Xalq şairi Nəriman Həsənzadə ilə görüş

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Xalq şairi, dramaturq, filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov qonaq haqqında tədbir iştirakçılarına geniş məlumat verib, onunla görüşün tələbə-gənclərin xatirəsində silinməz iz qoyacağına inandığını bildirib:

"Xalq şairi, vətənpərvər ziyalı, tanınmış ictimai-siyasi xadim Nəriman Həsənzadədən danışmaq xalq, millət, tarix, bu gün haqqında danışmaq deməkdir. N.Həsənzadə bədii yaradıcılığa ötən əsrin 50-ci illərinin sonlarında başlayıb. Onun əsərlərində xalqın həyatı, ruhu, mənəviyyatı, düşüncələri dolğun əks olunub. N.Həsənzadənin Azərbaycan ədəbiyyatında öz xüsusi yeri, mövqeyi, yaradıcılıq dəst-xətti, üslubu var. O, böyük zəhmət çətinliklərlə dolu, lakin mənalı şərəfli bir ömür yolu keçib, cəmiyyətdə öz layiqli yerini tapa bilib. Görkəmli şair, əsl ziyalı, təcrübəli müəllim-alimdir. Onun keşməkeşli mənalı həyat yolu gənclik üçün layiqli örnəkdir".

N.Həsənzadə görüşün keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Sonra N.Həsənzadə tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.

Cənubi Azərbaycandan olan tanınmış şair, "Xudafərin" jurnalının təsisçisi baş redaktoru Hüseyn Şərqi görüşdə iştirak etməsindən məmnunluq duyduğunu bildirib şairə ən xoş, ən gözəl arzularını ifadə edib.

Görüşdə tələbələr musiqi sədaları altında N.Həsənzadənin şeirlərini səsləndiriblər.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 14 noyabr.- S.7.