"Bilik Fondunun dəstəyi
ilə qarşıda görəcəyimiz işlər
çoxdur"
MƏMMƏDSƏFA QASIMOV: "MƏDƏNİYYƏTİMİZƏ, TARİXİMİZƏ, ƏDƏBİYYATIMIZA XİDMƏT EDƏN HƏR KƏS VAR OLSUN Kİ, AZƏRBAYCAN YAŞASIN"
Bu yaxınlarda Prezidentin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, "Yuğ" Teatrının aktyoru Məmmədsəfa Qasımovla həmsöhbət olduq.
Bu dəfə onun yaradıcılığı, pedaqoji fəaliyyətindən
çox, Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu ilə əməkdaşlığından
danışdıq.
Məmmədsəfa Qasımov Fondun Azərbaycan Dövlət
Pedaqoji Universiteti nəzdindəki Pedaqoji Kollecdə
yaratdığı "Mizan" Tələbə Dram Dərnəyinin
bədii rəhbəridir.
- Əvvəlcə Bilik Fondu ilə əməkdaşlığınızın
tarixindən danışaq.
- Bilik
Fondu Azərbaycanımızın iqtisadi, sosial və mədəni
həyatını, xalqımızın dilini, mənəviyyatını,
ümumilikdə azərbaycançılığı təbliğ
edən, maarifçiliyin inkişafına xidmət göstərən
bir təşkilatdır. Maarifçilik istiqamətində
böyük işlər görür ki, bunlardan biri də
"Mizan" Tələbə Dram Dərnəyinin
yaradılmasıdır. Fondun dəstəyi ilə ali məktəblərdə, kolleclərdə
dram dərnəkləri yaratmaqla həm gənclərin asudə
vaxtlarının səmərəli keçirmələrinə
şərait yaratmaq, həm də onları mədəniyyətə,
incəsənətə, mənəvi yüksəlişə
cəlb etmək istədiklərini mənə bildirəndə
canla-başla bu işə qoşulmaq istəyimi bildirdim. İlk dram dərnəyini Pedaqoji Universitetdə
yaratdıq və bu sahədə xeyli işlər
görüldü. Universitetdə dramla
maraqlanan, yaradıcılığa həvəsi olan tələbələrə
məşğələlər keçdik, özfəaliyyət
kollektivində ustad dərsləri apardıq. İndi fəaliyyətimi elə Pedaqoji Universitetin nəzdində
Pedaqoji Kollecdə davam etdirirəm. Burada gənclərin
marağını nəzərə alıb işimizi bir qədər
də genişləndirdik.
Azərbaycanda, Bakıda ən gözəl təhsil
ocaqlarından biri Pedaqoji Kollecdir. Orada təhsil alan
gənclər aktyor, rejissor olmayacaqlar, onların ixtisası
başqadır, amma mən onların ədəbiyyatımıza,
mədəniyyətimizə, kinomuza, aktyor sənətinə
olan marağını duyuram, hiss edirəm. Necə
həvəslə çalışırlar, hətta
tamaşada oynamadığına heyfislənən,
ağlayıb gedən uşaqlar da var.
- Fondun digər ixtiasaslar üzrə
təhsil alan tələbələr üçün belə
bir şərait
yaratmasını necə dəyərləndirirsiniz?
Sizcə, bu fəaliyyətin yeniyetmə və gənclərimizin
maarifləndirilməsində əhəmiyyəti nədən
ibarətdir?
-
Çox yüksək dəyələndirirəm, arzu edərdim
ki, Fondun elə imkanları olsun ki, bu dərnək tək
Pedaqoji Kollecdə yox, bizim orta məktəblərimizin, ali təhsil ocaqlarımızın
hamısında yaradılsın. Belə hesab
edirəm ki, biri var mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı
mütaliə ilə öyrənmək, biri də var ki,
peşəkarcasına səhnədə realizə edib dərk
etmək. Tələbə gənclər
üçün bu, çox önəmli addımdır.
Bilik Fondu yalnız dərnək yaratmaqla
işini bitmiş hesab etmir. Dərnək
üzvlərinin sayı getdikcə artır, çünki həm
müxtəlif əsərləri götürüb onu
mütailə edir və səhnə həllini veririk. Həm də Bilik Fondunun "Kinoklub"unun fəaliyyətindən
yararlanırıq. Tez-tez müxtəlif bədii
və sənədli filmlərə baxıb onların
müzakirəsini keçiririk. "İmzalı
görüşlər"də iştirak etməklə
yazıçı və şairlərimizlə söhbətlər,
müzakirələr keçiririk. Həm
də bunu hansısa bir ədəbiyyatı mütailədən
sonra edirik. Görün, necə əhəmiyyəti
var bu əməkdaşlığın. Deməli,
tələbələrlə birgə oxuyuruq, baxırıq,
görüşürük və hamısının da birgə
müzakirəsini keçiririk. Eyni vaxtda
mütailə, teatra, tamaşaya baxmaq, film seyr etmək və
üstəlik, səhnədə o personajları canlandırmaq
kimi vərdişlərimiz formalaşır. Bunların hamısını təbii ki, tələbələrlə
birgə etdiyimiz üçün özümü də
onlardan biri kimi görüb qatıram sıralarına. Oxuyub müzakirəsini keçirdiyimiz, səhnə
həlli verdiyimiz əsərlər ömürlük
onların yaddaşlarına həkk olunacaq. Bu bilgi sabah həyatda onlara mütləq lazım olacaq.
Bilik
Fondunda fəaliyyət göstərən "Kinoklub"un üzvləri həm "Mizan" Tələbə
Dram dərnəyindən olan gənclərdir, həm də Mədəniyyət
və İncəsənət Universitetində mənim dərs
dediyim tələbələrdir. Tələbə-aktyorlar
mütləq ən azı həftədə iki, üç
filmə baxmalı, müzakirələr aparmalı, özlərini
orada görüb təhlil etməli, kənardan müşahidə
qabiliyyətinə yiyələnməli, bu vərdişləri
özlərinə aşılamalıdırlar. Bu vərdişlər aktyor sənəti
üçün çox vacibdir. Təhsil
aldıqları universitet həmin tələbələri belə
tədbirlərə cəlb etsə, böyük irəliləyiş
olar. Mədəniyyət və İncəsənət
Universitetində bu işə xüsusi diqqət yetirilir. Fondun bu istiqamətdə fəaliyyəti də
genişdir. Bir məsələni də
qeyd edim ki, mütəmadi olaraq bizə Fond tərəfindən
kitablar verilir, kitablar tələbələr arasında
paylanır. Bunun özü çox
böyük bir diqqətdir, ən azından tələbə
gedib o kitabi öz büdcəsindən almır.
Çünki tələbədi, onun üçün bir manat
da, beş manat da böyük puldur.
"Mizan" Tələbə Dram Dərnəyinin
üzvü olan gənclərin özfəaliyyətə, mədəniyyətə
belə diqqətli yanaşıb, öhdələrinə
düşən işi məsuliyyətlə yerinə yetirmələrində
Bilik Fondunun xidməti var. Fondun doğmalıq göstərməsi
gənclərdə də eyni münasibəti
formalaşdırdı. Bizim ilk işimiz Pedaqoji Kollecdə
Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini,
görərsən ləzzətini" tamaşasını
hazırlamaq oldu. Qısa vaxtda tamaşa
hazırlandı və müxtəlif məkanlarda oynadıq həmin
tamaşanı. İkinci işimiz Mir Cəlal Paşayevin hekayələri,
ümumiyyətlə bütün külliyyatı əsasında,
"Xatirələrim" tamaşa-kompozisiyası idi.
Onun premyerasını Pedaqoji Kollecin özündə
keçirdik.
İkinci premyera Bilik Fondunun təşkilatçılığı
ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş
Cocuq Mərcanlı kəndində keçirildi. Bu tədbirin özü həm Cocuq Mərcanlı
sakinləri, həm də tamaşada oynayan tələbə-aktyorlar
üçün böyük stimul, sabaha, gələcəyə
gedən yolda işıq oldu.
Bu gün də biz fəaliyyətimizi davam etdiririk, yeni
bir tamaşaya hazırlaşırıq. Qarşıdan
böyük ədib Cəfər Cabbarlının 110 illik
yubileyi gəlir. Belə qərara gəldik
ki, məhz onun yaradıcılığına müraciət
edək. Ona görə də biz Cəfər
Cabbarlının "Solğun çiçəklər"
pyesinə müraciət etmişik, eyni tərkibli kollektivlə
məşqlərimiz davam edir. Bu
tamaşada Kollecin 3-cü kurs tələbələri
oynayacaqlar. Tamaşa yeni səpkidə
oynanılacaq, inşallah gəlib baxsanız, görərsiniz
ki, Cabbarlının "Solğun çiçəklər"inə
bu prizmadan da baxmaq olarmış.
- Tələbələrlə işləmək,
özü də aktyorluq ixtisası üzrə təhsil
almayanlarla, çətin deyilmi?
- Elə
məqamlar olur ki, aktyor-tələbələrlə işləmək
daha gözəl nəticələr verir. Çünki
aktyor-tələbələrin əksəriyyəti həvəslidir,
oynamağa, nə isə göstərməyə can
atırlar, bəzi məqamlarda isə çətin olur, biz də
onun üçün yanlarındayıq ki, həmin çətin
məqamları asanlaşdıraq. Aktyorluqda
təhsil almayan tələbələrin bu peşədən xəbərləri
yoxdur, hazırlıqsızdırlar, ani olaraq
gördüyünə təbii reaksiya verirlər, təbii də
alınır. Ona görə də nəticə
daha maraqlı olur. Aktyorluq o
uşaqların sənəti, peşəsi deyil, amma hesab edirəm
ki, onların bu işlə məşğul olması gələcək
fəaliyyətlərinə təkan verəcək. Gələcəkdə
bu gənclər körpə uşaqlarla işləyəcəklər,
kollecdə məktəbəqədər fakültə var, ev şəraitində gedib dərs keçəcək
tələbələr var, bax ona görə də uşaqla
işləmək, uşaq psixologiyasını duymaq, onlara
qayğı ilə yanaşmaq çətin və məsuliyyətli
işdir. Böyüklə işləmək
asandır, bir dəfə deyirsən anlayır, ancaq gənclərlə
işləyərkən bilməlisən ki, onlara hansı
yöndən yanaşasan. Onlara gələcəyimiz
olan uşaqlar etibar olunacaq.
- Quruluşçu rejissoru
olduğunuz tamaşanı zaldan izləyərkən
tamaşaçı kimi zövq alırsınız, yoxsa həyəcanlanırsınız?
- Mən
sizə deyim ki, "quruluşçu rejissor" ifadəsini qəbul
etmirəm. Mən heç vaxt rejissor ola
bilmərəm, rejissor ayrıca bir peşədir. Başqa bir düşüncə, özgə qabiliyyət
tələb edir. Rejissor rejissorluqdan başqa, təşkilati
işləri də gözəl bilməlidir, yəni onun
boynuna çətin bir iş düşür. Onların
üzərinə ağır yük düşür, o
yükü üzərimə götürə bilmərəm.
Mən aktyoram və bu istiqamətdə işlərimin
altından qol çəkə bilərəm. Bilmirəm cavabım qane etdi, yoxsa yox?
- Tam
yox...
- Amma əlbəttə,
tələbələrimlə işləyərkən, iş
hazır olduqdan sonra zövq alıram, elə yerlər olur ki,
razılaşmıram. Bilirsiniz, peşəkar
insanın nəyəsə sakit, təhlilsiz baxması
qeyri-mümkündür. Tamaşaçı
kimi bir filmə baxanda da aktyor kimi özlüyümdə təhlil
edirəm. Dilə gətirməsəm belə,
daxilən özümün gəldiyim nəticə, düzəlişlər
olur. Tamaşaya baxarkən də eləcə... Hətta küçədə gedərkən
müşahidə etdiklərinin təhlilini aparırsan.
Bu peşəkarlıq, adət hələ tələbələrdə
formalaşmayıb, ona görə də təbii ki,
hazırladığımız işə baxanda hələ
analiz, təhlil, yanlışları düzəltmək prosesi
gedir, zövq almaq - qarşıdadır...
- Bu əməkdaşlıqda
hansı perspektivlər var? Dərnəyin fəaliyyətini
daha geniş miqyasda həyata keçirməyi
düşünürsünüzmü?
- Mən hesab edirəm ki, bu dərnəklər
tək Kollecdə, bu və ya digər ali təhsil
ocaqlarında deyil, gənclərin təhsil aldıqları,
işlədikləri bir çox sahələrdə
yaradılmalıdır. Bunu mütləq genişləndirmək
lazımdır. Hətta çox istərdim ki,
bu işlər bölgələrə, oradakı məktəblərə
qədər gedib çıxsın. Çünki bilirəm
ki, rayon və kəndlərimizdə buna böyük ehtiyac
var. Ümumiyyətlə, ədəbiyyat, mədəniyyət
çox təsirli və canlı təbliğat vasitəsidir.
Yalnız mədəniyyət vasitəsilə insanları mədəniyyətə,
mənəvi saflığa dəvət etmək
mümkündür. Mütləq bu layihəni əhatəli
şəkildə ardıcıl genişləndirmək
lazımdır. Xüsusi ilə bu gün lazımdır, ona
görə ki, bu gün biz müharibə şəraitində
yaşayırıq. Vətənimizə, xalqımıza məhəbbət
hissini, sədaqəti ədəbiyyatımız və
teatrımızla aşılaya bilərik və bunu da ki, Bilik
Fondu öz üzərinə götürərək, yüksək
səviyyədə yerinə yetirməkdədir. Yeri gəlmişkən,
Bilik Fondunun rəhbərliyinə və əməkdaşlarına
bu layihəni ərsəyə gətirdiklərinə görə
təşəkkür edirəm. Kollecin rəhbərliyinə
də yaradılan şəraitə görə minnətdaram.
Bilik Fondundan layihənin koordinatoru Ramilə Qurbanlı, Kollecdən
Nigar xanım çəkdikləri zəhmət və göstərdikləri
qayğı ilə hər zaman bizimlə olsunlar. Bilik Fondunun dəstəyi
ilə qarşıda görəcəyimiz işlər
çoxdur. Perspektiv planları hələlik sirr
saxlayırıq. Mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza
xidmət edən hər kəs var olsun ki, Azərbaycan
yaşasın!
Könül
QARAYEVA
525-ci qəzet 2018.- 15 noyabr.- S.8.