"Haqqın var,
Məmməd Araz..."
XALQ
ŞAİRİNİN 85 İLLİYİ FİLARMONİYADA
QEYD EDİLİB
Noyabrın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
Filarmoniya və "Mədəniyyət" kanalının
birgə layihəsi, Mədəniyyət Nazirliyinin
dəstəyi ilə reallaşıb.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi, Xalq şairi Nəriman Həsənzadə,
Milli Məclisin deputatı, tanınmış
yazıçı Aqil
Abbas və başqaları unudulmaz şairin həyat və yaradıcılığından
danışıb, ədəbiyyatımızın
inkişafındakı xidmətlərini
vurğulayıblar.
Bildiriblər ki, Xalq şairi
Məmməd Araz Azərbaycan ədəbiyyatında
çoxcəhətli və
zəngin ədəbi
irsinə, sənətkarlıq
qüdrətinə görə
özünəməxsus yeri
və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və
şərəfli, bütövlükdə
Vətənə və
sənətə həsr
olunmuş əsl şair-vətəndaş ömrü
yaşayıb. Dərin məzmunlu,
oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd
Araz vətəndaş
qeyrətli ədəbiyyat
nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə
istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki,
Məmməd Araz böyük poetik ilhama malik olan
sənətkarlardan idi. Sözün və
sənətin Məmməd
Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da
sənəti kimi daşlı-qayalı yollardan
keçib. Məmməd Araz yaradıcılığının
baş qəhrəmanı
Azərbaycandır. Onun
"Vətən mənə
oğul desə",
"Məndən ötdü,
qardaşıma dəydi",
"Mənim Naxçıvanım",
"Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda
çox yazılıb.
Azərbaycana çoxlu şeirlər
ithaf olunub. Amma Məmməd Arazın
"Azərbaycan - dünyam
mənim" şeirinin
bənzəri yaradılmayıb.
Bu şeirin bütün
intonasiyası şair
qəlbinin ağrılarından,
fəal vətəndaş
narahatlığından keçir.
Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır.
Onun "Üç oğul anası",
"Araz axır",
"Mən də insan oldum", "Paslı qılınc",
"Əsgər qəbri",
"Atamın kitabı"
poemaları hər şeydən əvvəl insan mənəviyyatının
mürəkkəbliyi, tarix
və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi
fundamental məsələlərə həsr olunub.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
Qeyd edilib
ki, son illər ölkəmizə
"Məmməd Araz poeziya
günü" çərçivəsində
şeir müsabiqəsi keçirilir.
Bu il 3-cü dəfə
təşkil olunan müsabiqənin yekun tədbirində respublikanın görkəmli
mədəniyyət, ədəbiyyat xadimləri, Məmməd
Araz şeirinin pərəstişkarları,
şairin ailə üzvləri,
yaxınları iştirak ediblər.
"Məmməd Araz poeziya
günü" layihəsinin rəhbəri
Qardaşxan Əzizxanlıdır. Şeir müsabiqəsində məktəblilərdən
təqaüdçülərədək bir
neçə nəslin nümayəndələri iştirak edib. Builki müsabiqəyə 30 rayondan
50-dək müəllif 100-dən çox
şeir göndərib. Sonda
qaliblər mükafatlandırılıb.
Gecədə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti çıxış edib. Kollektivin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri isə Etibar Qasımbəylidir.
Konsertdə Məmməd Arazın sözlərinə
yazılmış mahnılar tanınmış və gənc
ifaçılar tərəfindən səsləndirilib.
525-ci qəzet 2018.- 8 noyabr.- S.7.