Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd edildi

Dünən Mərkəzi Elmi Kitabxanada AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, AMEA rəhbərliyi, əməkdaşlar, tanınmış elm və ədəbiyyat xadimləri, müxtəlif ölkələrdən gəlmiş qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar foyedə Ədəbiyyat İnstitutunun nəşrlərindən, eləcə də AMEA-nın əməkdaşlarının əl işlərindən ibarət kitab və rəsm sərgilərilə tanış olublar.

Mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamayaraq Ədəbiyyat İnstitutunun tarixi haqqında məlumat verib. O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bütövlükdə elm sahəsi, həmçinin, ədəbiyyatşünaslıq nəhəng addımlarla irəliləməkdədir. A.Əlizadə qeyd edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən institut ədəbiyyatın müxtəlif sahələrində elmi potensialın yaradılmasında əhəmiyyətli rol oynayıb: "Ədəbiyyat İnstitutu həm Azərbaycan, həm də dünya elminə böyük töhfələr verib. Azərbaycan xalqının intellektinin inkişafında ədəbiyyatçıların, humanitar elm sahələrində çalışan alimlərin əməyi danılmaz faktdır. Ölkəmizdə elmə, onun təmsilçisi olan alimlərimizə diqqət və qayğı hər zaman olub. Görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin nəhəng fəaliyyəti sayəsində Azərbaycan elmi üçün möhkəm zəmin yaradılıb. Hələ 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin bu sahəyə olan qayğıkeş münasibəti 2003-cü ildən sonra, cənab Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanda elmə, alimlərin əməyinə dövlət qayğısı daim artmaqdadır".

Çıxışında İ.Kantın "Əgər bir insanın həyatının mənası poeziya və elmə öz ömrünü həsr etməkdirsə, o insan yüksək hörmət və ehtirama layiqdir" fikrini xatırladan Akademiya prezidenti Ədəbiyyat İnstitutunun hər bir əməkdaşının öz ömrünü elmə, sözün, ədəbiyyatın inkişafına həsr etdiyini vurğulayıb: "Təkcə bir faktı nəzərinizə çatdırmaq istəyirəm: Ədəbiyyat İnstitutunun əməkdaşlarının əsərlərindən ibarət biblioqrafiyada oxudum ki, yalnız 2017-ci ildə İnstitutun müxtəlif istiqamətli tədqiqatları nəticəsində 114 kitab, 1460 elmi məqalə çap olunub. Eyni zamanda, diqqətə layiq haldır ki, bu kitab və elmi məqalələrin bir çoxu xarici ölkə mətbuatlarında da çap edilib. Ədəbiyyat İnstitutunun yaradılması şübhə yox ki, Azərbaycan elminin inkişafında böyük rol oynadı. Hələ Sovet dövründən başlayaraq, Ədəbiyyat İnstitutunun fəaliyyəti sayəsində yüzlərlə elmi nəticələrə imza atılıb. Ədəbiyyat İnstitutu son illərdə ölkə üzrə zəruri elmi konsepsiyaların əsasını qoyub. AMEA-nın Rəyasət Heyətində geniş müzakirə etdiyimiz "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi" konsepsiyası son dərəcə maraqlı, aktual və əhəmiyyətli bir hadisədir. Biz onun rus və ingilis dillərinə də tərcümə olunmasını təklif etmişik".

A.Əlizadə bildirib ki, Ədəbiyyat İnstitutu Azərbaycanın bir çox görkəmli alimlərinin adları ilə üzvi surətdə bağlıdır: "Ədəbiyyat İnstitutu dedikdə, Səməd Vurğun, Mirzə İbrahimov, Həmid Araslı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Məhəmmədhüseyn Təhmasib, Yaşar Qarayev, Bəkir Nəbiyev və başqaları yada düşür. Son illərdəki sürətli inkişaf göstərdi ki, Ədəbiyyat İnstitutu da dəyişən zamanla ayaqlaşır, müasirliyə, yaranmaqda olan gənc ədəbiyyata öz diqqəti ilə seçilir. Ədəbiyyat İnstitutunun kollektivi ölkəmizin mədəni, elmi, siyasi həyatında da fəallıq göstərir, Azərbaycan elmini dünya elmi müstəvisində layiqincə təmsil edirlər. Bütün bunlar Azərbaycan Milli Elmlər Akademiyasının imicini formalaşdırır və elmimizin ucalığına xidmətdir".

Daha sonra A.Əlizadə yaxın günlərdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təltif olunan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına mükafatları təqdim edib. Onlardan Qəzənfər Paşayev Əməkdar Elm Xadimi adına, Şirindil Alışanlı, Mahirə Quliyeva, Vaqif Yusifli "Tərəqqi" medalına, Nüşabə Araslı və Tahirə Məmmədli "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülüblər.

Eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yubileyi münasibətilə ölkəmizdə qonaq olan Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianiyə Ədəbiyyat İnstitutunun Fəxri Doktoru mükafatı təqdim olunub.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu: elmi ənənələr və müasirlik" mövzusunda məruzəsi dinlənilib. Akademik Ədəbiyyat İnstitutunun və onun əməkdaşlarının fəaliyyətlərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, mükafatlara layiq görülən əməkdaşları təbrik edib: "Ölkəmizin rəhbərini əmin etmək istəyirəm ki, Akademiyanın, o cümlədən, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri bundan sonra da səylə çalışacaq, bu göstərilən etimadı doğrultmaq üçün  bacarıqlarını əsirgəməyəcəklər".

Direktor qeyd edib ki, Ədəbiyyat İnstitutunun keçdiyi 85 illik məsuliyyətli, şərəfli və eyni zamanda, keşməkeşli yol bütünlükdə ədəbiyyatşünaslıq elminin təkamülünü, inkişafını, çətinliklərini və qazandığı uğurları özündə əks etdirir: "Ədəbiyyat İnstitutu bu illər ərzində həmişə Azərbaycan ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirib. O, ədəbiyyatşünaslıq elminin əsas yaranma və inkişaf mərkəzidir. Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin istiqamətləndirilməsi, yönləndirilməsi, çətinliklərinin müzakirə olunması, çıxış yollarının müəyyən olunması, taktika və strategiyasının hazırlanması vəzifəsini həmişə Ədəbiyyat İnstitutu yerinə yetirib. Ölkəmizdə milli düşüncənin, Azərbaycançılıq məfkurəsinin formalaşmasında Ədəbiyyat İnstitutunun çox böyük rolu vardır. Təkcə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yox, eləcə də, ayrı-ayrı məktəb və universitetlərdə çalışan ədəbiyyatşünaslar ordusunun çox böyük hissəsini, hətta deyərdim ki, mütləq əksəriyyətini Ədəbiyyat İnstitutu hazırlayıb və yaxud da hazırlanmasında bu institutun özünəməxsus böyük rolu olub. Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatşünaslıq elminin barometri funksiyasını yerinə yetirir.  Ədəbiyyat İnstitutunun ana funksiyası ölkədə ədəbi prosesi yönləndirmək, təsir göstərmək, böyük inkişafa doğru istiqamətləndirməkdir".

İ.Həbibbəyli məruzəsində Ədəbiyyat İnstitutunun tarixi boyunca keçirilən müxtəlif konfranslardan, layihələrdən, çap olunan çoxcildli nəşrlərdən, yaradılan beynəlxalq əlaqələrdən söz açıb. Bu tədbirin həm də Ədəbiyyat İnstitutunun yubiley hesabatı olduğunu vurğulayan akademik deyib ki, son illərdə elmlər doktoru və professorların hazırlanması prosesinin sürətlənməsini də xüsusi qeyd etmək lazımdır. Bildirib ki, son beş ildə akademiyanın Ədəbiyyat İnstitutunda 31 nəfər Filologiya üzrə fəlsəfə doktoru, 9 nəfər Filologiya üzrə elmlər doktoru dissertasiyasını müdafiə ediblər. Bu, Ədəbiyyat İnstitutunun kadr potensialının genişləndiyini və dəyişib inkişaf etdiyini göstərən mühüm faktlardan biridir.

Sonra söz qonaqlara verilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq elmində müstəsna rolundan danışan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında illər boyu bu elm müəssisəsində çap olunan və ədəbiyyatşünaslığımız üçün mühüm dönüş olan nəşrlər, dərsliklər, monoqrafiyalardan söz açıb. Xalq yazıçısı Sovet dövründə qadağa olunan bir sıra əsərlərin, tarixi abidələrin müstəqillik dövrümüzdə məhz Ədəbiyyat İnstitutu tərəfindən yenidən aşkara çıxarılıb uğurlu təbliğ edilməsini xatırladıb. Bu mənada o, "Kitabi-Dədə Qorqud" dastanlarını və onun bugünkü böyük təbliğatını Ədəbiyyat İnstitutunun mühüm uğuru kimi dəyərləndirib: "Bu dastanın araşdırılmasında Ədəbiyyat İnstitutu və onunla bərabər Dilçilik, Folklor İnstitutlarının da xidmətlərini xüsusi qeyd etməliyik. Sovet dövründə yaranan bir başqa uyğunsuzluğun da aradan qaldırılmasının vaxtı çatıb. Əgər Türkiyə ədəbiyyatşünasları haqlı olaraq, Nəsimini, Xətaini, Füzulini Azərbaycan ədəbiyyatı deyə ayırmadan, öz ədəbiyyatları kimi görürlərsə, biz də Qazi Bürhanəddinlə bərabər, Pir Soltan Abdal, Qaracaoğlan kimi şairləri türk ədəbiyyatından qoparmadan, ortaq ədəbiyyat nümayəndələrimiz kimi araşdırmalı və Azərbaycan ədəbiyyatına daxil etməliyik. Güman edirəm ki, hazırlanan 10 cildlik Azərbaycan ədəbiyyatında bu, nəzərə alınacaq. Hesab edirəm ki, Yunus Əmrənin möhtəşəm divanı da ədəbiyyat və dil tariximizin tədqiqat obyekti olmalıdır. Müstəqillik dövründə Ədəbiyyat İnstitutunun gördüyü ən möhtəşəm işlərdən biri olan "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının latın qrafikası ilə nəşri, Azərbaycan ədəbiyyatı haqqında çoxcildlik kitablar da elmimizin böyük nailiyyətidir".

Ədəbiyyat İnstitutunu 85 illik yubileyi münasibətilə təbrik edən Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski ölkələrarası ədəbi-mədəni əlaqələrin inkişafında Ədəbiyyat İnstitutlarının müstəsna rolundan bəhs edib. Natiq çıxışının sonunda instituta görkəmli yazıçı M.Şoloxovun əlyazmalarının surətini hədiyyə verib.

 

Tatarıstan EA-nın vitse-prezidenti, akademik Daniya Zaqidullina onların ədəbiyyatına Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin təsirindən söz açıb. O deyib ki, Nizmai Gəncəvinin "Xəmsə"si Tatarıstanda tatar dilinə tərcümə olunaraq bir neçə dəfə işıq üzü görüb. Tatarlar tərəfindən daha çox sevilən poemalardan olan "Xosrov və Şirin", "Leyli və Məcnun" poemalarına tatar alimlərinin, ədəbiyyatşünas və tərcüməçilərin də diqqəti çoxdur. Onlardan "Xosrov və Şirin" tatar ədəbiyyatına daha çox təsir edibsə, "Leyli və Məcnun" bir neçə tərcüməçi tərəfindən dəfələrlə müraciət edilərək, ən çox tərcümə olunan poema olub. Daha sonra o, Tatarıstan EA-nın sədrinin yubiley təbrikini İsa Həbibbəyliyə təqdim edib.

Belarus EA-nın Yanka Kupala adına Ədəbiyyat İnstitutunun direktoru, professor İvan Saverçenko çıxışında qeyd edib ki, nəinki Azərbaycan klassik ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatşünaslığında, elmində xüsusi yeri olan alimlər də Belarusiyada tanınır, sevilir və fəaliyyətləri yaxından izlənilir. O, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin Belarusa gözlənilən səfərinə bütün ölkənin layiqincə hazırlaşdığını diqqətə çatdırıb. Professor Ədəbiyyat İnstitutuna XIX əsr Belarus yazıçılarının əsərlərindən ibarət kitab hədiyyə edib.

Humanitar elmlərin bir xalqın təfəkkürünü, milliliyini qorumaq və təbliğ etmək baxımından bir cəbhə qədər, ordu qədər əhəmiyyəti olduğunu deyən Xalq şairi Sabir Rüstəmxanlı da yubiley münasibətilə rəhbərlik və əməkdaşları təbrik edib, onların keçdiyi şərəfli yola qısa nəzər salıb: "Hələ İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin edilərkən demişdim ki, Naxçıvan Dövlət Universiteti itirdi, Ədəbiyyat İnstitutu qazandı. Zaman mənim haqlı olduğumu göstərdi. İsa Həbibbəyli kimi alimin vitse-prezident kimi çalışması da akademiyanın şansıdır. Humanitar elm sahələrindəki alim və professorlarımızın inkişafı bizim strateji mövqeyimizin də güclənməsi deməkdir. Sevindirici haldır ki, Ədəbiyyat İnstitutunda məhz bu cür alimlər çalışır. İnanıram ki, bundan sonra da onlar ədəbiyyatşünaslıq elminə öz töhfələrini verəcəklər".

Monqolustan EA-nın Ədəbiyyat İnstitutunun direktoru Bilquudei Qaadamba təmsil etdiyi ölkənin Azərbaycanla hər zaman qarşılıqlı ədəbi əlaqədə olduğunu deyib. Hələ 1958-ci ildə ilk dəfə Səməd Vurğunun şeirlərinin monqol dilinə tərcümə edilərək çap olunduğunu deyən natiq, bu günə kimi də bu qarşılıqlı ədəbi münasibətlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb və "Əbədi səma" adlı rəsm əsərini İ.Həbibbəyliyə təqdim edib.

Qırğızıstan EA-nın Çingiz Aytmatov adına Qırğız Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Nurzina Iysayeva çıxışında qırğız ədəbiyyatı və təmsilçisi olduğu institutunun gördüyü işlər, Azərbaycan ədəbiyyatının Qırğızıstandakı təbliği haqqında məlumatlar verib, son ildə orada 34 kitab çap olunduğunu diqqətə çatdırıb. Daha sonra qonaq Çingiz Aytmatovun orijinal kitabını Ədəbiyyat İnstitutuna hədiyyə edib.

"Akademiyada alimlər yaşa dolduqca onların qədir-qiyməti artır" - deyən Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev çıxışında ona göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, AMEA-nın prezidenti Akif Əlizadəyə, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyliyə təşəkkürünü ifadə edib. 1969-cu ildən Ədəbiyyat İnstitutunun əməkdaşı olduğunu deyən professor onun illərlə necə inkişaf etdiyinə əyani şahidliyindən söz açıb. Professor son illərdə Ədəbiyyat İnstitutunun gəncləşdiyini, əməkdaşlar arasında artıq kifayət qədər gənc kadrlar olduğunu qeyd edib.

Daha sonra qonaqlardan Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, Bolqarıstan EA Ədəbiyyat İnstitutunun direktoru Elka Tryakova, Daşkənd Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Naim Kərimov, Rostov Biznes və Hüquq İnstitutunun rektoru, professor İmran Əkbərov, Tatarıstan EA Dil və Ədəbiyyat İnstitutunun direktoru Kim Minullin, Qazaxıstan Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktor müavini Almira Kaliyeva və başqaları N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə institut əməkdaşlarını, bütövlükdə Azərbaycan xalqını təbrik ediblər. Xarici qonaqlar, həmçinin, Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın perspektivlərindən danışıblar.

Tədbir boyunca Ədəbiyyat İnstitutunun tarixini özündə əks etdirən sənədli film və slayd nümayiş olunub.

Xatırladaq ki, noyabrın 14-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə Elmi Şura keçirilib. Şurada il ərzindəki səmərəli fəaliyyətlərinə görə "İlin alimi" və "İlin gənc alimi" mükafatları sahiblərinə təqdim olunub.

Eləcə də, AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Dostu", professor Himalay Qasımov və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov "Ədəbiyyatşünaslığa dəstək" mükafatlarına layiq görülüblər.

Şahanə MÜŞFİQ

525-ci qəzet 2018.- 16 noyabr.- S.4.