70 yaşlı gənc: Mingəçevir

Mingəçevir adında hər kəsə mərhəm olan qəribə bir doğmalıq, sevgi var. Mingəçevir deyəndə gözümüz, könlümüz işıqlanır, ruhumuz sevinir. Elektriksiz, işıqsız həyat artıq xəyaldı, Azərbaycanda bu xəyalı gerçəkliyə çevirən Nur şəhəri - Mingəçevir olub. Bu şəhərin işığından hər evə pay düşür.

Mingəçeviri bütün Azərbaycan tikib, 70 il əvvəl ölkəmizin hər yerindən gənclər komsomol çağırışı ilə nur şəhərinin tikintisinə axışırdılar, onların çoxu elə bu şəhərin ilk sakinləri oldular, ailə qurub ev sahibi oldular, respublikamızın tərəqqisinə töhfə verdilər, bu cavan şəhəri Azərbaycanın dördüncü sənaye-istehsal mərkəzinə çevirdilər. 1990-cı illərə qədər Mingəçevirdəki nadir zavodların çoxunun içərisinə birbaşa dəmiryol xətti çəkilmişdi buradan SSRİ-nin hər yerinə hazır məhsullar göndərilir, yaxud xammal gətirilirdi. SSRİ-nin bütün respublikalarından, ən çox da Rusiyadan 100 min nəfər çalışıb bu şəhərin elektrik stansiyalarının inşasında. Buraya 20 min dustaq, 20 min alman əsiri daxildir indi Bozdağın ətəyində 911 almanın, Almaniya tərəfindən savaşa qatılmış digər millətlərin əsgər zabitinin qəbri var. Abadlaşdırılıb mühafizə olunan səliqəli bir sahədi bura. Almanların tikdiyi binalar, körpülər, əl işləri, yaşadıqları evlər sağ-salamat qalıb indiyədək. 15 millətin nümayəndəsi yaşayır Mingəçevirdə. Qarabağ müharibəsində ən uğurlu döyüşləri mingəçevirlilərdən ibarət M-1, M-2 batalyonları aparmışdı. Şəhər 400-ə qədər şəhid, 200-dək Qarabağ əlili, 20 mindən çox məcburi köçkünün qayğılarını da çəkir.

Qədim Mingəçevir. I minillikdən əvvəlin tarixçi, coğrafiyaşünasları Plutarx, Strabon, Ptolomey coğrafi qeyd xəritələrində Kürün sağ sol sahilində hazırkı Mingəçevirin yerləşdiyi ərazidə geniş sahədə zəngin yaşayış məskəninin mövcudluğunu yazıb. Şəhərə bitişik Mingəçevir Hürüuşağı kəndlərində xeyli qədim qəbir yerləri qalıb indiyədək. Övliya Çələbi (1611-1682) "Səyahətnamə"sində Mingəçevir haqqında məlumat verib, Kür çayının sağ sahilində Boz dağın ətəyində yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkib burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə məscidlərin olduğunu yazıb.

1871-ci ildə Peterburqda II Rusiya arxeoloji qurultayında Qafqaz arxeoloji komitəsinin sədri A.R.Berje məruzəsində diqqəti Mingəçevirin qədim insan məskəni olmasına dair çoxsaylı faktlara yönəldərək, bu ərazinin tarixinin ətraflı öyrənilməsinin əhəmiyyətini vurğulamışdı. F.S.Bayer, Y.A.Paxomov, K.V.Trever,  Q.İ.İone, Q.M.Aslanov, P.M.Vahidovun tədqiqatlarında ərazidə zəngin maddi-mədəniyyət abidələrinin mövcudluğunu yazılıb (Aslanov Q.M., Vaidov R.M., İone Q.İ. Drevniy Minqeçaur. Baku 1959).

 

1941-ci ildə "Azərbaycan arxeologiyasının atası", Mingəçevir arxeoloji ekspedisiyasının rəisi Saleh Qazıyevin rəhbərliyi ilə Samux-Mingəçevir ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazidə cənubi Qafqazın ən iri arxeoloji kompleksi - eneolit dövrünə (e.ə III minillik) aid 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar edildi. Tapılan əkinçilik, heyvandarlıq, sənətkarlıq, ovçuluq alətləri burada əhalinin oturaq həyat sürdüyünü sübut edirdi. Qədim şəhərin izləri, 200 qəbir, katakombada aparılan tədqiqatlar insanların antropologiyası, sosial təbəqələşməsi, dünyagörüşü, məişəti, adət-ənənələri, qonşu ölkələrlə əlaqələri, ərazidə gedən qanlı savaşlar barədə zəngin bilgilər vermişdi. Mingəçevir-Samux bölgəsinin arxeoloji mənzərəsi Alban tariximizin, kökümüzün canlı salnaməsi, daş yaddaşı, canlı şahidi, əyani təcəssümü idi. Samux-Mingəçevir ərazisi Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni mərkəzlərdən biri kimi tanınmışdı. Alban hökmdarı Arsvahanın yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbası tərtib edilmiş, ölkədə məktəblər açılmışdı. Mingəçevir dənizinin, keçmiş Samuxun ərazisi e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey alban çarı Oris arasında qanlı döyüşlərin mərkəzi olub, bu savaş barədə Roma mənbələrində ətraflı bilgilər vardır.

Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri olub. Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınıb. Eləcə , yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçib.

Tariximizə sahib çıxmaq kimi məkrli niyyətini hər zaman açıq göstərən bədnam qonşularımızın hiylələri, planları bu dəfə öz işini görüb; Moskvadan gələn təlimatla arxeoloji tədqiqatlar qismən dayandırılıb, çox sayda alban yazılı abidələrinin olduğu daş kitabələr (Mingəçevir - Sudağılan epitafiyası) ölkədən kənara çıxarılıb, izi itirilib.

"Mingəçevir" toponiminin necə yaranması, mənası barədə müxtəlif ehtimallar, fərqli şərhlər  mövcud olub. Fikrimizcə, doğru olan dilçilik elmimizin sonuncu mogikanı, mərhum akademik Tofiq Hacıyevə məxsusdur; toponimdə iki alban türk tayfasının - "məng" "savir"in adı birləşib, fonetik dəyişikliyə uğrayaraq daşlaşıb. Hər iki tayfanın Qafqazda mövcudluğu Qafqaz türklərinin soykökündə iştirak etdiyi məlumdur. Türk dünyasının bütün guşələrində, o cümlədən, Azərbaycanda bu tayfaların adını yaşadan xeyli toponim var.

Samuxla Mingəçevir əkiz qardaşdı, ancaq Samux nəinki Azərbaycanda, Qafqazda, hətta, dünyada ən faciəli tale yaşayan yurd yerimiz olub. Minlərlə hektar nadir fauna, florası olan ərazi qədim tariximizin üstü açılmamış dəfinə, xəzinələri, el-obaları, qəbiristanlıqları, əkin yerləri, ev-eşikləri, tarixi abidələri ilə birlikdə sulara qərq olub, əbədi olaraq sular altında dəfn edilib. 11 il bu şəhərdə yaşadım, Mingəçevirdəki Samux məhəlləsində - o yerlərdən köçüb yeni salınan şəhərdə özlərinə təzədən ev-eşik quran insanlar arasında çoxlu dostlarım oldu (öndə İcra başçısının humanitar məsələlər üzrə müavini, dəyərli ziyalı Bayram Ağamirzə Mustafa olmaqla), hər dəfə Samuxdan söhbət düşəndə onların gözündəki kədər, nisgilli xatirələr ürək göynədər, içimdə qövr edən Qubadlı dərdimi ovundurardı. Tez-tez gəmi ilə Mingəçevir dənizində seyrə çıxmaq adı ilə suların dibinə gömülən el-obaların yerin arayar, xatırlar, yad edərdik.

 

 "Samux" alban mənşəli toponim olub "meşəlik", "ağaclıq", "ov yeri" mənasını verir. Hələ çarizm dövründə 1910-cu ildə Samuxun böyük bir hissəsi Peterburqdan gələn əmrlə qoruq ərazisi elan edilmişdir. Bu torpaqlarda bitən nadir Eldar şamı meşəliyi 1901-ci ildə rus alimi S.Medvedyev tərəfindən öyrənilmiş, onun dünyada analoqu olmayan relikt ağac növü olduğu sübut edilmişdi.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin obyektlərinin təbii vəziyyətdə saxlanılması məqsədi ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə "Eldar Şamı" Dövlət Təbiət Qoruğu yaradılmışdır.

SSRİ Nazirlər Sovetinin 6 iyul 1945-ci il tarixli qərarı ilə Mingəçevir SES-in inşasına başlandı. Tikintiyə başlanarkən hər il SSRİ büdcəsindən ayrılan vəsait respublikamızın öz büdcəsindən artıq idi. Mingəçevir, indi respublikamızda hasil olunan elektrik enerjisinin 65% -ni verir.

Mingəçevir hidrostansiyasının - SES-in texniki göstəriciləri su altında qalan ərazinin miqyasını da, görülmüş işlərin vüsətini göstərir; şəhərin başı üzərində tikilmiş bəndin torpaq həddinin hündürlüyü 80 metr, uzunluğu 1550 metr, bünövrəsinin eni 320 metrdir, torpaq tutumu 15.6 milyon kubmetrdir. Avropada ən böyük süni göl (su anbarı) yaradılıb, sahəsi 605 kvadrat kilometrdir. Mingəçevir dənizinin sututumu 17 milyard kubmetr, uzunluğu 75 km, eni 9-18 km, dərinliyi 25-70 metrdir. SES-in illik hasilat gücü 1.5 milyard kilovat/saat, Vərvərə SES-in gücü isə 16.5 milyon kilovat saatdır. Yuxarı Qarabağ kanalından saniyədə 110 kubmetr, mənbəyini Xanabaddan götürən Şirvan kanalından isə saniyədə 70 kubmetr su axır. Kür çayının SES-dən Vərvərə su anbarının yuxarı hissəsinədək olan kəsimi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Bakı ilə birgə Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının proqramı çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı seçilib.

Ana Kürün həzin laylasına, məğrur Bozdağın sinəsinə sığınan, günü gündən gözəlləşən, simasını dəyişən, yaşıllığı, səliqə-sahmanı ilə örnək Mingəçevir gənc, həmişəcavan görkəmini saxlayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi, mehriban insanlarıdı - Mingəçevirlilərdi.

70 yaşın mübarək, nur şəhərimiz, nurlu şəhərimiz Mingəçevir!

Hacı NƏRİMANOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondunun sektor müdiri

525-ci qəzet  2018.- 7 noyabr.- S.5.