Klassik
publisistika irsimizdən: "Molla Nəsrəddin"in
"Hesab məsələləri"
"Molla Nəsrəddin" mühiti, mövcud cəmiyyətdəki
neqativ hallar jurnalın yeni ədəbi forma və janrlardan
istifadə etməsini gündəmə gətirmiş və
bu dinamik, mütəhərrik janrlar oxucu ilə mollanəsrəddinçilərin
əsl ünsiyyət vasitəsinə çevrilmişdir.
Akademik
İsa Həbibbəyli yazır: "Molla Nəsrəddin"
dövrü ədəbiyyatında satiranın imkanları və
hüdudları genişlənərək,
demək olar ki, ədəbi növlərin hamısında
yazılan əsərlərin böyük əksəriyyətini
əhatə etmişdir. Bütövlükdə
ədəbiyyat müəyyən satirikləşmə prosesi
keçmişdir... bədii gülüş sanki
bütövlükdə sənət aləminə səpələnmişdir.
Bununla belə, mollanəsrəddinçi
yazıçıların ədəbi-publisistik
yaradıcılığında satiranın özünəməxsus
janrları da ərsəyə gəlmişdir. Buraya əsasən
aşağıdakıları aid etmək olar: bəhri-təvil,
alleqoriya, taziyanə, parodiya, pamflet, felyeton, poçt qutusu,
atalar sözü, lüğət, elan, tapmaca, xəbər,
hesabat, müsahibə, resenziya və s. Bu yolla forma və məzmunca
bir-birinə yaxın olan yeni tipli janrlar qrupu əmələ gəlmişdir"
(İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri. Naxçıvan,
"Əcəmi", 2009, səh. 353.). Əlbəttə,
bu "janrlar qrupu" içərisində jurnalda
mühüm əhəmiyyət kəsb edən "Hesab məsələləri"
və "Sual-cavablar"ın da müstəsna rolu
vardır.
Mollanəsrəddinçilər cəmiyyətdə
hökm sürən ictimai-siyasi, sosial ədalətsizliklərin
son həddə çatdığını göstərmək
üçün belə bir ədəbi priyomdan istifadə
etmişlər.
C.Məmmədquluzadə
"Təzə təlim kitabı" felyetonunda "Hesab məsələləri"nin hansı zərurətdən
yarandığını şərh edərək yazır:
"Məlum şeydir ki, məktəblərdə təzə
üsulla dərs vermək üçün kitablar azdır. Bu
səbəbdən millət, vətən adına
bir qulluq eləmək niyyəti ilə yoldaşlarım
Mozalan, Hop-hop, Lağlağı və Hərdəmxəyalla
hümmət edib və köməkləşib bir hesab
kitabı cəm etmək fikrinə düşdük"
("Molla Nəsrəddin". 1906, ¹10, səh.6). Felyetonda
yazıçı satirik şəkildə on səkkiz hesab məsələsi
verir və oxucunun diqqətini sətiraltı eyhamlarla əsas
məqamlara yönəldir:
1. Molla dərs
verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni
uşaq iki ay oxuyur. Nə müddətdə
uşaq həmin kitabı qurtara bilər?
2. Molla
bir uşağın ayaqlarını fələqqəyə
qoyanda on bir çubuq sındırır. Yeddi
uşağa nə qədər çubuq gərək hazır
edə?
3. Müsəlman
uşağı dörd il rus dərsi
oxuyub evinə qayıdanda anası ilə rusca
danışır. Bu hesabla cavan on dörd il
oxuyandan sonra nə dildə danışacaq?
Riyazi məsələlərdə ilk baxışdan
şagirdlərin zehni qabiliyyətini, idrak fəallığını
aşkara çıxarmaq fonu yaradılsa da, əslində,
müəllifin gizlin məqsədi başqa mətləbləri
üzə çıxarır. Mollaxanalarda
keçirilən dərslərin keyfiyyətsizliyi, uşaqlara
heç bir elm verə bilməyəcəyi, şagirdlərə
qarşı qeyri-insani münasibətlər, fiziki cəza tədbirləri
hesab məsələlərinin sadəcə bir ədəbi
priyom olduğunu göstərir, satirik ittihamı kəskinləşdirir.
Ana dilinə ögey münasibət bəsləyənlər
də mollalarla birlikdə tənqid obyektinə çevrilirlər.
Jurnalda silsilə şəklində yer tutan "Hesab məsələləri"
mövzu rəngarəngliyi ilə də seçilirdi. Fəhlə-kapitalist
qarşıdurması, müəllim-şagird münasibətləri,
Dövlət dumasındakı qanunsuzluqlar, türkdilli
xalqların hüquqlarının pozulması kimi mənfi
hallar bu rubrikanın əsas leytmotivini təşkil edirdi.
"Molla
Nəsrəddin" çar kazaklarının qanlı əlləri
ilə Bakı neft mədənlərində fəhlələrin
vəhşicəsinə qırdırılmasının
hesabını satirik şəkildə oxuculara
çatdırırdı: "Balaxanıda Talışxanov fəhlənin
hər birinə üç yumruq və 17 qəpik muzd verir...
bu hesab ilə dörd min fəhləyə gündə nə
qədər muzd gərək verilə?" Əlbəttə,
haqqı, hüququ tapdanan kasıb təbəqənin hakim dairələr,
dövlətlilər tərəfindən mənəvi və
fiziki təhqirlərə məruz qalması heç bir hesaba
sığan deyil və bunun hesablanmasına da ehtiyac yoxdur.
Bu, oxucunun diqqətini baş vermiş hadisəyə
və onu törədənlərə yönəltmək məqsədi
daşıyırdı.
"Hesab
məsələləri" çar dumasının xalqın
mənafeyinə zidd olan qanunlar qəbul etməsini pisləyir
və əslində, dumanın mövcud quruluşun əlində
bir oyuncağa çevrildiyini, hüquqlarının məhdudlaşdırılaraq
asılı bir vəziyyətə düşdüyünü
tənqid edərək kinayə ilə yazırdı:
"Rusiyada camaat vəkilləri iki aydır
çalışıb bir iş görə bilmirlər,
bu hesabla on iki il çalışsalar, nə qədər
iş görə bilərlər?"
Bu məsələlərdə dumanın xalqa zidd fəaliyyətinin
səbəbləri də
aydınlaşdırılırdı. Vəkillərin xalq tərəfindən
seçilməməsi "Bakı şəhərindən və
quberniyasından Dövlət dumasına intixab olunan üzvlərin"
"tərcümeyi-hallarından" bəhs etməsi vasitəsi
ilə həqiqəti oxuculara çatdırır, vəkillərin
məsləkləri, əməlləri təhlil edilirdi.
"Hesab
məsələləri"ndə kəndlilərin
başına gətirilən işgəncələr, onlardan
alınan hədsiz-hesabsız vergilər, rüşvətlər
də geniş təhlil olunur və tənqidə məruz qalırdı:
"Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini
verir mülkədara, on hissəsini verir molla və dərvişə,
on hissəsini də qlava və pristava rüşvət və
divan xərci... Əkinçinin özünə
nə qədər buğda qaldı?" ("Molla Nəsrəddin"in
hesab məsələləri. 1906, ¹12, səh.6 ).
"Molla
Nəsrəddin"də dərc olunan bu mövzulu "Hesab məsələləri"ndə
min bir əziyyətlə əldə etdiyi məhsulun mülkədarlar,
bəylər, xanlar tərəfindən mənimsənilən
kəndlinin acınacaqlı həyat tərzi satirik bir dillə
geniş oxucu auditoriyasına çatdırılırdı.
Çar Rusiyasının məqsədli şəkildə
türk xalqlarını ruslaşdırma siyasəti jurnalda
birmənalı olaraq, kinayə ilə qarşılanır və
qəzəblə qamçılanırdı. "Hesab məsələləri"
bu təxirəsalınmaz işlərə öz kəskin
münasibətini bildirərək yazırdı: "Hər
il Rusiyadan Türküstana, qırğız və kazak yerlərinə
bir milyon rus xaxolu hicrət etdirilir və hər il türkləri
ruslaşdırmağa on milyon manat xərc edilir. Bu hesabla neçə il sonra qırğız və
kazak türkləri təmamən məhv olunarlar və bu
uğurda neçə milyon camaat pulu xərc edilmiş olar?"
("Molla Nəsrəddin", 1909, ¹7, səh.5).
"Molla Nəsrəddin" jurnalında ilk
baxışda məişət mövzuları təsiri
bağışlayan məsələlərin arxasında ciddi
xarakterli böyük sosioloji problemlər dayanırdı. Jurnal
günün vacib, aktual problemlərini bu ədəbi formalarda
gerçəkləşdirərək geniş oxucu
auditoriyasına çatdırır və onların həlli
yollarını göstərirdi.
Sual-cavablar "Molla Nəsrəddin"də geniş
yayılmış janrlardandır. Jurnalda dərc olunan
sualların əksəriyyəti ciddi xarakterli idi. Cavablar isə daha çox satirik məzmunlu, tənqidi
ruhlu və ibrətamiz səciyyə daşıyırdı.
Mövcud cəmiyyətdəki problemlərin
çoxluğu saysız-hesabsız sualların ortaya
çıxmasına rəvac verirdi. Jurnalın
yayıldığı yaxın-uzaq ölkələrdən,
şəhərlərdən və kəndlərdən
göndərilən minlərlə suallar "Molla Nəsrəddin"də
ayrıca rubrikada və yaxud digər janrlı yazılarda əksini
tapırdı. Jurnala ünvanlanan suallar məzmunca
rəngarəng və zəngin olurdu. Orada əsasən,
ictimai-siyasi, sosial, mətbuat, dil, ailə-məişət və
s. problemlərlə bağlı məsələlər əksini
tapırdı. Məsələn: "Sual: Mən cavanlıqda
çox nadinc idim. Hər gün evdən,
anbardan bir şey oğurlayıb satıb xərc edirdim. Axırda atam və qardaşım ikisi söz bir edib
mənim hissəmi də özümə verib özlərindən
ayırdılar. İki ildə mənə
verdiklərini yeyib qurtarmışam, indi nə qədər
çalışıram məni özlərinə yaxın
qoymurlar. Mən nə vasitə ilə yenə
atam və qardaşımın hesabına yaşaya bilərəm?"
"Molla Nəsrəddin"in cəmiyyət
üçün yararsız olan, ailə tərbiyəsindən
və mənəvi-əxlaqi dəyərlərdən uzaq olan
insana cavabı təbii ki, ciddi deyil, satirik ittiham kimi səslənir,
sarkazmı şiddətləndirir.
"Cavab:
- Bu çox asan bir işdir. Müsəlman
deyilsənmi? Hərəsinin başına
bir güllə vur, get rahatca varlarına sahib ol!"
("Molla Nəsrəddin", 1928, ¹4, səh.3).
Bəzən sual-cavablar iki şəxsin dialoqu şəklində
qurulur, forma və məzmunca tapmacalara oxşayırdı. Məsələn:
"S- O
hansı müttəhid nümunə məktəbidir ki,
müdavimlərinin 50 faizi nişanlı ola?
C- Ordubad
müttəhid nümunə məktəbidir.
Məsələn:
S- O hansı dairə icraiyyə komitəsi hesabdarıdır
ki, işçilərinin maaş
parasını təxirə sala və 3-4 aylarla işçilərinə
oruc tutdura?
C- Bu
iş Ordubaddan başqa heç yerdə ola bilməz"
("Molla Nəsrəddin", 1929, ¹13, səh.5
).
"Molla Nəsrəddin"də
dərc olunan suallara bəzən yerindəcə cavablar verilir,
bəzən növbəti saylarda cavablandırılır, bəzi
hallarda isə cavabsız buraxılırdı. Suallar əksər vaxtlarda konkret ünvanlı olur,
problemin baş verdiyi şəhər, kənd, qəsəbə,
məktəb, idarə və təşkilatların adları
göstərilirdi. Məsələn: "Molla əmi! Bizim Cəbrayıl qəzasına baş idarəmizdən
sual vərəqləri doldurmalıdırlar. Lakin bu vərəqədə bir neçə sual var
ki, biz onlara cavab verməkdə aciz qalmışıq.
Məsələn:
1-ci- Türklük əsası?
2-ci- Anadan doğulmağın əsası?
Bu iki sualın cavabını bizə yazıb göndərmənizi
rica edirik.
İmza: Müşkülata Uğurlayan" ("Molla Nəsrəddin",
1927, ¹40, səh.7).
Sualdan aydın olur ki, burada problem ana dili məsələsi
ilə bağlıdır. Jurnal anlaşılmaz,
lüzumsuz suallar qarşısında qalan insana özünəməxsus
şəkildə cavab verir. Baş idarələrin
tərcümə işlərilə yüklənmiş
mütərcimlərə Allah insaf versin.
Sual-cavabların bir xeyli hissəsi jurnalın özü
ilə mollanəsrəddinçilərlə, müxbirlərlə
və b. ilə bağlı olurdu. Jurnalın
ayrı-ayrı bölgələr üzrə müxbirlərinin
müxtəlif mövzuda göndərdikləri yazılar
"Molla Nəsrəddin"in tələblərinə cavab
verdikdə çap olunurdu. Buna görə
də idarə məqalə müəlliflərinə cavab
yazaraq bildirirdi ki, "İdarəmizə gələn məktub
və məqalələrin miqdarı o dərəcədə
artıq olur ki, onların cümləsini istifadə edə bilmirik.
Bu səbəbdən cəmi məqalə yazan yoldaşlara məlum
edirik ki, bundan sonra on sətirdən
artıq olan məktub və məqalələri oxumayıb kənara
qoyacayıq" ("Molla Nəsrəddin", 1927, ¹42,səh.
7 ).
Suallarda "Molla Nəsrəddin" bəzən
qınaq obyektinə çevrilir, xüsusilə də
redaksiyaya göndərilən yazılar dərc olunmadıqda məktub
sahibləri idarəyə məzəmmət dolu məktublar
ünvanlayırdılar. Bunlar "Cavablar"da daha aydın şəkildə
görünürdü: "Lənkərandan yazıb bizdən
şikayət edirsiniz ki, guya bizim "Molla Nəsrəddin"
idarəsinin səbəti o qədər dərindir ki, gələn
məktublar içinə düşüb daha
çıxmır. Doğrudur, bizim səbətimiz
dərindir, amma Lənkəran İnşaat İttifaqı
şöbəsinin səbəti bizim səbətdən də
dərindir. Gedən ərizələrin xəbərləri
o biri dünyadan gəlir" ("Molla Nəsrəddin", 1925,
¹17, səh.9).
İdarənin satirik cavabında həm də
dolayısı ilə başqa bir təşkilatın işə
məsuliyyətsizliyi də tənqid obyektinə çevrilir. Satirik
gülüşün içərisindəki ciddi fikir, əsas
mətləb öz ünvanına çatdırılır.
C.Məmmədquluzadə ayrı-ayrı mətbuat
orqanlarına, şair və yazıçılara sərbəstlik,
azadlıq verilməsinin tərəfdarı idi. Buna görə də
"Cavabımız" adlı məqaləsində
yazırdı: "Hərənin bir etiqadı var, hər cəridənin
bir məsləki var, hər yazıçının bir mətləbi
var; yoxsa bu işlər bihudə deyil, heç bir şairə
demək olmaz - elə yazma, belə yaz; heç bir cəridə
sahibinə demək olmaz- məsləkini çöndər,
heç bir fikir sahibinə demək olmaz ki,
qandığını at, mən qandığımı
tut" ("Molla Nəsrəddin", 1910, ¹44).
"Molla Nəsrəddin"lə bağlı
yazılar həm Azərbaycanda, həm də xarici ölkələrdə
dərc olunan mətbuat orqanlarında geniş yer tuturdu. Jurnal onunla
bağlı yazılara, suallara da cavablar verirdi.
"Kommunist"
qəzetinin 4 sentyabr 204-cü sayında "Tənqidçi"
imzası ilə yazan müəllifə jurnal cavab verərək
yazır: "Tənqidçi deyir ki: "Molla Nəsrəddin"in
indiyə qədər müəyyən bir tipi
olmamışdır. Ya bezbojnik olmalı, yainki
siyasi-ictimai bir məzhəkə olmalıdır".
Burada
"tənqidçi" yoldaşımız bir az da məhəlli şəraiti nəzərə
alsaydı və "Molla Nəsrəddin"in harada
çıxdığını xəyalına gətirsəydi,
bezbojnik sözünü ortalığa çəkməzdi...
"Molla Nəsrəddin" bezbojnik deyildir və olmaq da istəməyir"
("Molla Nəsrəddin", 1925, ¹38, səh.11)
Redaksiya bu cavabı ilə "Allahsız" adı
altında nəşrinə etiraz edir. Bu cavab ciddi
xarakterlidir.
Jurnalda dini mövzuda ünvanlanmış suallara
istehzalı, eyhamlı cavablar da yer almışdır. "Məsələn:
"Mənim türkcə savadım yoxdur. Özüm
də Məhərrəmdə məscidlərdə sinəzən
deməyi nəzr eləmişəm. Sinəzənləri
rus dilində və yeni əlifba ilə yaza bilərəm, ya
yox?" ("Molla Nəsrəddin", 1924, ¹8, səh.3).
Cavab:
"Hər kəs adını əcnəbi dillərdə
yazsa, mütləq kafirdir. Tövbəsi də qəbul
olunmayacaqdır". (yenə orada).
"Molla
Nəsrəddin"də abunə yazılışı ilə
bağlı yumoristik cavablar da diqqəti cəlb edir:
"Ağdamda "X" imzası ilə məqalə
yazana - Yazırsan ki, mən ölüm bunu çap edin. Biz də
deyirik: mən ölüm "Molla Nəsrəddin"ə
yazılgilən" ("Molla Nəsrəddin", 1928, ¹2, səh.6).
Jurnalda ölkə hüdudlarından kənarda
yaşayanlara verilən cavablar da öz əksini
tapırdı.
Belə cavablar da əsasən, jurnalın ənənəsinə
uyğun olaraq satirik tərzdə, tənqidi ruhda idi. Məsələn:
"Təbrizdə Sürxablıya: Məhəmmədəli
şahdan yana başın sağ olsun.
Qalanlarına da Allah qismət eləsin" ("Molla Nəsrəddin",
1925, ¹38, səh.11)
Jurnalda geniş yer tutan sual-cavab üslubu hətta satirik
parodiyada da öz əksini tapmışdır. M.Ə.Sabir,
Ə.Nəzmi, Ə.Razi və başqa mollanəsrəddinçilərin
yaradıcılığında sual-cavab şəkilli
satiralara rast gəlinir. Məsələn: jurnalda
"Keyfsiz" imzası ilə dərc olunan
"Gimnaziyada" (Molla və şagirdlər) şeiri də
bu üslubdadır:
Molla - Keçən ustadınız əla
idi, ya mən, balalar?
- Bilmirik
biz hələ əmmamənin altında nə var.
- O sizin fikrü əxlaqınızı
pozdumu ya?
-
Xeyr, o pozmadı, şimdi pozacaqdır bu əba ("Molla Nəsrəddin",
1908, ¹51, səh.5).
Gülbəniz
BABAYEVA
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-2018.-15 noyabr.-S.7.