Ömrün nəsrdəki mənzərəsi:
zirvədən geriyə baxanda...
Xəyalə ƏFƏNDİYEVA
...
İlahi nurdan pay almış sənətkarlar, böyük
şəxsiyyətlər öz zamanlarının yetim
övladlarıdır. Bu ömrü yaşamaq
olduqca əzablıdır.
Yazıya pozu olmadığını bilə-bilə,
"əlinə daban daşı alıb alnına
yazılanları pozmağa çalışsan da",
görürsən ki, bu taledən qaçış yolu yoxdur. Hara
qaçırsansa, yenə də bu işığa, bu taleyə
doğru yön alırsan. Qaça bilmədiyi
tale - işıq həqiqi ürək, böyük mənəviyyat
sahibini bütün şərəfli ömrünü həsr
elədiyi özünütəsdiq sahəsinə gətirib
çıxarır. Sənətkar
ömrü - şəxsiyyət ömrü beləcə
başlayır. Bu ömür ona
dünyanı hamının gördüyü kimi görməyə
imkan vermir. Hamı kimi olmağa,
hamının gördüklərini görməyə nə
var ki?! Hamının görmədiyini görməkdi sənətkar
olmaq... Daha duyarlı olmaq daha çox əzabla
yaşamaq deməkdir.
Lev Tolstoy "bədii təxəyyül xəstə təxəyyüldü"
deyirdi. Bu mənada,
bəxtinə "Tanrı vergisi" düşən
seçilmiş insanların - şairlərin,
yazıçıların, rəssamların və b.
hamısı "xəstədi", bu dünyanın
adamı deyil və bəlkə də, əsl sənətkarlıq
- seçkinlik elə bu dünyada o "ilahi xəstəliyin"
qulu olmaqdı. Sənətkar ilahi vəhyin
pıçıltılarını
çatdırmalıdı, gözəl bir əsər ortaya
qoymalıdı ki, beynindəki o iltihab təmizlənsin.
Seçilmiş olmaq hər dəqiqə bu "ilahi xəstəlikdən"
sağalmaqdan qorxa-qorxa, öz canındakı o xəstəliyi
sevə-sevə, əzizləyə-əzizləyə bəsləyib
becərməkdi, bəlkə də...
... Sənətkar
taleyi yaşamaq... Əzabları ilə gözəldir.
Ağrıları ilə doğmadır. Bu ömrün ağrısını, əzabını,
sevincini, sevgisini qələmə almaq bu taleyi sözə
çevirmək də bir ayrı gözəllikdir. Milan Kundera yazır ki, hər bir sənətkar
özünə avtobioqrafiya yazmalıdı, yazmalıdı
ki, onun örnək olası həyat yolunu adi insanlar oxuya,
öyrənə bilsinlər. Yazmalıdı
ki, nəsillərin həyatında, tərbiyəsində o
avtobiqrafik məzmunlu əsərlərin də sənətkarın
öz şəxsiyyəti və bütün yaradıcılığı
qədər böyük əhəmiyyəti olur.
Həqiqətən də, sənətkarın
yetişdiyi mühiti öyrənmək, müşahidə etmək,
onun hansı şəraitdə böyüdüyünü, nələrin
uğrunda nələrdən keçdiyini bilmək,
bütövlükdə adi bir insanı şəxsiyyət
kimi yetirən bir ortamı dərk və təhlil etmək
olduqca mühüm bir məqamdır. Əgər adi bir oxucu
hər hansısa bir yazıçının avtobioqrafiyası
ilə tanışdırsa, onun bir çox əsərlərində
bu avtobioqrafiyadan irəli gələn məqamların bu və
digər formada açıldığını və bədii
həllini tapdığını görmüş olacaq.
Sergey
Yesenin yazırdı: "Tərcümeyi-hal yazmağa ehtiyac
hiss etmirəm, çünki ömür yolum şeirlərimdir".
Belinski isə: "Sənətkarın şəxsiyyəti
birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul
edib anlayırıq..." - deyirdi və buradan da bədii əsərdə
avtobioqrafizmin vacibliyi bir daha aydın görünür. Sergey
Yesenin dediyi kimi, əgər Seyran Səxavət
"Qaçhaqaç", "Daş evlər", "Bəhanə",
"Palıd toxumu", "Yüz ilin kişisi", "Rəmiş",
"Ağrı", "Ağdamda Qədir Rüstəmovla
atüstü söhbət", "Persona non Qrata" və
s. kimi avtobioqrafik məzmunlu əsərləri yazmasaydı belə,
təkcə onun şeir yaradıcılığı,
yaratdığı orijinal poetik nümunələr müəllif
haqqında tərcümeyi-halda yazılanlardan daha çox
şeyi demək və ədibin bədii portretini bütün
çalarları ilə canlandırmaq gücündə idi... Amma bütün bunlara rəğmən Seyran Səxavət
nə yaxşı ki, həmin əsərləri qələmə
aldı. Çünki bu əsərlərdə biz təkcə
Seyran Səxavətin deyil, həm onunla eyni ədəbi-mədəni
mühitdə külüng çalan, yazıb-yaradan
müasirlərinin, yazıçı və şairlərin,
xanəndə və incəsənət adamlarının, bir
sıra ictimai xadimlərin
obrazını və onların şəxsində,
timsalında ümumiləşən, bötövləşən,
mühitinin, yaşadığı zamanın fövqündə
dayanan böyük şəxsiyyətlərin obrazını
görmüş oluruq.
Dünya ədəbiyyatında
və eləcə də, milli ədəbiyyatımızda xüsusi
aktuallıq kəsb edən şəxsiyyət və mühit,
fərd və cəmiyyət, dünya - insan - tale - zaman
mövzusu Seyran Səxavət qələmində də
özünəməxsus çalarları ilə diqqəti
çəkməkdədir.
Şəxsiyyət və mühit probleminin ən parlaq
boyalarla işıqlandırılması baxımından Seyran
Səxavətin əsərləri içərisində
"Qaçhaqaç" romanı xüsusi yer
tutmaqdadır.
Roman müəllifin öz keşməkeşli həyatından
bəhs edir və müəyyən mənada avtobioqrafik səciyyə
daşıyır.
Azərbaycan ədəbiyyatında ilk avtobioqrafik əsər
Əfzələddin Xaqaninin qələminə məxsusdur. Xaqaninin "Töhfətül-İraqeyn",
Füzulinin "Şikayətnamə", Abbasqulu ağa
Bakıxanovun "Miratül-cəmal", Sultan Məcid Qənizadənin
"Məktubati Şeyda bəy Şirvani", Yusif Vəzir
Çəmənzəminlinin "Qızlar bulağı",
Məhəmmədhüseyn Şəhriyarın
"Nişapurda günəş batarkən", "Gecənin
əfsanəsi", "Qardaşım oğlu Huşəngə",
İlyas Əfəndiyevin "Geriyə baxma, qoca",
"Üçatılan", İsmayıl
Şıxlının "Cəbhə gündəlikləri",
Mir Cəlalın "Yaşıdlarım", Anarın
"Kərəm kimi...", akademik Məmməd Cəfər
Cəfərovun "Xatirələr", Vidadi Babanlının
"Gizlinlər", Balaş Azəroğlunun
"Ömürdən ötən illər", Sabir Azərinin
"Tələbə məhbusun etirafları", Ağarəhim
Rəhimovun "Yaddaşda yaşar xatirələr" və
s. əsərlər avtobioqrafik məzmunlu bədii nümunələrdir.
Seyran Səxavət də sələflərinin
və müasirlərinin bu işini olduqca böyük
uğurla davam etdirir. Ədibin
"Qaçhaqaç" romanı bioqrafik nəsrin ən
uğurlu nümunəsidir. Romanda
yazıçının içindən
çıxdığı kənd mühitindən, ailəsindən,
atası Əsgər kişi, anası Zərif xanım,
babası Bəylər Dədə və qohumlarından,
doğma kəndi ilə bağlı uşaqlıq xatirələrindən,
orta və ali məktəb illərindəki tələbə
dostlarından - Azərbaycan ədəbiyyatının görkəmli
şəxsiyyətlərinin həyatından,
yazıçının keçirdiyi sarsıntılardan,
yaşadığı, içində bulunduğu mühitlə
barışa bilməməsindən, bu barışmazlıqdan
dolayı üzləşdiyi hadisələrdən,
iztirablarından və uşaqlıq, gənclik sevgisindən,
səmimi duyğularından bəhs olunur. Son dərəcə
oxunaqlı, axıcı, şirin, nağıl dilində, layla
havasında yazılmış bu romanda bapbalaca kənd
uşağının - Sarının bu qəliz
dünyanın labirint kimi dolanbac yollarında özünü
necə axtarmasından, tapmasından və təsdiq etməsindən
söhbət açılır. Romanı oxuduqca biz
yazıçının mənəvi dünyası ilə
yaxından tanış oluruq.
"Qaçhaqaç" romanının baş qəhrəmanı
balaca Sarı, yazıçının özüdür. Həssas qəlbli, hər
şeydən təsirlənən mənəvi
işığa və insan xoşbəxtliyinə can atan bu
uşağın ətrafındakı adamlara, hadisələrə
münasibəti gələcək yazıçının
ilkin dərin humanizmini və mənəvi keyfiyyətlərini
əks edirdi. Yazıçının
bütün yaradıcılığından
qırmızı xətt kimi keçən xeyirxah bir
nağıl romantikası, lirizm, gözəlliyə sevgi, qəddarlığa,
şərə, eybəcərliyə nifrət hissləri
Sarının simasında öz əksini tapır. Bunlar yazıçının yaradıcılıq
dünyasının mənəvi bünövrəsi idi.
Milan
Kundera doğru deyirmiş: "Hər bir yazıçı
özünə avtobioqrafiya yazmalıdı. Yazıçının
özünə yazdığı bioqrafiyası ilə əsl
bioqrafiyası bir-birinə elə qarışmalıdır ki,
oxucular nəyin doğrudan baş verdiyini, nəyin uydurma
olduğunu anlamasınlar". Bu mənada,
Seyran Səxavətin yazdığı
"Qaçhaqaç" romanı da Milan Kunderanın dediyi
kimi, əsl bioqrafiyadı, avtobioqrafizmlə zəngin
romandı. Romanda yazıçının
təkcə yaşadığı olaylar deyil, eyni zamanda,
arzusunda olduğu mühitin, toplumun da təsviri öz bədii
ifadəsini tapmışdır. Elə əsl
yaradıcılıq da məhz budur. Əslində,
yazıçı gözəl yalanların gerçək
olmasını istəyən və arzularını insanlara
fakt kimi təqdim edən adamdır. Yazıçının
ustalığı da bunu yaxşı bacarmağındadı.
Məncə,
"Qaçhaqaç" sadəcə avtobioqrafik roman deyil,
örnək həyat yaşamış bir MÜDRİKin zirvədən
geriyə baxanda alın açıqlığı, baş
ucalığı, ruh rahatlığı ilə
xatırladığı şərəfli ömür
kitabı - tale kitabının unudulmaz səhifələridir...
Kitabın
əvvəlində müəllif yazır: "Bu əsər
"Daş evlər", "Palıd toxumu",
"Nekroloq", "Yəhudi əlifbası", "Bəhanə"
romanlarından sonra yazdığım altıncı
romandır. Özüm haqqında yazmışam;
uşaqlıq illərindən tutmuş 1973-cü illərə
qədər; mən yazmasaydım, kim
yazacaqdı ki... Bir də məni, mənim özümdən
yaxşı kim tanıya bilər axı?.."
Sözüylə, əsərlərinin dərin məzmunu,
incə lirizmi, rəngarəngliyi ilə ədəbiyyatımızda
xüsusi yeri olan Seyran Səxavəti müasirlərindən fərqləndirən
məqamlardan biri də mövzularını real həyatdan
götürməsidir. Müsahibələrinin birində Seyran Səxavət
deyir: "Mənim əsərlərimdə sujet yoxdu, varsa da,
bu, psixoloji, assosiativ süjetdi. Yaratdığım
obrazların da yarıdan çoxu həyati obrazlardı, təsvir
etdiyim, qələmə aldığım hadisələrin
böyük əksəriyyəti öz
yaşadıqlarımdı, başıma gələnlərdi,
həyatımın müəyyən fraqmentləridi".
Qeyd etmək istərdik ki,
"Qaçhaqaç" romanındakı obrazların da,
demək olar ki, hamısı həyatdan
götürülüb. Əsərdə
baş verən hadisələr reallığı, həqiqətə
uyğunluğu ilə diqqəti çəkməkdədir.
Bu əsər orijinal kompoziyası, mövzu, məzmun,
obrazlar qalereyası, milli mahiyyəti, özünəməxsusluğu
ilə seçilir və burada avtobioqrafiklik bədii sistem təşkil
edir. Əsər boyu keçmişlə
müasirliyin harmoniyası, yaxın və uzaq keçmişə
bədii ekskurs müşahidə olunmaqdadır. Müəllif bu romanı yaşadığı
dövr və müasiri olduğu insanlar haqqında tarixi və
psixoloji həqiqət kimi qələmə almışdır.
Romanın
əvvəli belə başlanır: "Hamı
qaçhaqaçdadı. Bərk qaçhaqaçdı;
düz sözdən qaçırıq, vicdandan, qeyrətdən,
namusdan, insafdan, övladdan, valideyndən, ölkədən, məbəddən,
işdən... Allahdan... Yaman qaçhaqaçdı, Allah
axırını xeyir eləsin..."
Daha sonra hadisələrin geniş epik lövhələrlə
təsviri başlanır. Əsərin
ekspoziyası balaca Sarının "qara kağız"
almasının təsviri ilə başlanır. Bu "qara kağız" ona müharibədən
yox, məktəbin direktoru Savalan müəllimdən gəlmişdi.
Uşaqlığından bədii
yaradıcılığa meylli olan Sarı
"Qazaxıstandakı xam torpaqlar haqqında" geniş bir
hekayə yazmış və oxumaq üçün Savalan
müəllimə vermişdi. Savalan müəllim isə
hekayəni "bədii cəhətdən zəif" hesab edərək,
balaca Sarını ruhlandırmaq əvəzinə, həvəsdən
salmışdı: "Hörmətli şagird! Sənin Qazaxıstandakı xam torpaqlara həsr
etdiyin hekayəni oxudum. Sənin bədii
yaradıcılıqla məşğul olmaq istəyin
yaxşı haldır. Amma
yaratdığın obrazlar sünidir, inandırıcı
deyil. Hekayən bədii cəhətdən
zəifdir. Məsləhət görərdim
ki, qaça-qaça Qazaxıstana gedib xam torpaqlardan deyil, elə
öz kəndimizdən yazasan. Axı, sən
Qazaxıstanı görməmisən, ancaq kəndimizi
yaxşı tanıyırsan, qarış-qarış gəzmisən,
hara gedirəm, qabağıma çıxırsan. Çox ağır yükün altına girmisən.
21 mart 1956-cı il, Yağlıvənd kənd
orta məktəbinin direktoru Savalan müəllim".
Amma o, oxumaq, yazmaq məqsədindən dönməmişdi. Balaca Sarı yazdığı hekayələri təkcə Savalan müəllimə verməklə kifayətlənmir, həm də oxunmaq, çap olunmaq üçün Bakıya - Azərbaycan Yazıçılar İttifaqının ünvanına göndərirdi və poçtalyonun bütün məktublara gətirdiyi cavab da eyni olurdu. Bakıdan yeniyetmə "yazıçıya" gələn məktublar Savalan müəllimin verdiyi cavablardan heç də fərqlənmirdi. Kənd camaatı isə bu məktubların içində nə yazıldığını bilmədiyi üçün hamı Seyranı öz uşağına nümunə göstərirdi. Seyran Səxavət demişkən, "bu məktubların içi özünü yandırırdı, çölü bütün kənd camaatını..." Nəhayət, bir gün onun əsərlərinin "bəxti açıldı", məktəbin pedaqoji kollektivi, eləcə də rayonun hörmətli, adlı-sanlı adamları onun yaradıcılığına yüksək qiymət verdilər. Və bu xoşbəxt hadisədən sonra balaca Sarının yolunun ulduzu parladı və böyük yaradıcılıq yoluna qədəm qoymağa can atdı. Romanda Seyran Səxavət onu dünyaya gətirən, böyüdüb boya-başa çatdıran valideynlərindən, babası Bəylər dədədən, anası, xanımlar xanımı, analar anası, müəllimlər müəllimi - dünyanın ən zərif qadını - Zərif xanımdan - Zərif anadan, atası Əsgər kişidən geniş bəhs edir, onların adını, əziz xatirəsini böyük rəhmətlə anır.
(Ardı var)
525-ci qəzet 2018.- 13 noyabr.- S.6.