İspaniya - düşüncələr və unudulmaz xatirələr

Telman ORUCOV

vvəli ötən şənbə saylarımızda)

Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli

Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri  

Sevilyanın görkəmli abidələri sırasına köhnə minarə Xiraldanın da daxil olduğu məşhur bizim Allah anası müqəddəs Mariya kafedral kilsəsi, Alkasar saray-qalası, Telmo kilsəsi, çayın üstündəki müqəddəs Telmo körpüsü daxildir. Kvadrat şəkilli 100 metr hündürlüyündəki Xiralda XII əsrdə tikilmiş müsəlman məscidinin minarəsi idi. Xiraldanın zirvəsində 4 metr hündürlüyündə tunc heykəl şəklində fırlanan flyuger qoyulmuşdur. O, gizli inamı rəmzləndirir.

Ondan cənubda məşhur Alkasar saray-qalası yerləşir; bu bina mavritan üslubunda tikilmişdir.

Müqəddəs Telmo körpusu şəhərin əsas hissəsini digərləri ilə birləşdirir. Şəhərin cənubunda dünyanın ən gözəl parklarından biri olan Mariya Luis parkı yerləşir, ondan bir qədər aralıda isə Sevilya yarmarkası (iber-amerikan sərgisi) və İspaniya meydanı diqqəti cəlb edir.

Şəhərin bu görməli yerləri ilə tanış olduqdan sonra bizi “Korrida” restoranında nahara dəvət etdilər. Korrida İspaniyanın simvolu olsa da, Andalusiyada daha maraqlı keçir. Restoranın divarları korridada öldürülmüş öküzlərin başları ilə bəzədilmişdi və buradakı xörəklər təzəcə öldürülmüş öküzlərin ətindən hazırlanır. Ekzotik xörək kimi görünən “öküz quyruqu supunu” da sifariş verdim; quyruğun iri qığırdaqları supa yaxşı dad verir.

Sonra bizi Sevilya fiestası ilə tanış olmağa apardılar. Ölkədə hər şəhər ilin müxtəlif vaxtlarında öz fiestalarını keçirir. Sevilyada isə festival aprel ayında, onun birinci yarısında keçirilir. Şəhərdən kənardakı düzənlikdə çox sayda düz küçələri olan çadır şəhərciyi salınır. Çadırlarda daim musiqi səslənir, ət xörəyi və qırmızı şərab verilir. Küçədə gözəl bəzənmiş, kiçik zəng formasındakı, aşağı getdikcə genişlənən qatları ilə fərqlənən yubkalarda qızlar gəzişirlər. Oğlanlar isə milli paltarda, şalvarın üstündən dəri örtük və başlarında şlyapa olmaqla at üstündə cövlan edirlər. Çadır sahibləri küçədən keçənləri öz bayram evinə dəvət edir və orada onları qonaq edirlər. Biz nə qədər etiraz etsək də, bir çadırın sakinlərinin təkidindən imtina edə bilmədik, orada bizə şərab süzdülər. Rəqs musiqisi çadırı başına götürmüşdü, tutqun rəngli sifəti olan gözəl fiquralı bir qız böyük həvəslə flamenqoya bənzəyən rəqs edirdi. Hamı əl çaldıqca qız daha da ruhlanır, rəqsin ritmini sürətləndirirdi. Qız bizim SSRİ-dən olduğumuzu bildikdə çox təəccübləndi. Səbəbini soruşduqda bildirdi ki, o, KQB-dən (“Kaqebe” deyə tələffüz edirdi) çox qorxur.

Sevilya gözəl olduğu kimi, həm də qədim şəhərdir. Onun qədim adı İspalis olmaqla, karfagen sözü olan “düzənlik”dən əmələ gəlmişdir. Ərəblər şəhəri tutduqdan sonra onu İskvilia adlandırmağa başladılar, buradan da Sevilya adı yaranmışdır.

Andalusiyada, bir qayda olaraq, demək olar ki, bütün evlər rəngə boyanmışdır, ona görə bu rayonu çox vaxt “Ağ İspaniya” adlandırırlar. Yol boyu şəhərdəki bu rəngli binalar çox gözəl görünürdü.

Sonra biz Andalusiyanın digər gözəl şəhəri olan Kordobaya yollandıq. Şəhər finikiyalılar gəlməmişdən əvvəl meydana gəlmişdi, xüsusən XIII əsrdə ərəblərin dövründə çox sürətlə inkişaf etmişdi, bu vaxt o, Kordoba xilafətinin paytaxtı olmuşdu. Həmin dövrdə Kordoba dünya şöhrətinə yiyələnməklə, böyük elmi və mədəni mərkəzə çevrilmişdi. Şəhərin ən görkəmli arxitektura abidələri də məhz həmin epoxaya aiddir. Buradakı xəlifələrin və onların əyanlarının sarayları öz əfsanəvi dəbdəbəsi və fəvvarələri olan gözəl bağların kölgəsinə sığınması ilə adamı heyran edir. Burada VIII-X əsrlərdə tikilmiş baş məscid - Meskita ərəb memarlığının ən böyük əsəri olmaqla, öz füsunkarlığına görə bütün dünyada məşhurdur. Onun 32 tağdan ibarət 19 nefi vardır. Onun ölçülərini Məkkədəki məşhur Kəbə məscidi ilə müqayisə edirlər. Lakin möhtəşəmliyinə, mərmərdən tikilmiş və böyük zövqlə bəzədilmiş, gözəl xalçaları və çilçırağı olan Abu-Dabidəki Şeyx Zayid məscidi belə bir müsabiqədə hökmən qaliblər sırasında ola bilər.

Şəhər başdan-başa keçmişin nəhəng abidəsidir. Kordobada köhnə müsəlman (La-Moreriya) və yəhudi (La-Xuderiya) rayonları vardır. Şəhərin müasir mərkəzi və işgüzar hissəsi Xose-Antonia meydanıdır.

Kordoba ərəb xilafəti dövründə mədəni səviyyəsi ilə başqalarından fərqlənirdi, dünya şöhrətli alimlər burada yaşayıb-yaratmışdılar. Bircə onu demək kifayətdir ki, Kordobada 800 məktəb, 70 kitabxana var idi. Təkcə II Hakam kitabxanasında 600 min cild kitab saxlanılırdı. Biz şəhərdə məşhur yəhudi filosofu Moşe Maymonidin heykəlini gördükdə təəccübləndik, elə bil ki, kürsüdə başında papaq, uzun saqqalı olan və çapan geyinmiş bir qoca özbək oturmuşdur. Başqa bir heykəldə isə bir-birini sıxan iki əl təsvir olunur. Onlardan biri müsəlman ərəb şairi Zeyduna, digəri isə sevdiyi yəhudi qızına məxsusdur. Onların izdivacına razılıq verilmədiyindən, sevgililər özlərini intihar etməklə həyatdan getmişdilər.

Kordobaya axşam çatmışdıq, otelin restoranında şam etməli olduq. Bizə qəlyanaltı kimi inək beyni təklif etdilər. Beyləqanda tərəkəmə əhalisi buna bənzəyən, bağırbeyin adlanan xörək hazırlayır, ən əziz qonaqlarına təklif edirlər. Kordobada beyləqanlıların hazırladığına bənzər xörəyi görəndə təəccübləndim və doğrudan da, ləzzətli olduğu qənaətinə gəldim.

Səhər tezdən, dan yeri ağaranda qalxıb şəhər parkına getdim. Park olduqca böyük və gözəldir, lakin burada təəccübə səbəb olan cəhət, səhər-səhər minlərlə quşun müxtəlif diapazonda oxumaları, cəh-cəh vurmaları idi. Mən bu güclü simfoniyanın quş faunası tərəfindən yaradılmasına inanmaq istəmirdim. Əgər Alfred Hiçkokun 1963-cü ilə çəkdiyi məşhur “Quşlar” filmində qanadlı canlılar adamlara, evlərə hücum çəkirdilərsə, burada quşların nəğməsi o qədər gur və qeyri-adi idi ki, adam adi şəhər parkına deyil, cənnətə düşdüyünü, cənnət quşlarının şərqisinin könülə, şüura hücum çəkməsinin, hakim kəsilməsinin şahidi olurdu. Mən cənnət quşlarının belə polifoniyası barədə heç nə bilmirəm, lakin minlərlə şirin səsin bir-birinə qarışıb, belə gur musiqi yaratması, ahəngə çevrilməsi məhz müəmmalılıq effekti yaratdığından, onun yalnız cənnətdə mümkün olacağını güman etdiyimdən, belə təsirdən yaranan möcüzəli təəssürat meydana gəlirdi. Bu səslər nə qədər xoş olsa da, şüura öz təsirini göstərməmiş qalmırdı və hiss edirsən ki, bu avazlar məhz səma musiqisini andırır. Adət etmədiyin, ömründə rast gəlmədiyin bir şeyi müəyyən şübhə, bəlkə də qorxu ilə qarşılayırsan. Doğrudan da, mən məlum olmayan, məchul xüsusiyyətləri olan bir aləmə düşmüşdüm, quşların nəfəsi təkcə havanı titrətmirdi, həm də mənim könlümü, ağlımı tarıma çəkirdi və mən hisslərimə hücum edən bu gurultulu musiqiyə, harmoniyaya artıq dözə bilmirdim. Ona görə də parkı ləngimədən tərk etməyi qərara aldım və uzun müddət həmin müəmmalı təsirin altında qalmaqda davam etdim.

İspaniyada çox şeylərə təəccüblənmiş, onların xeyli hissəsini yaddaşıma həkk etmişdim. Kordoba parkı isə bol quş aləminin şərqisi hesabına mənə olduqca güclü təsir göstərmişdi. Heç Çindəki Quançjou şəhərinin üstündəki təpədə düzəldilmiş və üstü yaşıl kapron torla örtülmüş nəhəng quşlar sərgisində də mən belə bir möcüzənin şahidi olmamışdım. Məşhur Avstriya bəstəkarı, valsları ilə dünyanı heyran qoyan İoann Ştraus özünün “Vena meşəsi nağılı” valsında quşların nəğməsindən, cəh-cəhindən istifadə etmişdi. Əgər o, Kordoba parkında quşların gur səslənən simfoniyasını dinləsəydi, bu bol səslər dünyasının təsiri altında, yəqin ki, onları hökmən nota köçürərdi. Mən isə tanış olmayan səslərin gurultusundan əsəbimə müəyyən təsir göstərəcəyi gümanını nəzərə alıb, bağı tərk etdim və qeyri-adi quşlar dünyasının yaratdığı ecazkar musiqi ilə vidalaşmağı seçdim.

Sonra biz təyyarə ilə Alinakteyə uçduq. Bu şəhər eyniadlı əyalətin inzibati mərkəzi olmaqla yanaşı, beynəlxalq əhəmiyyəti olan Kosta-Blanka (Ağ sahil) kurort-turist zonasının paytaxtıdır. Burada sənaye yaxşı inkişaf etmişdir. Dəniz kənarındakı plyajda gəzərkən dizə qədər quma batırsan, onun uzunluğu da böyükdür. Plyajda həm də ərəblərdən yadigar qalmış qalanı seyr edirsən, dəniz tərəfdən baxdıqda qalanın xarici hissəsi adam başını xatırladır. Oradan isə biz iki maşınla Levantın (Şərq rayonunun) cənubunda olan Mursiyaya getdik. Rakif qabaqdakı maşında holdinqin Moskva nümayəndəsi, mənşəcə alman olan qadınla gedirdi, mən isə holdinqin digər məsul işçisi ilə arxadakı maşında idim. Tərcüməçi sürücünün yanında, mənim qabaq tərəfimdə oturmuşdu. Birdən o, əl-qolunu geniş açıb, iti sürətlə gedən maşının sükanından yapışmaq istədi. Onun epilepsiya tutması başlamışdı və biz Estramaduraya uçanda onun bu mərəzini hiss etmişdim. Ona görə də arxadan onun üstünə yıxılıb, qollarını açmağa qoymadım və sürücüyə “stop” deyə qışqırdım. Maşını yolun kənarına verib saxladı. Holdinqin işçisi təkid etdi ki, yanından keçdiyimiz şəhərə qayıtmalıyıq ki, ona iynə vursunlar. Mən izah etməyə çalışdım ki, tutma keçib gedəcək və biz yolumuza davam edə bilərik. Holdinqin işçisi razılaşmadı, biz geri qayıdıb şəhərə girdik və xəstəxanada tərcüməçiyə iynə vuruldu. O, artıq ölü toyuğa bənzəyirdi. Gecə saat 1-ə işləyəndə biz Mursiyaya, otelə çatdıq və səsimi eşidən azərbaycanlı yol yoldaşım, az qala, ağlaya-ağlaya mənə yaxınlaşdı, deyəsən, o, sevindiyindən ağlayırdı. Düşünürmüş ki, yəqin avtomobil qəzası baş vermiş, biz təhlükəli vəziyyətə düşmüşük. Həm də abstrakt eqoizmə uyğun olaraq özünü düşünürmüş ki, yol yoldaşımın başına bir iş gəlsə, Bakıya necə qayıdacaqdır. Mən ona ürək-dirək verdim ki, heç nə olmamışdı, yalnız tərcüməçinin vəziyyəti yaxşı deyildi.

Səhərisi Mursiya ilə tanışlıq başlandı, biz subtropik meyvələri çeşidləyən və qablaşdıran fabrikdə olduq. Buradan iri partiyalarla SSRİ-yə portağal və limon göndərilirdi. Sonra holdinqdə prezidentlə aparılan danışıq vaxtı SSRİ-yə ixracın sonrakı ildə xeyli artırılması barədə razılığa gəldik.

Sequra çayının sahilində yerləşən şəhərin çox yerində mavritan üslubu saxlanmışdır, axı şəhər ərəblər tərəfindən salınmışdır. Şəhərin başlıca arxitektura abidəsi kafedral kilsə binasıdır, onun yanında isə yepiskopların sarayı yerləşir. Şəhərdə gözəl botanika bağı da vardır. Lakin şəhərin su çatışmamazlığı problemi özünü kəskin şəkildə biruzə verir. Hətta qaldığımız bahalı oteldə də suya qənaət etmək xəbərdarlığını bildirən plakat nəzəri cəlb edirdi.

Mursiyadan Alikanteyə qayıdarkən bildirdilər ki, biz Elçenin kənarındakı xurma palması bağındakı restoranda nahar edəcəyik. Elçe Avropada yeganə yerdir ki, orada meyvə verən xurma bağları becərilir. Mən kokos palmasını isə sonralar Meksikada görmüşdüm, Akapulkoda onun kəsilmiş təzə meyvəsinin şirəsini də içmişdim. Ancaq xurma palması barədə elə bir təsəvvürüm yox idi, təkcə onu bilirdim ki, dünya xurma istehsalının, az qala, 70 faizi İraqın payına düşür. Otuz il sonra Abu-Dabidə mehriban insan, qonaqpərvərliyi hədd tanımayan İsam bəy əl-Katbinin iri villasını əhatə edən zəngin bağında meyvə gətirən xurma ağaclarını gördüm. İsam bəyin çox savadlı övladları - həkim qızı Mey, maliyyəçi oğlu Mamun və mələk simalı Meyin həyat yoldaşı, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında bankir tək CEO vəzifəsində çalışan, azərbaycanlı Asif mənə bu bitki növü barədə geniş məlumat verdilər. Bədəvi ərəbin ən dadlı xörəyi də əzilmiş xurma ilə balın qarışığıdır. Səhər tezdən azacıq ondan yeyən ərəb axşama kimi acmırmış. İslam peyğəmbərinin çox sadə yeməkləri içərisində də xurma xüsusi yer tuturdu.

(Ardı var)

525-ci qəzet 2018.- 9 noyabr.- S.22.