Ömrün nəsrdəki mənzərəsi: zirvədən geriyə baxanda...

Xəyalə ƏFƏNDİYEVA

(Əvvəli ötən sayımızda)

"Qaçhaqaç" Seyran Səxavətin ömür yolunu işıqlandıran olduqca koloritli roman olmaqla yanaşı, həm də bizə ədibin yaşadığı tarixi-ictimai dönəm, şərait haqqında xeyli informasiya vermiş olur.

Romanda Seyran Səxavətin gəncliyi, tələbəliyi ilə bağlı maraqlı bir hadisə diqqəti cəlb edir. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuduğu zaman bir müəllim Seyran Səxavətə haqsız yerə töhmət verir. Bu haqsızlıq Seyran Səxavəti bərk narahat edir. Şair təbiətli gənc başını aşağı salıb "Töhmət" adlı bir şeir yazır və altdan qeyd edir ki, Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasına ithaf edirəm:

Bəs mənim xalqıma kim töhmət verib

Xalqım hansı dərsi pozub görəsən?!

Növbəti dərsdə - "Azərbaycan tarixi" dərsində tələbə yoldaşları şeiri oxuyarkən dəftər əldən-ələ gəzir və həmin şeir tarix müəllimi Şamil Məmmədbəylinin əlinə keçir. Şamil müəllim şeiri oxuyur və deyir ki, "dərsdən sonra evə getmə, sənə sözüm var". Seyran Səxavət yazır ki, o dövr elə bir dövr idi ki, belə şeir yazdığına görə adamın atasını yandırardılar. Amma Şamil müəllim o cür çətin, hamının bir-birindən ehtiyat etdiyi, soyuq suyu üfürə-üfürə içdiyi bir vaxtda dedi ki, oğlum, mən də sənin fikrindəyəm. Amma yenə də belə şeylər yazanda, danışanda çox ehtiyatlı ol.

 "Qaçhaqaç" romanı gerçək olayların, həyat müşahidələrinin yazıçı istedadı, bədii təxəyyülü ilə qovuşmasından, birləşməsindən yaranmışdır. Müəllif romanda fərdi yaşantıları ilə yanaşı, yaşadığı dövrün mühüm ədəbi-ictimai, sosial-mənəvi problemlərini də işıqlandırmağa, həmin problemlərə ayna tutmağa çalışmışdır. İncə yumorla, xoş ovqatla yazılmış bu əsərdəki bir sıra epizodlar oxucunun gözləri qarşısında o dövrün ədəbi mühitini canlandırmış olur. Seyran Səxavətin yaradıcılığının kamil cəhətlərindən biri də odur ki, yazıçı öz əsərlərində keçmişi müasirlik qədər yaşada bilir, tarixiliklə müasirliyin harmoniyasını yaradır, yaşanmış hadisələrə, keçmişə bədii ekskurs etmək, ona bu günün gözüylə baxmaq Seyran Səxavətin mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir.

"Qaçhaqaç" romanının müxtəlif fəsillərində Seyran Səxavətin müasiri olan, zəmanəsinin böyük şəxsiyyətlərindən - Yusif Səmədoğludan, Ramiz Rövşəndən, Nəsir İmanquliyevdən, Oljas Suleymenovdan, Andrey Bitovdan, Yevgeni Yevtuşenkodan və başqa görkəmli simalardan söhbət açılır.

Böyük şəxsiyyətlər yaşadıqları zamana və mühitə sığmaz, onlar hər daim zamanın fövqündə dayanar. Şəxsiyyət zamanın qəliblərinə boyun əyməz, qəliblərə oturmaz, əgər belə olarsa, o da adi adamlardan - xorda oxuyan sıra nəfərlərindən birinə çevrilər. Adi insanı şəxsiyyət səviyyəsinə ucaldan məhz onun bu bənzərsizliyidir. Şəxsiyyət zamanla əlbəyaxa olan, azad ruhunu zamanın hörümçək toruna bənzəyən qanunlarına tabe etdirməyəndi.

Seyran Səxavət özü olduqca azad düşüncəli olduğundan əsl insan olmaq, şəxsiyyət kimi formalaşmaq üçün birinci meyar azadlıq ruhunun olduğunu qeyd edirdi. Elə "Qaçhaqaç" romanının Yusif Səmədoğluya həsr olunmuş fəsli də bunu birbaşa sübuta yetirir. Mərhum yazıçı, böyük insan Yusif müəllim o zamanlar "Ulduz" jurnalının baş redaktoru olanda Seyran Səxavət jurnalda nəsr şöbəsinin müdiri vəzifəsində çalışırmış. Ədibin "Allahın mənə verdiyi paydı Yusif Səmədoğlu" adlandığı roman içində povest şəklində qələmə aldığı hissədə Yusif müəllimin necə yüksək insani keyfiyyətlərə sahib olmasından, uşaqla uşaq, böyüklə böyük kimi rəftarından, ülfətindən, məhəbbətindən söhbət açılır. O, bütün işçilərinin "qağa" deyə müraciət etdiyi və doğma qağa kimi sevdiyi, hörmət etdiyi bir şəxsiyyət idi. Əsərin əvvəlindən sonunacan yazıçı Yusif Səmədoğlunun ruhani azadlığından böyük şövqlə söhbət açır, hətta kommunist rejiminin ən kəskin vaxtlarında belə onun daxili azadlığını heç nəyə dəyişməyən "demokatiya nümunəsi" olduğunu vurğulayır...

Otto Veyninger "Cins və xarakter" əsərində bir məqama toxunur ki, böyük şəxsiyyətlərin yaşadıqları zamanla çox vaxt heç bir bağlılığı olmur. Sanki o zamanın həmin adama aidiyyəti olmur.

Bu məqamı "Kütlə psixologiyası" əsərində bir az daha dəqiqləşdirən Qustav Le Bon yazır ki, yüksəklərdə yaşayanlar kütlənin tələblərindən xəbərsiz olurlar və onlar heç vəchlə kütləviləşə bilmirlər.

Yusif Səmədoğlu da yazıçı Seyran Səxavətin qeyd etdiyi kimi, heç zaman kütləviləşməyən, milyonlarla eyniyyətin arasında öz içindəki fərdiyyəti və bənzərsizliyi qoruya bilən adam idi. Söhbətlərin birində Səməd Vurğunun kiçik oğlu Vaqif Səmədoğlu deyir ki, Yusifin heç vaxt uşaqlığı olmayıb, onun uşaqlığı kitabların arasında keçib. Seyran Səxavət əsərdə buna olduqca mükəmməl bir cavab tapır, bəli, Yusif təbiətdə bir adamın uşaqlığı ola bilməzdi.

 

"Xalq kütləsi olduğu kimi kütləvi uşaq kütləsi də mövcuddur. Uşaq kütləsinə məxsus olmayan xalq kütləsinə də məxsus ola bilməz - Yusif Səmədoğlu məhz belə adam idi. O, nə uşaqlığında, nə də yaşlı vaxtlarında kütləviləşdi, fərd olaraq qaldı. Zaman, zamanın içində mühit, mühitin içində yaşam tərzinin içindəki sapmalar onu kütləyə çevirə bilmədi və Yusif Səmədoğlu bütün bunların mərkəzində dikəlib bir fərd olaraq boy göstərdi".

Roman boyu xatirələrini ağ kağıza köçürdükcə "ötən günə gün çatmaz, calasan günü günə" düşüncəsilə  köks ötürən Seyran Səxavət Yusif Səmədoğlu ilə ən sevincli günləri paylaşdığı kimi, ən kədərli anların dərd ortağı olduğunu da dilə gətirir. Yazıçı atası Əsgər kişinin son nəfəsində Yusif müəllimin onun yanında olmasını, bu ailəni tək qoymamasını sanki bu ağır günlərdə arxasında bir dağ dururmuş kimi qiymətləndirir.

Bu fəsildə müəllif Şuşada Səməd Vurğunun 80 illik yubileyini keçirmək üçün Bakıdan Şuşaya yola düşən qatarda işıqlı insanlarla -  Cabir Novruz, Elçin Əfəndiyev, Tofiq Bayram, Cəmil Əlibəyov, Söhrab Tahir, Məmməd Araz, İsa İsmayılzadə, Əhəd Muxtar, Fikrət Sadıq, Vaqif Cəbrayılzadə, Taleh Həmid, Nurəngiz Gün, Zakir Fəxri ilə olan yol yoldaşlığından, səfər xatirələrindən də söz açır.

Seyran Səxavət bəzən xatirələrdən ayrılaraq ədibin özünü və bütövlükdə cəmiyyətimizi narahat edəcək taleyüklü məsələlərə də toxunur, münasibət sərgiləyir...

Romanın "Allah istəsə" adlı fəslində yazıçı "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyi illərdən və o zaman jurnalda onunla birlikdə çalışan Camal Yusifzadə, Yusif Əzimzadə, Sabir Əhmədli, Sirus Təbrizli, Davud Nəsib, Ayaz Vəfalı, İsa İsmayılzadə, Sabir Almazov, Sabir Məmmədov, Abbas Abdulla, Məmməd Əkbər və digər həmkarlarından məhəbbətlə söhbət açır. O adamların hərəsini bir xüsusiyyəti ilə: Ayaz Vəfalını həddindən artıq ehtiyatlı olması, Davud Nəsibi həlim, xoşxasiyyətliliyi və yaxşı "vurmağı", Sabir Əhmədlini ciddiliyi, ağsaqqal kimi yerində, ölçülü-biçili olması, İsa İsmayılzadəni istedadı, vətənpərvərliyi, "Türkmənçay-Gülüstan" müqavilələrinə görə oğlunun adını Araz qoyması, Camal Yusifzadəni nəcibliyi, alicənablığı, Məmməd Əkbəri isə heç zaman köhnəlməyən kişilərdən olmağı ilə xatırlayırdı.

"Məmməd Əkbərə köhnə kişi demək olmazdı, çünki o, heç zaman köhnəlmədi, ona qədim kişi demək daha düzgün olardı və Allaha da xoş gedərdi, o redaksiyamızın, paytaxtımızın, ölkəmizin yox, dünyanın ən azad adamlarından idi və bu dünyanın, bu aləmin ona qətiyyən dəxli yox idi".

Cənubi Koreya rejissoru Çan Don Linin "Poeziya" adlı maraqlı bir filmi var. Filmdə ədəbiyyat, şeir, poeziya həvəskarı olan insanlara yaradıcılıq kursu keçirlər. Kursun dinləyicisi olan bir qadın müəllimə deyir ki, şeir yazmaq necə də çətindi.

Şair-müəllim isə cavabında ona deyir: "Şeir yazmaq çətin deyil, o şeiri adama yazdıracaq ürəyə sahib olmaq çətindir. Gözəl, maraqlı yaza bilmək üçün saf, sevgi ilə dolu böyük ürəyə sahib olmalısan. Yazar əlinə qələm götürməmişdən və masanın üstündəki çırağı yandırmamışdan əvvəl ürəyini yandırmalıdır".

Dahiyanə cavabdır. Həqiqətən də, şairin, yazıçının qələminin məhsulu olan hər bir möhtəşəm əsər zəngin yaradıcılıq təcrübəsinin, böyük ürəyin, ağır zəhmətin məhsuludur. Bu mənada, Seyran Səxavətin hekayələrindən, esselərindən tutmuş romanlarınacan bütün əsərləri gözünün və qəlbinin nurundan yaranmışdır və bu əsərlər sözün həqiqi mənasında oxucunu mənəvi işığa doğru yönəldir. Haqqında bəhs etdiyimiz "Qaçhaqaç" romanı da məhz belə əsərlərdəndir. Ümumiyyətlə, söz adamının, sözün missiyası insanın daxili aləmini müsbətə doğru dəyişdirmək, onu daha kamil, üstün mərtəbəyə qaldırmaqdır. Seyran Səxavət də bu işin öhdəsindən sözün həqiqi mənasında şərəflə gəlməkdədir.

Marina Svetayevanın maraqlı bir fikri var: əsl, həqiqi sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər "gərilməyi bacarmaq"dır. Əgər hər hansı bir əsəri "gərilmədən" rahatca yazsan, cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri sənət nümunəsinə çevrilə bilməyəcək. Əsərə əbədiyaşarlıq qazandıran da bu "gərilmə"dir. Bu mənada, Seyran Səxavətin əsərlərinin heç biri sakitcə masa arxasında yazılan əsərlər deyil, Svetayevanın qeyd etdiyi kimi, böyük gərilmənin məhsuludur.

Seçilmiş insanın - şəxsiyyətin hər hansı mühitə uyğunlaşmaması, yaşadığı məkana və zamana sığmaması təkcə bizim dövrümüzdə deyil, tarixin bütün mərhələlərində həllini tapmayan problem olmuşdur. Belə adamlar cəmiyyətin ayaqlaşdığı yaşam şərtlərinə uyğunlaşa bilməz, çərçivələri darmadağın edər.

Bu mənada Seyran Səxavət zamana sığışmayan, yaşadığı cəmiyyətin, zamanın və mühitinin fövqündə dayanan sənətkardır.

Yazıçının əsərləri arasında hələ də öz oxucusunu tapmamış nümunələr çoxdur. Biz bunu müəyyən mənada sevindirici məqam kimi qəbul edirik. Çünki əsərlərdəki gizlinlər oxucunu daha çox düşünməyə, mütaliə etməyə və axtarışlara vadar edir. Bu mənada, Seyran Səxavət oxucusunu öz ideyalarının arxasınca aparmağı və axtarışlara yönəltməyi bacaran yazıçılardandır.

Ədibin demək istədikləri bir çox hallarda əsərlərin alt qatlarında kodlar və ştrixlər şəklində gizli qalır. Bu isə onu söyləməyə əsas verir ki, sirri açılmamış məqamlar hələ də öz zamanını gözləyir. Və biz inanırıq ki, Seyran Səxavət yaşadığı cəmiyyətin, zamanın və mühitin fövqündə dayanan azad düşüncəli bir şəxsiyyət, ustad yazıçı, nasir, şair, dramaturq, publisist, vətəndaş mövqeyi olan bir ziyalı kimi gələcəkdə daha düzgün qiymətləndirəcək.

525-ci qəzet 2018.- 14 noyabr.- S.6.