Culian Barnsın aqibət bələdçiliyi
GÖRKƏMLİ
İNGİLİS ƏDİBİNİN ÖTƏN İL
SEYFƏDDİN HÜSEYNLİNİN
TƏRCÜMƏSİNDƏ NƏŞR OLUNAN MƏŞHUR
ROMANI HAQQINDA QEYDLƏR
Rəvan CAVİD
Yaşamaq bir zamandan sonra
sadəcə xatırladıqlarımızdan
ibarət olur. Xatırlamaq yaşamağın
sinoniminə çevrilir.
Özümüzü keçmişin boşluğuna
atır, orada nələrin olduğuna yenidən nəzər yetirib, o boşluğu uydurduğumuz hadisələrlə
doldururuq. Yadımızda qalan simaları
yenidən tanımaq, onlar üçün yenidən tanışlıq
hekayəsi qurmağı
arzulayırıq. Yaşlandıqca bu, bir paranoya
kimi həyatımıza
daxil olur. Yaddaşımız bizi aldatmağa
çalışır, şübhəli
suallar özünə
bizim beynimizdə yer edir. Görəsən, yada saldıqlarımızın
hansını yaşamışıq?!
Tanıdığımız neçə nəfər
bizim bir parçamız olub?!
Həyat
çoxlu rənglərdən
ibarətdir və siz özünüzün eynisini tapsanız, həyatınız rəngarəng
olmayacaq. Monoton sarı, monoton ağ, monoton
qara, monoton qırmızı... Bu cümlə özünü
elə-belə mətnin
içinə atmadı,
xeyr. Əslində, bizim yaşamaq
adlandırdığımız hadisə seçimdir.
Bu seçimdə fərqliliyə
can atmasaq, qırx yaşımızdan sonra peşmanlıq duyğusunun
ən ağır dozada acısını yaşamaq məcburiyyətində
qalacağıq. Sinif yoldaşlarımız, dostlarımız,
həmkarlarımız, hər
gün eyni avtobusa eyni vaxtda
bərabər mindiyimiz
adamlar, qohumlarımız,
bəlkə də valideynlərimiz də, satıcılar, menecerlər,
yazıçılar, şoumenlər
və digər həyatımızın bir
hissəsini işğal
etməyə icazə
verdiklərimiz bizim gələcəkdə nələri
xatırladığımıza təsir göstərir, yön verir.
Təsəvvür edin, təqaüdə çıxıb xəstəxanada
könüllü kitab
payladığınız yaşdasınız. İllər öncə
intihar etmiş dostunuzun gündəliyi tapılır və keçmiş sevgilinizlə
yenidən görüşürsünüz.
Bəzi yaşanmışlarınız üçün təəssüf
edib keçə bilmirsiniz. Bu qədər vaxtdan sonra sizin həyatınıza
ciddi təsir etməsə də, hər halda, düşünməyə, beyninizi
qurcalamağa başlayan
olayların içində
tapırsınız özünüzü.
Artıq
nəyisə düzəltmək
gecdi. Əvəzində xatırlamaq var. Vacib
olmayan xatirələr.
Bax bu ifadə əsl
mən dediyimdi. Axşam evə, yoxsa morqa gedəcəyinizi
bilmədiyiniz bir yaşda niyə qırx il
əvvəlki sevgilinizin
anası sizin qarşınıza çıxmalıdır
və bu bəs deyilmiş kimi, hələ sizə vəsiyyət edəcəyi pul və intihar etmiş dostunuzun gündəliyini saxlamalıdır?!
Bilmirəm. Barns özü
də bunu açıqlamağa çətinlik
çəkir. Əvəzində real, bir o qədər də absurd, postmodern detallarla
bəzədilmiş yaxşı
bir hekayə ilə qarşımıza
çıxır məlum
yazıçı. Tarixə və
yaddaşa etdiyi ənənəvi ironiya (onun əsərlərinə
xas bir ironiya)
bizi Antoninin qəribə əhvalatına
- ya da o özü bu əhvalatı qəribə
danışır - səfərə
hazırlaşdırır. Bir neçə cəhddə
tarixə tərif verməyə çalışan
gənclərin gələcək
taleləri bu təriflərin kölgəsində
müəmmalı bir
axar tapıb zamanla keçib gedir.
Biz bəzən keçmişə
ümid edirik. Ümid edirik
ki, məsələn,
keçmişdə sevgilimiz
bizi atmayıb, sadəcə nə isə düz getmədiyi üçün
biz razılaşıb ayrılmışıq.
Və ya dostumuz intihar
etməyib. “Fəlsəfi nöqteyi-nəzərdən”
həyatı sona çatıb. Bütün bunları
düşünəndə ümumi tabloda gördüyümüz mənzərələr
də dəyişir.
Roman olaraq bu
hekayəni anlatsaq, oxucu çaş-baş qalar. Ya da biz səhifələrin
altında çoxlu əlavələr yazmış
olarıq.
Qəfil tapılan gündəliyin
bir parçası və vəsiyyət edilmiş miras romanın kulminasiya nöqtəsidir. Yalnız bundan sonra “Yellənən
körpü”dəki qəribə
görüş olur və Toninin beynindəki müəmmalar
bir az
da şiddətli hal alarıq onu düşünməyə
vadar edir. Keçmiş onu rahat buraxmır. Hər dəfə Adrianın
və Veronikanın tanışlığı, sevgi
münasibəti, ailə
münasibəti, intihar,
gündəlik, həyatında
sadəcə bir dəfə gördüyü
Veronikanın anası
və onun vəsiyyəti hadisələri
başqa məcraya aparır. Keçmişi axtarmaq cəhdləri
başlayır. Axtarmaqla bitməyib
ona yenidən düzəliş etmək
həvəsi var baş qəhrəmanda.
Roman bu baxımdan
yaddaş duyğusuna ironiya edir. Yadımızda qalanlar, tanıdığımız adamlar
biz bilmədiklərimiz, biz tanımadıqlarımız da
ola bilər.
Barns belə düşünür.
O, həm də düşünür ki (digər əsərlərinə
də istinad edib deyə bilərik), tarix fərdi şəkildə
bir insanın (tarixçinin) uydurması
da ola
bilər. Məsələn, bildiyimiz o məşhur
döyüşlər heç
o qədər həyəcanlı
olmayıb və ya daş kitabələrə
yazılan əlifbalar
bizim bildiyimiz kimi deyil və
digər bu kimi faktlar. “Aqibət duyğusu”nda
da eyni təzadlı
fikirlər romanın sütununa sarmaşır.
Obrazlar haqqında
kiçik təqdimatlar
onların daxili dünyasını, fərdi
düşüncələrini, cəmiyyətdə tutduqları
mövqeləri bizə
açıqlamaqda yazıçı
ilə bizim aramızda əla vasitə olur. Antoni fövqalədə
bir xarakter deyil. Lisey illərindən baş verənlərə kifayət
qədər normal və
soyuqqanlı yanaşan
adam Veronika
ilə bağlı hisslərindəki tərəddüdü,
anlaşılmazlığı əsərin sonuna qədər açıqlaya
bilmir. Veronika da “gizli” davranışların əsas
simasıdı. Ümumişlək obraz adlandırmaq olar. Həyatımızda bu cür qadınlara az-az rastlamırıq. Amma o da
fikirlərində sabit
olmayan biridi. Ümumiyyətlə, romandakı bütün
obrazlar öz xarakterini tam çözə
bilməyən, yazıçının
onlar üçün
hazırladığı taleyi
yaşaya bilməyən,
həm özlərini,
həm də yazarı düşündürən
gedişlər edən
insanlardır. Hər birinin
özünə məxsus
özəlliyi olsa da, fikirlərinin elə dumanlı London kimi alatoran olması
onları bu nöqtədə birləşdirir.
Adrian isə bütün
bu qələbəliyin
içərisində qəribə
təsir bağışlayır.
“O, dərslərində də
əla olur, ölümdə də”. Adrian və “qəribə”
sözü bir-birini bu əsərdə tamamlayır. Romanın əsas
məzmununu açan gündəlik hadisəsi və Veronika ilə yenidən qarşılaşma olayı
onun “ucbatından” olur. Adrianın lisey dövründən zəkası, hadisələrə
yanaşması, sakitliyi,
sanki hər şeydən xəbərdarmış
kimi görünməsi,
yazdığı məktubda
xüsusi düsturla bütün hadisələrə
işıq tutması,
Veronika ilə gözlənilməz münasibəti
onu bizə bir az da daha maraqlı
edir. digər
bir qadın obrazı - Antoninin həyat yoldaşı Marqeret ərinin köhnə sevgilisi ilə yenidən qızışan münasibətinə
əsəbi, bir o qədər də sakit bir münasibəti
ilə yadda qalır. O bilir ki, bundan sonra
nələrinsə yenidən
başlaması mümkün
deyil. Bu
rahatlıq onu səciyyələndirən
əsas detaldı.
Roman bizə maraqlı olacaq film, roman, şeir, musiqi göndərmələri ilə də zəngindir. Bu, “Aqibət duyğusu”nun əsas postmodern əlamətidir. Kitabı oxuduqca İngiltərənin məşhur meydanlarına, küçələrinə, kəndlərinə, Londonun soyuq, yağmurlu iqliminə, ingilis ailə-məişət münasibətlərinə, müasir dövrə alışmağa çalışan ingilislərə rast gəlirik.
Romanda tarix müəlliminin tarixə, keçmişə axtardığı tərif özünə ünvan tapa bilmir. Yazıçı oxucuyla bərabər yaddaşımızın bizim həyatımıza təsirini, keçmişimizin boşluqlarına atdığımız daşları araşdırır. Amma hər şey əsərin sonunda deyildiyi kimidir: “...Qarışıqlıq var. Böyük qarışıqlıq...”
525-ci qəzet 2018.- 9 noyabr.- S.19.