Azərbaycan amalı, milli məfkurə
xətti və Mustafa Çəmənli
yaradıcılığı
Dövlətçilik tarixi hər bir xalqın öz mövcudluğu uğrunda apardığı mübarizə yoludur. Bu mübarizədə də
əsas silahlardan biri ideologiyadır. Ümummilli lider Heydər
Əliyev də məhz azərbaycançılıq
ideologiyası vasitəsilə Azərbaycan xalqının
(burda yaşayan və yaşamayan) həmrəyliyi,
bütövlüyü, mənəvi birliyinə, dövlətçiliyimizin
möhkəmlənməsinə çalışıb və
buna uğurla nail olub.
Azərbaycançılıq öz dilini, dinini, milli-etnik
simasını, etnoqrafiyasını, sərhədini, maddi və
mənəvi mədəniyyətini qoruyub saxlamaq
üçün ərsəyə gəlmiş bir məfkurədir. Bu ideologiya
öz təməlini Azərbaycan Xalq Cümhuriyyətinin
"türkçülük, çağdaşlıq və
islamçılıq" ideyasından
götürmüşdür. Dövlətimizin
ərazi bütövlüyü, milli-tarixi yaddaşa
qayıdış, milli özünüdərk azərbaycançılıq
ideologiyasının əsasını təşkil edir. Onun əsas vəzifələrindən biri milliyyətindən
və dinindən asılı olmayaraq Azərbaycan xalqında Vətənə
sevgi, vətəndaşlıq, milli mənəvi dəyərlərə
hörmət hissini aşılamaqdır. Çünki
hər bir vətəndaş milli vətənpərvərlik,
milli insan ruhunda formalaşmalıdır. Ona
görə də bu, xalqın, dövlətçiliyin, azərbaycançılığın
qarşısında duran əsas məqsəddir. Burdan belə nəticəyə gəlmək olar ki,
ideologiyasız yaşayan xalq öz dövlətini, öz
dövlətçiliyini, xüsusən müstəqilliyini
qoruya bilməz. Yəni vətənpərvər
ruhu olmayan cəmiyyətin mübarizə gücü
haqqında danışmağa dəyməz.
Deməli, dövlətimizin əsas ideoloji özəyi
azərbaycançılıqdır. Azərbaycançılıq dedikdə
dövlətçilik, milli-mənəvi dəyərlər,
dil, din və s. məfhumlar başa düşülür. Bu ideologiyanın da əsas qayəsi milli
özünüdərkdir.
Milli adət-ənənə, milli düşüncə
tərzi azərbaycançılıq ideologiyasının əsas
dayaqlarından, qaynaqlarından biridir. Çünki adət
və ənənə özlüyündə xalq
müdrikliyinin, düşüncəsinin
daşıyıcısıdır. Milli adət
və ənənələr sanki keçmişlə bu
günün, bu günlə gələcəyin arasında
etnokulturoloji körpü rolunu oynayır. Azərbaycançılıq
ideologiyası özündə həm də multikulturalizm və
tolerantlıq prinsiplərini cəmləşdirmişdir.
Milli adət və ənənələri qoruyub saxlamaq və
yaradıcılıqda inkişaf etdirib möhkəmləndirmək
azərbaycançılıq məfkurəsinin əbədiyaşarlığını
təmin etməyin əsas şərtlərindəndir.
XX əsrin 60-cı illərindən cücərən
millilik ideyası artıq müstəqillik dövründə
azərbaycançılıq ideologiyasına, yəni
bütün xalqı yumruq kimi birləşdirən vacib milli
siyasi sistemə çevrilir.
Azərbaycançılıq ideologiyasının
(qollarından) ən vacib anlayışlarından biri də
dövlət dilidir. Dövlətçiliyimizə göz dikən,
bizi hər zaman əsarətdə saxlamaq,
yaddaşımızı silmək istəyən
işğalçı istilaçılar tərəfindən
dəfələrlə əlifbamız dəyişilməyə
məruz qalmışdır. Bu səbəbdən
də müəyyən dövrlərdə, yəni əlifbamızın
dəyişildiyi zamanlarda ədəbiyyatda və tarixdə bir
durğunluq, kəskin keçidlər hiss olunur.
X.R.Ulutürk "Kimliyim" məqaləsində çox
düzgün buyurur: "Xeyli sonralar anladım ki, əlifbanın
tez-tez dəyişdirilməsi xalq üçün
böyük fəlakətdir, milli-mədəni estafetin
qırılması deməkdir. Orxon-Yenisey əlifbasından
ərəb əlifbasına, ondan latın əlifbasına,
ondan da rus qrafikası üzrə əlifbaya və daha sonra
bunun əsasında ən yeni əlifbaya keçilməsi elmi
və mədəni inkişafımıza ağır zərbələr
endirmişdi". Həqiqətən, məhz
dil hər bir millətin kimliyinin sübut edən tarixi
faktdır. Tarixi və mədəni abidələrin
üzərində yazılmış yazılar bunun əyani
sübutudur. Ədəbiyyat bir xalqın
keçdiyi inkişaf yolunun, həyat tərzinin,
düşüncəsinin göstəricisi olmaqla
yanaşı, həm də dil faktorudur. Deməli,
bütün siyasi, mədəni, mənəvi dəyişikliklərin
dil vasitəsilə ədəbiyyatda əks olunması tarixi
hadisədir. Yəni ədəbi proses baş verən dəyişikliklərdən,
zamanından, dövrünün ictimai-siyasi hadisələrindən
çox asılıdır. Çünki ədəbiyyat
əksetdirmə prinsipi əsasında formalaşır. Və məhz zamanın təsiri və tələbi
ilə ədəbiyyatda yeni janrlar, üslublar, yeni ədəbi
axınlar, yanaşmalar, prototiplər yaranır. Buna görə də Sovetlər birliyinin
dağılması ilə xalqımız, dövlətimiz
siyasi demokratiya pərdəsini - sosializm ideologiyasını
üstündən birdəfəlik atır, çoxəsrlik
milli, tarixi, mənəvi özünüdərkini,
qayıdışını realizə edir. Düzdür, uzun müddət müstəmləkə
siyasətinin ağırlığı altında əzilən
dövlətimiz bu yolda bir sıra çətinliklər
çəkir. Lakin içimizdə bəslədiyimiz
və nəhayət, açıq-aşkar etiraf edə
bildiyimiz azərbaycançılıq ideyası birləşdirici
və hərəkətverici bir qüvvə kimi azərbaycanlıları
(burada müxtəlif etnik qruplar da nəzərdə tutulur)
öz işığına toplaya bilir. Sovet
siyasəti və ideologiyası ilə söndürülməyə
çalışılan işıq - Azərbaycançılıq
ideyası Müstəqil Azərbaycanın milli dövlət
ideologiyasına çevrilir. Milli
ideyanın qorunub yaşadılması, inkişaf edilməsində
ədəbiyyatın rolu əvəzedilməzdir. Məhz
ədəbiyyat, xüsusən də Ə.Cavad, C.Cabbarlı,
A.İldırım, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə,
Məmməd Araz kimi istiqlal şairləri azərbaycançılıq
ideyasının carçıları olmuşlar. Bu ideyanı
eyni zamanda Anar, Elçin, Yusif Səmədoğlu, Ramiz
Rövşən, Vaqif Səmədoğlu, Aqil Abbas, Əlisa
Nicat, Elçin Hüseynbəyli, Vaqif Bayatlı, Əjdər
Ol və b. davam etdirmişlər.
Sovet dövrünün 60-cı illərindən
başlayan, müstəqillik dövründə daha da
inkişaf edib möhkəmlənən azərbaycançılıq
ideyasını təbliğ edən ədəbi simalardan biri
də Mustafa Çəmənlidir. Sovet ideologiyası təsiri ilə
böyüdüyünə baxmayaraq, milli ruhunu itirməyən,
qəlbində böyük və qüdrətli, bütöv
Azərbaycan ideyasını yaşadan Mustafa Çəmənli
əsərləri ilə hər zaman bu sevgini, ideyanı
oxucuya ötürməyə
çalışmışdır. Milli xarakteri,
milli etnik şüuru, milli tarixi yaddaşımızı
yüksək dəyərləndirdiyi əsərlərindən,
düşüncələrindən duyulur.
Milli heysiyyətə malik, xalq sənətinə, folklora
təəssübkeşlik edən bu yazıçı
dövründən, zamanından, rejimindən asılı
olmayaraq hər vəchlə milli etnik şüuru oxucusuna
xatırlatmış, onları milli tarixi yaddaşa - soya,
kökə, qayıtmağa səsləmişdir. Milli şüur və dərketməyə
qayıdışa çağırış onun
yaradıcılığının əsas və ali məqsədinə
çevrilmişdir.
Yazıçı yaradıcılığı boyu
milli-mənəvi yaddaşın oyanmasına təkan verən
tarixi mövzulara müraciət etmişdir. Məsələn,
"Xallı gürzə"nin 80-ci illərin
təlatümlü çağında yazılması
heç də təsadüfi deyildi. Sovetlər
ölkəsində baş verən ictimai-siyasi proseslər bir
yazıçı, vətəndaş kimi onu da narahat
etmişdir. 80-ci illərdə insanların ətrafda
baş verənləri daha dərindən analizetmə
imkanını əldə etdiyi bir dövrdə belə milliyətçilik,
azadlıq hissi duyulsa da, söz azadlığı haqda hələ
əsaslı söhbət ola bilməzdi. Buna görə də Mustafa Çəmənli tarixi
mövzuya üz tutmuş, öncədən hiss etdiyi
Qarabağ probleminin dərin qatlarını göstərməyə
çalışmış və öz etirazını
bütöv dövlət, milli düşüncə, milli
heysiyyət ideyaları şəklində ifadə etmişdir.
Onun bu addımı həmin dövr
üçün çox cəsarətli bir addım idi.
Tənqidçi
Vaqif Yusifli bu əsərin məziyyətləri haqqında
yazır: "Xallı gürzə"nin
yazıldığı tarixdən on-on iki il keçəndən
sonra yenə oxudum və romanın Azərbaycan tarixi nəsrində
yerini, rolunu müəyyənləşdirməyə cəhd
etdim. Bir anlığa görkəmli ədibimiz
- tarixi romanlar ustası Yusif Vəzir Çəmənzəminlini
xatırladım. Onun "Qan içində"
romanı, sözsüz ki, Azərbaycan tarixi romanları
içərisində seçilir. Bu əsər
mövcud "Qarabağnamə"lərin durulmuş, sanki
süzgəcdən - ələkdən keçirilmiş bədii
ifadəsidir. Məncə, "Xallı
gürzə" bu mənada ikinci bir tarixi romandır ki,
Qarabağ xanlığının, onun banisinin və eyni
zamanda, həmin dövrdə Azərbaycan
xanlıqlarının bir-biriylə münasibətlərinin bədii
tarixini əks etdirir.
Mustafa Çəmənli bu əsərlə Qarabağ
xanlığının tarixini, mübarizəsini göstərir. "Qardaş"
millətin namərdliklərini unutmamağa
çağırır. Çünki
anlayır ki, gün gələcək onlar ilan kimi yenə
başlarını qaldırıb bizim milləti, dövlətimizi
zəhərləməyə çalışacaqlar. Həqiqətən də belə olur.
"Böyük qardaşı"nın
gücünə arxayın olan ermənilər bizim tariximizə,
dövlətçiliyimizə növbəti zərbələrini
vururlar. Müstəqilliyin dadını doyunca duymamış
Azərbaycan yenidən qana boyanır: Qarabağ müharibəsi!
Ədəbiyyat bu xaosun içində bir
müddət durğunluq dövrü yaşadığına
baxmayaraq, yenidən ideoloji mübarizəyə qalxır.
Eləcə də Mustafa Çəmənli "Fred Asif",
"Mübariz", "Ruhların üsyanı", "3
yaşlı əsir" povestləri ilə Qarabağ
müharibəsinin gedişatını, xalqın qələbə
istəyini, aldığı zərbələrə baxmayaraq,
itirmədiyi insanlığını, mərhəmətini əks
etdirməklə azərbaycançılığı təcəssüm
və təbliğ edir.
O, 2012-ci
ildə yazıb nəşr etdirdiyi "Ölüm mələyi"
tarixi romanı ilə dövlətçilik tariximizə bir
daha səyahət edir. XVI əsrin
mürəkkəb və ziddiyyətli bir dövrünü təcəssüm
etdirməklə yanaşı, dövlətçiliyimizin,
müstəqilliyimizin tarixi köklərini qabardıb ön plana
gətirir.
XVI və
XVIII əsrlərin mürəkkəb və ziddiyyətli
dövrlərini əks etdirən "Xallı gürzə"
və "Ölüm mələyi" tarixi romanları
kompozisiya və üslub cəhətdən fərqlənsələr
də, hər ikisi Azərbaycan dövlətçiliyinə həsr
edilib. Hər iki əsərdə dövlət
yaradıcıları olan tarixi şəxsiyyətlərin və
onlarla çiyin-çiyinə duran digər tarixi real
obrazların da (I Şah Təhmasib, II Şah İsmayıl,
İbrahim mirzə, Pərixan bəyim, Gövhər bəyim və
b.) xarakterləri açılır, onların dövlətçilik
sahəsində xidmətləri və nöqsanları göstərilir.
Bununla da yazıçı "tək əldən
səs çıxmaz" qənaətinə gəlib Azərbaycan
dövlətinin varlığı və ideyasının təkbaşına
yaradılmadığını göstərir. Bunun üçün vətəni sevən, onun
uğrunda ölməyə belə hazır olan insanların
yetişdirilməsinin vacibliyini diqqətə
çatdırır.
Yazıçı öz səmimi, Azərbaycan
xalqına doğma təhkiyəsi ilə faktlara bədii
inandırıcılıq, psixologizm qata bilir. Məhz dil və
bədiiliyin ideal vəhdətinə görə hadisələr,
qəhrəmanlar daha dolğun, bitkin və tamamlanmış
olur.
Mustafa Çəmənli yalnız tarixi mövzularda
deyil, həmçinin, ailə-məişət, sosial-ictimai
mövzularda yazdığı hekayə və povestlərdə
belə milliliyimizin unudulması qorxusunu təsvir edir. Biz bu hekayə
və povestlərdə kökündən, milli
düşüncəsindən qopmuş insanların
yarımçıq talelərə, məhv olmuş arzulara,
unudulmuş adət-ənənələrə etirazla
rastlaşırıq. Yazıçı mənfi
cəhətdən inkişaf edən bu tipli metamarfozaları -
"kişilik, insanlıq" kodeksinin qüvvədən
düşdüyünü analitik təhlil vasitəsilə
oxucunun diqqətinə çatdırmağa
çalışır. O, bununla demək istəyir ki,
dağıtmaqla heç nə yaratmaq olmaz. Yalnız var
olanı mənfi xüsusiyyətlərindən təmizləyib
inkişaf etdirmək lazımdır.
M.Çəmənli, ümumiyyətlə, xalqına, onun tarixinə, ədəbiyyatına, musiqisinə, kökünə bağlı olan bir şəxsiyyətdir. Buna görə də onun yaradıcılığı folklor motivləri ilə zəngindir. O, müxtəlif atalar sözləri və məsəllər, deyimlər, bayatılar, rəvayətlər, alqış, qarğış, adət-ənənələr, mərasimlər, inanc və lətifələrdən istifadə etməklə əsərlərinin bədii dilinə rəngarənglik qatmaqla yanaşı, həm də dilimizi, azərbaycançılığımızı tərənnüm edir. Şifahi xalq ədəbiyyatından, xüsusən də aşıq yaradıcılığından istifadə mifə söykənən el ruhuna, milli yaddaşa işarə edir.
Bir sözlə, azərbaycançılıq bəşəri
dəyərləri özündə əks etdirən
ümummilli məfkurə kimi milli və bəşəri olan
Azərbaycan ədəbiyyatının inkişafında əsas
yer tutur. Çünki hər ikisi milli əxlaqın,
düşüncənin, təfəkkürün,
inkişafın göstəricisidir.
Buna görə də azərbaycançılıq ideologiyası hər zaman və hər yerdə Azərbaycan uğrunda daha möhkəmlənməli, daha da bərqərar olmalıdır.
Aynurə BABAYEVA
Sumqayıt
Dövlət Universiteti, doktorant
525-ci qəzet 2018.- 16 noyabr.- S.6.