Yaddaşlarda iz salan
yaradıcılıq gecəsi
NEFTÇALADA
ŞAİR SOLTAN ABBASIN 85 İLLİYİ QEYD EDİLDİ
Soltan müəllimin adını
tez-tez eşidərdik ədəbiyyat dərslərində. Müəllimimiz böyük qürur və fəxrlə danışırdı şairin
yaradıcılığı haqqında.
Elə Soltan müəllimin şeirlərini
oxuyaraq böyüdük,
böyüdük və
yaxından tanıdıq
şairi. Tanrı onun xarici görünüşünü də şeirə bənzətmişdi. Hündür boyu və məğrur
görkəmi vüqarlı
dağı, gur saçları şəlaləni
xatırladırdı. Təbiətin rəngi gözlərinə,
sözün sehri qələminə köçmüşdü.
Şeirlərindəki cazibə bütün
neftçalalıları onu
əsl ağsaqqal, əsl şair kimi sevməyə vadar edir. Elə bu sevgi idi
bir neçə gün öncə əzəmətli Heydər
Əliyev Mərkəzində
şairin yubiley tədbirinə söz və sənətsevərləri
yaxından, uzaqdan axın-axın gəlməyə
vadar edən. Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Məmməd Araz Mükafatı laureatı,
qabaqcıl maarifçi
Soltan Abbasın 85 illik yubileyi münasibəti ilə keçirilən yaradıcılıq
gecəsində zalda boş oturacaq qalmamışdı. Yaddaşlarda iz buraxan tədbiri
giriş sözü ilə mərkəzin direktoru Könül Məmmədova açdı.
Tədbiri idarə etmək
Nəcəfqulu Hacıyevə
həvalə olundu.
Aparıcının Soltan Abbas yaradıcılığı haqqındakı
geniş məlumatı
iştirakçıları yenidən şairin şeirlərinin sehrinə
bürüdü.
Neftçalanın ədəbi mühitini
daim diqqətdə saxlayan rayon İcra Hakimiyyətinin başçısı
İsmayıl Vəliyevin
təbrikini başçının
ictimai-siyasi və humanitar məsələlər
üzrə müavini
xanım Gültəkin
Sadıqova çatdırdı,
şairin adına
yazılmış Fəxri
Fərmanı təqdim
etdi.
Uzun illər
rəhbərlik etdiyi
"Xəzər nəğmələri"
ədəbi birliyində
çoxları onun süzgəcindən keçib
şair olublar. Soltan Abbas
yaradıcılığının işığına toplaşanların
ilkləri onun qələm dostları idi. Zabil Pərviz, Zərxanım Ülvi, Müzəffər
Məzahim, Cəmaləddin
Əjdəroğlu, Teyyub
İmanlı, Zaur Ərmuğan, İmamverdi
Zeynalov və digər qələm sahiblərinin şairə
arzuları gözlərindən
oxunurdu. Neftçalalı yazarların adından
söz verilən Zabil Pərvizin çıxışı hamının
ürəyincə oldu.
Neftçalalıların hər zaman adını böyük ehtiramla yad etdiyi İmamverdi
Əbilov məktəbinin
yetirməsi, "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turan şairin qohumu olduğunu diqqətə çatdıraraq onun haqqında xatirələrini
bölüşdü. Şairlərdən
AYB Qarabağ bölməsinin
rəhbəri Ənvər
Əhməd, Oqtay Rza, Sərvaz Hüseynoğlu, Tahir Taisoğlu, "Ana Kür"
qəzetinin baş redaktoru Rüstəm Məlikov da şairə arzularını
bildirdilər. Əli Rza Xələfli, Avdı Qoşqar, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimli, Seyran Allahverdiyev və başqaları da sənətkarla bağlı
mərasimdə iştirak
edirdilər.
Əməkdar artistlər Yusif
Mustafayev, Baloğlan Əşrəfov, müğənnilər
Ağabəy Manafov, Razi Məhərrəmovun ifaları, qiraətçilər
Fərman Hüseynov və Rəhman Rəhmanovun sazın müşayiətilə söylədikləri
lirik şeirlər tədbiri daha da canlandırdı. Azyaşlı olmasına baxmayaraq,
artıq Neftçala ictimaiyyətinin qiraətçi
kimi tanıdığı
Şahnaz Əsgərzadə
də səhnəyə
çıxdı, şairin
milli Qəhrəman
mayor Samid İmanova həsr etdiyi şeiri səsləndirdi.
Neftçalanı Milli Məclisdə təmsil edən Millət vəkili Arif Rəhimzadə və Bakı Dövlət Universitetinin professoru Xanlar Abdullayev ürək sözlərini və səmimi təbriklərini
teleqramlar vasitəsilə
çatdırmışdılar.
İki saat davam edən tədbirdə kimsənin yorulduğu hiss edilmirdi. Bu da tədbirin təşkilatçıları - ASKEF-in Neftçala təmsilçisi Ələkbər Zahidov, şairin şagirdi olmuş Nəcəfqulu Hacıyev və sənətkarın oğlu Nəsib Abbasovun tərtibat, quruluş və ssenarisinin sayəsində idi.
Mədəniyyət kanalında şair Avdı Qoşqarın rəhbərliyi, rejissor Aydın Vəliyevin quruluş verdiyi, operator Cavid Şərifovun lentə köçürdüyü "Yurd yeri" verilişində efirə gedəcək tədbir, eyni zamanda, şəkillərin yaddaşında əbədiləşdi.
Əziz oxucu, sözün qüdrətini, Vətən sevgisini, el-obaya bağlılığı, şəhidliyin müqəddəsliyini "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar ömür yolum", "Həqiqətin ağzı daş saxlamaz", "Rübailər", "Qəzəllər", "Ömrün şəhidlik zirvəsi", "Dörd kitab", "Torpağın sahibi", "Səyyah etdi söz məni", "Ömür töhfəsi", "Torpağın oğlu", "Ömrü yaşadan sözlər", "Dünya duyumları", "Neftçala Əfqanıstan şəhidləri", "Arxaya baxanda" kitablarında vəsf edən şairin yubiley gecəsinin qısa xronikasını təqdim etdim. İki əsrin şairi Soltan Abbasın ömür yolu, əmək fəaliyyəti, şeirə vurğunluğu ilə tanış olmaq üçün ən yaxşı vasitə isə onun yaradıcılığıdır.
Gülqədəm
MİRZƏZADƏ
Neftçalada Qadınların Sosial
İnkişafına Dəstək İctimai
Birliyinin sədri
525-ci qəzet 2018.- 8 noyabr.- S.7.