulzadə, həm də ədəbiyyatşünas-tənqidçi kimi elmi-nəzəri fikir tariximizdə əhəmiyyətli yer tutur.
Onun XX əsrin I yarısındakı milli ədəbiyyatımız
haqqında ədəbi-tənqidi görüşləri
"Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində
özünün daha dolğun ifadəsini tapır və sadə
olmayan həmin dövrün ictimai-mədəni mənzərəsini
əks etdirmək baxımdan xüsusi dəyər kəsb
edir. Odur ki, bu əsər sovet dövrü ədəbiyyatının
problemlərini müstəqillik ovqatlı elmi-nəzəri, ədəbi-estetik
düşüncəmizin istiqlal işığı
altında yenidən təhlil etmək və yaşanan tarixin ədəbi
proseslərini dəyərləndirmək baxımdan qiymətli
bir mənbədir.
Əsərdə əvvəlcə 1917-18-ci illərdə,
yəni Milli Respublikanın yarandığı illərdə
Azərbaycan ədəbiyyatına qısa nəzər
salınır.
Müəllifə görə, bu illərin ədəbiyyatı
tarixin ən coşqun, həyəcanlı günlərini
yaşayan, gələcəyə ümidlə baxan xalqın tərcümanı
olduğuna görə ona nikbinlik, romantik ruh hakimdir. Elə
buradaca fikrinin davamı olaraq, o, sonralar Sibirdə sovet cəlladlarının
işgəncələrinə davam gətirməyərək vəfat
edən şair Əliyusifin, Ə.Cavadın istiqlal
günü münasibətilə hürriyyət pərisinə
müraciətlə yazdığı "Nədən
yarandıq?" şeirlərindən nümunələr gətirir,
H.Cavidin "Şeyx Sənan", M.Hadinin "Eşq ilahəsi",
Ə.Cavadın "Qoşma", C.Cabbarlının
"Qız qalası" əsərlərinin adlarını
çəkir.
Bəllidir ki, sonralar, bolşevik istilası zamanı
xalqın azadlığına, istiqlalına endirilən zərbə
C.Cabbarlının təbirincə desək, "mühit və
cəmiyyətlərin ifadeyi-hal keyfiyyətləri" olan ədəbiyyata
da dəyir. Və
müəllifə görə, bu dövrdə formaca milli olan ədəbiyyata
beynəlmiləl proletar məzmunu verməyə cəhd edilsə
də, sovet işğal hökuməti "proletkult" deyilən
mədəniyyət yaratmağa tam nail ola
bilmir. Bunun başlıca səbəbini müəllif
ədəbiyyatın hələ də istiqlalı
dadmış, müstəqillik dövrünü
yaşamış "əski ustadlar"ın əlində
olmasında görür. Və həmin sənətkarlar
bəzən zahirən mövcud quruluşun sənətkar
qarşısında qoyduğu tələblərdən
razı görünsələr də, daxili azad
dünyalarından misralara və sətirlərə hopan
istiqlal işartılarını söndürə bilmirlər.
Belə sənətkarların sırasında
müəllif C.Məmmədquluzadənin, S.Axundzadənin
(S.S.Axundov), H.Cavidin, Ə.Cavadın, C.Cabbarlının
adlarını xüsusi vurğulayır.
"Kamança",
"Anamın kitab”ı, "Laçın yuvası" əsərlərinin
qısa xülasəsini verdikdən sonra H. Cavid
yaradıcılığını daha geniş təhlilə
cəlb edən müəllif dramaturqun "Topal Teymur" əsərinin bir neçə dəfə səhnədə
oynandıqdan sonra tamaşasının yasaq edilməsi məsələsinə
toxunur. Və bunu "sovet çörəyini
yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə
cəsarət edən" şairə qarşı hiddətlənmiş
hökumətin cəza metodu kimi dəyərləndirir.
"Topal
Teymur"a nisbətən "Peyğəmbər" əsərinin
"yaxşı" qarşılanmasının səbəbini
əsərin ideyasının sovet tənqidçiləri tərəfindən
düzgün dərk edilməməsində arayan müəllifə
görə: "Vətəni sadəcə sözdə sevmək
kifayət deyil. Çünki hər hansı bir
haqq kimi vətən də ancaq mübarizədə
qazanılır. Böyük sənətkarlıqla
yazılmış bu əsərdən Azərbaycan oxucusunun
alacağı hissə məhz budur".
H.Cavidin
sovet dövründə qələmə aldığı digər
əsərlərdən - "Uçurum" və
"İblis"dən də söhbət açan M.Ə.Rəsulzadə
xüsusən, "İblis" əsərini təhlil edərkən
onun müəllifini "hürriyyət və insani fikirlərin
romantiki" adlandırır və bu əsərdə də sənətkarın
öz ana düşüncəsinə - milliyyət və
türkçülük fikirlərinə sadiq
qaldığını xüsusi vurğulayır.
H.Cavidin ədəbi yaradıcılığını
araşdırarkən son olaraq dramaturqun hürriyyətə
çağıran coşqun xitablarla, dərin mənalı fəlsəfi
fikirlərlə zəngin olan "Səyavuş" əsərinə
toxunan müəllif bu əsərin zamanın tələbi
baxımından aktual, səhnə texnikası
baxımından gözəl işləndiyini qeyd edir. Və belə
məlum olur ki, başqa əsərlərində olduğu
kimi, bu əsərində də müəllifi pyesin dili,
dramaturqun üslubu, fikirlərinin ifadə parlaqlığı
daha çox cəlb edir.
Sovet istilasının ilk illərində H.Cavid
yaradıcılığına, əsərlərinin
tamaşasına çox ciddi maneələr olmasa da, bu
baxımdan Cavad Axundzadənin (Ə.Cavad) qətiyyən bəxti
gətirmir. Belə ki, "əski müsavatçı"
olduğu üçün o, həbs edilir, əsərlərinin
nəşr olunanları müsadirə edilir, yeni nəşrlərinə
isə icazə verilmir. Bütün bunlara
baxmayaraq, şairin əsərləri əldən-ələ
keçərək yayılır, hətta şeirlərinin
"siyasi olmayan parçaları" mətbuatda yer ala bilir.
Və "bu rəmzlər çekist ruhlu tənqidçilər
tərəfindən deşifrə olunub şairə hücum
üçün bir vasitə olur".
Müəllif
daha sonrakı araşdırmasında sovet dövründə
müvəffəqiyyət qazanan C.Cabbarlı
yaradıcılığına nəzər
salır və sovet idarəsinin yazıçıya "nisbətən
yumşaq" yanaşmasının səbəbini onun radikal
düşüncəsində, məzlumların həyatından
götürülmüş mövzuları qələmə
almasında görür. Müəllifə
görə, məhz bu səbəbdən C.Cabbarlını
özünə "cığırdaş" hesab edən
bolşevik hökuməti tərəfindən əsərlərinin
nəşrinə, pyeslərinin tamaşasına icazə
verilir. C.Cabbarlı
yaradıcılığını təhlil edərkən o, ədəbiyyatşünasların
dramaturqun sənətkarlığı haqqında fikirlərinə
də yer ayıraraq qeyd edir ki, Mirzə Balaya görə
C.Cabbarlının "bütün əsərlərində
individalizm və ... liberalizm" mövcuddur, bəzi tədqiqatçılar
isə dramaturqun qəhrəmanlarının "faciəviliyi
və hətta anarxizmi" üzərində dayanırlar.
Həmin
qələm sahiblərinin C.Cabbarlının
yaradıcılığı ilə bağlı mülahizələri,
xüsusən məşhur istiqlal mücahidlərindən olan
M.B.Məhəmmədzadənin fikirləri ilə bolşevik
irticası illərinin azad düşüncəyə, millətçiliyə
qarşı divan tutma üsullarını nəzərə
almadıqları ilə bağlı əks mövqe
nümayiş etdirmək, mübahisə etmək olardı. Amma sözügedən şəxslərin
C.Cabbarlının 20-ci illərdə həbs edilməsi, NKVD
zindanında işgəncəyə məruz qalması
ehtimalını nəzərə almamaları ən azı qəribə
təəssürat oyadır.
C.Cabbarlının ayrı-ayrı ədəbi
obrazlarının təhlilinə keçən M.Ə.Rəsulzadəyə
görə, Aydın ("Aydın") "fikrin, səyin, sənətin
və insanın həqiqi şəxsiyyətini şərtləndirən
bütün dəyərlərin hürriyyətini tələb
edir. O,
heç bir millətin başqa millət üzərində
ağalıq etməsini istəmir". Oqtay ("Oqtay
Eloğlu") isə "həyatın hər sahəsində
və xüsusilə mədəniyyətlə sənətdə
yaşayışın milliləşməsi üçün
vuruşur".
Maraqlıdır ki, "Od gəlini" əsərinin təhlilinə
keçməzdən əvvəl yazılma tarixinə toxunan
müəllif C.Cabbarlının müsavatçılar qrupu
ilə birlikdə həbs olunduğunu xatırladır və həmin
pyesi onun "Çeka" həbsindən
çıxdıqdan sonra qələmə
aldığını qeyd edir. Uzun zaman sovet tənqidçiləri
tərəfindən dövrün ideoloji tələbinə
uyğun olaraq əsərin ateist, pyesin əsas qəhrəmanının
dinsiz, Allahsız kimi xarakterizə olunması faktı
hamıya məlumdur. Bu baxımdan müəllif tərəfindən
əsərin mövzu və ideyasını,
aktuallığını dövr üçün şərtləndirən
fikirlər olduqca maraqlıdır: "Mənzərənin rəmziliyi
göz qabağındadır. Tamaşaçılar
üçün "ərəb" və "islam"
sözləri yerinə "rus" və "kommunizm"
sözlərini qoymaq mənanı aktuallaşdırmaq
üçün kifayətdir". Qeyd edək
ki, bu fikirlər C.Cabbarlının yaxın dostu və tələbə
yoldaşı olmuş, 1923-cü ildə mühacirət
etmiş görkəmli ictimai-siyasi xadim M.B.Məhəmmədzadənin
əsər haqqında yazdıqları ilə tam səsləşir.
Belə ki, 1938-ci ildə Berlində çapdan çıxan
"Qurtuluş" məcmuəsinin 39-cu nömrəsində
o, belə yazırdı: "Od gelini"nin
sembolik bir eser olduğunu herkes anlar. Bunun için ufak bir
degişme, mesela: "arap" kelimesi yerine "rus" kelimesi
koymak kafi gelir. Millet de hep böyle yapıyor:
"Arap"ı "rus", "İslam"ı ise
"bolşevizm" ile degişerek öyle dinler".
C.Cabbarlının
pyeslərini Azərbaycan dramaturgiya tarixində mühüm mərhələ
hesab edən müəllifə görə, ədibin kişi qəhrəmanları kimi, qadın
obrazları da yetkin, mükəmməl obrazlardır və
onlar "passiv etirazdan başlayaraq aktiv protestə və sosial
mübarizəyə qədər yüksəl"ə bilirlər.
Ümumiyyətlə, müəllifə görə,
Cabbarlı sənətinin qüdrəti müsbət
obrazların təsvirində onların qarşısına
dolğun, yetkin işlənmiş mənfi obrazları
çıxarmaq bacarığındadır.
M.Ə.Rəsulzadə haqlı olaraq çağdaş
Azərbaycan ədəbiyyatının ümumi icmalı
çərçivəsində C.Cabbarlı
yaradıcılığının təfsili və təhlili
məsələsinin qeyri-mümkün olması qənaətinə
gəlir. Bu səbəbdən son
olaraq fikrini yekunlaşdıraraq 1934-cü ilin sonunda gənc
yaşlarında dünyadan köçən sənətkarı
bolşevik hökumətinin "kommunist deyilkən,
kommunistliyi mənimsəyən kimi göstərmək" səyinə
qarşı çıxır. Və müəllif
fikrini əsaslandırmaq üçün C.Cabbarlının
Moskvada Sovet Yazıçılarının I
Qurultayındakı nitqində "həqiqi sənətkar və
yazıçının şanına yaraşmayan sosial
sifariş" üsulunun əleyhinə çıxmasını
dəlil-sübut kimi göstərir. Bəllidir ki,
sözügedən qurultayda sənətkarın mövzu
sifarişçilərinə cavabı çox sərt
olmuşdu: "Qəhrəmanı reseptlə yaratmaq
olmaz!"
Hər
iki dönəmin - müstəqillik və sovet
dövrünün yuxarıda sözügedən sənətkarlarından
sonra müəllif məhz bu
dövrdə fəaliyyət göstərən bir sıra yazıçıların
yaradıcılığına toxunur, bu zaman həmin
yazıçılar içərisində
"yaradıcılıq istiqbalı" ilə fərqlənən
Sabit Rəhmanın adını xüsusi vurğulayır, onun
"Vəfasız" romanının məzmununu
yığcam şəkildə təqdim edir. Daha
sonra həmin əsərə görə
yazıçının sovet tənqidçiləri tərəfindən
"tərsinə realist" adlandırılması,
"xırda burjua zehniyyətinin əsiri" kimi
damğalanması faktına prinsipial münasibətini bildirir.
Müəllif yeri gəldikcə, ədəbi müqayisələr
gətirərək Sabit Rəhmanın "Vəfasız"
əsəri ilə təxminən eyni aqibəti yaşayan
"Kələfin ucu" (H.Axundlu) romanının
adını çəkir. Və əsərin əvvəlcə
nəşr edildiyini, sonralar isə "əks-inqilabi və
müsavatçı" ruhuyla zəhərlənmiş əsər
kimi aradan götürüldüyünü qeyd edir.
Çağdaş dövrünün xronoloji
ardıcıllıqla ictimai-mədəni mənzərəsini
yaradan müəllif Repressiya dövrünə aid təfsirini
təxminən üç abzasa
sığışdırdığı fikirləri ilə
oxucuya çatdıra bilir. Belə ki, müəllifə görə
"şiddətli təmizlənmə" dövründə:
görkəmli ədib və yazıçıları təkcə
cismən öldürməklə kifayətlənməyib, təmsil
etdikləri ədəbi cərəyana da yeni istiqamət
verilir; "türk" termini qadağan edilir; ideologiyadakı
"kommunizm" kimi, terminologiyada "sovetizm" hakim olur;
böyük bir "sovet milləti" yaradılır.
Müəllif
bu dövrdə yaranan orijinal poeziya nümunələrinə,
ayrı-ayrı şairlərin yaradıcılığına
diqqət yetirir və bu zaman sovet dönəminin xüsusən
repressiya illərində sənətkarların
yaradıcılıqlarının məhdud çərçivəyə
salındığını, azadlıqlarının
boğulduğunu tərənnüm edən imzasız misralara
da yer ayırır:
Nə
yazayım artıq yurduma dair,
Düşmən
zəhər salır, dostlar gizlənir...
Bilməm
ki, yurdunu sevən bir şair,
Neçin
də bir cani kimi gizlənir...
Bədbin
ruhlu bu şeirdən sonra müəllif sanki ona cavab olaraq
ümid qığılcımlarının
parladığı, nikbin notlara köklənmiş
"Hicran" adlı şeirdən nümunələr təqdim
edir:
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaq ki?
Sordum,
ümidini qırma, dedilər!
Yuxarıdakı misralar saysız-hesabsız qurbanlarla dolu
olan sovet zindanlarından eşidilən nidalar kimi səslənir. Və müəllifə
görə, məhbus həyatı yaşayarkən belə bu
insanlar qəhrəmanlıqla ölməyi şərəfsiz
yaşamaqdan üstün tutur, "itirilmiş hürriyyət
və istiqlalın geri alınması uğrunda" sanki misraları
ilə vuruşurlar.
Bolşevik
senzurasından azad, mühacirətdə nəşr edilən
şairlər içərisində müəllif Gültəkini
yüksək qiymətləndirir və ümumi
araşdırma çərçivəsində şairin
yaradıcılığını tam təhlil etməyə
imkan olmadığını əsas gətirərək sənətkarın
yaradıcılığından gətirdiyi bir neçə
nümunə ilə kifayətlənir:
Qurtuluş,
ey nazlı, sevimli pəri,
Könüldən vurğundur sənə azəri.
Dişimlə
qıraram bir gün gələr də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa
ey həsrətlə doğan istiqlal,
Yaşa
ey türk, yaşa ey gözəl hilal!
"Çağdaş Azərbaycan ədəbiyyatı"
əsərində M.Ə.Rəsulzadə mühacirət ədəbiyyatı
nümayəndələrinin sırasında eyni zamanda, Sənanın,
Yaycılı Kərimin, Almas Yıldırımın da
adlarını çəkir.
Əsərdəki
araşdırmalardan belə nəticəyə gəlmək
olar ki, keçən əsrin 20-ci illərində Cümhuriyyət
dövrünün bütün xüsusiyyətlərinə
zidd olan "sosializm" adlanan yeni bir dövr bərqərar
olsa da, eyni coğrafi məkanda dəyişkən ictimai-siyasi
hadisələr insanların, xüsusən ədəbiyyat
adamlarının qəlbindəki istiqlal
yanğısını, azadlıq eşqini söndürə
bilməmişdir.
Və məhz
bu eşqi və yanğını duyan dahi mütəfəkkir
əsərini nikbin, gələcəyə inam dolu fikirlərlə
tamamlayır: "Müqəddəratını hürriyyətsevər
millətlərin və mədəniyyət
dünyasının müqəddəratı ilə
bağlamış Azərbaycan hürriyyət və demokratiya
cəbhəsinin son və qəti zəfərinə əsla
şübhə etməz! Duyduğu minbir iztirabdan sonra
arzuladığı hürriyyət və istiqlalına
qovuşacaq, şair Gültəkinin bu beytini zəfər
sevincləri içində təkrar edəcək:
Sən
bizimsən, bizimsən,
durduqca
bədəndə can,
Yaşa,
yaşa, çox yaşa,
ey
şanlı Azərbaycan!"
Zaman
göstərdi ki, M.Ə.Rəsulzadənin bu əsri qabaqlayan
uzaqgörən fikirləri təkcə vərəq üzərində
yazı olaraq qalmadı və 100 illik
istiqlalımızın 27 ilinin
bu dəfə son və qəti zəfər sevincini yaşamaq
çağdaşlarımızın nəsibi oldu.
Afət
QƏDİROVA
AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet 2018.- 7 noyabr.- S.6.