Sevginin və şeirin Musa Yaqub mehrabı
Orxan Saffari
Hələ onda hisslərim şeirə bütövlükdə
yansımamışdı. Anidən bir
payız axşamında
“Öyrətmə özünə,
öyrətmə məni”
deyən şairin şeirlərinə rast gəlib, birdən-birə
bu tamarzı hisslərə öyrəşməyə
başladım.
Beləcə, onu tanıdığım
payızdan bir neçə fəsil də ötdü. Milyonlarla
yarpaq xəzana döndü, ətrafı
xışıltı səsləri
öz cənginə aldı, ağaclar qiyafəsini dəyişdi...
və təbiətdə
nələr oldu, nələr.. İndi hərdən düşünürəm
ki, mənə sevməyi məhz onun şeirləri öyrədib. Onun şeirlərində sevginin
ən ali
qatlarını görmək
olar. Onun böyüklüyü isə sevgisinin bəşəri olmağıdır.
O, gülləri sevir,
ağaclara aşiqdir.
Təpədən-dırnağa təbiətdi Musa Yaqub. Amma o, təkcə təbiət
şairi də deyil, təbiətin özüdür. Onun
içində bir ana təbiət var: Musa Yaqub təbiəti. O, daha çox təbiətin insan şəklidir.
Ana təbiət bizə
rəhm etməyib fəlakətlər, daşqınlar,
qasırğalar yaratdığıtək,
zahirən sakit, daxilən nurlu olan şairin şeirlərindəki aura da
bəzən insanın
içindəki sevgi hissini eroziyaya uğrada bilir.
İstər çağdaş poeziyada,
istə klassik poeziyada bir-birinə şeir misalı
bənzəyən, bir-birini
təkrar edən nə qədər şair var, nə qədər şeir var. Amma Musa Yaqub hər cəhətilə fərqlidir.
O, bütünlüklə işıqdır.
Hansı
işıq? Təsəvvür edin, ucqar bir
dağ kəndində
sazaqlı bir qış gecəsi işıqlar sönüb.
Ev əhalisi masa ətrafında bir işığın - şamın,
çırağın ətrafına
toplaşıb söhbətləşirlər,
deyib-gülür, duyğularını
bölüşürlər. Bax, Musa Yaqub belə bir işıqdır.
İnsanları bir yerə yığan, səmimilik, sevgi, xoşbəxtlik bəxş edən.
Özü necə deyir:
Həyat
nə işıqlı
görünür, Allah!
Tikan da çiçəyə
bürünür, Allah!
Hərdən düşünürəm ki,
Musa Yaqub bizim şairimiz deyil. O, həm
də ağacların,
göllərin, dənizlərin,
güllərin, şəlalalərin
sevimli şairidir. Musa Yaqub dünyanındır,
kainatın şairidir.
Özünün bir vaxt “Qara daşı göyərməz” dediyi bu dünyanın payızından baharına
geniş, rəvan bir Musa Yaqub yolu var.
“Hamının sevdiyi kimsə yaxşı insan ola
bilməz”. Məndən ötrü Musa Yaqub
bu fikri əbədiyyən torpağa
gömdü. Azərbaycan xalqının
sevgisini öz halal sevgisi və
poeziyası ilə qazanmış bu insanı - şairi, inanmıram ki, kimsə sevməsin. Axı Musa Yaqub nifrət hissini öz təbiətinə yaxın
buraxmayıb.
Onun təbiətə,
ümumiyyətlə, torpağa,
vətənə, Azərbaycana
bağlılığı məni həmişə heyrətləndirib. Düşünürəm ki, Musa Yaqub
bu torpağı, bu vətəni hamıdan fərqli, hamıdan ülvi sevir.
Burda hər yamacın çiçəkdir daşı,
Burda hər çiçəyin şehdir
göz yaşı.
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın
qızılı qurşağı
vardır.
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan
torpağı vardır.
Onun vətən sevgisi həqiqətən də ali bir hissdir.
- Bəlkə də borcundan çıxmadım,
Vətən!
Ömür bahar deyil, bir
də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın
artsın.
Özünün də dediyi kimi:
Söz-söz, şeir-şeir birləşir
Vətən!
Musa Yaqub yaşı yüzü keçmiş bir çinar ağacı kimi uca, əzəmətli, daxili aləmi-təbiəti isə bir tər bənövşə, qızıl gül kimi zərif şairdir. Hissləri, sanasan dağdan axaraq qayaya çırpılan bir şəlalədir, özünü sahilə çırpan dənizdir. Üzünün nuru isə elə o dağlardan axan bulaq suyu kimi duru, təmiz və safdır. O, Buynuz kəndindən bütün Azərbaycana, dünyaya sevgi hiss edən, sevgi verən, işıq saçan şairdir. Ömrü uzun, sevgisi tükənməz, işığı əbədi olsun!
525-ci qəzet.-2018.-9 noyabr.-S.19.