Özünü axtarıb tapmaq

Elmira AXUNDOVA

Xalq yazıçısı

“Literaturnıy Azerbaydjan” dərgisinin 10-cu nömrəsində gənc nasir Kəramət Böyükçölün bir neçə esse və hekayəsi, həmçinin, Xalq yazıçısı Elmira Axundovanın onun yaradıcılığı barədə məqaləsi çap olunub.

E.Axundovanın məqaləsini oxuculara təqdim edirik.

“Kaspi” və “Mir literaturı” qəzetlərində, “Literaturnıy Azerbaydjan” jurnalında rusdilli gənc ədiblərin hekayələrinə tez-tez rast gəlirəm, onları maraqla oxuyuram. Eyni maraq məndə Azərbaycan dilində yazan gənclərin nəsrini oxuyarkən də yaranır. Belə “kiçik” nəsr nümunələri “525-ci qəzet”də tez-tez dərc olunur, bu, lazımlı və nəcib işdir. Təəssüf ki, Azərbaycanın rusdilli yazıçıları da, elə ana dilində yazan ədiblərimiz kimi bu gün ədəbiyyat məkanının o biri üzündə baş verənlərdən hər zaman olduğundan daha çox xəbərsizdirlər: birincilər doğma dillərini yaxşı bilmirlər, azərbaycandilli gənclər isə rus dili biliklərini, demək olar ki, itiriblər - hər iki kəsim ən yaxşı halda tərcümə ədəbiyyatına üz tutur, çox zaman isə öz qazanlarındaca qaynamağa üstünlük verirlər.

Bu, gerçəkdən məyusedici haldır, çünki hansı dildə yazmalarından asılı olmayaraq, bugünkü “gənclərin” nəsrində çoxlu təmas nöqtələri var, çoxlu maraqlı paralellər aparmaq və ölkəmizdəki müasir ədəbi prosesi səciyyələndirən olduqca maraqlı nəticələrə gəlmək mümkündür. Düşünürəm ki, bu, bizim çoxsaylı ədəbiyyatşünas və tənqidçilərimiz üçün faydalı mövzudur. Mən yalnız problemi göstərdim.

... Məni qələmə sarılmağa sövq edən isə gənc olsa da, ədəbi dairələrdə yetərincə tanınan Kəramət Böyükçöl adlı nasirin - hədsiz impulsiv və emosional, gənclərin böyük əksəriyyəti kimi əsəbləri üzdə olan insanın, epotaj, təxribat, klassiklərə və ədəbiyyat korifeylərinə sayğısız münasibət hesabına belə olsa, bir sözlə, non-konformizm və qiyamçılıqla populyarlıq qazanmaq istəyən şəxsin yaradıcılığı oldu...

... Bir dəfə necəsə Kəramət ona sərbəst mövzuda müsahibə verməyimi xahiş elədi, onunla bir neçə saat keçmişdən və gələcəkdən, ədəbiyyatdan və siyasətdən danışdıq, bu cavan oğlan, bəlkə öz səmimiyyəti, bəlkə sözə sevgisi, bəlkə də başqasının mövqeyini dərk etmək, başqasını anlamaq kimi hissləri ilə məndə rəğbət oyatdı. Əsl ədib, şübhəsiz ki, anlamaq istedadına malik olmalıdır.

Sonra isə abunəçisi olduğum “525-ci qəzet”in yay saylarında Kəramət Böyükçölün bir yığın gözəl hekayələri ilə tanışlıq imkanım yarandı. Bu hekayələrin keyfiyyəti eyni səviyyədə olmasa da, hamısı adamı necəsə özünə çəkir. Mövzular, bir qayda olaraq, çox şəxsi, hətta bəzən eksiztensialdır - yaddaşa və dünyadan erkən getmiş dostun ruhuna müraciət, ironik özünüaxtarışlar (“Özümü tapa bilmirəm. Axtarışdayam neçə gündür. Tapsam, öldürəcəm özümü. Görəsən, hardan düşdüm, hardan yıxıldım? Nə qədər fikirləşirəm, yadıma gəlmir”), intihar baradə fikirlərindən kimin və necə xilas etməsi barədə düşüncələr. Yeri gəlmişkən, bu sonuncu esse özünün amansız səmimiyyəti və son nəticədə nikbin ovqatı ilə çox qiymətlidir, mən bu və ya digər mərhələdə Kəramət kimi eyni fikirlərdən yaxa qurtara bilməyən bütün gənclərə onu oxumağı tövsiyə edərdim. Təsadüfi deyil, demək olar ki, hər gün KİV-dən biz gənc bir oğlanın, ya qızın intiharı barədə xəbərlər oxuyuruq. Hərçənd, çox zaman intiharın səbəbləri çox əhəmiyyətsiz olur və onları, demək olar, həmişə aradan qaldırmaq mümkündür. Təəssüf ki, belə məqamlarda o adamların yanında Kəramət kimi birisi olmayıb.

Böyükçölün “Məni intihardan kim və necə xilas etdi” adlı essesində çox maraqlı bir məqam var: “Heç kim məni xilas edə bilməyəndən sonra isə axırda düşündüm ki, özümə müraciət edim, kömək istəyim. Düzü, qəbuluma düşmək o qədər də asan olmadı. Qapının ağzında nə qədər gözlədim və içəri girən kimi özümdən soruşdum ki, dərdin nədir? Elə şeylər danışdım, elə şeylər danışdım, özümə gülməyim gəldi. Məlum oldu ki, dərdim yoxdur. O mənada ki, ümumiyyətlə, dünyada intihara səbəb olacaq dərd yoxdur. Bunu özümə başa salandan sonra ayağa qalxdım, boynumu qucaqlayıb üzümdən öpdüm. Və bu yaxşılığa görə özümə təşəkkür etdim”. Və bu essenin sonunda həyatsevər bir çağırış səslənir: “Bir də deyirəm, doğrudan da, hansı şərtlərlə yaşadığımıza, bir tikə çörəyimizi hansı şərtlərlə yediyimizə baxmayaraq, xoşbəxt olmağın yolunu tapmaq lazımdır. İşıq mənim üçün dayanmadan xoşbəxt olmağa can atmaqdır”.

Kəramətin bütün hekayələri, mahiyyətcə, bu mürəkkəb, anlaşılmaz dünyada özünü axtarmağa həsr olunub. Hətta yaxınları - ürək çatışmazlığından əziyyət çəkən atası, Barış adlı körpə oğlu, ali məktəbə qəbul imtahanlarında tanış olduğu kürənsaçlı qızla maraqlı görüş barədə hekayələrdə də Kəramət hər şeydən əvvəl özünün ruh halını, hiss və həyəcanlarını təsvir edir. Məsələn, hələ körpə vaxtı o öyrənib ki, tibb elmi ürəkköçürmə əməliyyatlarına imkan verir. Bundan sonra o, gecə-gündüz ürəyini atasına vermək barədə düşünüb: “Gecə-gündüz fikirləşirdim ki, deməli, mən ürəyimi atama verə bilərəm. Amma bunu evdə deməyə utanır, sadəcə, sinəmdə atam üçün ehtiyat bir ürək gəzdirirdim. Hərdən isə öz ürəyimi atamın sinəsində təsəvvür edir, o saat da təngnəfəs olurdum, tövşüyürdüm. Elə bil mənim balaca ürəyimin atamın qanını dövr eləməyə gücü çatmırdı”.

... Kəramət Böyükçölün hekayələrinin qəhrəmanları ona tanış, yaxın, doğma, əziz adamlardır. O, adi, sıradan həyati situasiyaları qələmə alır. Amma bütün bu situasiyalar müəllifə yalnız öz qəlbinin dərinliklərinə səyahət etmək üçün bir vasitədir. Bəzən gənc yazıçı öz nəsrində Çexov dərinliyinə və dəqiqliyinə nail olur, özü də bunu elə ustalıqla edir ki, hekayəni oxuyarkən az qala nəfəsin kəsilir. Məsələn, “Fləş” hekayəsi məni çox təsirləndirdi. Qısa məzmununu desəm, hekayə onun kənd ziyalısı, rus dili və ədəbiyyatı müəllimi olan dayısı haqqındadır. O, çoxdandır ki, hekayələrini özü üçün yazır, onları çap eləməyə də çalışmır. Və bu məqam onu bizim gözümüzdə ucaldır. Müəllif qeyd edir ki, dayısının hekayələrindən bəzilərini oxuyub, amma onların ədəbi keyfiyyətinə görə uğurlu hesab eləmək olmaz, amma bunu dayıya deyə bilməzsən, axı hekayələr, əslində, onun bütün həyatıdır, bəlkə də, onun hamıya məlum olan həyatından daha vacibdir.

Həyatının hansısa mərhələsində dayı müasir texniki nailiyyətlərlə maraqlanmağa başlayıb, kompüterlə dost olub və uzun illər yazdıqlarının hamısını elektron formata keçirib. Sonra isə hekayələri kiçik fləşin yaddaşında qeydə alıb, bu fləşi o, səmimi qəlbdən bəşəriyyət tarixindəki kəşflərin ən möcüzəlisi hesab edir.

Günlərin bir günündə dayı bütün köhnə əlyazmalarını yandırır, hesab eləyir ki, onlara heç bir ehtiyac yoxdu, çünki hamısını fləşə köçürüb... Fləş isə qəfildən itir, axı hər dəfə dayı onun yerini dəyişirmiş, axırda onu hara qoyduğunu özü də unudub.

Novellanın sonu, bayaq da qeyd etdiyim ki, Çexovvari bitir: “Dayımla da danışdım. Səsi dəyişmişdi. Hiss elədim ki, fləşkartı çox axtarmağa qorxur ki, birdən tapa bilməz”.

“Kölgəsində öpüşdüyümüz ağaclar” hekayəsini də çox bəyəndim. Hekayə sevgidən, daha doğrusu, kişinin qadına sevgisindən bəhs edir. Müəllifin fikrincə, qadın çətin, bəzən də əzab və sınaq dolu həyat yollarında kişini sonadək addımlamağa sövq eləyən yeganə qüvvədir.

“Bəzən sevgini mənasızlaşdırmaq üçün onu müxtəlif şeylərlə əvəzləyirlər, ora-bura yozurlar. Guya əsl sevgi tanrı sevgisidir. Guya əsl sevgi həyata sevgidir, quşa, ağaca, təbiətə sevgidir. Bunların hamısı boş-boş şeylərdir. Bu sevgilərin heç biri insanı sonacan yaşatmır, yarı yolda qoyur, işlərin ala-yarımçıq qalır.

Əsl sevgi qadına sevgidir. Çünki qadından başqa heç bir sevgi adamın canını ağrıtmır. Ağrı necə gözəldir. Ağrılarınızın qədrini bilin! Sevirsən, əlin, qolun, sinən sızıldayır. Sonra unudursan, canında ağrıları qalır və uzun müddət o ağrıların hesabına yaşayırsan. Ağrın bədənin bir hissəsinə çevrilir. Hər gecə ağrılarını əzizləyirsən, üşüyürsən, yorğana bürünürsən, yastığı qucaqlayırsan... Yata bilmirsən, yerindən qalxırsan, siqaret çəkirsən, təzədən öz məzarına girirsən, yorğanı üstünə çəkirsən...”

Kəramətin hekayəsi həyatın əsasını təşkil edən real məhəbbətin himnidir. Böyükçölün dilindən bu himn bir qədər paradoksal səslənir (ağrısız can nəyə lazımdır?! - müəllif sual edir), amma sən onun fəlsəfəsini daxilən qəbul edir və bu dərdə şərik olursan.

Öz ədəbi “eqo”su ilə bərabər, Kəramət Böyükçöl eksiztensial çıxılmazlıqdan, bulunduğu dərin stressli emosional və psixoloji durumdan xilas yolu axtarır. Çox zaman Kəramət Böyükçöl özü-özünü bu vəziyyətə salır, çünki xarici mühit, düşdüyü situasiya və daxili təlatümlər düyünündən bəzən baş aça bilmir. Və o, yenidən xilasedici lövbərə - sevdiyi qıza müraciət eləyir, hər şeyə, yalanlarına, daimi get-gəllərinə, hətta xəyanət ehtimalına rəğmən ona inanmasını istəyir. Sevməsini və inanmasını. Yalnız bu zaman onlar xoşbəxt olacaqlar (“İçib küçədə qalsam” hekayəsi)...

Yeri gəlmişkən, Kəramətin son hekayələrində eqosentrizm zəifləyir, özünə əzab vermə cəhdləri azalır, əvəzində daha böyük məkan, ənginlik, yeni mövzular və yeni qəhrəmanlar yaranır. Bu mənada onun sinif yoldaşı, daim futbol yarışlarında qapıda dayanmaqla məktəbin şərəfini qoruyan və qapıdan bir top belə buraxmayan Nazim barədə yazdığı “Qapıçı” hekayəsi səciyyəvidir. Kəramət universitetə daxil olur, Nazim isə orduya xidmət eləməyə yollanır. Və oradan geri qayırmır. Kəramət onun ölümü və ümumiyyətlə müharibə barədə patetikasız, sadə şəkildə yazır. Amma elə yazır ki, məktəb yoldaşının ölümü barədə eşidəndən sonra bütün gecəni ağrıdan canavar kimi ulayan müəllifə qoşularaq sən də hönkürmək istəyirsən. Hətta müəllif kimi ulamaq da istəyirsən.

“Ölümünün səhəri günü qəzetlərdə xəbər oxudum ki, Nazim qəhrəmancasına şəhid olub. Yaxın bir əsgər dostunun nişan alındığını görən Nazim durduğu yerdən sıçrayaraq özünü güllənin qabağına atıb. Güllə düz ürəyindən dəyib. Nazim əsl qapıçı idi, son topu sinəsi ilə saxladı, qoymadı durduğu qapıdan vətənə güllə keçsin...”

Yeri gəlmişkən, Kəramətin lirik qəhrəmanı təkcə kədərlənib ağrımır, özünə əzab vermir, o həm də özünü ələ salmağı, öz qüsurlarını etiraf eləməyi, ən adi situasiyalarda (məsələn, Milli Məclisdə olarkən və ya atası ilə anası arasındakı məişət davasının gedişində) belə məzəli tərəfləri görməyi də bacarır. Bu yumor da çexovvari, işıqlı və mərhəmətlidir...

Əlbəttə, Kəramət Böyükçölü qarşıda hələ uzun və ümid etmək istəyirəm ki, ədəbiyyatda uğurlu yol gözləyir. O, öz fobiya və qorxularından qurtulmalı, hər şeyi sonadək vərəqə tökməli, öz hiss və həyəcanlarının darısqal dünyasından çıxmalı və onu əhatə edən dünyaya diqqətlə diqqət yetirməlidir. O, hələ özünü tapmalıdır.

... Fransız ekzistensializminin banilərindən olan Alber Kamyu bir dəfə demişdi: “Gec-tez vaxt gələcək, seyr etməklə hərəkət arasında seçim eləmək lazım gələcək. İnsan olmaq da elə bu deməkdir”.

Düşünürəm ki, Böyükçöl üçün də artıq seyr etməkdən hərəkətə keçmək zamanı yetişib. Əks halda, o, Alber Kamyunun eyniadlı əsərinin qəhrəmanı kimi daim “yad” olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Böyükçölün lirik qəhrəmanı da eynilə özəl, tənha həyat sürür və müəllifin özəlliyi bundadır ki, o, mühitin, cəmiyyətin insanlara sırıdığı qanun-qaydalarla oynamır, özünə və başqalarına yalan danışmaqdan imtina eləyir. Və bu non-konformizm onu qərib, cəmiyyət üçün “yad” adama çevirir.

 

 Cəmiyyətdə yaşayırsansa, demək, ondan azad olmaq mümkün deyil. Marksizm-leninizm klassikinin bu gerçəkliyini hələ heç kəs təkzib etməyib. Hərçənd, çoxları cəhd ediblər.

Kim bilir, bəlkə, kəramətkimilər, nəhayət ki, bunu bacaracaqlar?

Rus dilindən tərcümə edən: Rəbiqə NAZİMQIZI

525-ci qəzet  2018.- 9 noyabr.- S.14.