Nur üzlü
insan
Dünya bir pəncərədir, hər
gələn baxar gedər, - deyib babalarımız. Hər gələn baxırmı
bu pəncərədən?
Zənnimcə, yox.
Könlünün qapısını, pəncərəsini
bağlı saxlayıb
heç kəsə baxmayan, heç kimi o qapıdan, pəncərədən içəri
buraxmayan o qədər
adamlar var ki... Amma nə
xoş ki, evinin-eşiyinin, ən əsası da könlünün qapı-pəncərəsini
insanların üzünə
açan, dünya evinin pəncərəsindən
hər kəsin üzünə şəfqətlə,
mərhəmətlə baxan
nur üzlü insanlar da var. Dünya da elə
bu insanlara görə yaşamını
davam etdirir, insanlar da bu
cür insanlara görə yaşamaq istəyir bu gəlimli-gedimli dünyada.
Azərbaycanın görkəmli ziyalısı,
Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının yetirməsi, ustadlar ustadı Dədə Şəmşirin yadigarı,
bu günlərdə şərəflə yaşadığı
ömrünün səksən
beşinci aşırımına
qədəm qoyan Qənbər Şəmşiroğlu
belə nur üzlü insanlardandır.
Böyük bir elin ağsaqqalı, yol göstərəni olan Qənbər Şəmşiroğlu
ömrün səksən
beşində də gənclik həvəsi, gənclik ruhu ilə yazıb-yaradır,
ictimai fəaliyyətini
davam etdirir. Qənbər
Şəmşiroğlu öz
ziyalılığı, xalqına,
Vətəninə bağlılığı,
dövlətçiliyə sədaqəti ilə bu gün çoxları
üçün bir nümunədir.
Qənbər Şəmşiroğlu ömrün
bu məqamına tanınmış şair,
yazıçı, publisist
kimi gəlib. O, istər
bir şair kimi şeirləri, istər bir nasir kimi roman, povest və hekayələri, istərsə
də publisist kimi oxunaqlı məqalələri ilə
usta qələm sahibi kimi adını
ədəbiyyat tariximizə
həkk eləyib. Miskin Abdalın, Ağdabanlı şair Qurbanın bulağından,
Ustad Dədə Şəmşirin əlindən
su içmiş, şeir-sənət məbədində
böyümüş bir
insanın ömrünü
şeirə, sözə
verməsi əslində,
çox təbiidir. Qənbər
Şəmşiroğlu şeir
yazmaqla mənsub olduğu ünvana bağlılığını, sadiqliyini uca səslə - poeziyanın
dili ilə bəyan edir. Aşağıdakı misralar
onun soy-kökünə,
tarixin o başından,
yüzilliklərin dərinliklərindən
yön alıb gəldiyi ünvanına bağlılığın poetik
ifadəsidir:
Ulu babam Miskin Abdal,
Qurban böyük dərya-kamal,
"Şəmşiroğlu" - deyib
hər hal:
Ünvanımı gəzdirirəm!
Ünvanımı gəzdirirəm.
Qənbər Şəmşiroğlu sənətkarlar nəslinə
mənsub olub, ustad ailəsində doğulmaqla yanaşı,
Kəlbəcər kimi
şeir-sənət məbədi
olan bir məmləkətdə dünyaya
gəlib və bu əzəmətli dağlarda, quşqonmaz zirvələrdə, Səməd
Vurğunun vəsf etdiyi "kəklikli daşların" cazibəsində
şair olmamaq, şeir yazmamaq mümkün deyil. Doğulduğu, boya-başa
çatdığı mühitin,
eləcə də təbiətin yaradıcı
insana təsiri şəksizdir və bu mənada Qənbər Şəmşiroğlunu
da nəsil şəcərəsindən gələn
ilahi təb, Dədə Şəmşirdən
aldığı ustad
dərsləri ilə
yanaşı, Dədə
Ələsgərin dediyi
kimi, "xeyri də, şəri də yaxşı olan" Kəlbəcər
mühiti və əsrarəngiz Kəlbəcər
təbiəti şair
etmişdir. Qənbər
müəllim özü
də bunu şeirlərində ustalıqla
ifadə edir:
Bizə
şair deməsinlər,
Kəlbəcər özü şairdi.
Sərt
qayası, uca dağı,
Dərəsi, düzü şairdi.
Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin
ənənələrindən fərqləndirən bir cəhət də var. Bu ailədə, bu mühitdə çoxları
şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri
- roman, povest və hekayələr də yazır. Müəllifin
"Tale oxşarlığı" kitabında yer almış "Bir gözəlin taleyi",
"Adam kimi ölməyib",
"Bütövləşmək istədim", "Qızlardan
muğayat olun" povestləri və hekayə janrında qələmə aldığı
əsərləri özünün
orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq
həyatının ədəbiyyata
gətirilməsi baxımından
olduqca maraqlıdır.
Ümumiyyətlə, onun əsərləri
kəlbəcərlilərin həyat tərzini, folklorunu, Kəlbəcər
tarixinin böyük bir dövrünün salnaməsini özündə
əks etdirir. Kəlbəcər onun həyat
tərzi, içdiyi su, udduğu havadır. Elə təsadüfi deyil ki, Qənbər Şəmşiroğlu publisistik
üslubda yazdığı
kitabını "Kəlbəcər:
ömrüm, həyatım"
adlandırıb. Həmin
kitabda Kəlbəcərin
adət-ənənənələri, toponomikası, zəngin
fauna və florası öz əksini tapmışdır. Bu kitab bütövlükdə
Kəlbəcərin tarixini
öyrənmək üçün
zəngin və əvəzsiz bir mənbədir.
Qənbər Şəmşiroğlunun ən
böyük mənəvi
keyfiyyətlərindən biri
və birincisi insanlara yaxşılıq
etməsi, doğru yol göstərməsi, savab əməllərin sahibi olmasıdır. Məhz bu
mənəvi keyfiyyətlərinə,
özünəməxsus xarakterinə
görə böyük
bir el, mahal onu özünə ağsaqqal hesab edir. Azərbaycan kinematoqrafiyasının qızıl
fonduna daxil olmuş "Axırıncı
aşırım" filmində
Abbasqulu bəy Şadlinskinin Kərbəlayi
ilə görüşmək
üçün Qarabağlara
gəlməsi səhnəsində
maraqlı bir məqam var. Yol kənarından, evlərin
doqqazından boylanan insanlar Abbasqulu bəy haqqında deyirlər: "Həmişə
dar gündə bu kişi bizim
köməyimiz olub".
Kəlbəcərin xeyir-şər məclislərində
insanlar bu səhnəni dəfələrlə
görüblər. Kəlbəcərlilərin
ağsaqqalı olan Qənbər Şəmşiroğlu
hansı məclisə
gəlirsə, insanlar
Qənbər müəllim
tərəfə boylanır
və: "Həmişə
dar gündə bu kişi bizim
köməyimiz olub"
- sözlərini deyirlər.
Əminliklə söyləmək olar ki bu,
hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Və bir
insanın Süleymana
qalmayan dünyada əldə etdiyi ən böyük qazanc da elə
budur. Ən mühümü də odur ki,
Qənbər Şəmşiroğlu
bütün bu yaxşılıqları təmənnasız
edir. Bu əxlaq isə ona yaşadığı
həyat tərzindən,
mənsub olduğu
soy-kökdən, atası
Dədə Şəmşirdən,
babası şair Qurbandan, ulu babası Miskin Abdaldan keçibdir.
Qənbər müəllimdən isə bu həyat
tərzini başda Cavid müəllim olmaqla bütün övladları öyrəniblər.
Səksən beş yaşını haqlayan Qənbər Şəmşiroğluna
ömrünün bu müdrik çağında
Ulu Tanrıdan uzun və sağlam
ömür diləyirəm.
85 yaşınız mübarək,
aqibətiniz xeyir olsun, əziz Qənbər müəllim!
Ələmdar CABBARLI
Filologiya üzrə fəlsəfə
doktoru, Bakı Dövlət Universitetinin dosenti
525-ci qəzet 2018.- 15 noyabr.- S.7.