Mənim Universitetim

Akif RÜSTƏMOV

BDU-nun professoru

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdi.

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) olan Azərbaycan Dövlət Universitetinin yaranmasını xüsusilə qeyd etməliyik. Cümhu-riyyət universiteti yaratmaqla tarixi bir imza atdı.

Bakı Dövlət Universiteti özünün 100 illiyinə hazırlaşır. Doğma universitetimiz haqqında indiyədək çox yazılıb, çox deyilib. Buna baxmayaraq, mən də ahıl yaşımda bu qocaman təhsil ocağı haqqında fikirlərimi bölüşmək istəyirəm. Çünki universitet bir çoxları kimi mənim də həyatımda önəmli rol oynayıb. Universitetin 50 illik yubileyinin iştirakçısı kimi, onun inkişafı gözlərimin qarşısında olub. Ömrümün 50 ilini elmə, təhsilə işıq saçan bu ocağın auditoriyalarında keçirmişəm. Odur ki, fəxrlə "Mənim universitetim" deyə bilərəm.

Müsəlman Şərqində ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət Universiteti "Azərbaycan Xalq Cümhuriyyətinin oğul yadigarıdır" (Abel  Məhərrəmov). 1919-cu ilin sentyabrında Azərbaycan parlamenti universitetin təsis olunması haqqında sənəd qəbul etdi. Universitetin ilk rektoru V.İ.Razumovski parlamentdə çıxış edərək bu tarixi hadisəni çox yüksək qiymətləndirdi: "Mən çox şadam ki, darülfünun təsisinə bütün partiyaların vicdanlı münasibət bəslədiyinin şahidi oldum. Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisə - darülfünun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki parlamentin, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri gördüyümə də hədsiz xoşbəxtəm". Universitetdə ilk mühazirə 1919-cu il noyabrın 15-də başladı. Yeni təhsil ocağında 4 fakültə - Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri vardı.

Bu tarixi hadisəni xalqımız böyük razılıqla qarşıladı. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti 1919-cu il 17 noyabr tarixli sayında yazırdı: "Azərbaycan Darülfünu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı... Darülfünun məşğuliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının ibtidası olacaqdır". Məqalədə həmçinin qeyd olunurdu ki, Azərbaycan Darülfünu bir türk darülfünudur, çünki türk milləti, türk parlamanı, türk hökuməti tərəfindən, türk gəncliyi üçün açılmışdır. Elə buradaca qeyd edim ki, hazırda Bakı Dövlət Universitetində dünyanın 20-ə yaxın ölkəsindən xeyli tələbə təhsil alır.

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin möhtəşəm məbədi olan Bakı Dövlət Universiteti fəaliyyətə başladığı gündən respublikanın əksər sahələrinə yüksək ixtisaslı kadrlar hazırlayır. BDU-nun 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir ki, Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakər əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir.

Mən 50 ildə universitetdə çox rektor görmüşəm. Onların universitetə olan qayğısı, iş üslubu müxtəlif olub. Bugünkü rektorumuz, akademik Abel Məhərrəmovu xüsusilə qeyd etməyi lazım bildim. Əgər belə demək mümkünsə, bu gün respublika alimlərinin əksəriyyətinin cəmləşdiyi Bakı Dövlət Universitetinin sükanı etibarlı əldədir. Bunu tək mən yox, dünyanın tanınmış alimləri, universitet rektorları deyir. Dünyaca tanınmış Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi çox haqlı olaraq qeyd edir ki, akademik Abel Məhərrəmov respublika elmi və təhsili üçün uğurlu tapıntıdır, elmin, təhsilin sahəsində baş verən yenilikləri öyrənərək, onu öz işində tətbiq etməsi gördüyü işin keyfiyyətini xeyli yüksəldir.

Bakı Dövlət Universiteti A.Məhərrəmovun rəhbərliyi dövründə xeyli dəyişib. Böyük yüksəliş dövrü keçmiş təhsilimizin flaqmanının səsi-sorağı dünyanın tanınmış universitetlərindən gəlir. Görkəmli adamlar BDU-nun qonağı olarkən onun dünya təhsil sisteminə inteqrasiyasını, bir sözlə, yüksəlişini çox dəyərləndirirlər. UNESCO-nun direktoru K.Matsuura BDU-da olarkən demişdir ki, mən ikinci dəfədir ki, BDU-nun qonağı oluram, ikinci gəlişim zamanı qısa vaxt keçsə də, universitetdəki böyük dəyişiklərin şahidi oldum.

Hazırda BDU-nun 17 fakültəsində 23 minə yaxın tələbə təhsil alır. 3000-dən çox əməkdaş, o cümlədən, 1500 nəfər professor-müəllim məşğul olur. Onlardan 300 nəfərə yaxın elmlər doktoru, professor, 1000 nəfərə yaxın fəlsəfə doktoru, dosentdir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 60, magistratura səviyyəsində 197, doktorantura səviyyəsində isə 70 ixtisas üzrə kadr hazırlığını həyata keçirən BDU Azərbaycan elminin inkişafında misilsiz xidmət göstərmiş və göstərməkdədir.

Bu gün işıqlı və geniş auditoriyalarda müasir texnikanın nailiyyətlərindən istifadə edən tələbələr sabahın potensial yüksəkixtisaslı kadrlarıdır. BDU-da fəaliyyət göstərən mərkəzlər, laboratoriyalar, tədris, tele-radio studiyası, elektron kitabxana və kataloq savadlı kadr hazırlığında mühüm rol oynayır.

Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq; Beynəlxalq təhsil proqramında BDU-nun iştirakı; Beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlıq;  Universitetlərin Beynəlxalq Assosiasiyalarında BDU-nun iştirakı, xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlıq və s. universitetimizin nüfuzunun göstəricisidir.

Bugünlərdə universitetimizlə bağlı xoş xəbər aldıq. Çinin Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb. Hər iki universitet rektorunun imzaladığı müqavilə Azərbaycanın Çində tanıdılması işinə böyuk töhfələr verəcək. Xalqın şüuru onun mənəvi həyatının diriliyi olan ədəbiyyatımız sözlərin köməyi ilə Azərbaycanımızı Çin xalqına daha yaxından tanıdacaq.

Qeyd edim ki, Bakı Dövlət Universiteti təkcə elm mərkəzi deyil, həm də Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan böyük qüvvəni təmsil edən çoxminli kollektivdir. Xalqımızın taleyüklü məsələlərində universitet kollektivi əsl vətəndaş mövqeyi nümayiş etdirir.

Bakı Dövlət Universitetinin böyük bir kollektivini idarə etmək o qədər də asan deyil. Amerikanın uçüncü prezidenti Tomas Ceffersonun belə bir fikrini qeyd etmək yerinə düşür: "İdarəetmək məharəti namuslu olmaq məharətindən ibarətdir". Bəli, yalnız namuslu insanlar zəkasına, biliyinə, mədəniyyətinə güvənərək kollektivi lazımi səviyyədə idarə edirlər. A.Məhərrəmov da belə namuslu, ədalətli rektordur. Onun rektorluq fəaliyyətinin uğurlu olmasını belə səciyyələndirərdim: Birincisi, ömrünün çoxunu universitetə həsr edib, kollektivi çox yaxşı tanıyır; İkincisi, tədris işini yaxşı bilir; Üçüncüsü, Azərbaycan dövlətçiliyinin inkişafında universitetin rolunu düzgün qiymətləndirir; Dördüncüsü, tələbə adamı, elm və  təhsil adamıdır; Beşincisi, fərq qoymadan hamıya bacardığı qədər yaxşılıq edəndir; Altıncısı, çox gözəl dərk edir ki, ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir; Yeddincisi, çalışqan tələbənin heç vaxt ümidini üzmür. 

Son bir neçə ildə universitetin təkcə auditoriyaları deyil, onun zahiri görünüşü də dəyişib. Universitetin həyətinə ayaq basanda adam istər-istəməz özünü yığışdırır, hiss edirsən ki, bura sözün əsl mənasında elm, təhsil məbədidir. Sağlam ab-hava, təmizlik, nizam-intizam tədrisin keyfiyyətinə müsbət təsir göstərir.

Bakı Dövlət Universiteti bu gün də respublikamızda elmin inkişafına öz töhfəsini verir, təhsilin dünya standartlarına uyğun təşkil olunmasında başlıca rol oynayır. Elm və təhsildə qazanılan hər bir uğurda çoxminli universitet kollektivinin əməyi var. Söz yox ki, doğma universitetin 100 illiyi adına layiq səviyyədə keçiriləcək. Dünəninə işıq saçan Bakı Dövlət Universitetinin bu gün qalxdığı hər pillə sabahkı həyatımızın təməli, yolgöstərənidir.

Bir neçə kəlmə də tələbə yataqxanası barədə.  Türkiyədən keçmiş tələbəmizin mənə göndərdiyi mesaj olmasaydı, heç mən də yataqxana məsələsinə toxunmazdım. O, universitetdə bu günə kimi yataqxananın olmamasını çox təəccublə qarşıladı. Türkiyədən oxumağa gələnlərin sayı da elə məhz bu səbəbdən azalıb. Onu da bildirim ki, universitetlərin reytinq cədvəli hazırlananda tələbə yataqxanasının olmasına xüsusi diqqət yetirirlər. Təkcə yataqxananın olması 100 balla qiymətləndirilir. Çox təəssüf ki, BDU bu baldan məhrumdur. Odur ki, reytinq cədvəlində yuxarı pilləyə qalxa bilmir. İstərdim ki, universitetin 100 illiyi ərəfəsində tələbə yataqxanasının bünövrəsi qoyulsun. Bu da tələbələrimizə bayram hədiyyəsi olar. Dövlət səviyyəsində qeyd olunan bu bayram, yaxşı olardı ki, respublikanın bütün bölgələrində keçirilsin.

Yeri gəlmişkən, Jurnalistika fakültəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Bu il Azərbaycanda jurnalistika təhsilinin 90 illiyi tamam oldu. 1928-ci ildə jurnalizm və bibliologiya kafedrası yaranmışdı. O vaxtlar Sovet İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda.

1945-ci ildə universitetin Filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi açıldı. Yeni yaranan partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasına tarix elmləri namizədi, dosent Həsən Şahgəldiyev rəhbərlik edib. O, 1952-ci ilə kimi bu vəzifədə çalışdı.

Jurnalistika şöbəsində Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Nüsrət Bağırov, Cümşüd Əzimov, İsrafil Nəzərov kimi jurnalistlər dərs deyirdi. Fəxrlə deyə bilərik ki, elm aləmində tanınan Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Məmməd Hüseyn Təhmasib, Məmməd Qazıyev və bir çox görkəmli şəxslər gələcək jurnalistlərin müəllimləri idilər.

1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılışı olmuşdur. N.Zərdabi və Y.Məm-mədəliyev mükafatları laureatı "əsl vətəndaş jurnalist" (Bəxtiyar Vahabzadə) Şirməmməd Hüseynov şöbənin ilk məzunlarındandır. 1969-cu il jurnalist təhsili tarixində əlamətdar ildir. Belə ki, həmin ildə şöbə müstəqil fakültəyə çevrildi. Fakültənin ilk dekanı, yazıçı-publisist Nurəddin Babayev olmuşdur. O, eyni zamanda, kafedra müdiri idi. 1973-cü ildən 2003-cü ilədək kafedraya jurnalistika elminin inkişafında böyük xidmətləri olmuş, şair, publisist, professor Famil Mehdi başçılıq etmişdir.

Müstəqillik qazandıqdan sonra fakültədə jurnalist kadrların hazırlanmasına xüsusi diqqət artırıldı. Azərbaycanda yeni jurnalistikaya keçid geniş vüsət aldı. Müstəqilliyin ilk aylarında özəl sektorun yaranması da özünü mətbuatda göstərdi. İlk müstəqil qəzetlər, ilk kommersiya televiziya kanalları fəaliyyətə başladı. Media sahəsindəki hər bir yenilik müəllimlərin də qarşısında mühüm vəzifələr qoyur.

Hazırda fakültədə 4 kafedra fəaliyyət göstərir: "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi", "Tele-radio jurnalistikası", "Mətbuat tarixi və ideoloji iş metodları" və "Beynəlxalq jurnalistika". Bu kafedralarda 30-dan çox professor-müəllim calışır, onlar da kütləvi informasiya vasitələrinda çalışacaq yüksək ixtisaslı jurnalist kadr hazırlığında yaxından iştirak edir.

Hər dörd kafedra əlaqələrini genişləndirərək respublikanın jurnalist kadrları hazırlayan ali məktəbləri, Teleradio şirkətləri, mətbuat orqanları ilə əlaqə yaradıb. Bu əlaqələr getdikcə daha da genişlənir. Türkiyənin, Moskva Dövlət Universitetinin, Tbilisi Dövlət Universitetinin jurnalist hazırlayan ali məktəbləri ilə əlaqələr mütəmadi aparılır.

Hazırda fakültədə əyani və qiyabi şöbələr üzrə təhsilin bakalavr və magistr pillələri fəaliyyət göstərir. Bakalavr pilləsində bir ixtisas, magistr pilləsində isə 7 ixtisas üzrə mütəxəssis hazırlanır. Fakültənin Azərbaycan, rus, ingilis şöbələrində 500-ə yaxın tələbə təhsil alır.

Fakültədə elmi-tədqiqat işi ilə məşğul olan "Jurnalistika" elmi-tədqiqat laboratoriyası və "Tədris qəzet" laboratoriyası fəaliyyət göstərir. Məlumat üçün bildirim ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu "Tədris qəzet" laboratoriyası ilə birgə Jurnalistika fakültəsində "Füyuzat" mərkəzi" yaradır. Açılışı noyabr ayının sonuna nəzərdə tutulan mərkəz tələbələrin təhsilinə, milli-mədəni, klassik irslə bağlı dünyagörüşünün daha da yüksəldilməsinə və fakültədə qəzet-jurnal dizaynın öyrənilməsinə xidmət edəcək ."525-ci qəzet" və "Şərq" qəzetləri ayda bir dəfə qoşa səhifəsini tələbələrin hazırladığı "Jurnalist" tədris qəzetinin ixtiyarına verir. Fakültədə müasir tələblərə cavab verən tədris tele-radio studiyasında praktik məşğələlər aparılır. Fakültə müəllimlərinin hazırladıqları dərslik, dərs vəsaitləri və monoqrafiyalar tələbələrin ən çox istifadə etdikləri kitablardır.

Bu gün universitet təhsilində aparılan islahat tədrisin keyfiyyətini yüksəltməkdən ibarətdir. Odur ki, professor-müəllim kollektivi təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirir, savadlı kadr hazırlığına xüsusi diqqət yetirir.

525-ci qəzet  2018.- 13 noyabr.- S.2;4.