85 yaşlı möhtəşəm
elm ocağımız
Şahanə MÜŞFİQ
Ədəbiyyat sevgimin nə zaman, hardan
qaynaqlandığı haqqında heç bir fikrim yoxdur. Xatırladığım
tək şey kitablara sonsuz ehtirasla
bağlılığımdır.
Hələ
lap kiçik yaşlarımda yatağımın baş ucunda
yerləşən gecə lampası anamın “səhər dərsə
gedəcəksən, söndür onu, sabah oxuyarsan” -
sözünə qədər açıq qalar, o vaxt ərzində
Anar dünyasından Elçin dünyasına, Çingiz
Aytmatov sükunətindən Dostoyevski bilinməzliyinə,
İlyas Əfəndiyev qələmindən Mir Cəlal
düşüncələrinə, Mopassan lakonikliyindən
Hemenquey fərqliliyinə səyahət etdikcə edərdim. Hər dünyadan bir cəvahir, hər səhifədən
bir inci tapmışcasına sevinərdim (indi də elə
çox şey dəyişməyib).
Ədəbiyyat heç zaman sənət, peşə səviyyəsində
olmayıb həyatımda. Məndən
soruşmağa belə gərək yox idi, sanki gözlərimə,
üzümə yazılmışdı filologiya
oxuyacağım. Ədəbiyyatı akademik səviyyədə
oxuyacaq, jurnalistikada isə iş yeri kimi
çalışacaqdım. Gedəcəyim yol çoxdan bəlli
idi: Bakı Dövlət Universitetinin Filologiya fakültəsi.
Məktəbi
bitirdiyim il arzum reallaşdı və mən
artıq BDU-nun Filologiya fakültəsinin tələbəsi
idim. Burada əsl ədəbiyyat ab-havası
vardı. Daşları, divarları, parta,
lövhəsi belə ədəbiyyat qoxurdu sanki. Artıq ədəbiyyat təhsil sahəm olmaqdan
çıxmış, həyat tərzimə
çevrilmişdi.
BDU-da
oxuyarkən bizə dərs deyən müəllimlərim sayəsində
yeni bir ədəbiyyat ocağı ilə tanış
oldum. Daha doğrusu, o, yeni deyildi, nə də
birinci dəfə idi onun adını eşidirdim. Xeyr! Məsələ
burasındadır ki, ilk dəfə o müəllimlər sayəsində
bu ocaqla qarşılıqlı münasibətdə olmaq
şansı qazanmışdım:
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu!
Demək
ki, ölkəmizin ədəbiyyat məbədi, söz
ocağı məhz bura idi: Ədəbiyyat İnstitutu. Sonra başladım bu institutla maraqlanmağa.
Orda çalışan ədəbiyyatşünas alimlər,
tənqidçilər, doktorantlar, dissertantlar, laborantlar, bir
sözlə, o institut içərisində nəfəs alan hər kəs mənim qibtə yerimə
çevrilmişdi. Mətbuatdan, oxuduğum universitet və
fakültə sayəsində izlədiyim, öyrəndiklərim
isə qəlbimdə yeni arzular cücərtməyə
başlamışdı: mən də nə vaxtsa bu institutun
bir əməkdaşı olacaqdım?!.
Bakalavr və
ondan sonrakı magistr təhsilimi bitirəndən sonra ədəbiyyata
sevgim, Ədəbiyyat institutuna marağım və arzum nə
qədər güclü olsa da, ara vermək
qərarına gəldim. Çünki hələ
hazır deyildim. O böyük məbədə daxil
olmağa, onun bir parçasına çevrilməyə də
layiq olmaq lazım idi axı.
Artıq
ikinci arzum reallaşmaq üzərə idi və yolum iki il öncə “525-ci qəzet”lə kəsişdi.
Təkcə iş yerimə deyil, həm də jurnalistika və
ədəbiyyat sahəsində məktəbimə də
çevrilən bu qəzetlə Ədəbiyyat məbədinə
bir yox, bir neçə addım yaxınlaşdım. Artıq institutun keçirdiyi bir-birindən
maraqlı, önəmli, ədəbi prosesi istiqamətləndirən,
şərh edən, dəyərləndirən tədbir,
konfrans və görüşlərində mətbuat nümayəndəsi
kimi iştirak edir, çalışdığım qəzetdə
işıqlandırıram. Bunlar həmçinin,
mənə bu elm məbədində çalışan alim,
professorlarla daha yaxından ünsiyyət, onların biliyindən,
savadından yararlanmaq şansı da qazandırır. Əgər bu toplantılarda iştirakım jurnalist
kimi fəaliyyətimlə əlaqədardırsa, oradan
qazandıqlarım filoloq yaddaşıma yazılır və ədəbiyyata,
ədəbi prosesə münasibətimə,
baxışıma bilavasitə təsir göstərir.
Bu il 85 yaşını qeyd edən Ədəbiyyat
İnstitutunun son iki ili gözlərimin qarşısında, qələmimin
mürəkkəbinə həkk olaraq keçməkdədir.
Bu yazıda institutun “Vikipedia” və başqa internet səhifələrində
rahatlıqla tapa biləcəyimiz tarixindən danışmaq
fikrim yoxdur. Çünki bu qürurlu, əlamətdar, bir o qədər
də çətin və ağır zəhməti
özündə ehtiva edən tarix haqqında illərlə
yazılıb, indi də yazılmaqdadır. Mən bir gənc
filoloqun, jurnalistin
gözü ilə qocaman böyüyümüzə,
“ağsaqqalımıza” baxmaq istəyirəm. Bu
böyüyün biz gənclərə verdiyi nələr var?
Hər bir qurumun nəyə qulluq etdiyi, hansı
amalları və məqsədləri
daşıdığı öncə rəhbərilə
müəyyən olunur. Əgər o qurumun rəhbəri hara və
kimlərə başçılıq etdiyinin fərqindədirsə,
deməli, idarəçiliyə 1:0 öndə
başlayıb.
Tarix boyu
bu elm ocağına, söz məbədinə rəhbərlik
etmiş insanların adlarına nəzər yetirmək kifayətdir
ki, institutun illər boyunca bu sahəyə töhfələrini
təsəvvür edəsən: Heydər Hüseynov, Məmməd
Arif Dadaşzadə, Mirzə İbrahimov, Məmmədağa
Şirəliyev, Kamal Talıbzadə, Əziz Mirəhmədov,
Yaşar Qarayev, Bəkir Nəbiyev, İsa Həbibbəyli. Bu dəyərli insanların hər biri öz
dövründə institutun inkişafında, təbii olaraq, ədəbiyyatımızın
doğru istiqamətləndirilməsi və ədəbi
prosesin izlənilib dəyərləndirilməsi
baxımından çox böyük işlər
görmüş, öz adlarını həm bu Ədəbiyyat
ocağının, həm də Ədəbiyyatşünaslıq
elminin səhifələrinə böyük hərflərlə
yazdırmışlar.
Bu mənada
mənim şəxsən tanıdığım,
iş prosesinə, çəkdiyi zəhmətlərə,
peşəkar fəaliyyətinə şahidi olduğum
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru akademik İsa Həbibbəylinin rəhbərliyini
xüsusi qeyd etmək lazımdır. İsa
müəllim institutun işlərinə və işçilərinə
təkcə rəhbər kimi deyil, həm də bir
böyük kimi, valideyn kimi, ata qayğısı ilə
yanaşır. Zəngin biliyinə,
çoxillik təcrübəsinə bir də ədəbiyyat
sevgisi və şəxsi yüksək keyfiyyətləri də
əlavə olunanda yaranan mənzərə kifayət qədər
ürəkaçıcıdır.
Onsuz da bütün zamanlarda aktiv ədəbi prosesin mərkəzində
olan Ədəbiyyat İnstitutu son dövrlərdə
bütün mənaları ilə xüsusi bir canlanma,
çiçəklənmə dövrünü
yaşayır sanki. Qurumun ədəbi prosesi yaxından izləməyi,
ona yön verməyi, lazımi zamanda lazımi müdaxiləsi,
ölkə daxili və ölkə xaricində digər ədəbiyyat
mərkəzləri ilə yaratdığı
qarşılıqlı əlaqə təqdirəlayiq
haldır. Bütün bunların
başında isə sözsüz ki, İsa Həbibbəyli təcrübəsi,
qayğısı dayanır. Akademikin özünün də
dediyi kimi: “Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Azərbaycan və dünya ədəbiyyatını
öyrənməklə məşğuldur. Bu
institut ədəbiyyat haqqında elmin əsas mərkəzidir,
yəni ədəbiyyatşünaslıq elminin beşiyidir.
Elm isə ədəbiyyatın əsas hərəkətverici
qüvvəsidir. Məhəmməd Füzuli elmin ədəbiyyatın
inkişafındakı yerini, ruhunu və əhəmiyyətini
çox dərindən görüb: “Elmsiz şeir əsası
yox divar olur”.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun bu illər ərzində çap etdirdiyi dəyərli
nəşrləri ədəbiyyatşünaslıq elminə
önəmli töhfələr kimi qeyd etmək yerinə
düşərdi. Azərbaycan ədəbiyyatını
dövrlər halında, xüsusiləşmiş şəkildə
öyrənən bu çoxcildliklər (“Azərbaycan ədəbiyyatı
tarixi” - 7 cild, “Molla Nəsrəddin” jurnalı - 8 cild, “Ziya” və
“Füyuzat” qəzetlərinin cildləri, “Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı”- 3 cild və s.) ədəbiyyatımızın
sistemləşdirilməsi və filologiya fakültəsinin
müəllim və tələbələri, ədəbiyyat
mütəxəssislərindən başqa ədəbiyyatla
maraqlanan, öyrənmək istəyən sadə insanların
maraqlarını qarşılayacaq və onlarda ədəbiyyatımızla
bağlı geniş təsəvvürlər oyadacaq şəkildə
hazırlanıb.
Bundan
başqa, demək olar ki, hər il institutun öz əməkdaşlarının
məqalələrindən, əsərlərindən ibarət
nəşrlər, “Ədəbi proses” yaradıcılıq
müşavirələrinin
işıqlandırıldığı toplular, eləcə də
“Ədəbiyyat məcmuəsi” jurnalı ədəbiyyatımızın
ümumi mənzərəsini yaratmaq baxımından olduqca əhəmiyyətlidir.
2013-cü
ildən bəri Ədəbiyyat İnstitutunda ənənəvi
şəkildə keçirilən “Ədəbi proses”
müşavirələri “İlin ədəbi mənzərəsi”nin ümumiləşdirilməsi
baxımından olduqca əhəmiyyətlidir. Bu ilin iyun
ayında mənim də ilk dəfə
qatıldığım “Ədəbi proses-2017”
yaradıcılıq müşavirəsi öz
orijinallığı, bol və dəyərli ədəbi məlumatları,
bir-birindən maraqlı mövzuları özündə əks
etdirən məruzələri ilə yaddaşımda əbədi
iz qoyanlardan oldu. Bu müşavirələri
özəl edən əsas səbəblərdən biri də
budur ki, ədəbi janrlar ayrı-ayrılıqda, xüsusi
şəkildə təhlil olunur, heç biri o birinə
qarışdırılmır. Hətta
burada gənclərin ədəbi
yaradıcılığına da xüsusi yer
ayrılmışdı. Bu da Ədəbiyyat
İnstitutunun hər zaman yeniliklərə açıq
olduğunu, bu elm məbədinin gənc yazarların, ədəbiyyatşünasların
rahatlıqla etibar edəcəyi, bir mərkəzdə birləşəcəyi
yer olduğunu bir daha sübut edir. Deməli,
Ədəbiyyat İnstitutu və onun dəyərli əməkdaşları
ədəbi prosesi çox ciddi şəkildə izləyirlər.
Hətta gənclərin
yaradıcılığı belə onların diqqət mərkəzindən
kənarda qalmır.
Həmin
müşavirədə İ.Həbibbəylinin “Ədəbi
proses” haqqında verdiyi şərh 5 illik zəhməti kifayət
qədər ümumiləşdirir: “Ədəbi proses”
materialları 2013-2018-ci illər Azərbaycan ədəbiyyatının
sadəcə salnaməsi deyildir və əksinə, bu
dövrün ədəbiyyatının janrları üzrə
canlı mənzərəsini göstərən, inkişaf
dialektikasının qanunauyğunluqlarını açan bir hərəkatdır”Ədəbi
proses” hərəkatının bu günki inkişaf səviyyəsindən
onun sonrakı gələcək üfüqləri də
aydın şəkildə görünür”.
Eyni zamanda, 2017-ci ilin noyabr ayında burada “525-ci qəzet”in
25 illik yubileyinə həsr olunmuş “525-ci qəzet”: zaman və
ədəbi proses” adlı konfrans da bu institutun yalnız ədəbi
əsərlərə deyil, eləcə də ədəbi
prosesi özündə əks etdirən mətbuata
qarşı da biganə olmadığının göstəricisidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan danışarkən onun artıq dörd dəfə təşkil olunan “Fizika və lirika” konfransından söz açmamaq mümkün deyil. Bu ilin iyul ayında Nəbatat bağında dördüncüsü keçirilən konfrans elmlə yaradıcılığın sərhədlərinin əslində mövcud olmadığını, hər elmdə bir yaradıcılıq detalı, hər yaradıcılıqda elmin ayrı-ayrı qanunauyğunluqları olduğunu bir daha sübut etdi. Bu konfransda iştirakçılara təqdim olunan AMEA-nın əməkdaşlarının əsərlərindən ibarət “Plyus bədii yaradıcılıq” (II kitab) və II “Qoşa qanad” ədəbi almanaxları isə bir daha ədəbiyyatşünaslığımıza bəxş olunan dəyərli töhfə kimi xüsusi qeyd olunmalıdır.
Əlbəttə, kiçik bir
yazıda nəinki bu qədər böyük bir elm
ocağının 85 illik şərəfli yolunu, heç mənim
şahid olduğum 2 illik fəaliyyət dövrünü də
dolğun şəkildə əks etdirmək mümkün
deyil. Çünki bu yaradıcılıq və elm ocağının durmadan çalışan, yeniliklərə
can atan rəhbərliyi və əməkdaşlarının
gördüyü işlər, onun Azərbaycanın digər ədəbiyyat
mərkəzləri, eləcə də dünyanın
nüfuzlu institutları, elm və yaradıcılıq
ocaqları ilə qurduğu qarşılıqlı əlaqələr,
nəşr etdirdiyi toplular, almanaxlar, ayrı-ayrı ədəbiyyat
dahilərinin xatirəsinə həsr olunmuş elmi
konfransları və s. Özü ayrıca bir tədqiqat
mövzusu səviyyəsindədir.
Möhtəşəm
elm ocağımızın dəyərli rəhbər və əməkdaşlarını,
müəllimlərimi, gənc kadrlar arasındakı
dostlarımı, eləcə də Ədəbiyyat institutunun
“nəfəsi toxunan” hər kəsi yubiley münasibətilə
təbrik edirik!
525-ci qəzet 2018.- 9 noyabr.- S.15.