“Çox gözəl bir
ideyam var idi, şikəst elədilər...”
XALQ
ARTİSTİ RAMİZ HƏSƏNOĞLU: “SERİAL
ÇƏKƏN REJİSSORLARA ACIYIRAM”
- Ramiz bəy,
böyük sənətçilər, sənətkarlar ailəsində
böyümüsünüz, yetişmisiniz. Sənətə
gəlişiniz onların istəyi, arzusu ilə bağlı
olub, yoxsa bu, özünüzdən irəli gələn bir
yanaşma, istək, arzu olub və bu gün seçiminizə
görə peşman deyilsiniz ki?
-
Ümumiyyətlə, hər bir adam sənət
seçəndə ətraf mühitdən
çıxış edir. Ya tutaq ki, müəyyən
bir yaşa gəlib çatır, hansısa bir əsəri
olur, yaxud da hansısa bir sənət adamının söhbətini
eşidir, onun təsiri altına düşür və onun təsiri
ilə bu sahəyə yönəlir. Amma məndə bir
az başqa cür idi. Gözümü
açandan aktyor ailəsində böyümüşəm və
bizim evdə həmişə sənət söhbətləri
olub.
Sənət
adamları yığışıblar, müxtəlif, hətta
gizli söhbətlər edilib, Stalin repressiyası
dövründə Abbas Mirzədən
danışıblar, Müşfiqdən danışıblar,
hansı ki, bu adamların adını çəkmək
böyük risk və təhlükə idi. Yəni belə bir mühitdə
böyümüşəm.
1946-cı ildə Yerevan şəhərində
doğulmuşam, iki yaşımda isə Gəncəyə
köçmüşük. Bildiyiniz kimi, 1948-ci ildə azərbaycanlıları
Ermənistandan deportasiya etməyə başladılar və bu səbəbdən
atamla anam da Yerevan teatrından Gəncə teatrına gəldilər.
Yerevan
teatrının aktyorlarını Azərbaycanın müxtəlif
teatrlarına paylaşırdılar və anamgilin payına, bəxtinə
də Gəncə düşdü...
- Gəncə mühiti, Gəncə
teatrı necə idi?
-
Doğrudan da, yaxşı teatr idi, çox yaxşı bir
mühit idi. Orada məktəbə getdim,
beşinci sinifə kimi orada oxudum. Artıq
orada tamaşalara da, məşqlərə də gedirdim.
Kulis arxasında böyüyən bir uşaq
idim.
Yadımdadır ki, yayda teatrın kollektivi Azərbaycanın
müxtəlif rayonlarına qastrollara gedirdi və o vaxt
komfortlu avtobuslar, maşınlar yox idi. Bir yük maşını
idi, ora dekorasiyanı, kostyumları yükləyirdilər, hətta
aktyorları da həmin yük maşınında oturdurdular, o
yük maşınları ilə Gəncənin
yaxınlığında olan rayonlara və yaxud heç də
yaxında olmayan, məsələn, Gəncədən Şəkiyə,
Gəncədən Zaqatalaya qastrola gedirdilər.
Biz də valideynlərimizlə gedirdik, çünki bizi
qoymağa yer yox idi. İstər-istəməz onların yanında olmağa
məcbur idik və beləliklə, bu mühit mənim
canıma hopdu. Soruşursunuz ki, niyə bu sənəti
seçdim. İnanın,
düşünmürdüm ki, rejissor olacağam, amma bu sənətə
gəlməyim - ya rejissor, ya aktyor, ya sənətşünas
olmağım, istər-istəməz labüd idi.
Artıq o mühitdə böyümüşdüm və
iş elə gətirdi ki, qayıtdıq gəldik Bakıya.
Çünki anamla atam buradan getmişdilər Yerevana. Bakıya
qayıtdıq, orta məktəbdə təhsilimi davam etdirdim.
Anam başladı filmlərdə çəkilməyə, atam
isə səhnədən bir az
ayrıldı, amma tamam getmədi. O, Akademik Dram Teatrında bədii
quruluş hissə müdiri işləyən ilk azərbaycanlı
idi. Həmçinin, uzun illər Mirzağa Əliyev adına İncəsənət İnstitutunda,
indiki Mədəniyyət və İncəsənət
Universitetində o sahədən dərs dedi. Mən
də məktəbi qurtarmaq üzrə idim, sənətlə,
peşə ilə bağlı bir yol seçmək lazım
idi. Və bu peşə mənim özüm
üçün hələ aydın deyildi, yəni mən kim olmalıyam?
Uşaqlıqda müəyyən arzular var idi. Tutaq ki, təyyarəçi
olmaq istəyirdim, nə bilim, lap uşaq olanda
yanğınsöndürən olmaq istəyirdim.
Amma anamla atam görəndə ki, tərəddüd
içindəyəm, fikrimi konkretləşdirməmişəm,
o zaman dedilər ki, gəl, sənədlərini ver Teatr
İnstitutuna.
Baxaq, görək, əgər bəyənsən,
davam edərsən, bəyənməsən, gedib başqa yerdə
oxuyarsan. Mən o vaxt artıq zavodda fəhlə işləyirdim...
- Nəyə görə?
- İstəyirdim
ki, müstəqil adam olum, cibimdə pulum
olsun. Yekə oğlan idim, 17-18 yaşım var
idi. Deməli, fəhlə işlədiyimə
görə sənədlərimi axşam şöbəsinə
verdim - mədəni-maarif fakültəsinə daxil oldum.
Başladım oxumağa, sonra məlum oldu ki,
daha doğrusu, institutdan dedilər ki, sən öz sahən
üzrə çalışmalısan, gərək sənətinə
uyğun ixtisas seçəsən. Belə olan halda, anam
məni telestudiyaya - AzTV-yə gətirdi...
- Neçənci il
idi?
- Bu,
1966-cı il idi. Məni orada
rejissor köməkçisi götürdülər. Fikrət Qaradağlı o vaxt bizim baş rejissorumuz
idi. Anam da televiziyaya dəvət olunan
aktrisalardan idi və ona çox böyük sayğı,
hörmət vardı, beləliklə, onun bir
sözünü iki etmədilər, məni işə
götürdülər. Mən
üç ay gedib-gəldim, maaşsız-filansız işə
alışdım.
1967-ci ilin yanvar 2-də əmrim verildi və sənaye
redaksiyasına rejissor köməkçisi vəzifəsinə
təyin edildim. Bir müddət orada işləyəndən sonra Fikrət
Qaradağlı dedi ki, sən sənətkar ailəsində
böyümüsən, gəl, səni sənətlə
bağlı olan redaksiyalara təhkim edim və məni incəsənət
redaksiyasına göndərdi.
O vaxt incəsənət
redaksiyasında bizim rəhbərimiz Həbibə Məmmədxanlı
və Gəray Fəzli idi. Biri ədəbiyyata
baxırdı, biri də drama, teatra, televiziya
tamaşalarına. Orada da nəhənglər var idi:
rejissorlar Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov,
Kamil Rüstəmbəyov...
Bu peşə ilə məşğul ola-ola istər-istəməz
bu sənətə bağlandım. Çox aktiv idim.
Çalışırdım hər şeyi
öyrənim, tez mənimsəyim.
Bunu da
hiss etdilər, başladılar mənə əvvəl
yüngül şeylər tapşırmağa. Müstəqil
verilişlər hazırladım. İlk
müstəqil verilişim “Hər çinardan bir yarpaq”
verilişi idi. Bu, 1967-ci ilin ortaları, yay
ayı idi. Özü də o vaxtı
verilişlərin əksəriyyəti canlı idi. Videoyazı, demək olar ki, hələ inkişaf etməmişdi.
Videoyazının
texnologiyası da o vaxt elə idi ki, dayana-dayana çəkmək
olmazdı, başladın, gərək çəkib bitirəsən.
Əgər
tamaşa saat yarım gedirsə, saat yarım da
çəkiliş getməlidir. Elektron montaj
adlı anlayış yox idi hələ. Yəni istər
öz quruluşlarımda olan verilişlərin, istərsə
də rejissor assistenti kimi, həm Ağaəli Dadaşov, həm
Rauf Kazımovski, həm də
Arif Babayevin quruluşlarında olan verilişlərin,
tamaşaların hazırlanmasında iştirak edirdim,
yaradıcı qrupun aktiv üzvü idim.
İş belə gətirdi ki, sonra mənim bu aktivliyimi
gördülər və mənə daha böyük işlər
tapşırmağa başladılar. İlk müstəqil
quruluş verdiyim tamaşa isə Gəray Fəzlinin “Onuncu
planet” əsəri idi. Həmin tamaşada
çox sanballı aktyorlar - Yusif Vəliyev, Eldəniz Zeynalov,
Bürcəli Əsgərov var idi.
Nəhayət, 1971-ci ildə institutu bitirdim. İnstitutu
bitirəndə artıq rejissor kateqoriyam var idi. Qısa bir zamanda kateqoriyadan kateqoriyaya gəldim və
artıq öz təkliflərimi verə bilirdim. Sonra da elə oldu ki, 1971-ci ildə əsgərliyə
getdim. Bir ildən sonra yenidən işimə
qayıtdım və hiss etdim ki, mənim biliklərim,
“baqajım” azdır.
Buna görə fikirləşdim ki, digər həmkarlarımın
yolu ilə getməliyəm və beləliklə, müsabiqə
yolu ilə Leninqrad Teatr İnstitutuna daxil oldum. Aktyor və
rejissor assistenti işləyən Elxan Qasımov, bir də
Nicat Feyzullayev - biz üçümüz birlikdə qəbul
olunduq.
Bizim kursun rəhbəri çox gözəl pedaqoq və
praktik rejissor idi - Leninqrad televiziyasında işləyən
David İsakoviç Karasik. Biz onun tələbələri
olduq. Qiyabi şöbəyə qəbul olunmuşduq, amma
qiyabi də nə qiyabi...
- Nə mənada?
- Vallah,
adı qiyabi idi, ildə ən azı iki dəfə gedirdik
ora. Orada məşğələlər öz
yerində, mühazirələr çox intensiv, aktiv gedirdi və
o qədər tapşırıq verirdilər ki, zorla
çatdırırdıq. Biz gecələri
oturub səhərəcən işləyirdik. Kurs işləri, layihələr hazırlayırdıq,
çox ciddi tələblər var idi. Oxuya-oxuya
burada daha maraqlı tamaşalar qoymağa başladım.
Və mürəkkəb tamaşaların içində
böyük yazıçımız Anarın ssenarisi əsasında
(onun radio üçün yazdığı) və
böyük Mirzə Cəlildən bəhs edən “Qəm pəncərəsi”
pyesi var idi.
Bu, səhv etmirəmsə, 1975-ci il idi və
bu tamaşa mənim gördüyüm işlərin
içində diqqətləri çəkdi. Bildiyiniz
kimi, Mirzə Cəlil çox mürəkkəb fiqurdur, bizim
nəsrimizdə, ədəbiyyatımızda ezop dili ilə
danışan bir nəhəngdir.
Yaxşı
yadımdadır ki, adını çəkməyəcəyəm,
o zaman radionun rəhbər işçilərindən biri mənə
dedi ki, “Ə, siz qurd ürəyi yemisiniz”.
Dedim, necə
məgər? Dedi ki, elə əsəri qoymaq olar? İndiki gözlə baxanda orada heç nə
yoxdur, amma biz o vaxt sovet imperiyasının içində idik.
Yəni ona görə təhlükə ola
bilərdi. Səhərisi biz onu təkrar
planlaşdırmaq istəyəndə dedilər ki, bilməyiblər,
pozublar. Ay, inandım ha (gülür).
- Deməli,
bilərəkdən, qəsdən etmişdilər...
-
Başqa nə cür ola bilərdi ki?! O
tamaşadan da ancaq fotoşəkillər qalıb,
yaddaşımda başqa şey qalmayıb. Nə isə... Leninqradda (Sankt-Peterburqda) oxumağım mənim
yanaşmamım bucaqlarını konkretləşdirdi. Yəni mən necə deyərlər, dünyanı,
o tamaşaları gördüm, “Lenkoma” getdim, nə bilim,
başqa teatrlara getdim.
Leninqrad televiziyası da o vaxt SSRİ-nin qabaqcıl
televiziyalarından idi. Oradakı ustad rejissorların işlərinə
baxdım və bu, məni formalaşdırdı. Və
yəqin, onun təsiri idi ki, artıq Leninqradda oxuya-oxuya mənim
rejissor tərzim bir az dəyişdi və
bu da elə diqqətdən kənarda qalmadı.
Daha sonra Anarın “Gecə müsahibi” adlı bir əsərini
qoydum. O da çox maraqla
qarşılandı, yaxşı mənada çox
böyük söz-söhbətə səbəb oldu. Hamı məni təbrik etdi. Ondan
sonra yenə də Anarın “Ötən ilin son gecəsi” əsərini
səhnələşdirdim, baş rolu da mərhum sənətkarımız
oynadı. Çox arzu edirdim ki, Həmidə rolunu anam
oynasın, amma...
- Bəs niyə oynamadı, nə
mane oldu?
- İş elə gətirdi ki, o tamaşaya
hazırlaşmağa başlayanda atam ürək xəstəliyi
keçirdi. Ona da qayğı, diqqət lazım idi, yanında
olmalı idik. Anam məcbur oldu bir qədər
səhnə fəaliyyətini məhdudlaşdırmağa ki,
atamın yanında, ona dəstək olsun. Amma mən
çəkiilişlərə başlamışdım və
özü mənə dedi ki, bu rola Zərnigarı çək.
Zərnigar da onda bu rol üçün gənc
idi.
Mən ona inandım, Zərnigarı dəvət etdim və
heyfislənmədim. Amma o tamaşada şərtilik faktı
artıq kənarda idi. Çalışırdım
ki, maksimal dərəcədə reallığa
yaxınlaşdırım. Mən də, rəssam
Rəfail Əsədov da, operator da
çalışırdıq ki, bu, kinoya, kino estetikasına
yaxın bir tamaşa olsun. Yəni mənim
kino estetikasına yaxınlaşan ilk işim məhz “Ötən
ilin son gecəsi” oldu.
Oradan elə bil ki, boylanıb bir kinoya da baxdım. Çünki
kino da maraqlı bir sahədir. Ümumən
Azərbaycan televiziyasının aparıcı
rejissorlarını gec-tez istər-istəməz kinoya
aparırdılar. Bu, Kamil Rüstəmbəyovla da belə
olub, Arif Babayevlə
də, Teymur Bəkirzadə ilə də, digərləri ilə
də. Ancaq rejissor kimi geniş mənada “Qatarda”
tamaşası ilə tanınmağa başladım. Mərhum İsi Məlikzadənin əsəri idi.
Mənə ən çox xal gətirən isə
böyük Cavidin “Topal Teymur”, ondan sonra “Ordan-Burdan” oldu. Daha sonra biz Azərbaycan
Televiziyasında yeni bir tendensiya yaratdıq. Hər Yeni il gecəsində, yaxud Yeni ilin birinci
günündə tamaşaçıları yeni il
tamaşası, o mövzuya aid olan tamaşa ilə sevindirməyə
başladıq.
Onlardan biri də “Evləri köndələn yar” idi. Daha sonra “Ordan-Burdan”,
“Yaşıl eynəkli adam” gəldi. Onu da deyim ki, həmin tamaşalar çox qısa bir
zamanda hazırlanırdı. Çünki
yeni illə bağlı olduğuna görə hardasa
dekabrın əvvəlində əsər bizim əlimizə
çatırdı və biz bir ayın içində gərək
o tamaşanı baş-ayaq edəydik. Ona
görə mən tək çəkmirdim, Tariyel Vəliyevlə
bir yerdə çəkirdik.
Çünki bunu fiziki olaraq çatdırmaq
mümkün deyildi. Bütün o prosesi keçmək, “stol arxası”
müəyyənləşdirmək, bizdə bir az spontan oldu. Yəni əsər
gəldisə, ertəsi gün biz artıq aktyorları çəkilişlərə
dəvət edirdik. Əgər “stol arxası”nı Tariyel edirdisə, çəkilişləri
mən həyata keçirirdim. “Evləri
köndələn yar”a qayıdaraq, qeyd etmək istəyirəm
ki, 1981-ci ilin dekabr ayının 5-də biz Anarın yanında
yığışdıq.
Onda həm “Qobustan” jurnalının baş redaktoru idi, həm
də Şəmsi Bədəlbəylinin “Teatr” Cəmiyyətində
müavin idi, ona görə o, elə orada otururdu. Biz onun
otağında yığışdıq, Anar əsəri
oxudu, aktyorların hamısını da dəvət
etmişdim. Məsələn, “Evləri
köndələn yar”da Hacıbaba Bağırov da nəzərdə
tutulmuşdu.
- Hansı rol üçün?
- Paşa Paşayeviç rolu, obrazı
üçün. Amma sonra nədənsə Hacıbaba
razılaşmadı, həmin rolu İlham Namiq Kamal oynadı.
Nə isə, Anar əsəri oxudu, mən də rolların
bölgüsünü elədim.
Kimsə razılaşdı, kimsə
razılaşmadı, ertəsi gün artıq aktyorları məşqə
çağırdıq, üç gündən sonra da
çəkilişlər başladı. Çatdırmaq
lazım idi, çünki söz vermişdik. Heç vaxt düşünməzdim ki, həmin
tamaşa bu qədər populyarlıq qazana bilər. Əlbəttə, bu uğurda daha çox Anarın
rolu vardı, bu, yeni dramaturgiya idi, yeni yanaşma idi.
İkincisi,
aktyorlar çox peşəkar sənətkarlar idilər və
çox böyük zəhmət çəkmişdilər,
can qoymuşdular...
- “Qatarda”ya qayıtmaq istərdik. Onun çəkilişi, ideyası haradan, kimdən gəlmişdi?
- Onun da
çox qəribə bir tarixçəsi var. İsi Məlikzadənin
əsəri “yatıb qalmışdı”. Heç
kəs yaxın düşmürdü rejissorlardan. Həbibə xanım Məmmədxanlı bizim
teletamaşa şöbəsinin müdiri işləyirdi.
Dedi ki, Ramiz, bu, maraqlı əsərdir, sən bir bax buna. Baxdım və çox bəyəndim. Orada da hadisələr bir kupenin içində
baş verirdi, bir də vaqonun koridoru idi, vəssalam.
Biz onu iki həftəyə məşq etdik və cəmi
iki günə hazırladıq. Gözləməzdim
ki, bu tamaşa belə uğur qazana bilər. Ola bilsin,
onu indi götürsəydim, bir az başqa cür çəkərdim,
amma artıq o, öz həyatını yaşayır, ən
azı ildə 2-3 dəfə göstərirlər və mənim
üçün o tamaşa ona görə əzizdir ki, bizim
üç müqtədir aktyorumuz - Yaşar Nuri, Hamlet
Xanızadə və Həsən Əbluç yadigar,
yaddaqalan obrazlar yaratdılar.
Yeni tamaşaçı nəsli gəlir. Onlar ən
yaxşı şeylərə baxmalıdırlar ki, mədəniyyətimiz
haqqında, xalqımız haqqında təsəvvürləri
olsun.
- “Ordan-Burdan” necə ərsəyə
gəldi?
- Öncədən
qeyd edim ki, gördüyüm işlərin içində
“Ordan-Burdan” ilk Azərbaycan muzikli idi, o, ilk dəfə 1987-ci
ildə Mərkəzi Televiziyanın praym-taym deyilən bir
vaxtında efirə getdi və çox böyük səs-küy
saldı.
Ondan sonra
mürəkkəb işlərim çox oldu, yaddaqalan işlərimin
içində Aqşin Babayevin əsərləri əsasında
çəkdiyim “Nekroloq”u, “Dəvətnamə”ni,
Ruhəngiz Qasımovanın iki əsərini qeyd edə bilərəm.
Həmin əsərlərin
arasında 1988-ci ildə çəkdiyim “Ömrün
yolları”nı xüsusilə qeyd edə
bilərəm. Rəhmətlik Yaşar orada
düz 14 rol oynayırdı. Deməli, bu gəlişlə
biz gəldik çıxdıq “Ac həriflər”ə. “Ac həriflər”də
də rolları ifa edənlərin hamısı rejissorlar idi.
Hətta Yaşar Nuri ki, kababçı Həsən
kişini oynayırdı, o da həmin vaxt Musiqili Komediya
Teatrında rejissor kimi debüt edirdi. Mən onu həm də
rejissor kimi çağırdım. Yəni heç bir qərəzli
planım yox idi ki, aktyorlara acıq verim və sairə...
- Bəs nədən irəli gəldi
bu?
- Bir
müddət Mədəniyyət və İncəsənət
Universitetində rejissorluq kafedrasında televiziya
rejissorluğundan dərs dedim. Bir gün xəbər gəldi
ki, bəs bütün müəllimlər, kafedranın müəllimləri
elmi iş təqdim etməlidirlər. Sonra məlum oldu ki, elmi
iş nəsə yazmaq deyil. Elmi iş adı altında tutaq
ki, sən rejissorsan, amma hansısa bir tamaşada aktyor kimi
iştirak etmisənsə, o, elə sənin
üçün elmi iş kimi sayıla bilər. Bu zaman mənim ağlıma belə bir ideya gəldi
ki, kafedranın bütün müəllimlərini
hamısını bir yerdə bir tamaşaya çəkək.
O vaxt
Tofiq İsmayılov da bizim kafedranın müdiri işləyirdi,
o da bu ideyanı dəstəklədi və təklif elədim
ki, gəlin “Ac həriflər” pyesini götürək...
- Nəyə
görə “Ac həriflər”?
-
Çünki orada qadın obrazları yox idi. Bizim
kafedrada da müəllimlər hamısı kişilər idi və
beləliklə, bütün müəllimləri
bölüşdürdük öz aramızda, tamaşanın
çəkilişlərinə başladıq və çəkib
qurtardıq. O, indiyə qədər də durur radioda. “Ac həriflər”in ilk taleyi belə oldu.
1993-cü ildə isə “Sabah” Yaradıcılıq Birliyini
yaradarkən, yenidən “Ac həriflər”ə qayıtmağa
qərar verdim, yəni birdən ağlıma gəldi ki, bəlkə,
biz bu “Ac həriflər”in televiziya variantını edək?
Bu dəfə də rejissorlarla. Nəyə görə
rejissorlarla? Həmin dövrdə aktiv
rejissorların hamısını “Sabah”a dəvət edirdim.
Hüseynağa Atakişiyevi, Cahangir Zeynalovu və digərlərini
dəvət edirdim ki, gəlsinlər, quruluşlar versinlər.
Çünki bizdə kadr qıtlığı var idi. Bir qədər
televiziya rejissorluğuna həvəs, maraq azalmışdı.
Mən də o marağı, həvəsi bir qədər
artırmaq istədim. Ona görə həmin
rejissorları dəvət etdim, çəkilişlərə
başladıq və “Ac həriflər”in yeni variantını ərsəyə
gətirdik. İndi orada çəkilən
personajların, demək olar ki, əksəriyyəti həyatda
yoxdur və hər dəfə o tamaşaya baxanda məni bir az kədər bürüyür ki,
sıralarımız seyrəlir.
Amma həm
də sevinirəm ki, nə yaxşı ki, o işi
gördük və nə yaxşı ki, o iş baş tutdu.
Bu minvalla “Sabah” Yaradıcılıq Birliyində üç il ərzində 40-dək film və tamaşalar
hazırladıq. Bunların içində mən
də var idim, Şərif Qurbanəliyev də var idi - “Bala
başa bəla”, “Yarımştat” tamaşalarının
rejissoru. Digər çoxlu debüt edən
rejissorlar var idi. Elxan Cəfərov ilk
debütünü rejissor kimi bizdə etdi.
O, sənətə
aktyor kimi gəlmişdi, amma sonradan filmlər çəkməyə
başladı. “Məhbus” adlı ssenarisi ilə
qısametrajlı bədii film çəkdi. Çox
uğurlu bir iş alındı. Həmçinin,
Kamran Şahmərdanov adlı bizim hazırda Avropa
miqyasında tanınmış teatr rejissorumuz var. O da öz
debütünü bizdə etmişdi.
Gəldi,
dedi ki, istəyirəm Beketin “Oyun” əsərini qoyum. Onun cəsarətinə heyran qaldım. O, sonra
İsveç Akademiyasına daxil oldu, oranı bitirdi.
- İndi haradadır?
-
Hazırda Finlandiyada yaşayır, orada ailə qurub, öz
teatrı da var. Arada Azərbaycana gəlir, burada quruluşlar
verir Akademik Dram Teatrında, Rus Dram Teatrında, Kukla
Teatrında. Onun “Ağ və qara” adlı bir əsəri
var.
Beynəlxalq müsabiqələrə gedib, qalib olub. Eyni zamanda,
daha bir istedadlı gənc haqqında danışmaq istərdim.
Bu yaxınlarda Məmməd Səfanın quruluş verdiyi, yəni Əbdürrəhim
bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən
ləzzətini” əsərini izlədim, çox gözəl
bir tamaşa hazırlamışdı.
Həmin
tamaşada 15 nəfər iştirakçı var idi və 15
nəfər iştirakçının arasında ən
azı dörd parlaq gələcəyi ola
bilən aktyor gördüm. Bəzən deyirik
ki, necə edək, teatrı canlandıraq, teatrı
canlandırmaq üçün yeni teatrlar yaratmaq
lazımdır.
Kiçik teatrlar olsun, onlara imkan yaratmaq lazımdır və
bu barədə ilk növbədə bizim mədəniyyəti
idarə edən insanlar düşünməlidir. Hesab edirəm
ki, yuxudan ayılmaq lazımdır, diqqət etmək
lazımdır. Sənət heç vaxt
bir yerdə durmur, ya geri, ya qabağa gedir.
Bax, qabağa gedən şeyləri görmək
lazımdır. Hər halda hesab edirəm ki, kiçik
teatrların yaranmağına çox böyük ehtiyac var,
kiçik teatrlardan qorxmaq lazım deyil. O kiçik
teatrlar yeni nəfəs gətirirlər.
-
“Yuğ” Teatrı ilə bağlı nə demək istərdiniz,
onların hələ də işləməyə yerləri
yoxdur...
- Bu da təəssüfləndirici
bir məsələdir. Onu Vaqif İbrahimoğlu
Həsən Turabovun çox yaxın köməyi ilə
yaratmışdı, sonradan dövlət statusu aldı. Heç kəsə bənzəməyən,
çox maraqlı bir aktyor kollektivi var orada. Sonradan “Yuğ” teatrının köhnə binası
plana salındı, söküldü, dağıldı,
ayrıca bir bina vermədilər. Onlar bu saat Kukla
Teatrının 2-ci mərtəbəsində gün
keçirirlər...
Üç
il bundan əvvəl Çexovun motivləri
əsasında “Sonuncu” adlı bir tamaşa qoymuşdum, indi də
gedir o əsər. Onu ərsəyə
çıxaranlardan biri də Pərvin Nurəliyeva idi. Amma bu gün onlar normal fəaliyyət göstərməyə
bir məkan tapmırlar və bu barədə ciddi
düşünülməlidir, onlara kömək edilməlidir,
yer verilməlidir.
Yadımdadır
ki, mən “Fatehlərin divanı”na
quruluş verməyə hazırlaşanda, - orada məhkəmədir,
onun birinci seriyasının ssenarisini Mövlud Süleymanlı
yazmışdı - onun birinci seriyası haradasa “yuğlama”
xarakteri daşıyırdı, ruhları
çağırmaq... Onları da yalnız
“Yuğ”çular edə bilərdi, onlara daha yaxın idi.
Onlara heç nəyi yenidən təlqin etməyə
ehtiyac yox idi.
Onlara, sadəcə, rolu desəydin, onu oynayacaqdılar və
odur ki, mən həmin vaxt Məmməd Səfanı,
Vidadi Həsənovu, Fərhad İsrafilovu dəvət etdim. Bir də “Azdrama”dan rəhmətlik İlham Əsgərovu
dəvət etdim, o da dəstənin arasında idi.
Mən o tamaşa ilə, “Fatehlərin divanı” ilə
özüm üçün Türk dünyasının
problemlərini elə bil təzədən gördüm,
onları özüm üçün açdım, kəşf
etdim. Əslində, bu tamaşa Türkiyədə səhnələşdirilməli
idi. Çünki pyesin müəllifi
Nejdat Sevinc adlı bir türk yazarı idi və TQRT-də
çəkilməli idi.
İş belə gətirdi ki, onlarda iqtisadi çətinliklər
oldu, onlar imtina etdilər, amma mən artıq həmin əsərə
“yoluxmuşdum”. O vaxt AzTV-nin rəhbəri rəhmətlik Babək
Hüseynli idi.
Yaxınlaşdım
ona, dedim ki, gözəl bir mövzudur, dedi ki, çək. İmkan yaratdılar və biz onun dörd
seriyasını çəkdik. Sonra rəhbərlik dəyişdi
və onun növbəti seriyalarının çəkilişi
yarımçıq qaldı...
- Səbəb nə idi?
- Bu haqda
geniş danışmaq istəmirəm, buna ehtiyac da yoxdur. Amma
dediyim kimi, bizim fikrimiz vardı ki, “Fatehlərin divanı”nı təxminən 40 seriya edək. Yəni onun davamı olmalı idi. Orada Şah
İsmayıl Xətainin Sultan Səlim Yavuzla
qarşıdurması, ondan əvvəl Uzun Həsənlə
bağlı baş verənlər öz əksini tapmalı
idi, sonra üzü bu yanlara, yəni türk dünyası və
türk dünyasının içində Azərbaycan tarixi,
Azərbaycan dövlətçiliyi ilə bağlı məqamları
əks etdirməli idik, ta ki Mircəfər Bağırovacun məhkəmələrinəcən.
Bilirsiniz, Elçinin o dövrə aid gözəl
əsərləri var.
Anarın,
Mövludun, başqa yazıçılarımızın o
dövrlərlə bağlı gözəl əsərləri
ortadadır. Yəni biz çox
çalışırdıq ki, bunu bu şəkildə - məhkəmələr
şəklində edək. Möhtəşəm bir
iş alınmalı idi. Amma səd heyf.
- İndi davam etmək
fikriniz varmı?
- Fikrim hər
zaman olub, bu gün də var. Hər zaman istərdim ki, o
mövzuya qayıdaq, mənimlə çalışan adamlar
bu mövzuya bir də qayıtsınlar. Belə
deyək, ümidimi itirmirəm.
- Cəhd etmisinizmi?
- Dəfələrlə...
- Televiziya tamaşalarını, belə
demək mümkünsə, teleseriallarla əvəzləmək,
boşluğu bəsit teleseriallarla doldurmaq nə dərəcədə
effekt verəcək? Onun sənətə bir
aidiyyəti olacaqmı?
-
Teleseriallar ideyası ortaya çıxanda bu, məni bir az sevindirdi. Fikirləşdim ki, hər
şey təcrübədən keçir. Kadrlarımız
yoxdursa, yetişəcəklər. Sonra
aktyorlarımız maddi cəhətdən pis gündə idilər.
İndi də hamısı yaxşı gündə
deyil. Amma bu teleseriallar bir balaca maddi tərəfdən
imkan verdi ki, nəsə qazansınlar. Aktyorların bu mənada işləri var.
Amma o rejissorlar ki, bu işlərə cəlb olunurlar və
onların qarşısında qoyulan tələb o olur ki,
qısa bir zamanda bunu çəksinlər, mən onların
halına acıyıram. Hamısını qaralamıram, məsələn,
aralarında Rövşən İsaq var, o, maraqlı,
prinsipial adamdır. Çalışır ki, ortaya
qoyduğu iş səviyyəli olsun, amma hamısı o
cür yanaşmır axı...
- Ümumiyyətlə, sizə bu
seriallarla bağlı televiziya kanallarından təkliflər gəlibmi?
- Hələlik
yox. Tutaq ki, lap gəldi, mən hər şeydən
əvvəl ssenariyə, maddi imkana, həm texniki imkanlara
baxacağam. Əgər onların heç
biri məni qane etməsə, onlardan imtina edəcəyəm.
Ona görə onlar bunu qabaqcadan duyurlar və mənə
heç nə təklif etmirlər...
- Hazırda
hansı ideyalarınız var?
- Mənim çox gözəl bir ideyam var idi, amma onu artıq şikəst elədilər. Mən düşünürdüm ki, Anarın “Ağ liman”ı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi” əsasında səviyyəli bir serial çəkim. O, həm bizi o dövrə aparcaqdı, həm də 60-cı illərdən bir az da gələcəkdik bu yana, 70-ci illərə... Amma təəssüf ki, hər şey şikəst edildi.
Bu günlərdə Anarın müsahibəsini oxudum. Anar “Zaur və Təhminə” ilə bağlı belə bir ifadə işlədib ki, orada qəhrəmanların adından başqa qalan heç bir şey ona aid deyil. Yəni bunun adını “Tahir və Zöhrə” də qoya bilərdim. Beləliklə, gözəl bir ideya da məhv edildi.
Kamil HƏMZƏOĞLU
FOTO: Ramil Zeynalov
Oxu.az
525-ci qəzet 2018.- 9 noyabr.- S.10-11.