Müdriklik zirvəsində
Əli
Əmirlinin 70 illiyinə
Aqşin BABAYEV
Filologiya elmləri doktoru,
professor
Görkəmli dramaturq, Əməkdar incəsənət xadimi,
professor Əli Əmirlini
əvvəllər qiyabi
tanıyırdım. "Ölü doğan şəhər" romanını
oxumuşdum. Özü də
birnəfəsə. Çox xoşuma
gəlmişdi. Yazı manerası,
dili, üslubu cəlbedici idi. Kiçik ştrixlərlə obrazın
daxili aləmini məharətlə aça
bilirdi.
On iki il bundan əvvəl Əli Əmirli ilə eyni kafedrada
çalışmağa başladım.
"Ədəbi yaradıcılıq və
ekran dramaturgiyası"
kafedrasında. Əli müəllim
geyimindən tutmuş,
biliyinə, nitqinə,
davranışına qədər
səliqəli, dürüst
insan kimi ürəyimə yatdı.
Tanışlığımız tez bir zamanda dostluğa çevrildi. Onunla üzbəüz
oturub sadəcə söhbət etməkdən
belə böyük zövq alırdım.
Çox
zəngin mütaliəsi
var Əli müəllimin. Müasir ədəbi
prosesi diqqətlə izləyir, mətbuat səhifələrində müntəzəm
çıxış edir.
Yaradıcılığı çoxşaxəlidir. Dramaturqdur, ssenaristdir, nasirdir, publisistdir, alimdir, pedaqoqdur. Hazırda Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
"Kinoşünaslıq və
ekran dramaturgiyası"
kafedrasının müdiridir.
Kinoşünaslığa aid neçə-neçə kitab, elmi məqalə,
proqram və metodik vəsaitin müəllifidir.
Bütün bu deyilənlər, mənalı ömrünü
ədəbi və pedaqoji fəaliyyətə
həsr etmiş fədakar bir qələm sahibi haqqında kiçik qeydlərdir. 30-a yaxın
pyesin müəllifi olan Əli Əmirli
təkcə Azərbaycanda
yox, onun hüdudlarından uzaqlarda
da tanınır və sevilir. Onun pyesləri Gürcüstanda,
Tacikistanda, Qırğızıstanda,
Qazaxıstanda və başqa ölkələrdə
uğurla tamaşaya qoyulmuşdur. Dramaturqun "Varlı qadın" pyesi Almaatıda keçirilmiş Yaxın
Şərq ölkələrinin
II Beynəlxalq Teatr Festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür.
Ümumiyyətlə, Əli Əmirlinin
pyesləri rus, türk, tacik, özbək, qazax, qırğız, tatar, kumık, kalmık və sair dillərə
çevrilmiş, səhnəyə
qoyulmuş, tamaşaçılar
tərəfindən böyük
rəğbətlə qarşılanmışdır.
Mən Əli Əmirlinin bir çox pyeslərinin nübar tamaşalarında
iştirak etmişəm. "Bütün
deyilənlərə rəğmən
və Ağa Məhəmməd şah Qacar", "Yeddi məhbusə", "Səhnədə
məhəbbət", "Sevən qadın",
"Ünvansız Qatar", "Ah, bu uzun sevda
yolu" və sairə. Obrazlarının adi sözləri
və ifadə tərzləri belə bir-birinə bənzəməyən
bu çoxsaylı əsərlər, hər şeydən əvvəl mövzu dairəsi, müasirliyi vəvətəndaşlıq
mövqeyi ilə seçilir.
Müəllifin dəyərli əsərləri
içərisində "Ünvansız
qatar" pyesi bu baxımdan xüsusilə səciyyəvidir. Əsərdə erməni təcavüzünün
qurbanı olan soydaşlarımızın öz
doğma yurdlarından
didərgin düşmələri
və bu ekstremal vəziyyətdəki
gərginlik dramaturq tərəfindən yüksək
sənətkarlıqla işlənmişdir.
Pyesdə Səriyyə
adlı didərgin qadının Uca Tanrıya üz tutaraq dediyi bu sözlər hamımızın ürəyindən
xəbər verir:
"Allahım! Qanadı
qırıq quş kimiyəm! Uçsam uça, qaçsam
qaça bilmirəm.
Qolum-qanadım qırıq,
könlüm min parça!
Ey qəlbləri hər səmtə çevirən, ey könüllər sahibi! Yaraları sarıyan, dağılanı toplayan Sənsən! Sən özün bu millətin bəsirət gözünü aç ki, gördüklərinin mahiyyətinə vara bilsin, dostu dost bilsin, düşməni düşmən görsün!
Halalı haramdan seçə bilsin... Yaxşını yaxşı,
pisi pis görsün..."
Əli Əmirlinin
təkcə dram əsərləri
deyil, onun teatr sənəti problemlərinə həsr
etdiyi məqalələri
də günlə səsləşir və həmişə böyük
maraq doğurur. Belə
məqalələrinin birində
dramaturq, hər şeyi qara eynək arxasından görənlərə, teatrın
bugününə dodaq
büzənlərə belə
cavab verir:
"Hər dəfə qalmaqal qoparmaq həvəsində olan,
internet saytlarında teatrları,
ən çox da ölkənin baş teatrı olan Akademik Milli
Dram Teatrını hədəfə
alan yazıları
oxuyanda məndə sual yaranır: teatrı sevməyən, teatr tamaşaçısı
olmayan bu adamlar teatrdan nə istəyirlər? Niyə onlar yaxşını da, pisi də
eyni rəngdə görürlər? Niyə yaxşıya
kədərlənir, pisə
sevinirlər?"
Bu sətirlər bütün
varlığı ilə
teatra bağlı, teatr təəssübkeşi
olan bir yaradıcının, dramaturqun
obyektiv mülahizələridir. Bu mülahizələr də
eynilə onun dram əsərləri kimi rəğbətlə qarşılanır.
Əli Əmirli
yaradıcılığı haqqında dövrü mətbuatda bir çox dəyərli yazılar, onunla aparılmış maraqlı
müsahibələr işıq
üzü görmüşdür. Mən onlardan
yalnız ikisini qeyd etmək istəyirəm. Bunlardan biri
"525-ci qəzet"də çap olunmuş "Yeddinin yanındakı sıfır" adlı (Müəllifi Cavid Zeynallıdır) yubiley yazısıdır. Əli
Əmirli sənətini
maraqlı yazı üslubu ilə xarakterizə edən Cavid Zeynallı dramaturqa belə qiymət verir: "20 ildə Azərbaycan dramaturgiyası və teatrının ağırlığını
çiyinlərində ləyaqətlə
daşıyan insan!"
Əlavə geniş şərhə
ehtiyac yoxdur. Bu, həqiqətən belədir. Əli Əmirli ağlasığmaz
dərəcədə fədakardır,
həm də çox məhsuldardır,
onun əksər teatrlarımızın repertuarlarında
özünəməxsus yeri
var. İkinci mətləb
isə Əli Əmirlinin "Modern.az" saytının
müxbiri Mahmud Əyyubla
müsahibəsində müdrikcəsinə
dediyi sözlərlə
əlaqədardır. O, müxbirin "yazıçı
taleyindən razısız?"
sualına belə cavab verir: "Mən, bir qayda
olaraq, özümdən
yuxarı yox, aşağı baxıram,
onda həqiqi mənzərəni daha yaxşı görür, onu düzgün qiymətləndirməyə çalışıram".
Bu sözlər Əli Əmirli şəxsiyyətinin səciyyəvi
xüsusiyyətini çox
aydın şəkildə
əks etdrir.
Professor Əli Əmirli
həm də mahir pedaqoqdur. O, gözünü
mühazirə mətnindən
çəkməyən, vaxtı
öldürmək üçün
dərsə dəxli olmayan şəxsi xatirələrindən danışan,
"köhnə baqajı"
ilə kifayətlənən
müəllimlərdən deyildir.
Onun hər dərsi pedaqoji sənət nümunəsidir. O, müntəzəm
olaraq öz üzərində işləyir,
yazıb yaratmaqla bərabər, həm də oxuyur və öyrənir. Ona görə də Əli müəllimin tələbələr arasında
böyük nüfusu
var və onun dərslərini təkcə tələbələr
yox, müəllimlər
də maraqla dinləyirlər.
Əli Əmirli
ciddi alimdir. Onun leksikonunda
"güzəşt" adlı
söz yoxdur. Magistrlərinə, doktorantlarına və kafedra üzvlərinə münasibətdə
çox tələbkardır.
Adi müəllim işləyəndə
də, elə indi kafedra müdiri
olanda da, intizamı ilə seçilən, həmişə
nümunə göstərilən
bir alim - pedaqoqdur. Əli Əmirli tələbələrinə
təkcə kino və televiziya dramaturgiyasının sirlərini
öyrətmir, həm
də həyat dərsi keçir.
Bu gün Əli Əmirlinin müxtəlif
mədəniyyət ocaqlarında,
telekanallarda çalışan
sabiq tələbələri
müəllimlərindən öyrəndikləri nəzəri
bilikləri işlədikləri
sahəyə tətbiq
etməklə yanaşı,
onun şəxsi keyfiyyətlərini - yüksək
əxlaqını, təvazökarlığını,
sadəliyini, həmişə
öyrənmək və
öyrətmək ehtirasını,
gecə-gündüz yorulmadan
çalışmaq vərdişini
göz önünə
gətirir, ona bənzəməyə çalışırlar.
Əziz
dostum və həmkarım Əli müəllim! Bu gün Sən ömrünün müdriklik zirvəsindəsən!
Bu zirvəyə Sənin tək yüksəlmək hər
qələm sahibinə
nəsib olmur. Çox yaşa! Yeni-yeni, həm bədii, həm də elmi əsərlərinlə,
pedaqoji nailiyyətlərinlə
bizi sevindir!
525-ci qəzet 2018.- 16 noyabr.- S.7.