Görünməz
körpülərin Mahir memarı
(Birinci məqalə)
MAHİR
HƏMZƏYEVİN 60 YAŞINA
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
Baltik ölkələrində - Litvada Mahiras Gamzayevas
imzası ilə tanınmış ədəbiyyatşünas,
tərcüməçi, publisist, ictimai və mədəni
xadim, diaspor rəhbəri, həmvətənimiz Mahir Həmzəyev
Azərbaycan mənəviyyatının yeni Avropa tipinin
nümayəndəsidir.
Onun ədəbi əlaqələrə aid nəzəri
fikrimizin təqribən iki əsrlik tarixini əhatə edən
tədqiqlərində tarixiliyin təkamülü əsasında
ədəbiyyatşünaslığımızın empirik,
sinkretik, analitik, bioqrafik və sosioloji mərhələləri
məharətlə əhatə edilir, onların tarixi və
estetik sərhədləri müəyyənləşdirilir.
M.Həmzəyev ənənələrə güvənən,
ənənə ilə mənəvi təmasda olmağı
bacaran fikir adamıdır. Onun yazılarında
xalqın ən dəyərli milli sərvəti olan SÖZ
üçün məsuliyyəti, şərəfi və əzabı
duyulmaqdadır. Mahirin məqalələrində
güclü bir fikri gərginlik var. Mənə elə gəlir
ki, o, yazılarını çox böyük məsuliyyətlə
yazır. Bu, hər şeydən əvvəl onun tədqiqatçı-alim,
ziyalı və vətəndaş kimi xalq, cəmiyyət
qarşısında cavabdehlik duyğusundan irəli gəlir...
Onun
gördüyü işlərin əksəriyyəti
unikaldır, çünki mədəniyyətimizi, ədəbiyyatımızı,
xalqımızı tanıtmağa xidmət edir, hər
yazısı Vətən üçün
ismarışdı, ədəbi-mənəvi stimuldur, fakta
verilən ikinci can, milli-mənəvi impulsdur...
Təvazökarlıq
və prinsipiallıq Mahir Həmzəyevin həyat devizidir,
populizm, irrasional emosionallıq onun əməlində yoxdur,
rasional düşüncə və bunu reallaşdıran hərəkət,
gerizəkalılığa qarşı mübarizə, bizi qəbul
etməyənlərə həqiqəti görməyə məcbur
etmək bacarığı onun elmi, mədəni, və ictimai-siyasi
fəaliyyət prinsiplərindəndir...
O,
yaradıcılığında həmişə milli mənəviyyatda
baş verən strateji problemləri diqqətdə saxlayır,
milli təfəkkürün Qərb dünyasına
inteqrasiyasının İpək yolunu qurur, böyük
Abbasqulu ağa Bakıxanovun əsasını qoyduğu, Yusif
Vəzirin Litva tatarları barədə tarixi tədqiqatla zənginləşdirdiyi,
professor Pənah Xəlilovun Sovet dönəmindəki
araşdırmalarında ali məktəblərin Filologiya
fakültələrində tədris edilmək
üçün dərslik səviyyəsində həllini
tapdığı və professor Vaqif Arzumanlının həmin
dövrün ideoloji tələblərinə uyğun
inkişaf etdirdiyi Litva ilə ədəbi əlaqələri
ləyaqətlə, daha dinamik bir templə və yeni aspektlərdə
davam etdirir... Bununla bağlı xüsusilə vurğulamaq istərdik
ki, onun çalışmalarının əksəriyyətində
xalqlarımız arasındakı tarixi, ədəbi, mədəni
və ictimai-siyasi əlaqələrin yaranıb inkişaf etməsi,
məzmun cəhətdən ayrı-ayrı vektorlarda
formalaşması, qədim mədəni əlaqələrimizdən
müasir dövrdə xalqlararası və dövlətlərarası
münasibətlərimizin optimallaşdırılması faktoru
kimi istifaqə edilməsi və eləcə də bu qəbildən
olan digər aktual mövzular Azərbaycan və Baltik dövlətlərinin
istiqlal tarixində ilk dəfə olaraq müstəqillik
dövrünün mədəniyyət siyasəti
doktrinasına uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələrə
söykənən yeni tədqiqat bucağı altında
araşdırılır...
Geniş
elmi potensiala malik istedad sahibi olan tədqiqatçının
üslubunu ekspressivlik, kreativ düşüncə, yüksək
milli əxlaq xarakterizə edir... Elmi problem və
nəzəri prinsip kimi tarixilik həm monoqrafiyalarının,
həm də ayrı-ayrı məqalələrinin əsas
pafosunu müəyyənləş-dirir. Məncə,
peşəkar bir ədəbiyyatşünas kimi o, öz
yazıları ilə ədəbi əlaqələr
sferasının poetikasını zənginləşdirib, ona
daha aydın intellektual və fəlsəfi pafos gə-tirməyə
nail olub.
Mahirin tədqiqatlarında tarixi fakt zənginliyi
müşahidə edilir və bu təbiidir, çünki ədəbi
əlaqələr faktsız mümkün deyil, bu sahə elmi
bir sistem kimi faktlar əsasında baş verir və o, əldə
etdiyi faktlardan asılı qalmır, sanki onları improvizə
edir. Bu araşdırmalarda
müasir düşüncəmizin qəbul edə biləcəyi,
müasir düşüncəmizin parametrləri ilə
ölçüləcək ideyalar mövcuddur ki, bu
mövcudluq tarixi faktı müasirləşdirir, ona gələcəyə
gediş enerjisi verir... Bax, bu anlamda onun tədqiqatları
çox qiymətlidir. Çünki burada ədəbi
əlaqələrə formal münasibət, kononist yanaşma
yoxdur. Müəllif ədəbi əlaqə
faktının ruhuna daxil olur, burada "əsəb hüceyrələrinin
uclarını" dəqiqliklə təyin edir. Bu
içdən gələn ədəbi nüfuzetmədə,
tibbi anlamla desək - bu ədəbi invaziyada mən sxematizm
görmürəm, əksinə, tam bir məlumatlılıq,
peşəkarlıq və o ruhu duymaq xüsusiyyətləri
var Mahirdə...
O, belə
demək mümkünsə, ədəbi əlaqələri
yaradan situasiyaların bütün texnologiyasını incəliyinə
qədər bilir, məhz elə buna görə də
onların yüksək səviyyədə
araşdırılmasına nail olur!
lll
Mahir Həmzəyev Litva-Azərbaycan əlaqələri
müstəvisində mühüm ictimai-siyasi işlər də
aparır, Azərbaycan diasporunun strateji imkanları
sferasında milli dövlətçiliyə və milli
ideologiyaya sədaqətlə və ardıcıl xidmət
edirək dəyərli bir şəxsiyyətə
çevrilir.
Belə maraqlı şəxsiyyətin ömür yolundan bəzi
fraqmentləri bir daha yada salaq:
O, 1958-ci
ilin martın 8-də Quba rayonunda anadan olub. Digah
kənd məktəbində orta təhsil alıb, 1983-cü
ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinin qiyabi şöbəsini bitirib. 1984-1989-cu illərdə Litva Yazıçılar
İttifaqı və Azərbaycan Dövlət Universitetinin zəmanətilə
Vilnüs Universitetinin Litva filologiyası şöbəsində
litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil
alıb. 1985-ci ildə Vilnüs Kitabsevərlər
Cəmiyyətinin məsul katibi seçilib, 1994-cu ildənsə
həmin təşkilatın sədridir.
Mahir Həmzəyev Litvada olduğu ilk illərdən
diaspor sahəsində də fəaliyyətə
üstünlük verib və 1988-ci ildə Litva Azərbaycanlıları
Cəmiyyətini yaradıb. Həmin ildən indiyədək
bu Cəmiyyətin sədridir. 1991-1992-ci
illərdə Azərbaycan Mədəniyyət Fondunun
(hazırda Azərbaycan Yaradıcılıq Fondu) İdarə
Heyətinin üzvü olub. 1992-1995-ci illərdə
Azərbaycan Respublikasının Litvada səlahiyyətli
nümayəndəsi təyin edilib. 2001,
2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının
Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında
iştirak edib və bu qurultaylarda indiyədək 4 dəfə
Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurasına üzv seçilib.
1988-1991-ci illərdə Litva Millətlərarası
Əlaqələndirmə Assosiasiyasının həmtəsisçisi
və İdarə heyətinin üzvü olub. 1990-1991-ci illərdə
Litva Sayudis Seyminin üzvü olaraq fəaliyyət göstərib.
1991-ci ildən 2019-cu ilə kimi dəfələrlə
Litva Respublikası (LR) Hökuməti yanında Milli İcmalar
Şurasına üzv seçilib. 2009-cu ildə
üç il müddətinə LR
Hökuməti yanında Milli İcmalar Şurasının sədri
seçilib. 2009-cu ildə LR Baş naziri Andryus
Kubilyusun Sərəncamı ilə Baş nazirin yanında
Litvanın Milli Azlıqlar Məsələləri üzrə
Koordinasiya Komissiyasına üzv təyin olunub.
2008-ci və 2016-cı illərdə LR Liberalları
Sayudis Partiyasının xətti ilə Litvanın parlament
seçkilərində iştirak edib. 2010-2012-ci illərdə
LR Seyminin İqtisadiyyat komitəsi sədrinin, 2013-2014-cü
illərdə isə Təhsil, Elm və Mədəniyyət
Komitəsinin müşaviri olub.
2001-2018-ci illərdə LR Prezidenti, Seyminin sədri,
Baş naziri, Mədəniyyət naziri və həmçinin,
Litvanın digər dövlət və hökumət
qurumları tərəfindən dəfələrlə fəxri
fərman və təşəkkürnamələrə layiq
görülüb. 18 dekabr 2009-cu ildə Litvanın Baş naziri A.Kubilyusun
Sərəncamı ilə ona xüsusi təşəkkur elan
edilib və "Litva" adının 1000 illiyinə həsr
olunmuş "Fəxri ulduz" hökumət nişanı ilə
təltif olunub, 19 noyabr 2004-cü ildə LR Hökuməti
yanında Milli Azlıqlar Departamentinin "Xidmətlərə
görə" gümüş medalı ilə mükafatlandırılıb.
13 mart
2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı
ilə "Tərəqqi" medalı, 7 iyun 2006-cı ildə
Litva Prezidentinin Fərmanı ilə "Litva
qarşısında xidmətlərinə görə"
dövlət medalı ilə təltif olunub, 2011-ci il iyulun 4-də
isə jurnalistika sahəsindəki nailiyyətlərinə
görə Azərbaycanın "Əməkdar jurnalisti"
fəxri adına layiq görülüb.
M.Həmzəyev Ümumdünya Litva Ensiklopediyası
Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan
Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və
Litva Ədəbi Tərcüməçilər
İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya
şurasının üzvüdür (2014). Litvanın
"Yaradıcı təşkilatlar və Bədii sənət
yaradıcısı statusu haqqında Qanun"a uyğun olaraq
2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin Sərəncamı
ilə "Litvanın Bədii Sənət
Yaradıcısı" statusuna layiq görülüb.
lll
Litva-Azərbaycan dövlətlərarası münasibətləri,
eləcə də Azərbaycan dövlətinin beynəlxalq aləmdə
çağdaş dövrdə qazandığı siyasi,
iqtisadi və mədəni uğurlar haqqında M.Həmzəyev
1980-ci ildən üzü bəri Litva dilində
yazdığı siyasi-publisistik məqalələrlə
müntəzəm çıxış edir. O, 40 ilə yaxındır
ki, Litvada ədəbiyyatımızı, mədəniyyətimizi,
ümumiyyətlə, Azərbaycanı ləyaqətlə təmsil
və təbliğ edir. Yeri gəlmişkən, riyazi dillə
anlatsaq, Mahir Həmzəyevin 1980-2018-ci illərdə
xalqlarımız arasında tarixi, ictimai-siyasi, ədəbi-mədəni
əlaqələri barədə yazdığı 400-dən
artıq məqaləsi Litvada və Azərbaycanda işıq
üzü görüb...
Həmin
publikasiyaların böyük hissəsi - ədəbi-bədii,
kulturoloji araşdırmalar, ədəbi və tarixi əlaqələrə
dair elmi-tədqiqi və publisistik məqalələr, bədii
tərcümələr, litvaca və rusca tədqiqat işləri,
ədəbi-tarixi esselər, həmçinin, çoxsaylı
siyasi-publisistik yazılar əsasən Litvanın həm
respublika, həm də rayon qəzetlərində, bədii,
elmi-populyar jurnallarda, ölkənin informasiya agentliklərinin
saytlarında, xəbər portallarında və internet qəzetlərində
dərc olunub. Bununla bağlı onun Litva dilində dərc
edilmiş publikasiyalarından bəzilərini - seçmələrin
seçmələrini xatırlatmaq yerinə düşərdi:
"Ədəbi əlaqələr haqqında
monoqrafiya".
Vaqif Arzumanlının 1979-cu ildə Bakıda
buraxılmış "Azərbaycan-Litva ədəbi əlaqələri"
kitabı barədə məqalə. Vilnüs,
"Literatura ir menas", 1980;"Şərqin
qapısı"kəhrəba diyarında". Səməd Vurğunun 1980-ci ildə Vilnüsdə
çap edilmiş "Şərqin qapısı" adlı
şeirlər toplusu barədə resenziya. Vilnüs,
"Literatura ir menas", 1981; "Xalq şairi Bəxtiyar
Vahabzadənin yaradıcılığı barədə".
Vilnüs, "Literatura ir menas", 1982;
"Baltikdən Qafqaza qədər". Litva
xalq yazıçısı Antanas Venuolisin (1882-1957)
yaradıcılığında Azərbaycan tarixi, ədəbiyyatı
ilə bağlı motiv və süjetlər. Vilnüs, "Literatura ir menas", 1982; "Azərbaycan
ədəbiyyatının klassiki" Abdulla Şaiqin həyat
və yaradıcılığı, onun Litva ədəbi
klassiki Vintsas Kreve (1882-1954) ilə dostluq və
yaradıcılıq əlaqələri. Vilnüs,
"Tiesa", 1982; "Əbədi Odlar ölkəsi onu
unutmur". Litva ədəbiyyatının
klassiki V.Krevenin həyat və
yaradıcılığının Bakı dövrü
(1909-1920), onun Azərbaycan ədəbiyyatı ilə əlaqələri
haqqında. Vilnüs, "Komjaunimo
tiesa", 1982; "Litva ilə bağlı əlaqələr".
XIX yüzillikdə və XX əsrin əvvəllərində
Litva-Azərbaycan ədəbi-mədəni əlaqələri,
Vilnüs Universiteti Şərqşünaslıq fakültəsi
məzunlarının yaradıcılığında Azərbaycan
mövzusu. Vilnüs, "Literatura ir
menas", 1984;"Litva-Azərbaycan ədəbi əlaqələri,
bədii tərcümə və qarşılıqlı təsir".
Vilnüs, "Pergale", 1985;"Şam kimi, sən
də öz xəzinənlə yan". Nizami
Gəncəvinin 1985-ci ildə Vilnüsdə
buraxılmış "Leyli və Məcnun" poeması, qəzəlləri,
rübai və qəsidələrinin tərcüməsi
haqqında resenziya. Resenziya litvalı
şair və tərcüməçi Alfonsas Bukontasla birgə
yazılıb.
Vilnüs, "Pergale", 1985; "Adam Mitskeviçin
poeziyası Xəzər sahillərində azərbaycanca səslənir". Xalq şairi
Sabir Rüstəmxanlının Azərbaycan dilinə tərcümə
etdiyi və 1985-ci ildə Bakıda işıq üzü
görmüş "Krım sonetləri" toplusu barədə
resenziya. Vilnüs, "Literatura ir menas",1985; "Qədim əlaqələr bərpa
olunur". 1918-1920-ci illər Litva-Azərbaycan
dövlətlərarası münasibətləri və
çağdaş dövrdə onların inkişaf perspektivləri
haqqında litvalı jurnalist Riçardas Lapaytisin Mahir Həmzəyevlə
müsahibəsi. Vilnüs, Dövlət qəzeti
"Lietuvos aidas", 1992; "Litva-Azərbaycan dövlətlərarası
əlaqələrinin qaynaqları". Azərbaycan
Xalq Cümhuriyyətinin 77-ci ildönümü münasibətilə.
Vilnüs, Dövlər qəzeti "Lietuvos
aidas", 1995; "Şəhidlərin ruhuna dua oxundu".
1990-cı il 20 Yanvar faciəsinin 12-ci
ildönümü ilə əlaqədar Vilnüsdə
keçirilmiş anım tədbiri haqqında. Yazıda
ölkəmizə qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın təcavüzkar hərəkətləri
və Kremlin onlara havadarlığı barədə, milli
azadlıq və ərazi bütövlüyü uğrunda
ayağa qalxmış xalqa qarşı Sovetlər birliyinin rəhbərliyi
tərəfindən Bakıda rusları və erməniləri
"xilas etmək kartından" necə istifadə edilməsi,
20 Yanvarın Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olması haqqında danışılır. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys",
2002; "Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü
ildönümü".
Vilnüsdə Cümhuriyyətin ildönümünə
həsr olunmuş rəsmi qəbul, AXC-nın yaradılması
ilə bağlı tarixi, ictimai-siyasi məsələlər və
o dövrün beynəlxalq münasibətləri haqqında
bilgilər ehtiva olunmuş məqalə. Vilnüs,
"Tautiniu bendriju informacinis leidinys", 2002; "Bərpa
edilmiş Azərbaycan dövlətçiliyinin yeni
yolları". Azərbaycan müstəqilliyinin bərpa
olunmasının 11-ci ildönümü ilə bağlı
Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən
Vilnüsdə təşkil olunmuş rəsmi qəbul
haqqında, Azərbaycanın dövlətçilik tarixinin
kökləri və mərhələləri, hazırkı
dövrdə Azərbaycanın beynəlxalq aləmdə tutduğu
mövqe və Litva-Azərbaycan qədim dövlətlərarası
münasibətlərinin nadir səhifələri barədə
publikasiya. Vilnüs, "Tautiniu bendriju
informacinis leidinys", 2002; "Bakı və Vilnüs yanvar
faciələri - sanki klonlaşdırılmış qətliamdır".
20 yanvar 1990-cı il Bakı və 13 yanvar
1991-ci il Vilnüs qanlı hadisələrinin
ildönümü ilə əlaqədar Litva Azərbaycanlıları
Cəmiyyəti və Litvanın 13 Yanvar Cəmiyyəti tərəfindən
Vilnüsdə keçirilmiş birgə anım tədbiri və
ortaq dua barədə. Vilnüs, "Tautiniu
bendriju informacinis leidinys", 2003; "Dövlətçilik
tarixinin parlaq səhifələri". Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 85-ci
ildönümü ilə bağlı Vilnüsdə Litva Azərbaycanlıları
Cəmiyyəti tərəfindən keçirilmiş rəsmi
qəbul, Azərbaycanın dövlətçilik tarixi və ənənələri
barədə ictimai-siyasi icmal. Vilnüs,
"Tautiniu bendriju informacinis leidinys", 2003; "Novruz -
zülməti dağıdan işıq, mehribanlıq və
yenilənmə bayramıdır". Novruz
bayramının tarixi və mənşəyi, Zərdüştlük
etiqadı və Novruzun atəşpərəstliklə
bağlılığı, od simvolunun müqəddəsliyi,
bayramın əsl mahiyyətindən doğan xalq adət-ənənələri,
oyunlar və mərasimlər, eləcə də Novruzun Azərbaycan
xalqının milli təfəkkürünün
inkişafında, həyata yanaşma, mühakimə və dərketmə
qabiliyyətinin yüksəldilməsində, həmçinin,
azərbaycanlıların digər konseptual
baxışlarının təkmilləşdirilməsi,
etnokulturoloji dəyərlərinin daha dərin kök
atması, başqa xalqlarla
münasibətlərdə mehriban qonşuluq əlaqələrinə
kökləyən yanaşmaların formalaşmasında
oynadığı rol və göstərdiyi təsir barədə
tarixi, dini, ictimai, sosial və fəlsəfi ümumiləşdirmələr.
Vilnüs, "Tautiniu bendriju informacinis
leidinys", 2003, 2004;"Qəzetinizi oxuyan zaman Tatar
icmasının ürək döyüntülərini
eşidirəm". Böyük Litva Knyazlığı
tatar varislərinin Azərbaycan tarixi, mədəniyyəti və
ictimai-siyasi xadimləri ilə əlaqələri, Litva tatar
öndərlərinin 1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin quruculuq işlərinə verdikləri
mühüm töhfələr barədə "Lietuvos
totoriai" qəzetinin Baş redaktoru, fəlsəfə elmləri
doktoru Həlim Sitdıgovun müsahibəsi. Kaunas,
2006; "Bu dünyada hər şey satılmır və hər
şey alınmır". Litvalı
publisist, "Slaptai.lt" internet qəzetinin naşiri Gintaras
Visotskasın mədəniyyətlərarası dialoq çərçivəsində
sosial-fəlsəfi və dini mövzuda apardığı
müsahibə. Kaunas, "XXI amzius",
2007; "Mədəniyyətləri bir-birinə qovuşduran
körpülər". Litva-Azərbaycan ədəbi
əlaqələrinin qaynaqları, inkişaf mərhələləri
və etnokulturoloji dəyərlərimizin Litvada qorunub zənginləşdirilməsi
məsələləri, dini tolerantlıq və mədəniyyətlərarası
dialoqun vacibliyi mövzusunda jurnalist Zita Voytyuləviçyutenin
apardığı müsahibə. Vilnüs,
"Respublika", 2007; "Azərbaycanlıların
soyqırım tarixinin kökləri, səbəbləri və
mərhələləri".
31 Mart Azərbaycanlıların soyqırımı
günü ilə bağlı Litva Genosid və Rezistensiya mərkəzində
Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən
keçirilmiş anım tədbirində məruzə. Vilnüs,
"Balsas.lt", 2009; "Qara yanvarın təkrar
olunmaması üçün". 20 Yanvar
faciəsi barədə uydurma məlumatlar yayan Litva erməniləri
ittifaqının sədr müavini Ruslan Arutyunyanın absurd
sayıqlamalarına cavab olaraq ifşa ruhunda
hazırlanmış tənqidi publikasiya. Vilnüs,
"Balsas.lt", 2010; "Qarabağ: yalanın təcavüzü
və yaxud "təyini müqəddərat" haqqında
saxtalaşdırılmış tarix". 2 hissədən
ibarət siyasi-analitik və publisistik məqalə.
Vilnüs, "Balsas.lt", 2011; "Xocalı faciəsi Azərbaycanın
sağalmayan yarasıdır..." Xocalı qətliamının
20-ci ildönümü ilə bağlı siyasi-analitik məqalə.
Vilnüs,"Balsas.lt", 2012; "Qarabağ
münaqişəsinin kökləri Kremlin kulisləri arxasındadır".
Litvalı publisist və redaktor Zigmas Vitkusun
götürdüyü müsahibə. Vilnüs,
"Bernardinai.lt", 2013; "Vintsas Kreve - diplomat və
humanist". Litva ədəbiyyatının
klassiki Vintsas Krevenin 1919-1920-ci illərdə Bakıda Litva
dövlətinin konsulu olaraq göstərdiyi diplomatik fəaliyyət
barədə. Vilnüs, "Lietuvos
zinios", 2014; "Keçmişin itkiləri və gələcəyin
böyük ümidləri". Akademik
Ramiz Mehdiyevin Vilnüsdə litvaca nəşr olunmuş
"Azərbaycanın keçmişdəki itkiləri və
gələcəyinin strateji görünüşü"
adlı kitabına yazılmış ön söz. Vilnüs, "Balto print" nəşriyyatı,
2015; "Silah və qələmlə Litva azadlığı
uğrunda döyüşmüş azərbaycanlı".
1945-1950-ci illərdə Litvanın müstəqilliyi
uğrunda silahlı müqavimət hərəkatı
sıralarında döyüşmüş azərbaycanlı
Litva partizanı Şakir Həsrət oğlu Sadıqovun
döyüş yolu və poetik yaradıcılığı
barədə sənədli-bədii-publisistik məqalə.
Vilnüs, "Literatura ir menas", 2015;
"Rusiyanın Qafqazda dəyişməyən siyasəti".
31 Mart Azərbaycanlıların
soyqırımı günü ilə əlaqədar
litvalı publisist və siyasi şərhçi Tomas
Çivasın apardığı müsahibə. I və II hissələr. Vilnüs,
"Bernardinai.lt", 2016; "Bakı-Vilnüs:
Azadlığa aparan yolda taleyüklü yanvar hadisələri".
Vilnüs, "Lietuvos zinios", 2017;
"Əsrlərdən bəri Litvada davam edən
türkçülük yolu". Vilnüs, "Bernardinai.lt",
2018...
Göstərilənlərə
əlavə etmək istərdik ki, M.Həmzəyev Azərbaycan
ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı,
teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə
də yazıçı və şairlər - Mirzə Cəlil,
Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl
Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli,
Anar, Xəlil Rza, Sabir Rüstəmxanlı və digərlərinin
yaradıcılığı barədə, həmçinin,
onların Litva ədəbiyyatı ilə əlaqələri
və əsərlərinin Litva dilinə tərcümələri
haqqında 25 adda ensiklopedik məqalələr hazırlayaraq
Ümumdünya Litva Ensiklopediyasının 2002, 2008, 2011 və
2012-ci illərdə çıxmış cildlərində
çap etdirib.
lll
Mahir Həmzəyevin ən dəyərli, deyərdim
ki, əvəzsiz ədəbi tədqiqatı "Kitabi-Dədə
Qorqud" Baltik xalqlarının dillərində"
(Bakı, "Mütərcim" 2017) monoqrafiyasıdır.
Kitabın elmi redaktoru və ön sözün müəllifi
AMEA vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu
monoqrafiya Azərbaycan və Baltik ölkələri ədəbiyyatşünaslığında
bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Kitaba "Kitabi-Dədə Qorqud" eposunun Litva,
latış və eston dillərinə tərcümələri
ilə əlaqədar müəllifin apardığı ədəbiyyatşünaslıq
və linqvistik araşdırmalarının orijinal nəticələri,
bu eposun öyrənilməsinə dair Estoniya və Latviya
müəlliflərinin ən mühüm mədəniyyətşünaslıq
işlərinin təhlili və qiymətləndirilməsi,
habelə adıçəkilən tərcümələrlə
əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının
rəylərinin analitik icmalı daxil edilib
Qeyd edək ki, Azərbaycan xalqının etnik və mədəni irsinin qədim abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun Baltik xalqlarının dillərində nəşr edilməsi çoxəsrlik Azərbaycan-Baltika mədəni əlaqələri tarixində parlaq beynəlxalq ədəbi-mədəni hadisədir. Monoqrafiyada göstərilən tərcümələr və araşdırmalar, Baltik xalqlarının akademik dairələrinin nümayəndələri tərəfindən bu eposun öyrənilməsi, onun eston, latış və Litva dillərində nəşrləri, habelə bu epos haqqında Baltik ölkələrində nəşr edilmiş əsərlər, heç şübhəsiz, "Kitabi-Dədə Qorqud"un dünya xalqlarının mənəvi dəyərləri xəzinəsinə daxil olmasını əks etdirən zəngin elmi salnamənin orijinal və qiymətli səhifələridr.
Akademik İ.Həbibbəyli kitaba
yazdığı "Qorqud müdrikliyi və
müasirlik" adlı ön sözdə göstərir ki,
"Dədə Qorqud" dastanlarının Baltik ölkələrindəki
"həyatı" haqqında çox az məlumatlara malik
idik. Azərbaycan diaspor hərəkatının
tanınmış nümayəndəsi, Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri Mahir Həmzəyevin "Kitabi-Dədə
Qorqud" dastanları Baltik xalqlarının dillərində" adlı tədqiqat
əsəri mövcud boşluğu aradan qaldıran, bu istiqamətdə
geniş elmi bilikləri Azərbaycan cəmiyyətinə
çatdıran qiymətli elmi-tədqiqatdır. Bu
araşdırmalarda Mahir Həmzəyev böyük zəhməti,
məsuliyyətli işi və yüksək professionallığı ilə əsl
vətəndaş-ziyalı səviyyəsində
çıxış edir. Onun axtarışları sayəsində
"Kitabi-Dədə Qorqud"un Baltik həyatı ilə
bağlı nə varsa, bütün təfərrüatları
və detalları ilə geniş ictimaiyyətə
çatdırılır. Bunlar Azərbaycan
Qorqudşünaslığının qiymətli Baltik səhifələridir.
Mahir Həmzəyev Azərbaycan Qorqudşünaslıq elminin
layiqli Baltik təmsilçisidir. Onun tədqiqatlarının
işığında "Dədə Qorqud"un Baltik "səyahəti"nin
böyük və sanballı salnaməsi yaradılır.
...Mahir Həmzəyevin "Kitabi-Dədə Qorqud" Baltik
xalqlarının dillərində" kitabı
Qorqudşünaslıq elminə sanballı töhfədir. Bu,
Azərbaycan Qorqudşünaslığına layiqli Baltik ərməğanıdır."
Hər bir xalqın tarixində elə şəxsiyyətlər olur ki, onlar nəinki yaşadığı zəmanəsinin, həm də özündən əvvəl yaşamış və sonra gələcək nəsillərin birlikdə görə biləcəyindən daha böyük, daha möhtəşəm, daha cahanşümul işlər görürlər. Belə şəxsiyyətlər haqqında deyirlər ki, o, bir əsr üçün deyil, bütün zamanlar üçündür. Təkcə elə bu "Dədə Qorqud" tədqiqatına görə Mahir Həmzəyev də belə şəxsiyyətlər qatarının müsafirlərindəndir...
Cəmiyyətin gerçək inkişafı, mənəvi saflığı, özgürlüyü o cəmiyyətdə yaşayan ziyalı nəslin, ağsaqqal və ağbirçəklərin hamıya nümunə ola biləcək davranışından çox asılıdır. Bu da akademik İsa Həbibbəylinin sözləridir: "Mahir Həmzəyevin Litvada apardığı çoxcəhətli iş və yaradıcılıq fəaliyyəti təkcə XXI əsrin diaspor nümayəndəsi üçün yox, ümumiyyətlə ziyalı üçün örnək sayılmağa layiqdir..."
525-ci qəzet 2018.- 14 noyabr.- S.7.