Söz dünyamızın
Tofiq Mahmud guşəsi
Cavid QƏDİR
Uşaqlıqda evdəki kitabxanamızdan cildi davakar
xoruzun pipiyi kimi didik-didik olmuş bir kitab tapmışdım. Üstündə simurq
quşunun və fonda evlərin şəkli
vardı. Yəqin elə simurq quşuna görədi
ki, o kitab məndə Günəşlə, alovla assosiasiya
olunur. Kitabı böyük maraqla oxumuş, sona
çatanda isə xəyal qırıqlığına
uğramışdım: son səhifələri qopmuşdu...
İllər keçdi. O kitabı arada xatırlasam da,
heç yerdə rastıma çıxmadı. Bir
müddət əvvəl bizim “Kitabsevərlər” Hərəkatının
növbəti kitabı barədə danışarkən əsərin
hələ adı deyilməmiş, qısa məzmununu
eşidəndə gecənin bir aləmi həmin o Günəşi,
ətrafında uçan simurqu gördüm. Uzaqdasa zirvəsi haçalanmış dağ
vardı. Və bir cavan oğlan maddım-maddım o
dağa tamaşa edirdi...
Kitabın redaktəsini boynuma götürdüm. Həmin qopan səhifələrisə
mütaliəyə tələsmədim, redaktə etdikcə,
illərin intizarıyla oxudum... Yenidən qonşuluqdakı qoz
ağacına dırmandım, bağda bənövşə
topladım, Nazlıya vuruldum, Narıncdan xoşlandım,
Mariyayla sevişdim, Xəlillə dostlaşdım, Pakizəyə,
Hürnisəyə acıdım, qaçqın
uşaqların dərdinə şərik oldum, Əliqulu Qəmküsarla
bir yerdə güllələndim. Pirosmaninin rəsmlərinə
heyran qaldım, Haçadağa ay işığında
tamaşa etdim...
Tofiq Mahmudu “Uzaqda ucalan dağlar”la tanımışam. Uzağı
anlatmaq lazım gəlsə, bu əsəri misal çəkərəm.
Romanda bir az magik tərzdə uzaqlıq
var. Əlini uzatsan çatası məqamlarda da nəsə
iraqlıq, özgəlik, tənhalıq sezilir.
Tofiq Mahmud 1931-ci ildə Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonunda doğulub. Orta təhsilini Bakıda alan T.Mahmud daha sonra Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə
Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-maarif
müəssisələri idarəsində metodiki kabinetin
metodisti kimi başlayıb, ardınca “Azərbaycan müəllimi”
qəzetində xüsusi müxbir, “Göyərçin”
jurnalında ədəbi işçi kimi fəaliyyət
göstərib.
Müxbir
işlədiyi dövrdə ölkənin müxtəlif
bölgələrinə, hətta ucqar kəndlərə
gedib, orda əhalinin yaşayışı, məişəti,
uşaqların psixologiyası ilə tanış
olub. Bu da əlbəttə, onun
yaradıcılığında dərin izlər buraxıb, mətnlərində
həyatiliyin ön planda olmasına şərait yaradıb.
Yaradıcılığa şeirlərlə başlayan ədib
sonralar özünü nəsrdə də sınamağa
başlayıb. Daha çox “Yerə dağılan muncuqlar”, “Uzaqda ucalan
dağlar” əsərlərilə oxuculara tanış
olan Tofiq Mahmudun yaradıcılığının
böyük hissəsi uşaqlarla bağlıdır. Azərbaycan uşaq ədəbiyyatının
tanınmış simalarından olan ədib uşaqlar
üçün müxtəlif, şeirlər, hekayələr
qələmə alıb. Balaca
oxucuların sevimlisinə çevrilib. Ədəbi fəaliyyətindən
başqa iş fəaliyyəti kimi üstündə əsdiyi
uşaqlar üçün nəzərdə tutulan “Göyərçin”
ədəbi dərgisi olub. 1961-ci ildən
ölümünə qədər bu jurnalda yazıb,
yaradıb. Mətbu nəşrin ayaqda
qalması üçün əlindən gələni edib.
Dərgidə əvvəlcə ədəbi
işçi, daha sonra məsul katib və nəhayət,
baş redaktor vəzifələrində
çalışıb.
SSRİ-nin süqutundan sonra digər nəşrlər
kimi “Göyərçin” də maddi problemlər
yaşayıb.
Jurnalın bağlanmaması üçün
Tofiq Mahmud əlindən gələni əsirgəməyib,
müxtəlif adamların köməyindən istifadə edib.
Hətta jurnalı özü satış
köşklərinə payladığı məqamlar da olub.
1997-ci ildə Tofiq Mahmudun vəfatından cəmi
üç gün sonra “Göyərçin” jurnalının
maddi-texniki bazasının
yaxşılaşdırılması haqda qərar verilib və
dövlət tərəfindən yenidən maliyyələşdirilməyə
başlayıb.
Tofiq Mahmud yazıçılıq, şairlik, eləcə
də publisistik fəaliyyətindən əlavə, tərcümə
ilə məşğul olub. Xuta Berulavanın “Quş
südü”, İsabəy İshaqovun “Hər şeyi öyrənmək
istəyən” kitablarını Azərbaycan dilinə
çevirib. Bundan başqa, öz əsərləri
də müxtəlif dillərə tərcümə olunub.
Ədib Azərbaycan Respublikası Uşaq Fondunun Bakı
şöbəsinin sədri, eləcə də rəyasət
heyətinin üzvü olub. Azərbaycan
Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı
şurasının sədri, keçmiş SSRİ
Yazıçılar İttifaqı uşaq və gənclər
ədəbiyyatı şurasının üzvü
seçilib. Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
Hazırda
Tofiq Mahmud Mükafatı təsis olunub və hər il ən yaxşı uşaq şeirlərinin
müəlliflərinə verilir.
Tofiq Mahmudun zəngin yaradıcılıq yolunda son irihəcmli
əsəri “Uzaqda ucalan dağlar” olub. Tanınmış
Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyatından
bəhs edən, müəyyən mənada sənədli
romandır. Yazıçı bu əsərin ərsəyə
gəlməsi üçün 5 il
araşdırma aparıb, Kəngərlinin getdiyi,
yaşadığı yerləri qarış-qarış gəzib,
müxtəlif adamlarla söhbət aparıb.
Ədib,
kifayət qədər nəsr əsərləri olsa da,
sözünü, hislərini poeziya ilə rahat
çatdıra bildiyini düşünür, onu möcüzə
hesab edirdi: “Poeziya mənim üçün həmişə
möcüzədir. Uşaqlıq illərində bu
möcüzə elə qüvvəyə malikdi ki, məni ahənrüba
kimi özünə çəkirdi
Gənc nəslin
intelektual inkişafı, vətənpərvər ruhda
yetişməsində uşaq ədəbiyyatının
danılmaz rolu var. Bu istiqamətdə iş görən qələm
adamlarının bəlkə də birincisi elə Tofiq
Mahmuddur. “Göyərçin” jurnalınısa
uşaq ədəbiyyatının qalası adlandırsaq,
çox mübaliğəyə yol vermiş olmarıq.
Sözügedən jurnalı əlifbadan sonra “ikinci dərslik”
adlandırırlar. Çünki uzun illər ibtidai siniflər
üçün dərsliklər tərtib edilərkən
ilkin mənbə kimi jurnalın materiallarından istifadə
olunur, uşaqların oxu vərdişlərinin inkişaf
etdirilməsində əvəzsiz mənbə kimi kimi dəyərləndirilirdi.
Dərgi balaca oxucular üçün uşaq ədəbiyyatının
ən gözəl nümunələrinə yer
ayırırdı. Bunda da jurnalda uzun illər
- ömrünün sonuna qədər müxtəlif vəzifələrdə
işləmiş Tofiq Mahmudun əməyi danılmazdır.
Tofiq Mahmudun sağlığında 20-dən çox
kitabı işıq üzü görüb. Ədib hesab
edirdi ki, həyat poeziyasız solğun və mənasız
görünər. Buna görə də
“poeziyanı sevmək mənim üçün həyatı və
insanları sevmək deməkdir” fikrini önə
sürürdü. “Şeir nədir?” sualınasa belə
cavab verib: “Gözümdəki işıqdır,
könlümdəki nəğmədir”.
Vətənpərvər ruh Tofiq Mahmud
yaradıcılığında əsas xətlərdəndir. Yaradıcılığından
söz açılanda vətənə saf məhəbbətlə
bağlanan istiqanlı şəxs göz önündə
canlanır. O, “Vətən” şeirində deyirdi:
Təkcə
çəmən deyil, təkcə dağ deyil,
Solmayan əbədi
çiçəkdir Vətən!
Təkcə
dərə deyil, daş-torpaq deyil,
Cavanşir,
Koroğlu, Babəkdir Vətən!
Bəlkə
də elə bu vətənpərvər ruhun sayəsindədir
ki, keçən əsrin 70-80-ci illərində Tofiq Mahmudun
yaradıcılığından dərs alan
uşaqlar böyüyüb qəhrəman oldular. 1990-cı ilin 19 yanvarında tankların
qarşısında ətdən çəpər çəkdilər,
ölkənin azadlıq, müstəqillik əldə etməsinə
böyük təkan verdilər. Hələ
bitməmiş Qarabağ müharibəsində neçə-neçə
dillərə dastan igidlik göstərdilər.
Canlılara,
ətraf aləmə həmişə həssas
yanaşmağı, təbiətə diqqətlə,
qayğıyla yanaşmağı, onu qorumağı,
qayğısını çəkməyi insanlıq borcu kimi
uşaqlara aşılayan, anladan ədibin humanizmi, ülvi
düşüncələri şeirlərində, hekayələrində,
romanlarında, ümumilikdə bütün
yaradıcılığında qabarıq çalarlarla
qarşımıza çıxır.
Onun şeirlərində insan sevgisi də ön planda
dayanır. Yaradıcılığı boyu
alnıaçıq, başını şax tutub
yaşamağı təlqin edir, təlqin etdiyi qəhrəman
obrazlarını öz yaşamına da realizə edir. Ədib insan bağışlamağı,
nankorluğu, xəyanəti, yalançılığı
görməzdən gəlməyi bacarmalıdır deyirdi.
“Pislikləri unudun. Həmişə
içinizdə xoş duyğular yaşadın”. Bu müdriklik onun bütün mətnlərində,
misralarında duyulur. “Qızımla
söhbət” silsiləsində qələmə
aldığı şeirləri uşaqların bilik səviyyəsinə,
dünyagörüşünə uyğundur. Bu şeirlərdə
yer alan suallarda uşaq təbiətinin sadəliyi
insanın üzünə təbəssüm qonduracaq qədər
canlı təsvir olunub:
Necə
olur ki, hər gün
Səhər-səhər çıxır gün.
O qədər
işıq salır,
İşığı hardan alır?!
Bəs
necə dolu-dolu
Yağır yağış, qar, dolu?!
Niyə
duman ağ olur,
Ay bəzən
oraq olur?!
Göylərdə
nə partlayır,
Şimşək necə parlayır?!
Hardan
axıb gəlir çay,
Harda necə bitir çay?!
Hamı
yatanda gecə
Nəhəng fil yatır necə?!
Necə
yatır şir, bəbir,
Mənə söylə birbəbir.
T.Mahmud gənclik illərində Səməd Vurğun,
İslam Səfərli və başqaları ilə yaxın təmasda
olub, onlardan dərs alıb. Xatirələrində bunları belə
xatırlayır: “Günlərin birində
Yazıçılar İttifaqında “Gənclər
günü” keçirilirdi. Xalq şairi Səməd Vurğun
çıxışında iki şeirimdən birini bəyəndiyini
dedi. Sevindiyimdən bilmirdim nə edim. Yerə-göyə sığmırdım. Uçmağa qanadım olmadı. Ancaq sonralar başa düşdüm ki, həmin
şeir çox zəif olub. Bəs
böyük sənətkar onu nə üçün bəyənmişdi?
Demə, Səməd Vurğun alicənablıq,
insanlıq göstərmiş, qəlbimə dəymək,
ruhdan salmaq, qol-qanadımı qırmaq istəməmişdi”.
Xalq yazıçısı Mirzə İbrahimovsa
çox sevdiyi Tofiq Mahmudu gözəl insan, vətəndaş
və şəxsiyyət kimi xarakterizə edib, şairin
ömrünü cəmiyyətin gələcəyinə,
uşaqlarına həsr etdiyini inamla vurğulayıb.
Onun istər şeirlərində, istər hekayələrində, istərsə romanlarında Tofiq Mahmud işığını, müdrikliyini, insanlara sevgini görmək heyranlıq oyadır. Uşaq və gənclər üçün yazdığı “Yola çıxıram”, “Dibçək”, “Buzovna qayaları”, “Açıqdır pəncərəm”, “Qızımın sualları”, “Gecə qapı döyülür” kimi kitablarda işlədiyi, toxunduğu mövzular yeniyetmələrin həyatlarındakı önəmli anlardan, dərs çıxardılmalı məqamlardan ustalıqla söz açır, oxucularını həqiqətə, insanlığa, sevgiyə səsləyir.
Tofiq Mahmudun uşaqlar üçün
yazdığı ilk irihəcmli əsəri “Alpinistlər”
poemasıdır. Məktəblilərin həyatından
bəhs edən əsərdə müəllif uşaqların
vətənə məhəbbətini qələmə
alıb, uca zirvələri, keçilməz
sıldırımları fəth edən, təbiəti, tarixi
abidələri öyrənən uşaqların əhval-ruhiyyəsini
göstərməyə, psixologiyasını açmağa
çalışıb.
Həyatın ən ali niyyətinin insanlıq
olduğunu dərk etmək üçün uşaqlara təsir
edəcək əhvalatları qələmə alan Tofiq
Mahmudun yaradıcılığı bugünümüzün
uşaqlığı, gəncliyi üçün də
örnək təşkil edir. Azərbaycan ədəbiyyatının
önəmli səhifələrindən biri kimi qorunur.
525-ci qəzet 2018.- 9 noyabr.- S.23.