Nağılçı Şahanə olanda...

Şəfa VƏLİ

İyirmi iki yaşımda həyat fəlsəfəm bu idi: "Həyat nağıl deyil, amma nağıllarsız da həyat yoxdur"... Hələ də hərdən bu cümləni xatırlayıram.

"Qırmızı don"dan başlayıb "Əmrahın nağılı"nadək bütün nağılları sevirəm; oxumağı da, söyləməyi də, söylədikcə Göyçə ləhcəsini işə salıb özümdən bir-iki epizod uydurmağı da. Mən çoxdan kəşf etmişəm nağılçı olmağın sirrini-bu sirr sevginin özüdür...

... Şahanə deyirdi kitabım çıxacaq, elə bilirdim, adı "Bir qızım gələcək dünyaya" olacaq. Axı, kitablarımız da bizim oğlumuza-qızımıza taydı... Amma Şahanə də nağılçıymış... Özü də onun nağılları mənim bildiyim nağıllardan bir az fərqliymiş; qafiyəli, hecalı, ölçülü-nizamlı...

"Şahanənin nağılı"nda divlər nə qara deyil, nə yaşıl, rəngsizdilər. Axı, ayrılıqlar rəngsiz olur... Onu kim necə yaşayırsa, o rəngə də boyayır. Məlikməmməd qırx arşın qaranlıq quyunun dibinə düşmür burda; o, sadəcə, Şahanəni Bakıya tapşırıb gedir. Şahanə isə sehrli sözləri sehrsiz güzgüsünə pıçıldayır:

Yoluna səpilib gözümün nuru,

Yoxluğun içində de necə durum?!

Qoruya bilirsən, qal, özün qoru,

Axı, atıb getməz sevən-sevəni,

Bakıya əmanət eyləmə məni...

Və nağıl olmayan bir həyatın gerçəyi budur ki, gedənlər qayıtmır... Elə getdiyi kimi də heykəlləşir yolunu gözləyənin yaddaşında...

 

"Şahanənin nağılı"nda bir də əllər var. Şahanənin əlləri...

... Gəncədə "Əllərin yanı", "Əllərin kruqu" deyilən bir yer var, Bakıdan gələn bütün avtobusların təyinat nöqtəsidir o yer. Hətta yolçular taksi sifarişi edəndə də bu yeri nişan verir. İllər əvvəl o yerdə qoşa əl heykəli vardı. Elə hüznlü görünürdü ki... Elə bil üzü Bakıya tərəf Gəncəni tərk edənlərə "gedişin mübarək" deyirdilər... İndi o heykəl yoxdur, əllərin yeri boşdur. Amma heç kəs o əlləri unutmur, unuda bilmir. Həmin əllər öz xatirəsini bütün əllərdə qoyub gedib sanki... Xatirələrin yaddaş kartına çevrilən əllər nəyi unuda bilər ki?!

Şahanə nağılındakı İrəm bağının-sevən ürəyinin hər bir guşəsinə səpələyib əllərin mistikasını. Gah deyir: "Əlimdə şehlənib əlinin izi..." Yəni Məlikməmmədin əlinin izi Şahanənin ovcunda gülə dönüb, sevən və yol gözləyən gözlərin dolmuş buludu isə yağış yağdırmayıb, sadəcə, bu gülün üstündən bir dan üzü ötüb keçib. Gül şehlənib...

Gah da Şahanə nağılının qəhrəmanı olmadan açılacaq sabahdan qorxur. Ümumi bir ehtimalı məchulluğun "boynuna yıxır", qorxusunu etiraf etmək istəmir, amma titrəyişini anlatmaq cəhdindən də əl çəkmir:

Deyir, sabah qar yağacaq,

Əlin ver, geyim əlimə...

Şahanəyə elə gəlir ki, əlini ona doğma olan ovucda gizlətsə, qorxuları yox olacaq, çiyinlərindən betər daha ürəyi titrəməyəcək... Bax, budur, bir əlin ümumidən xüsusiyə çevrilməsi...

"Bakı küləyi" şeirində Şahanənin əllərinin dərdi "ozan dərdi"dir... Düzdür, Bakı heç vaxt küləksiz olmayıb, düzdür, Bakının yaraşığıdı küləklər, amma... Məsələ elə bu "amma"dadır... Sevən və yol gözləyən bir qadın üçün hər şey öz ilkin mənasını itirə, bəzən adiləşə, bəzən də mürəkkəbləşə bilir. Bu şeirdə Bakının küləyi Şahanə üçün nağılının "bədxah" padşah oğluna çevrilib, sevdiyi əllərin yerini tutmağa çalışır:

Bir vaxtlar əllərində itən əlimdən

İndi külək yapışıb...

Şahanənin əlləri bir tacir karvanından düşüb susuz səhrada qalan gül şitilidi. Karvan mənzil başına çatanda tacir baxıb görür ki, padşahın qızına gətirdiyi sehrli gül şitili yoxdur... Ölkənin dörd bucağına səs düşür, igidlər atlanır, hamı padşah qızının könlünü almaq üçün o gülü tapmağı qarşısına məqsəd qoyur. Təbii ki, bu məqsədə çatmaq-şahzadənin könlünün sevdiyi olmaq yalnız bir nəfərə qismət olur; igidlərin bəxti oyaq olanına! Şahanənin nağılındakı Məlikməmmədə... Amma bu nağılın başqa nağıllardan daha qəmli olması bütün divlərin yatdığı vaxtda Məlikməmmədin özünün "oyaq olmamasıdır"... Elə ona görə də Şahanənin əlləri Məlikməmmədin yoxluğunu intihar fürsəti kimi yaşayır:

Əllərin elə düşüb ki,

saçlarımın könlünə...

Gəl, nolar, gəl,

Yubanma...

Yoxsa asacaq saçlarım özünü

Əllərinin yoxluğundan...

Bir də küpəgirən qarıların-yalançı təsəllilərin bu əlləri aldatması var. Təbii ki, divi, şah qızı, İrəm bağı olan bir nağıl küpəgirən qarıdan kasad ola bilməz! Bu qarı öz küpünə girib yol aşağı yuvarlandıqca qopardığı tozanaq iki sevəni ayırmağa yetir də, ordan o yana keçir də... Geridə yalnız təsəllilər qalır:

... üşüyəndə

Axtarır əlinin istisini

Sağ əlim sol əlimdə...

Şahanənin "İki əl" şeiri isə ayrıca bir nağıldı... Bu nağılı bir axşam sevdiyinə oxumaq, Adəmi aldadıb alma yedirtmək kimidir. Amma nağıllarsız da həyat yoxdur!

Bəzən yorğun həyatların

Qurumuş dodaqlarına

Bir cibdə qovuşan iki əl

Xəfif təbəssüm qondurar,

Yağışdan gizlənmək üçün

Kiçik komaya sığınan

Bir cüt sevgilini andırar...

O dar məkanda sarılar bir-birinə

Titrək barmaqlar

İllərin həsrətlisi kimi...

Qışın şaxtasından donan əllərin

Qovuşması ilə,

Dəri gödəkçənin kiçik cibinə

İlıq bir nəfəs yayılar

Yaz nəfəsi kimi...

Bu bir neçə dəqiqəlik təmasda

Yaşanar hər şey;

Bəşərin ən məsum sevgisi-

Gözlərdən uzaq,

Baxışlardan oğrun...

"Şahanənin nağılı"nda bütün xalqların folklorunda ana xətt hesab olunan "Ay və Gün" əfsanəsinin izləri də var. Türk dünyasının böyük alimi Sədnik Paşa Pirsultanlı özünün "Azərbaycan eposunun əfsanə qaynaqları" (Gəncə-2013) adlı kitabında bu əfsanəni olduqca gözəl tədqiq edib. Əfsanənin qısa məzmunu belədir: "Ay və Gün bir-birini sevən iki aşiq-məşuqdurlar. Gecə də Günəşi sevir, amma Günəş ona məhəl qoymur. Odur ki, Gecə girir onların arasına, Günəş qaçır-Ay qovur, Günəş qaçır-Ay qovur, elə çathaçatda Gecə girir araya. Haçan onlar bir-birinə yetişsə, day Gecə olmayacaq, Ay və Gün bir-birinə qovuşacaqdır. Dünya, aləm həmişə işıq olacaqdır".

Qeyri-adi məqam odur ki, Şahanə bu nağılda özünü Günə yox, Aya bənzədir. O, sevən bir qadının öz sevgisinin uğrunda nələri fəda etdiyini, vüsal həsrətilə gecə-gündüz dayanmadan "yol getdiyini" anladanda Ay olmaqdan qorxmur... Yeganə şərt Yer üzünün Ayın göz yaşlarında boğulmasıdır ki, bu da insanların bütün ruh hallarında səmaya üz tutduqlarının poetik simvolikasıdır...

Əgər biz ayrılsaq;

Nakam Ayın göz yaşları

Ulduz-ulduz yağar bu yer üzünə...

 

Ayın ulduzlar içindəki şahanəliyidir Şahanənin qüruru... Bu qüruru anlatmağa da söz tapıb nağılçı qız: "Qarışıqlığın olmamasıdır tənhalıq..." Sonra isə bir Dan üzü qovuşmaq ümidilə sevdiyinin "başına dönən" Ayın nakam pıçıltılarını oxuyuruq "Şahanənin nağılı"nda:

Min illər yol gəldik bir-birimizə,

İşə bax, ayrılıq günü görüşdük...

Nağıldan qopub həyatın özünə atılanda isə Şahanə "beş günlük dünyada" elə beşinci gün ömrünə gələnin faniliyini anlayır. Deyir ki:

Dünyanın sinəsində

Bir nəfərlik qəbir axtarışıdır

Yaşamaq...

Bundan sonra sevdalı qızın özünə qayıdışının şahidi oluruq kitabın vərəqlərində... Burda Şahanənin nəyə inandığını, nəyə güvəndiyini tapmaq müşkülə çevrilir. Sanki o, bütün şeirlərini elə ona görə yazıb ki, dərdini unutsun: "Yazmaq dərdi azaltmır, Elə-belə baş qatır..."

... Bakıda harda kimin sevinci varsa, yanında Şahanənin gülüşü var, kimin dərdi varsa, orda Şahanənin bir cümləlik "hər şey yaxşı olacaq, can!" deməsi var. Amma Şahanə dərdini hər adama danışmır. İstəyir ki, Çexov demiş, "həmdərdləri" onu bircə baxışdan anlasınlar. Məncə, anlayırlar... Anlayırıq... Və bu anladığımızı Şahanə də bilir. Elə ona görə əminliklə deyir: "Şairlər qəm çəkir gözümdən"...

Bu gözlər Şahanənin ürəyində gizlətdiyi Məlikməmmədi "gedər, gəlməz"lərə sevdirə bilib. Hə, nağılın bütün yol ayrıclarında tək bir işarə var Şahanənin kitabında; hamısı da "gedər, gəlməz"...

Heç zaman gəlmədiyin yollar

Gözlərimdən tanıyır səni...

Nə olsun ki, Şahanə öz sevgi romanını nağılın "biri vardı, biri yox"una büküb?! Nə olsun ki, o, heç vaxt Bakıya əvvəlki ürəklə qayıtmayacaq Məlikməmmədin yolunu Ay obrazında gözləyir?! Nə olsun ki, o, öz nağılındakı sehrli xalçaya oturub bu dünyadan baş götürüb qaçmaq istəyir?! Deyir:

Gəl, sənə nağıl danışım;

Alım, götürüm səni bu dünyadan,

Bu dünyada nə var ki?!

Nə olsun axı?! Əsas o deyilmi ki, Şahanə bütün dünyanı xilas edəcək anlamın Sevgi olduğunu anlayır?! Bəli, o, xoşbəxtdir ki, bunu anlayır. Yoxsa nə "Tanrının ən gizli sirridir sevgi" deməzdi, nə də hər səhər sonuncu göz yaşını sol əliylə silib üzünü səmaya tutmazdı:

Tanrım, bu günahkarı

Sevgisinə bağışla...

Sevginin möhtəşəmliyinə bağışla bu səhəri, Şahanə! Və unutma, "göydən düşən üç alma"dan birini Gəncədə gözləyən var...

525-ci qəzet 2018.- 7 noyabr.- S.7.