Ədəbiyyatda təsirlənmə və
plagiat
Məlumdur ki, ədəbiyyatda da təsirlənmə və plagiat anlayışları mövcuddur. Bu anlayışlar daim aktual və mübahisəli mövzular
olaraq qalıb.
İstər oxucular, istərsə
də yazıçılar
zaman-zaman bir-birini “bu şeir filan
şairin şeirindəndir”,
“bu əsər filan əsərdən plagiatdır” kimi sözlərlə ittiham edib və edir.
Ədəbiyyat var olduqca da, çox güman ki, davam edəcək.
Məsələ ondadır ki, bəzən plagiat və təsirlənməni
bir-birindən ayırmağa
çətinlik çəkilir. Daha doğrusu,
qarışıq salırlar.
Ədəbiyyatda plagiat müəllifin
hüquqlarının pozulmasıdır.
Yəni ki, bu, bir
şəxsə aid əsəri
başqasının, mənbəyə
istinad etmədən, öz imzası altında bütövlükdə
və yaxud da bir hissəsini
istifadə etməsidir.
Plagiat həm də tək ədəbiyyatda yox, incəsənətin digər sahələrində
də mövcuddur.
Təsirlənmə isə bildiyimiz kimi, tamamilə fərqli bir anlayışdır. Hansısa bir əsəri,
şeiri oxuyub ondan ilhamlanmaq, təsiri altında yazmaq təsirlənmədir.
Zaman-zaman bunları mən də müşahidə etmişəm. Dünya ədəbiyyatında bunlar daha çox
Frans Kafkanın əsərlərilə bağlı
diqqətimi cəlb edib. Əvvəllər oxuduğum əsərlərdə
onu yamsılayan yazıçılara münasibətim
yaxşı deyildi.
Düşünürdüm ki, çoxları
bilərəkdən bunu
edir, özünü nihilizmə kökləyir,
pessimist notlara köklənir.
Həm də bizdə bir az da “əzabkeş” görünmə
obrazı çoxluq təşkil etdiyinə görə belə düşünürdüm. O səbəbdən
də bunu heç vaxt qəbul etmirdim. Amma sonradan yaradıcı nihilistliyi, asosiallıq, pessimistlik öz canımı da bürüyəndə Kafkanı
sevməyə başladım.
Zaman-zaman isə dünya
ədəbiyyatı yazıçılarının
da “kafkalaşdığını”
gördüm və bunu plagiat yox,
təsirlənmə adı
ilə sahmana saldım.
Bu, ən çox
Pol Osterin əsərlərində göründü
mənə. Düzdü, aralarında fərqlilik
çoxdur, amma sujet hardasa eynilik
təşkil edir deyə düşünürəm.
Kafkanın “Çevrilmə” əsərində
Qreqor Zamzanın bir səhər oyanıb özünü böcəyə dönüşmüş
bilməsilə Pol Osterin “Qaranlıqdakı adam” əsərində Ouen Brikin səhər
oyanıb özünü
bir quyuda görməsi və keçirdiyi hisslər
(Kafka tənhalığı ilə eynilik təşkil edir) eynilə mənə Kafka təsiri bağışlayır.
Əsərlərdəki hər iki personaj bezgin və müəyyən işləri görməyə
məcbur biridir.
Düzdü, “Qaranlıqdakı
adam” əsərində
bu, müharibə ilə bağlı bir şeydir, Kafkada isə məişət məsələləri.
Amma dediyim kimi, hər
iki əsərin oxşar cəhətləri
olduqca çoxdur.
Bu oxşarlıqlar isə sadəcə təsirlənmədən yaranıb
deyə düşünürəm.
Qabriel Qarsia Markesin də yaradıcılığında Kafka təsirinə rast gəlmək olar. Markes yaradıcılığa
başladığı dönəmlərdə
yazdığı ilk hekayələr
də daha çox “kafkalaşma” var.
Markesin özü belə sonradan bunu gizlətməyərək
etiraf edib.
Ümumilikdə bir-birinə bənzəyən
əsərlər çoxdur. Halbuki bunlar
dünyaca məşhur
əsərlərdir. İlk baxışda
yanlış anlaşılıb
plagiat da sayıla bilər.
Misal üçün,
Voyniçin “Ovod” əsəri. Bu əsər
çoxumuza tanışdır.
Dünya
ədəbiyyatının ən
möhtəşəm əsərlərindəndir.
Digər
bir əsər - Kolin Makkalounun “Tikanlıqda şərqi deyənlər” əsərini.
Hər iki əsəri oxuyandan sonra arasında əlaqələr
gördüm.
Diqqətimi çəkən əsas bir məqam, sujet xətlərinin bir-birinə çox oxşamasıdır. Baş qəhrəmanların hər ikisi Papadan sonra ən
yüksək titul sayılan din adamıdır.
Hər iki əsərdə qəhrəmanın
insanlardan gizlətdiyi
bir oğlunun olması və bu oğulların ölümlərin faciəvi
şəkildə baş
verməsi də diqqət çəkir. Başqa oxşarlıqlar
da mövcuddur.
Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri, məncə, Nikolay Qoqolun “Müfəttiş” pyesinin təsirilə yazılıb. Buna bəzən plagiat da deyilib. Amma diqqətlə oxuyanda plagiatlıq nəsə olmadığı aydın şəkildə görünür. Hətta əsərlərində o, buna işarə də edib. “Qurbanəli bəy” hekayəsinin epiqrafına baxanda “Allah sənə rəhmət eləsin, Qoqol!” yazısını görə bilərik. Bu isə Cəlil Məmmədquluzadənin peşəkarlığından xəbər verir. Ola bilər ki, əsərin mövzusu götürülsün, fərqli üslubda yazılsın. Buna plagiat demək olmaz.
Buna misal olaraq da bir neçə əsər adı çəkə bilərik ki, mövzusu götürülsün, amma fərqli üslubda yazılsın. Yəni bir növ təsirlənmə. Şekspirin “Hamlet” əsəri, Hötenin “Faust”unun sujet xəttləri Kristofer Marlodan götürülmədir. Əsərləri oxuyanlar dediklərimi görə bilərlər.
Azərbaycan ədəbiyyatında da bu hallar var. Məsələn, Füzuli
“Leyli və Məcnun” əsərinin mövzusunu Nizamidən götürdüyünü nəzərə
alıb deyə bilərikmi bu plagiatdır? Sizcə də ədəbi
günah olmazmı?
Paolo Koelyonun özünün
də təsirləndiyi
müəlliflər var. Adicə
çoxumuzun bildiyi “Kimyagər” əsəri
Luis Borxesdən təsirlənmədir.
Ümumilikdə isə intibah dövrü ədəbiyyatına
nəzər salsaq və bir də
qədim yunan ədəbiyyatından məlumatlı
olsaq, bəzi əsərlərin mövzularının
sonradan işləndiyini
görə bilərik. Hətta deyilir
ki, Ceyms Coys da “Uliss”
əsərini Homerin “Odisseya”sı motivləri əsasında yazıb.
Əslində, təsir altında əsər yazmaq o qədər də problemli məsələ deyil. Yaradıcılıq üçün normaldır. Bəzən bilmədən
belə, nə zamansa oxuduğun, təhtəlşüurunda yer
almış hansısa
əsərdən öz
əsərində qeyd
də edə bilərsən.
Məşhur yazıçı Orhan
Pamukdan soruşmuşdular:
“Deyilənə görə, siz Ekodan təsirlənirsiz. Doğrudurmu?”
O isə cavabında: “Mən nəinki təsirlənirəm, hətta
bəzi şeyləri oğurlayıram da”
- demişdi.
Orxan
SAFFARİ
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.24.