Pardaqlanan məsumiyyət və “Cəmilə”
Məsumiyyət nədir; günahsız olmaq, saflıq, paklıq, təmizlik? Yaxşı,
bəs, bunu nə vaxta qədər
qoruyub saxlamaq mümkündür: ayağın
yer, dilin söz tutanadək, bəlkə, daha artıq? Bəlli deyil! Həyatla iç-içə olub bu məfhumu itirməmək çətin
məsələdir!
O da sevgi kimi
insanla birlikdə doğulur. İkisi də Yaradan
tərəfindən bəxş
edilmiş ərməğandır.
Amma hər ikisi ilə də başa çıxmaq çətin məsələdir.
Birini kirləndikcə
kirlənib itiririk, birini sovurduqca sovuraraq yox edirik!
Bəlkə də buna görə, rahatlıqla məhv etməməyimiz üçün
ruhumuzun dərinliklərinə
sığınıb! Hərdən adama elə gəlir ki, bəzilərinin hələ
də üstün olmağının səbəbi
məsumiyyətlərini itirməməkləridir.
Görkəmli qırğız yazıçısı
Çingiz Aytmatovun “Cəmilə”sini dünyanın
ən gözəl sevgi əsərlərindən
biri edən elə budur; hər cümləsində
daşıdığı məsumluq!
Sözlər oxucunun gözünü
qamaşdırır, işım-işım
işıldayır, cümlələrdən
süzülən şəffaflığı
ilə duruluğunu qoruyub saxlayır.
Elə bədii
əsərlər var ki, onları oxuyanda sanki film izləyirsən, hər şey gözlərinin qarşısında canlanır,
elə bil hadisələri televizor qarşısında oturub anbaan izləyirsən. Bu cür əsərlərin
ekran həyatı adətən uğurlu alınır. Bu fikri tam mənası ilə “Cəmilə”yə
də şamil etmək olar. Kitabı əlinə götürdüyün
anda Talas vadisəni düşürsən.
Tarixinə toxunur, kültürünə
boylanırsan. Amansız günəşində
yanıb-yaxılırsan, dodaqların
istidən çatlayıb
qanayır, ayağın
daşlarına dəyib
əzilir. Dağlarına qalxır, yaylağında
gəzir, çayında
üzürsən. Oxuduqca adama
elə gəlir ki, bütün hadisələr gözünün
önündə cərəyan
edir və ya obrazlardan biri elə özünsən.
Yazıçı ilk qələm təcrübəsi
olan “Cəmilə” ilə sevgisi gözündə donan cəmiyyətin buzunu əritməyə çalışır. Pozulmağı qadağan edilən qaydaların, hər şeyin fövqündə
olan sevgidən neçə boy aşağıda,
çökəkdə olduğuna
ayna tutur. Aytmatov Cəmilənin hekayəsini
13 yaşlı Seyidə
uşaq saflığı
ilə, onu sevdiyini bilmədən danışdırır. Halbuki roman əslində,
Seyidin həyatından
bəhs edir. O, gizli dünyasını, duyğularını, uşaqlığının
bir hissəsini bölüşür. Cəmiləni evli bir qadın
olduğu halda gənc qız kimi görməyimizi də, Danyarla olan sevgini müqəddəsləşdirməyimizə
səbəb olan da Seyidin danışığındakı
ucsuz-bucaqsız məsumluqdur.
Elə Aytmatovun zəfəri də budur!
Gözəl, özünə güvənən,
heç kimdən sözünü əsirgəməyən,
güclü, hər işdən baş açmağı bacaran Cəmilə, varlı ailənin gəlini olur. Həyat yoldaşı Sadıq
İkinci Dünya Müaribəsinə yollanır.
Kəndin kişilərinin böyük əksəriyyəti
cəbhədə olduğu
üçün onların
öhdəlikləri də
qadınların üzərinə
düşür. Cəmilə də həmin qadınlardan biri olur. Çətin işlər görür,
at çapır, araba
sürür, taxıl
daşıyırdı, amma
heç biri ona əri tərəfindən
gələn məktubun
sonunda tələm-tələsik
yazılan adı qədər ağır gəlmirdi! Qadın belədir, hər
şeyi bağışlayır,
soyuqluğu, yadlığı,
sevgisizliyi bağışlamır.
Hər əzaba dözür, elə ki, ürəyində əkdiyi eşq adlı gülləri qurudur, heç bir güc onu
təkrar cücərdə
bilmir!
Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən isə Danyar olur! Müharibədən yaralı qayıtmış, məsafəli, adamayovuşmaz idi. Az danışır, fikri həmişə dağınıq olurdu. Bu xarakterinə görə, ona çox vaxt acıyır: “Yazıq oğlan! Görünür ki, cəbhədən sonra hələ də özünə gəlməyib” deyirdilər. Müəllif əsər vasitəsi ilə Sovet Rusiyasının rejiminə qarşı etiraz edirdi. Danyarın geyimindən tutmuş, axsayan ayağına, susqunluğuna qədər bunu görmək mümkün idi. Müharibədən sonra insanın özünü toplamağı, yenidən həyata bağlanmağı, məşəqqətləri, acıları, aldığı fiziki və mənəvi yaraları sağaltamağı zaman tələb edir. Çox vaxt zaman da bu travmanın qarşısında aciz qalır. Yəqin buna görə idi adamlarda heyrət və istehza doğuran qəribə hərəkətləri, xəyalpərəstliyi, yalqızlığa meyli, qaradinməzliyi həmişə hamıda qaranlıq qalmağı... İlk dəfə Seyid bu sirdən agah olmuşdu. Danyarın əsrarəngiz səsini eşidərkən bütün sualların cavabı pardaqlanan gül kimi qarşısında açılmışdı. Hər axşam çıxıb keşikçi təpəsində oturmağını, gecələr çayın qırağında tək qalmağını, başqalarının eşidə bilmədiyi səsə həmişə qulaq asmağını və birdən birə gözlərinin parıldamağını, səksəkəli qaşlarını niyə yuxarı dartdığını artıq bilirdi. Danyar qəlbən vurğun adam idi. Onun məhəbbəti başqa, böyük məhəbbət idi. Bu sevgini mahnılarında gizlədir, onunla yaşayırdı. Laqeyd adam nə cür səsə malik olsa da, o cür oxuya bilməzdi.
İstehza ilə başlayıb, ağrı ilə davam edən eşq avazla möhkəmləndi. Mahnının ahənginə uyğun olaraq dəyişdilər. Onları tanımaq olmurdu. Gözləri sevgidən od tutub yanırdı. Eşq onları yeniləmiş, sevincli, şən adamlara çevirmişdi. Artıq Danyar bütün ilhamverici mahnıları Cəmiləyə həsr edirdi, onun haqqında oxuyurdu.
Bir gün
əl-ələ verib, hər şeyi, hamını geridə qoyaraq
qaçdılar. Bütün kənd bir-birinə dəydi. Hamı Cəmiləni məzəmmət
edirdi. Özünü bədbəxt etdiyini,
kasıb, fiziki qüsurlu Danyarla qaçmağını ağılsızlıq
adlandırırdılar. Bircə Keçinə Bala həqiqəti bilib rahat nəfəs alırdı. Danyarın mənəvi
cəhətdən hər
kəsdən zəngin
olduğunu bilirdi.
Ona görə də, Cəmilənin xoşbəxt
olacağına əmin
idi.
Əksəriyyətimiz həyatımıza sarılan
zəncirlərdən qurtulub,
xoşbəxt anlara qovuşacağımıza dair
xəyallar qururuq. Başqalarının tənəsini, mühakiməsini,
sərt baxışını,
bulanıq düşüncələrini
fikirləşəndə arzumuzu
içimizdəcə boğub
öldürürük. Cəsarətsizliyimizin qurbanına çevrilirik.
“Başqaları”nın hasarını aşan, öz istəklərinin, duyğularının, arzularının
arxasınca gedən Cəmilənin əzmi insanı qanadlandırır.
Onu kimin, nəyin xoşbəxt edəcəyini,
bağlı qalmış
ürəyinin açarının
harada, kimdə olduğunu tapır, küt beyinli, düşünmək bacarığını
itirmiş insanların
sözlərini vecinə
almır. Ən gözəl
libasını geyinib,
Danyarın əlindən
tutaraq arxasına baxmadan gedir.
Çingiz Aytmatovun yaradıcılığı
ilə tanış
olduqca görürsən
ki, onun üçün ən böyük mövzu insandır! İnsanın düşüncələrini, istəklərini, xoşbəxtliyini,
sevincini hər şeydən üstün sayır. Aytmatov insanları suçlamır,
yarğılamır. Cəmiyyət
basqısının, mühafizəkarlığın
insandan aşağı
olduğunu gözlər
önünə sərir!
“Cəmilə” heyrətləndirir,
güc verir, cəsarət yaradır, boyunduruqdan çıxmağın
heç vaxt gec olmadığını,
arzuladığın həyatı
yaşamaq üçün
heç kimin əngəl yarada bilməyəcəyini isbat
edir! Romanı fransız dilinə tərcümə edən və ön sözün müəllifi
olan tanınmış
fransız yazıçısı
Luis Araqon əsərdən
danışar-kən heyrətini
gizlədə bilməyib:
“Ey, inanmadığım
Ulu Tanrım! Eşqə olan bütün imanımla inandığım
o avqust gecəsini mənə bağışladığın
üçün sənə
şükr edirəm”.
Araqonu inanmadığı
Allaha şükr etdirən, bu sehrli əsər üçün yazıçı-dramaturq
Hüseynbala Mirələmova
minnətdaram! Çünki
Çingiz Aytmatov sevgimin təməlini “Cəmilə” ilə atan o oldu!
Türkan
TURAN
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.24.