Görünməz
körpülərin Mahir memarı
(İkinci məqalə)
MAHİR
HƏMZƏYEVİN 60 YAŞINA
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
Ədəbi-mədəni,
ictimai xadim Mahir Həmzəyevin
yaradıcılığında fikir və ruh yüksəkliyi,
millətin və dövlətin gələcəyini
düşünərək fəaliyyət göstərmək,
onu tanımayanlara tanıtmaq, xalqları qovuşduran nöqtələri
axtarmaq və tapmaq coşqusu, sözünün və fikrinin
ictimai məsuliyyətini bilmək, milli-mənəvi
gücündən istifadə etmək bacarığı
üstünlük təşkil edir...
M.Həmzəyev Baltik ölkələrinin coğrafi məkanında
Qərbin fikir sahiblərini maraqlandıran mövzuların
genişliyindən və dəyərindən yaxşı xəbərdardır. Onun Baltik
ölkələrində mübarizə apardığı
başqa bir cəbhə kor-koranə Avropa vurğunluğudur.
Qarışıq və qloballaşan dünyanın sabitlik
adalarından olan, insanlığın, ədalətin,
demokratiyanın gələcəyinə ümidlərimizi
artıran Avropadan öyrənməyə üstünlük
verir, amma ona heyranlıqla, hətta qul itaətkarlığı
ilə kopyalayıb yamsılamağa, milli-mənəvi dəyərləri
unudaraq şəxsi xeyirlərinə, maddi
çıxarlarına uyaraq təzim etmək səviyyəsinə
yenənlərə qarşı çıxır...
O, belə
bir şəraitdə öz yaradıcılıq
imkanlarından maksimum istifadə yolu ilə ortaq mədəniyyət
mühiti yaratmağa çalışır - Baltik ölkələri
və Azərbaycan ortaq mədəniyyət mühiti! Və
yaxşı bilir ki, siyasi iddialar, qazanc ehtirasları, digər
hərisliklər - insanlığın böyük dəyərlərini
parçalamağa yönələnlər mədəni və
mənəvi münasibətlər sferasına həmişə
zərər gətiriblər...
Mahir məsafəcə uzaq olan, hətta eyni və ya
oxşar etnik məkanda olmayan xalqlar arasında da mənəvi,
mədəni, ədəbi, tarixi bağlar axtarıb tapır,
vəcdlə təbliğ edir və bütün bunları
insanlığın ortaq sərvəti kimi qəbul edir. Mahir gözəl dərk
edir ki, biz hamımız həm də ortaq ümumdünya mədəniyyətinin
yetirmələriyik və bu mədəniyyətlər
arasında sarsılmaz körpü yaratmaq bəşəri mədəniyyətə
xidmətdir... Və qürurla deyə bilərik ki, belə
körpünün memarlarından biri də həmyerlimiz Mahir
Həmzəyevdir...
lll
Vətəndaş
ziyalı Mahir çox gözəl bilir ki, biz dünyanın
indiki çağda Azərbaycandan daha çox tanınan,
geniş miqyasda dəstəklənən, dini mənsubiyyətini
hər yerdə həyasızlıqla haqqın, ədalətin
başına çıxaran, bundan əlavə, həm də
fəndkirliklə çalışqan, hiyləgərlikdə
zirək, gözə girməyi bacaran, murdar və riyakar, məkrli,
türkə qarşı qəddar bir düşmənlə
üz-üzəyik və bu düşmənin Pribaltika
yaxasındakı riyakarlıqlarına qarşı əzmlə,
fədakarlıqla, faktın təkzibedilməz məntiqi ilə
mübarizə aparır və bu mübarizədə
sanballı ictimai xadim nüfuzu qazanır...
M.Həmzəyevin
Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi ilə
bağlı təbliğat savaşı cəbhəsində
indiyədək Litva mediasında davamlı surətdə apardığı
mübarizə, bu ölkədə ermənilərin təbliğat
monopoliyasının dağıdılması istiqamətində
göstərdiyi mühüm xidmətlər və ictimaiyyəti
maarifləndirmə sahəsində gördüyü əvəzsiz
işlər də ədəbi fəaliyyəti qədər əhəmiyyətli
və qiymətlidir. O, Azərbaycan, Qarabağ həqiqətlərini
təkcə Litvada və Avropada yaymır, həm də Litvada
erməni diasporu ilə üzbəüz səngərlərdə
döyüşür və ölkənin Parlamentində fəaliyyət
göstərən ermənipərəst qüvvələrin
pozuculuq əməllərinə qarşı qətiyyətlə
çıxır, onların Qarabağla bağlı
yalanlarını tarixi faktlar, elmi ümumiləşdirmələr
və geosiyasi konsepsiyalarla əsaslandırılmış
şəkildə darmadağın edir. Bu istiqamətdə
də onun onlarca məqaləsi işıq üzü
görüb. Ümumiyyətlə, M.Həmzəyev
Qarabağ münaqişəsi, Quba soyqırımı və
Xocalı qətliamı mövzusunda 100-ə yaxın tarixi,
analitik, polemik və siyasi-publisistik məqalələrin,
icmalların, xəbərlərin müəllifidir...
Həmçinin,
Milli qeyrət simvoluna dönmüş
soydaşımızın Qarabağ münaqişəsi ilə
bağlı Litva Seyminə, Prezidentinə, Baş nazirinə və
Xarici işlər nazirliyinə ünvanladığı məktublar,
Cəmiyyətin sədri kimi verdiyi müxtəlif bəyanatlar
və etiraz müraciətləri müasir Azərbaycan
gerçəkliyi və soyqırım həqiqətlərinin
yayılmasında, dərk olunub qəbul edilməsində
çox mühüm əhəmiyyət kəsb edir.
Üst-üstə bu qəbildən olan materialların sayı
50-dən çoxdur!
Bu məqamda
dəyərli bir faktı da xatırlamalı olduq: Mahir Həmzəyev
fədakar vətəndaşlıq amalı ilə 1990-cı
il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin
birində gizli şəraitdə Azər Qasımzadə ilə
birgə rus dilində 10 min nüsxədən ibarət
"Aqressiə" ("Təcavüz") adlı sənədli
kitabça çap etdirərək Litva, Latviya, Estoniya,
Belorus, Ukrayna, Rusiya, Polşa və Azərbaycanda
yayımlayıb. Bununla bağlı Bakı
şəhərinin hərbi komendantı general-leytenant B.K.
Smıslovun göstərişi ilə 1990-1991-ci illərdə
axtarışda olub (Bax: Bakı, "Kommunist" qəzeti, 14
mart 1990-cı il, ¹ 54).
lll
Gəlin
unutmayaq ki, ədəbi əlaqələr xoş əməlli
"bumeranq effekti" yaradır, yaxşı nəyi
ötürürsə, daha da yaxşı olub üstünə
qayıdır... Mahir hər iki xalqın lap qədimlərdən
olan, lakin az qala unudulan, yaxud arxivlərin gizlinclərində
qalan, tarixən yaranmış ədəbi, mədəni,
ictimai-siyasi əlaqələrə aid faktları üzə
çıxarır, onlara yenidən can verərək
böyük bir mədəniyyət silsiləsi yaradır ki,
bu da xalqların ədəbi-mədəni birliyinə və
daha yaxından qarşılıqlı anlaşmasına xidmət
edir...
Apardığımız incələmələrdən
məlum oldu ki, onun yaradıcılığındakı bu
yönümlü işlərin böyük bir qismi (122-dən
çox) Azərbaycan mətbuatında nəşr olunaraq ən
müxtəlif media orqanlarında və nəşriyyatlarda
yayımlanıb. Bunlardan bəzilərini xatılrlamaq yerinə
düşərdi:
"İlk addım". Səməd Vurğunun
1980-ci ildə Vilnüsdə litvaca buraxılmış
"Şərqin qapısı" şeirlər toplusu barədə
resenziya. "Ədəbiyyat və incəsənət",
1980; "Kitabi-Dədə Qorqud Litva dilində". 1978-ci ildə Vilnüsdə litvaca nəşr
edilmiş Dədə Qorqud dastanlarının tərcüməsi
barədə resenziya. "Elm və həyat",
1984; Litva xalq şairi Alfonsas Maldonisin
yaradıcılığı barədə məqalə.
"Ulduz", 1985; "Böyük şairə
ehtiramla". Səməd Vurğunun Litva ədəbiyyatı
ilə əlaqələri, əsərlərinin Litva dilinə
tərcüməsi və litvalı rəssam - kiçik
qrafika ustası Alfonsas Çepauskasın S. Vurğunun 80 illik
yubileyinə həsr edib yaratdığı ekslibrislər
haqqında məqalə. "Azərbaycan
gəncləri", 1986; "Azərbaycan-Litva əlaqələri
dərin tarixi köklərə əsaslanır". 1909-1920-ci illərdə Azərbaycan-Litva ictimai-siyasi
əlaqələri və 1918-1920-ci illərdə müstəqil
Litva-Azərbaycan dövlətlərarası münasibətləri
barədə elmi-publisistik məqalə. Dövlət
qəzeti "Azərbaycan", 2001; "Litva ədəbiyyatı".
XX əsrin 1-ci rübündə Litva-Azərbaycan
ədəbi və mədəni əlaqələri barədə
məqalə. "Ulduz", 2006; "Azərbaycanın
böyük və səmimi dostu". Litva ədəbiyyatının
klassiki V.Krevenin 125 illik yubileyi ilə əlaqədar Litva-Azərbaycan
ədəbi, mədəni, ictimai-siyasi və diplomatik əlaqələri
barədə 4 hissədən ibarət sənədli
oçerklər. "525-ci qəzet", 2007; "28 aprel
1920-ci il çevrilişinin iç
üzünü açan keçmiş Litva konsulunun nadir əsəri
yayımlanır". Litva konsulu V.Krevenin 1920-ci
ildə yazdığı "Bolşeviklər" adlı sənədli
siyasi oçerkin Azərbaycan və rus dillərinə tərcümə
olunub yayımlanması barədə məqalə. AR Diasporla
iş üzrə Dövlət Komitəsinin saytı, 2010-cu il; "Litva-Azərbaycan əlaqələri
tarixindən qoparılmış səhifələr".
Litva-Azərbaycan əlaqələrinin tarixi kökləri, XX əsrin
1-ci rübündə Bakı və Tiflis litvalıları cəmiyyətlərinin
fəaliyyəti, 1918-ci ildə Litva və Qafqaz
respublikaları arasında rəsmi əlaqələrin təşəkkül
tapmasında bu təşkilatların rolu, həmçinin,
1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarsı
münasibətləri və müstəqilliyin
tanınması yolunda bu ölkələrin Paris Sülh
konfransında birgə atdığı addımlar, ərazi
bütövlüyünün qorunması amilləri,
Qarabağ problemi və 28 aprel çevrilişi haqqında
5-hissədən ibarət tarixi-politoloji oçerklər.
"525-ci qəzet", 2012; "Vilnüs-Bakı: mədəniyyət
körpüləri". 2012-ci ildə Litva Azərbaycanlıları
Cəmiyyəti və Litva Elmlər Akademiyasının təşkilatçılığı
ilə Litva parlamentində keçirilmiş beynəlxalq elmi
konfransın materialları əsasında hazırlanmış
kulturoloji tədqiqat məqaləsi. "525-ci
qəzet", 2012; "Müasir Litva novellasından nümunələr".
Yazıçı Danielyus Muşinskasın
(1951) həyat və yaradıcılığı,
novellalarının üslubi və bədii xüsusiyyətləri
barədə ədəbi məqalə. "Ulduz",
2013; Yazıçı Algirdas Potsyusun (1930)
yaradıcılığında "Litva meşə
qardaşları" mövzusu barədə ön söz.
Bakı, "525-ci qəzet", 2013; "Litva ədəbiyyatında
lirik nəsrin və Avropa novella formasının banisi".
Litva ədəbiyyatının klassiki, lirik-psixoloji üslubun
- lirik nəsrin banisi, Litva nəsrinin qısa janrının təhkiyə
üsullarını ilk dəfə Avropa novellası
formasına salmış məşhur nasir Yonas Bilyunasın
(1879-1907) həyat və yaradıcılığı, əsərlərinin
üslubi və bədii xüsusiyyətləri barədə məqalə.
"Ulduz", 2015; "Azərbaycanın
böyük və səmimi dostu". Vintsas Kreve, "Azəristan
ölkəsi". Bakı, ATV Kitab - Parlaq
İmzalar, 2015; "Baltik ölkələrində Azərbaycan
mədəni irsini yayma yolları". 8
hissədən ibarət ədəbi-tarixi, elmi-publisistik və
kulturoloji arşdırmalar. "525-ci qəzet",
2016; "Kitabi-Dədə Qorqud" Baltik xalqlarının
dillərində". 4 hissədən ibarət
ədəbi-tənqidi, elmi-publisistik və kulturoloji
araşdırmalar. "525-ci qəzet", 2016;
"Estoniyada ədəbiyyatımızın zərif və əzəmətli
səsi..." Estoniya-Azərbaycan ədəbi əlaqələri
haqqında. "525-ci qəzet", 2017;
"Cümhuriyyətdəki Litva konsulunun istiqlal mövzulu əsəri".
"525-ci qəzet", 2018; "Litvada Azərbaycan
Xalq Cümhuriyyəti ilə münasibətlərin 100 illiyi
qeyd olunur". Müsahibə-reportaj.
Bakı, "525-ci qəzet", 2018...
M.Həmzəyevin bu qəbildən olan onlarla digər əsəri
də olduqca mühüm və maraqlı mövzulara həsr
edilib. Həmçinin,
onun rus dilində 50-yə qədər məqaləsi, Azərbaycan
və Litva dillərindən rus dilinə xeyli çevirmələri
də oxuculara məlumdur...
Polyak
dilində də bir sıra məqalələri işıq
üzü görüb və bütün bu faktlar göstərir
ki, Mahir Həmzəyev çoxtərəfli - polifon və
poliqlot yaradıcılıq imkanlarına malik olan istedadlı
bir qələm sahibidir...
lll
Mahir Həmzəyevin tərcüməçilik fəaliyyəti
də özəl qiymətə layiqdir. Azərbaycan ədəbiyyatının
ən müxtəlif çağlarına və nəsillərinə
məxsus yazarların seçmə əsərlərinin Litva
dilinə tərcüməsi və Avropa yaxasında
tanınması onun ədəbiyyatımıza böyük və
əvəzsiz xidmətidir. Peşəkar tərcüməçinin
bu qəbildən 40-dan çox ədəbi materialı
mövcuddur.
Təkcə,
dahi Nizami Gəncəvinin lirikasından qəzəlləri, qəsidələri,
rübailəri və "Leyli və Məcnun"
poemasını litvalı müəllif Linas Broga ilə birgə
Litva dilinə çevirməsi faktı əvəzsizdir... Həmçinin,
Mirzə Cəlil, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə,
Gülhüseyn Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli,
Rəşad Məcid, Vahid Qazi, Elçin Hüseynbəyli, Pərvin
və b. ədiblərimizin əsərlərinin litvacaya tərcümələri
və nəşrləri bu qəbildəndir...
Mahirin Litva dilindən azərbaycancaya çevirmələri
də olduqca dəyərlidir və onun bu qisimdən 60-a
yaxın tərcüməsi vardır. Bunlardan Litva xalq nağılları,
Vintsas Krevenin əsərləri, Alfonsas Maldonis, Alfonsas Bukontas
və Antanas Stanyaviçyusun poeziyasından çevirdiyi
nümunələr, Yonas Bilyunas, Sigitas Geda, Algirdas Potsyus və
Danielyus Muşinskasın bir sıra nəsr əsərləri,
müstəqil Litvanın ilk dövlət
başçısı Vitautas Landsbergisin və Prezident Valdas
Adamkusun Azərbaycanla bağlı
çıxışları, ictimai-siyasi məqalələri,
habelə bu sıradan tanınmış digər litvalı
müəlliflərin yaradıcılığından tərcümə
etdiyi çoxlu sayda ədəbi-bədii və publisistik məqalələr,
müxtəlif oçerklər, icmallar, pamfletlər,
resenziyalar Litva-Azərbaycan ədəbi əlaqələrinin
möhkəm dayaqlarındandır...
"Erməni
terror və quldur birləşmələrinin bəşəriyyətə
qarşı cinayətləri (XIX-XXI əsrlər) müxtəsər
xronoloji ensiklopediyası"ndan (Bakı, "Elm", 2002-ci il) Litva dilinə silsilə tərcümələr,
Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı
soyqırım gerçəklikləri" tarixi-siyasi
oçerkinin tərcüməsi müasir sənədli
publisistikamızın qiymətli tərcümə
faktlarındandır.
2017-ci ilin noyabr ayında Mahirin sevə-sevə və
ustalıqla tərcümə etdiyi bir əsəri "525-ci qəzet"də
böyük məmnunluqla oxumuşdum. Söhbət Litva ədəbiyyatının
klassiki, "Kitabi-Dədə Qorqud"un
Litva dilinə tərcüməçisi Sigitas Gedanın
"Qafqaza səyahətlərim" adlı gözəl
essesinin tərcüməsindən gedir. Onda Mahirə bununla
bağlı bəzi fikirlərim ehtiva olunmuş belə bir məktub
ünvanlamışdım:
"Əziz Mahir! Çox möhtəşəm yazı və möhtəşəm
bir tərcümə! (Publikasiyada iki yaradıcı şəxsiyyətin
böyük istedadının nəfəsi və ürək
döyüntüləri apaydın hiss olunur!)
Əhsən
sənin dil duyumuna, elə bil heç tərcümə
oxumurdum...
İki
yerdə kövrəldim - Kəlbəcər və Şuşa məqamında... Litvalı
şairin bu ifadəsi necə də orijinal və gerçəkdir:
"...
70-ci illərin əvvəllərində Kəlbəcərdə
"Kitabi-Dədə Qorqud"u tərcümə edən
zaman günortadan sonra dağlara qalxırdım, çimmək
üçün, orada sanki mərmərdən hazırlanmış
tabutun içi ilə axan Tərtər
şırıldayırdı..."
Doğrudan
da indi Tərtər çayı bizlərin daş tabutuna
dönüb!!!
Əzizim,
Sən çox xeyirli bir iş görürsən. Sən
Baltik ölkələri ilə Azərbaycanı müasir
çağda bağlayan və Sigitas Gedadan tərcümə
etdiyin əsərdə bəhs olunan o "qədim Roma
tağlarından" düzəldilmiş mənəviyyat-ədəbiyyat-mədəniyyət
körpüsüsən! Xudafərin körpüsüsən!
Uğurlar diləyirəm! Allah Səni qorusun!.."
lll
Ən
maraqlı və yaxşı, təqdir ediləsi cəhətlərdən
biri budur ki, Mahir Həmzəyevin bu ciddi, olduqca vacib, Azərbaycançılığa
xidmət edən işləri və yaradıcılıq fəaliyyəti
diqqətdən kənar qalmayıb, müxtəlif ictimai, mədəni,
siyasi səviyyələrdə, tanınmış qələm
adamları - Azərbaycan yazıçıları, tənqidçiləri,
alimləri tərəfindən qiymətləndirilib,
yaradıcılığı, mədəni, ictimai-siyasi fəaliyyəti
haqqında xeyli məqalə, rəy və məlumatlar
mövcuddur. Bunlardan Bəxtiyar Vahabzadə, Xəlil Rza
Ulutürk, Anar, Sabir Rüstəmxanlı, Pənah Xəlilov,
Bəkir Nəbiyev, Vaqif Arzumanlı, İsa Həbibbəyli,
Elçin Hüseynbəyli, Vaqif Yusifli, Eldar Nəsibli, İsa
İsmayılzadə, Şakir Yaqubov, Esmira Fuad, Şəhla
Nağıyeva, Ağahüseyn Şükürov, Vahid Qazi,
Elnur Eltürk və digər müəlliflərin fikir və
mülahizələri bu qəbildəndir...
Xalq
şairi Bəxtiyar Vahabzadə onu hələ çox illər
bundan qabaq "Litvada bizim səsimiz olan gözəl bir gənc"
adlandırıb (16 iyun 1982-ci il).
Xalq
şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, "Mahir
Həmzəyev ömrünü Azərbaycan və Litva mədəni-ədəbi
əlaqələrinin öyrənilməsinə,
dünyanın iki gözəl xalqının daha da
yaxınlaşdırılmasına sərf edib" (24 iyul
1985-ci il).
Xalq
şairi Xəlil Rza Ulutürk onu "Turan
dünyasının qüdrətli, cəsur, şair ürəkli,
alim zəkalı övladı" adlandırıb (15 iyul
1991-ci il).
Xalq
yazıçısı Anar Mahir Həmzəyevi
"mühüm və xeyirli işlərlə məşğul
olan ziyalı" kimi dəyərləndirib (16 may 2005-ci il).
Mahir Həmzəyevi
"həssas və prinsipial insan" kimi dəyərləndirən
tanınmış yazıçı Elçin Hüseynbəyli
bu fikrində haqlıdır: "Mahir Həmzəyev həm də
ona görə dəyərli ziyalı və şəxsiyyətdir
ki, onun vətənini sevənlərə xüsusi rəğbəti
var"(01 iyun 2016-cı il). Bu
rəğbətin sayəsində Mahir Azərbaycanın ən
görkəmli şəxsiyyətlərini Baltik ölkələrində
tanıdıb, onlara da orada ədəbi dostlar tapıb.
Filologiya
üzrə Fəlsəfə doktoru Esmira Fuadın fikrincə
"Mahir Həmzəyev bir vətəndaş, bir insan, bir
ziyalı, bir tədqiqatçı olaraq Azərbaycanımızın
Baltik ölkələrində ən yüksək səviyyədə
tanınması üçün nə gərəkdirsə, hər
şeyi adına layiq və kəsəsi, təmənnasız
şəkildə görür (03 sentyabr 2018-ci il).
Litva
Prezidenti Valdas Adamkus 2006-cı ilin iyun ayında Azərbaycana
ilk rəsmi dövlət səfəri zamanı onun və
xanımının şərəfinə Prezident İlham
Əliyev tərəfindən verilmiş ziyafətdə etdiyi
çıxışında Litva Azərbaycanlıları Cəmiyyətinin
o dövrdəki fəaliyyətini belə dəyərləndirib:
"...Cənab
Prezident! Məmnuniyyətlə qeyd etmək istərdim ki,
Dirçəliş hərəkatının - Litva Sayudisinin hələ
ilk təşəkkül tapması dövründə,
Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti
yaradılmış və yaradıldığı gündən
indiyədək filoloq araşdırmaçı Mahir Həmzəyevin
sədrlik etdiyi bu təşkilat, digər milli azlıqlarla bərabər,
Litvanın dövlət müstəqilliyinin bərpa
olunmasında fəal iştirak etmiş, Litvanın demokratik
Avropa dövlətləri ailəsinə qayıtması
üçün çox işlər görmüşdür.
Dövlətimizə belə loyal münasibət göstərdiklərinə
görə biz Sizin soydaşlarınıza
- Litvanın azərbaycanlı vətəndaşlarına minnətdarıq..."
lll
2018-ci ilin mart ayında Litvada Mahir Həmzəyevin 60
illik yubileyi ədəbi, ictimai və siyasi elitanın
iştirakı ilə yüksək səviyyədə qeyd
edilib. Bu münasibətlə Litva Seyminə dəvət
olunan yubilyara spiker Viktoras Prantsketisin adından "Təbriknamə"
və dövlət bayrağı təqdim olunub.
Seymin
spikeri "Təbriknamə"də M.Həmzəyevin
Litvanın siyasi-ictimai və mədəni həyatında
göstərdiyi xidmətləri, verdiyi mühüm töhfələri
yüksək qiymətləndirib, konstruktiv fəaliyyətinə
və əsl vətəndaşlıq mövqeyinə görə
soydaşımıza təşəkkürünü belə
ifadə edib:
"Sizi, 60 illik yubileyiniz münasibətilə ürəkdən
təbrik edirəm. Litva Müstəqilliyinin bərpa edilməsi
dövründən başlayaraq göstərdiyiniz önəmli
fəaliyyət və ölkə ictimaiyyətinə verdiyiniz
mühüm töhfələr Dövlətimizi şərəfli
100 illik tarixə aparan yolda davamlı olaraq müşayiət
edir.
Dövlət
və Cəmiyyətin tərəqqisi naminə göstərdiyiniz
yorulmaz ictimai, mədəni fəaliyyətiniz
üçün və Litva ilə qurduğunuz əsl vətəndaş
əlaqələrinə görə, bu gözəl Yubiley
günündə Sizə təşəkkür edir, bundan
sonra da Sizə yüksək məqsədlərə aparan həyat
yolu və mətinlik arzulayıram.Gördüyünüz
işlərlə və uğurlarınızla həqiqətən
fəxr edə bilərsiniz!"
Seymin sabiq spikeri - indiki vitse-spiker İrena Degutene də
yubilyara təbriklərini göndərib. O, təbrik məktubunda
soydaşımızın fəaliyyətini qiymətləndirməklə
yanaşı, həm də Litva - Azərbaycan ədəbi, mədəni,
ictimai və siyasi əlaqələrinə toxunuraq yazır:
"Bü gün Sizə yüksək hörmət və
ehtiram göstərən, şərəfinizə ən səmimi
təşəkkür sözlərini ifadə edən şəxslərin
sıralarına qatılıram.
Bu gün bu bayram təntənəsi bizə
keçdiyiniz şərəfli həyat yoluna bir daha nəzər
salmağa fürsət yaradır və həmin yolda həm
keçmişdə, həm də indi göstərdiyiniz dərin
məzmunlu və zəngin fəaliyyətinizlə, gözəl
təşəbbüsləriniz və gərəkli
mühüm işlərinizlə sevinib fəxr etməyə
imkan verir.
Litva Milli İcmalarının fəaliyyətinin gücləndirilməsi,
həmin fəaliyyətin ölkəmizdə yaşayan
müxtəlif millətlər üçün doğma evə
çevrilmiş Litva dövlətinin çiçəklənməsi
naminə yönəldilməsi işinə verdiyiniz
mühüm töhfələrə görə Sizə dərin
minnətdarlığımı bildirirəm.
Siz, Litva-Azərbaycan ədəbi, mədəni, ictimai və
siyasi əlaqələrinin həm istedadlı tədqiqatçısı,
həm də yeni dövrdə bu əlaqələrin gözəl
qurucularından biri olaraq tanınmısınız. Sizin belə fəaliyyətiniz
sayəsində bu gün xalqlarımız və dövlətlərimiz
bir-birini daha yaxından tanıyıb əməkdaşlıq
edirlər. 1918-1920-ci illər Litva-Azərbaycan dövlətlərarası
münasibətlərinin bərpa olunması, əlaqələrin
yeni istiqamətdə qurulub inkişaf etdirilməsi sahəsində
gördüyünüz vacib işlər və uzun illər
boyu bu işə yorulmadan göstərdiyiniz böyük
qayğılara görə Sizə təşəkkür edirəm!
Bir daha Sizi bu təntənəli yubiley münasibətilə
təbrik edir, Sizə möhkəm can sağlığı,
şəxsi həyatınızda xoşbəxtlik və
bütün işlərinizdə yeni-yeni uğurlar
arzulayıram!"
Bütün
bunlarla bərabər, 2018-ci il mayın 21-də Mahir Həmzəyev
çoxillik səmərəli ictimai-mədəni fəaliyyətinə,
xalqımızın milli mənəvi dəyərlərinin bu
ölkədə təbliği işinə verdiyi layiqli
töhfələrə, Litva-Azərbaycan mədəniyyətlərarası
dialoqunun inkişaf etdirilməsi sahəsindəki mühüm
xidmətlərinə görə, Litva Respublikası Hökumətinin
yanında Milli Azlıqlar Departamenti tərəfindən
xüsusi "Təşəkkürnamə" ilə təltif
olunub.
lll
Mahir Həmzəyevin tərcümə etdiyi "Qartal
haqqında nəğmə" rəvayəti mənsur
şeir formasında yazılmış əsər olaraq
Azadlığa və Müstəqilliyə oxunan möhtəşəm
bir Himn kimi səslənir. Əsər klassik Litva
yazıçısı V.Krevenin qələminə məxsusdur.
O, 1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva
dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu
olaraq çalışıb. "Qartal haqqında nəğmə"
əsərindəki bir məqam mənə xoş gəldi və
elə bildim ki, bu, elə Mahirin öz obrazıdır:
"...Qartal hər dəfə qüdrətli
dağın dümağ qarlı zirvəsinə qonanda,
güclü qanadlarını getdikcə daha tez-tez geniş
açıb uzadaraq, çox-çox uzaqlarda qızıl
telli günəşin hər səhər oyanıb
qalxdığı üfüqlə qovuşan və
ucu-bucağı görünməyən mavi səmaların
sonsuz ənginliklərini vurğunluqla seyr edir və ürəkdən
arzulayırdı:
- Qanadlarım qocaman qartalların qanadları kimi möhkəmlənəndə və səmalarda yorulmadan süzməyi öyrənəndə elə yüksəkliklərə qalxacam ki, orada hələ heç bir qartal süzməyib. Mən səmaları yara-yara elə ənginliklərə baş vuracam ki, orada hələ indiyədək heç bir qartal cövlan etməyib, mən yer üzündən ucsuz-bucaqsız göylərin sonsuz dərinliklərinə aparan yolu tapacam.
- Bax, onda hamı heyrətə
düşəcək və biləcək ki, belə bir Qartal
var, qartallar Qartalı, o Qartal ki, uçub elə yüksəkliyi
fəth etdi ki, oraya indiyədək heç bir qartal qalxa bilməmişdi,
- o Qartal ki, yerdən ən yüksək göylərə təzə
yol açdı..."
Kreativ düşüncəli
ziyalı, ədəbi əlaqələrin
körpüsalanı və bu körpülərin mahir
memarı, Litva-Azərbaycan mədəni əlaqələrinin
tədqiqatçısı, publisist və tərcüməçi,
mədəniyyətimizin Litvadakı Böyük elçisi
Mahir Həmzəyev də "Baltik-Azərbaycan ədəbi əlaqələri"
silsiləsindəki ən yüksək zirvələrə bu
qartal kimi təzə yol açdı və bu yolun Qartal
yolçusu oldu! Ona daha böyük uğurlar diləyirəm!!!
08.09.2018 - 14.10.2018.
525-ci qəzet 2018.- 16 noyabr.- S.6;8.