Azərbaycanın milli mədəni irsi və UNESCO

Doğma Vətənimizin torpağının altı da, üstü də təbii sərvətlərlə zəngindir. Uca Yaradan bu barədə səxavətini bizlərdən əsirgəməmişdir. Amma bir məsələ də vardır ki, maddiyyat üzərində qurulmuş zənginlik nə zamansa tükənə bilər. Tükənməyən sərvət isə insandır və insanların istedadına söykənən ruhani və mənəvi dünyasından qaynaqlanan milli mədəniyyət inciləri.

Hər bir xalqın milli xüsusiyyətlərinin təzahürü olan sənət sahələri vardır. Azərbaycan qədim memarlıq abidələri, xalçaçılıq məktəbi, nadir miniatürləri, zəngin ədəbiyyatı və poeziyası, musiqi və rəqsləri, təsviri sənəti ilə dünyada tanınmışdır. Məlumdur ki, bütün xalqlar bəşəriyyətin mədəni irsinə çevrilən öz sənət nümunələri ilə dünya mədəniyyətini zənginləşdirir və bunlar milli sərvət olmaqla, ümumbəşəri əhəmiyyət kəsb edir. Hər bir abidələrimiz, əsərlərimiz və ümumilikdə bütün maddi-mədəniyyət nümunələrimiz milli mənsubiyyətimizlə yanaşı, tariximizi, mədəni irsimizi və nəhayət, mənliyimizi təsdiqləyən təkzibedilməz sübutlardır. Bu tükənməz dəyərləri qoruyub yaşatmaq, onları dünyaya tanıtmaq hər bir vətəndaşımızın müqəddəs borcudur. Bunun üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələri beynəlxalq təşkilatların, o cümlədən, UNESCO-nun diqqətini çoxdan cəlb etmişdir. Bildiyiniz kimi, UNESCO - Elm, təhsil və mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatıdır. Qloballaşan dünyamızda ayrı-ayrı xalqlara aid milli sərvətlərin qorunması və onlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması UNESCO-nun üzərinə düşən vacib vəzifələrdəndir. Milli dəyərlərimiz, mədəniyyət nümunələrimiz barədə çeşidli məlumatları BMT-nin yüksək kürsülərində səsləndirmək, burada müxtəlif xalqların nümayəndələrinin diqqətini cəlb etmək və hər hansı bir təşəbbüsün təsdiqinə nail olmaq fədakar və tükənməz əmək tələb edir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana hələ ilk rəhbərliyi dövründə də UNESCO ilə əlaqələr qurulmuş, bu əməkdaşlıq öz dəyərli bəhrələrini vermişdi. Məhz bu əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin UNESCO ilə münasibətlərində öz müsbət rolunu oynamış və beləliklə, təşkilatdakı uğurlarımızın möhkəm təməli o zamandan qoyulmuşdu. Azərbaycan Respublikası rəsmən UNESCO-ya üzv qəbul edildikdən sonra, xüsusən Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı sayəsində əməkdaşlıq yeni bir vüsət aldı. Azərbaycan xalqının simvoluna çevrilmiş muğam və aşıq sənətimiz, açıq havada muzey sayılan İçərişəhər, dərin tarixin yaddaş kitabəsi olan Qobustan və zəngin mətbəximizin çeşidli nümunələri UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi. Milli-mənəvi dəyərlərimizin bu nümunələrinin belə mötəbər təşkilatın reprezentativ siyahısına daxil edilməsi isə böyük hadisədir. Bu hadisə Azərbaycan iqtidarının xalqına olan sevgisinin, xalqın milli dəyərlərinə verdiyi qiymətin, mədəniyyətinə göstərdiyi yüksək səviyyəli, qayğıkeş münasibətin təzahürüdür.

Xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xəttilə təbliğ edilməsi milli dəyərlərimizdən qaynaqlanan və pozitiv xüsusiyyətlərimizi əks etdirən müsbət imicimizi formalaşdırır, beynəlxalq miqyasda bizə dəyər qazandırır. Bütün bunlar dövlətimizin mədəniyyətimizə verdiyi dəyəri ifadə etməklə yanaşı, həm də dünya miqyasında milli mədəni maraqlarımızı əks etdirən bəşəri məqsədlərə xidmət edir və milli-mənəvi dəyərlərimizin dünyaya inteqrasiyasına geniş yol açır.

Bəşəri sənətlər içərisində özünəməxsusluğu ilə seçilən və xalqımızı dünyada şərəflə tərənnüm edən sənətlərdən biri və bəlkə də ən önəmlisi xalça sənətidir. "Azərbaycan xalçası" və xalça sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi ilə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bütün bu nailiyyətlər ölkə rəhbərliyinin Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində təşəbbüsləri və bilavasitə dəstəyi ilə həyata keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO tədbirlərindəki çıxışları zamanı daim qeyd etmişdir ki, milli mədəniyyətimizin məhsulu olan mədəni irsimiz bəşəri mahiyyət daşıyır və Azərbaycan xalqının mədəniyyət tarixinin daşıyıcısı və varlığıdır. Xalçalarımız uzun illər əksər dünya ölkələrində "Şərq", "Fars" və "Qafqaz" xalçaları kimi təqdim edilirdisə, bu gün onlar "Azərbaycan xalçaları" kimi tanınır. Azərbaycanda bu sənət özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, cari ildə Prezident İlham Əliyevin Sərəncamı ilə bu qanunun əməli davamı olan Dövlət Proqramının tətbiqi və Azərbaycan Xalça Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının bariz  nümunəsidir. Bütün bunlar isə biz xalçaçıları öz gələcək işlərimizdə yeni-yeni zirvələri fəht etmək üçün daha mətin və fəal çalışmağa, üzərimizə düşən işləri ləyaqətlə yerinə yetirməyə sövq edir.

LƏTİF KƏRİMOV: XALÇAÇILIĞA HƏSR OLUNMUŞ HƏYAT

Qeyd olunduğu kimi, xalqımızın milli sərvətləri boldur, lakin ümumbəşəri mahiyyətli mədəni dəyərlərimiz içərisində xalça sənətimiz xüsusi əhəmiyyət kəsb edir. Amma danılmaz faktdır ki, sənət, sənətkara dəyər verilərkən yaşayır, sənətkarı ucaltdıqca sənət də ucalır və milli mənsubiyyətini tərənnüm edə bilir. Azərbaycan qədim köklərə malik xalça sənətinin inkişafında əhəmiyyətli yer tutan çox saylı xalça sənətkarları yetişdirmişdir. Onlardan biri - xalça sənətinin görkəmli nümayəndəsi, xalçaşünas alim, Xalq rəssamı, professor Lətif Kərimovdur.

Azərbaycan xalçaçıları üçün vacib olan iki xoşbəxt tarixi hadisə məhz bugünkü günə təsadüf edir. Bunlardan biri, qeyd etdiyim kimi, "Azərbaycan xalçası" və xalça sənətinin 2010-cu ilin bugünkü tarixində UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi, digəri isə dahi sənətkar, xalça sənətində məxsusi yeri olan Lətif Kərimovun doğum günüdür. Çoxşaxəli fəaliyyəti və fenomenal xüsusiyyətləri ilə seçilən, fundamental əhəmiyyətə malik çox dəyərli elmi araşdırmaların və özünəməxsus əsərlərin müəllifi olmuş Lətif Kərimov milli xalçaçılıq sənətinə və ümumilikdə bütün bəşəriyyətə töhfə etdiyi əsrarəngiz xalça əsərləri ilə də məhşurdur. O, yorulmaz fəaliyyəti və zəngin yaradıcılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənəti sahəsində yeni cığırlar açmış, xalça sənətinin incəliklərini öyrənərək və təməlini yaratdığı elmi əsaslarla təsdiqləyərək, özündən sonrakı nəsillərə miras qoymuşdur. Lətif Kərimov erkən yaşlarından xalçaçılıq sahəsində çalışmağa başlamışdır. Xalça sevgisi Onun ruhunda və qanında idi. Qarabağın ruh oxşayan səfalı təbiətindən həyata köklənən hər bir azərbaycanlının istedadlı sənətkar olması və fərqli sahələrdə istedadını büruzə verməsi adi hal idi. 1906-cı ildə Şuşada dünyaya göz açmış Lətif Kərimov da böyük istedad sahibi olmuş və gözəl sənətkarlar içərisində yetişmişdi. Onun uşaqlıq dövrünün Məşhəd, Təbriz, Ərdəbil və sair Cənubi Azərbaycan şəhərlərində keçməsi, orada xalçaçılıq sənətinə sevgisinin artması, yetkinləşməsi və xalçaçı kimi püxtələşməsinin bir səbəbi də bütöv Azərbaycan sevgisindən irəli gəlirdi. Lətif Kərimov müxtəlif sənətkarlardan xalça sənətinin sirlərini, toxuculardan isə ilmə vurmaq, çeşidli naxış salmaq kimi xalçaçılığın sirlərini öyrənmişdir. O, dövrünü qabaqlayan dahi sənətkar idi. Hər kəsin görə bilmədiyi gözəlliyi görərək duyan və xalça naxışlarına çevirərək onları əbədiyyətə qovuşdurmağı bacaran Lətif Kərimov Azərbaycanın dəyərli evladı olmaqla yanaşı, həm də bütün bəşəriyyətə şölə saçan dahi sənətkar idi.

Çağlayan bulaq kimi dar çərçivəyə sığmayan belə bir istedad tezliklə nəzərə çarpmağa və sənətilə diqqəti cəlb etməyə başladı. 1928-ci ildə Şuşaya qayıdan Lətif Kərimovun  təşəbbüsü ilə 1930-cu ildə ilk dəfə olaraq burada xalı müəssisəsi - "Qarabağxalça" adlanan artel açılmışdı. O, "Azərxalçaittifaq"ın tərkib hissəsi olan bu arteldə təlimatçı kimi fəaliyyətə başlamış və eyni zamanda, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini və texnoloji xüsusiyyətlərini öyrənmişdir. Gənc xalçaçı rəssam bu sahədə yeni kadrların hazırlanmasında da böyük rol oynamışdır. Ardıcılı olmayan sənətkarın sənəti məhvə məhkumdur. Lətif Kərimovun isə çoxsaylı tələbələri və ardıcılları mövcuddur. Xalçaçılıq sahəsində Lətif Kərimovdan birbaşa təhsil almayan, amma Onu özlərinə mənəvi müəllim sayanlar da az deyildir.

Gənc yaşlarından yaratmaq eşqiylə yaşayan Lətif Kərimovun çeşidli xalça əsərləri müxtəlif sərgilərdə nümayiş olunmaqla vətəninə başucalığı gətirmişdir. Həmin dövrlərdə Lətif Kərimov uzun illər "Azərxalça" müəssisəsində milli naxışlara mənsub xalçalarla yanaşı, həm də çoxsaylı yeni süjetli və müxtəlif xalqların görkəmli şəxsiyyətlərinin əksi canlanmış portret xalçaların yaradılmasının təşəbbüskarı və əsas müəllifi olmuşdur. Bu xalçalar dünyanın ayrı-ayrı ölkələrində yerləşən muzey və şəxsi kolleksiyaların bəzəyidir. Məhz bu dövrlərdə Lətif Kərimovun yorulmaz və fədakar əməyinin nəticəsində Azərbaycanda bu sənət özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, bir müddət Azərbaycan Radiosunun Fars bölməsində diktor vəzifəsində çalışsa da, daim yaradıcılıqla məşğul olmuşdur. İlmələrin sehrində yetişmiş sənətkar bu illərdə bir-birinin ardınca xalça naxışlarından istifadə edərək, yüksək professionalıqla yaradıcılığındakı hiss və duyğularını rəng çalarları və sirli-sehirli ilmələr vasitəsilə canlandırmışdır. Lətif Kərimovun bu sahədə uzun illər apardığı məqsədyönlü və əməli işləri xalçalarımızın başqa adlarla təqdim edilməsinin qarşısının alınması və "Azərbaycan xalçaları" kimi dünyaya tanıdılması istiqamətində atılmış ilk dəyərli addımdır.

Lətif Kərimov xarici səfərlərində dəfələrlə xalçasevərlərin Azərbaycan xalçalarının da sərgiləndiyi şəxsi kolleksiyalarında çoxsaylı xalçaların nümayiş edilməsinin şahidi olmuşdu. Milli xalçalarımızdan ibarət daimi ekspozisiyanın mövcud olacağı xalça muzeyinin Vətənimizdə yaradılması Onun xəyallarının əlçatmaz sayılan zirvəsində arzu olaraq qalmışdı. Yalnız 1967-ci ildə bu arzular həyata keçdi. Həmin ildən etibarən fəaliyyətdə olan, onun arzularının təcəssümü sayılan və dünyada analoqu olmayan ilk Azərbaycan Xalça Muzeyi də məhz bu sənət fatehinin təşəbbüsü ilə Bakıda yaradılmışdır. Bu gün onun çiçəklənmiş arzuları yaşayır və təşəkkül tapır, Azərbaycan Xalça Muzeyində Lətif Kərimova həsr edilmiş göz oxşayan xüsusi guşədə onun dəyərli əsərləri sevgi və şəfqətlə nümayiş olunur. Dahi sənətkarın fəaliyyəti dövründə müxtəlif janrlarda yaratdığı dərin mənalı, əsrarəngiz xalçaları və Azərbaycan xalça sənətinin sistemləşdirilmiş meyarlarına əsaslanan fundamental elmi əsərləri bu gün də istər püxtələşmiş, istərsə də yetişməkdə olan xalçaçı rəssam və alimlərin yoluna işıq saçır.

Əlisəfa NURİYEV

Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri

525-ci qəzet 2018.- 16 noyabr.- S.7.