Azərbaycan teatrı və kinosunun Şərifzadə fenomeni   

 

 

 

Abbas Mirzə Şərifzadə, heç şübhəsiz, Azərbaycan teatr və kino tarixinin ən görkəmli nümayəndələrindəndir. Tamaşaçılar Şərifzadəni daha çox “Hamlet”, “Şeyx Sənan”, “İblis” obrazlarıyla tanıyıb və seviblər.

Teatrdakı romantik axının Hüseyn Ərəblinskidən sonra ən tanınmış siması, faciə aktyoru, rejissor, teatr xadimi, kino sənətimizin inkişafında, təşəkkül tapmasında müstəsna xidmət göstərən Abbas Mirzə Şərifzadə 9 mart 1893-cü ildə Şamaxıda doğulub. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs deyən atası Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onlar da Bakıya üz tuturlar.

İlk təhsilini evdə, atasından alan Abbas 1903-cü ildə ikinci rus-tatar məktəbinə daxil olur. Üç il burada oxuyandan sonra Üçüncü Aleksandr adına kişi gimnaziyasına qəbul edilir.

Əlaçı Abbas gimnaziyaya yenicə daxil olan vaxtlarda keçirilən tədbirlərin birində müəlliminə yaxınlaşıb, şeir demək istədiyini bildirir. Müəllim Abbasın sözünü yerə salmır. Səhnəyə çıxan Abbas əvvəlcə çaşsa da, özünü toplayır, Lermontovun “Şairin ölümü” şeirini şövqlə ifa edir. Sonralar özü bu haqda belə deyirdi: “Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişib. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmunundaydı. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.

İşlər oxumağa, təhsil almağa xüsusi marağı olan Abbasın düşündüyü kimi getmir, ağır xəstəlik ucbatından gimnaziyanı tərk etmək məcburiyyətində qalır.

Sağalandan sonra böyük qardaşı Qulamrzanın yanında alverə başlayır, imkan tapanda onunla teatr tamaşalarına gedir. Hüseyn Ərəblinskini də elə bu tamaşalar əsnasında tanıyır, onun sənətinə, ustalığına vurulur. Beləcə, aktyorluğa mehr salan Abbas bu sənətin incəliklərinə yiyələnməyə başlayır. Nəhayət, 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin “Zorən təbib” komediyasında Lal qız rolunda ilk dəfə peşəkar səhnəyə çıxır. “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor, rejissor kimi fəaliyyət göstərir.

Bir maraqlı faktı da qeyd etmək olar ki, aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı “Şərifzadə-1”, Abbassa “Şərifzadə-2” yazılıb.

Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas o vaxtlar aşağı peşə sayılan aktyorluğun sehrinə aludə olur. Nə qədər dünyagörüşlü olsa da, cəmiyyətin mühafizəkarlığından çəkinən Mirzə Rəsul oğlunun bu istəyini qəbul etmək istəmir. Abbassa nə atasının etirazlarına, nə cəmiyyətin basqısına fikir verir...

Abbas Mirzənin ilk rol sınağı uğursuz alınıb. 9 yaşında tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatrı sənətini sevən Mirzə Məmməd dini tamaşalar hazırlayırmış. Günlərin birində “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özüsə Şümürü canlandırır. Tamaşanın kulminasiya nöqtəsində əlində qılınc üstünə yeriyən Şümürü görən Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasındakı anasının qucağına qaçır. Dindarların mərasimini pozan uşağa camaat möhkəm qəzəblənir. Amma əmisinin də səyi ilə uşaqlığını nəzərə alıb onu bağışlayırlar.

1917-ci ildə artıq tanınmış sənətkara çevrilən gənc Şərifzadə Azərbaycan Artistlər İttifaqını yaradır, qurumun sədri olur. İttifaqda lkiilik aktyorluq kursu yaradılır. İlk teatr məktəbinin qığılcımları da elə bu kursla gözə dəyir. İttifaqın əsas idarə heyəti “İsmailiyyə” binasında yerləşir, hazırladıqları tamaşaların əksəriyyəti də orada göstərilirdi.

1918-ci ilin mart soyqırımında erməni daşnakları “İsmailiyyə” binasını da yandırdılar, beləcə, ittifaq fəaliyyətini dayandırmalı oldu. Şərifzadə məcbur qalıb Volqa boyunca uzunmüddətli qastrola çıxdı. Payızda yenidən vətənə qayıdan teatr xadimi 1919-cu ildə “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” dram və opera truppasında baş rejissor kimi fəaliyyətə başladı. 1920-ci ilin iyununda isə Bakıdakı bütün teatr dəstələri Birləşmiş Dövlət Teatrosu yaratdılar. Birliyə müxtəlif dillərdə fəaliyyət göstərən truppalar, eləcə də Akademik Milli Dram Teatrı daxil idi. Dram Teatrı iki il sonra birlikdən ayrılaraq müstəqil şəkildə yoluna davam etməyə qərar verdi. Teatrın baş rejissorusa Şərifzadə oldu.

A.Şərifzadə Bakı Türk İşçi Teatrında, Kino Fabrikində işləsə, Opera Teatrına baş rejissor təyin olunsa da, yaradıcılığı Milli teatrla bağlıdır. Sənətkar Azərbaycan teatrını dünyada tanıtmaq üçün çox işlər görüb.  İrana, Aşqabada, Həştərxana, Tiflisə, Batuma, İrəvana qastrollar təşkil edib. Hər dəfə müxtəlif tamaşaları səhnəyə qoyub.

Tamaşalarının heç birinin lenti qorunub saxlanılmasa da, sənətkar ilk rejissorlarımızdan sayılır. Abbas Mirzə “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub. Azərbaycan kinematoqrafiyasında onun adı birincilər sırasındadır. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkən Abbas Mirzə ilk milli kino rejissoru kimi tarixə adını yazıb.

“Hacı Qara” filminin taleyi elə rejissorunun öz taleyi kimi olub. Film də “repressiya”ya məruz qalıb. Mirzə Fətəli Axundzadənin eyniadlı komediyasının motivləri əsasında iki dəfə ekranlaşdırılsa da, bəxt heç birinin “üzünə gülməyib”.

İlk film 1928-ci ildə, ilk azərbaycanlı kinodramaturq Cəfər Cabbarlının ssenarisi əsasında çəkilib. O vaxtlar artıq Şərifzadə və digər maarifçi ziyalılar üzərindəki buludlar sıxlaşmağa, repressiyanın ilkin əlamətləri görünməyə başlamışdı. Maddi vəziyyət ürəkaçan deyildi. Bütün bunlara rəğmən Mirzağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli kimi aktyorlar çəkilişə məmnuniyyətlə razılıq veriblər.

Rəngsiz, səssiz, dramaturji xətaları bol olan “Hacı Qara” ümidləri doğrultmur. Sözügedən xətalara görə Cəfər Cabbarlı ilə Abbas Mirzə arasında gərginlik yaranır. Film yarımçıq qalır. Çəkilən hissələr isə sonradan it-bata düşür. Bəzi mənbələrdə qeyd olunur ki, hazır lentlər bilərəkdən məhv edilib, yaxud gizlədilib. Cəmi bir parçası günümüzə qədər gələn film müasir mütəxəssislərdə də xoş fikir yaratmır.

İkinci versiyanın çəkilişlərinə müstəqilliyimizin ilk illərində, 1993-cü ildə başlanılır. Ssenarinin üzərində yazıçı İsi Məlikzadəylə rejissor Cahangir Mehdi işləyirlər. “Aydın” İstehsalat Birliyi filmə sponsorluq edir. Lakin birlik çətinliklə üzləşdiyindən çəkilişlərə maddi yardım ayırmaqdan imtina edir. Nəticədə “Hacı Qara” yenidən yarımçıq qalır. Aktyorlar və texniki heyət təmənnasız işləməyə razı olsa da, rejissor razılaşmır. 10 il sonra, o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun işə qarışmasıyla çəkilişlər başa çatır. Cahangir Mehdi sözügedən filmə əvvəlki şövqlə yanaşmadığından nəticə istənilən kimi olmur. Filmi rejissorun oğlu Elnur Mehdi tamamlamaq qərarına gəlir... Amma ekran əsəri uğursuz zolaqdan çıxa bilmir...

1938-ci ilin martında “xalq düşməni” kimi həbs edilən sənətkarın güllələnmə vaxtı dəqiq bilinmədiyindən ölümü bir müddət həbs olunduğu aydan hesablanıb. Bəzi mənbələrdə qərarın 1943-cü ildə icra edildiyi göstərilir. Əslində A.Şərifzadə 1938-ci ildə, noyabrın 16-da güllələnib. Stalinin ölümündən sonra isə bəraət verilib, hətta 1963-cü ildə 70 illik yubiley keçirilib.

Teatrın estetik prinsiplərini, poetik xüsusiyyətlərini dərindən bildiyindən, bunu öz oyununda ustalıqla sərgilədiyindən romantik-dramatik obrazların ən kamil ifaçılarından hesab olunur. Yumor baxımından bir qədər “xəsis” olan aktyor buna rəğmən komik rolların öhdəsindən bacarıqla gəlir, özünəməxsus dəsti-xətti qoruyub saxlayırdı.

Abbas Mirzə Şərifzadənin orta səviyyəli, hətta kölgədə qalan rolları da olub. Ancaq aktyor o personajları da içdən, səmimi şəkildə bütün enerjisini ortaya qoyaraq canlandırıb.

Dahi Üzeyir bəy 1928-ci ildə yazdığı məqalələrindən birində Şərifzadə haqqında bu fikirləri qeyd edir: “Elm və məktəb yolu ilə deyil, öz cidd-cəhdi ilə, həvəs və görüb-götürmək qabiliyyəti sayəsində Türk səhnəsi xadimləri arasında mühüm bir mövqe qazanmış olan Abbas Mirzə Şərifzadənin aktyor və rejissorluq xidmətlərini təqdir edən zaman başlıca olaraq dramamızın irəliləməsi rolundakı səy və qeyrətini qeyd etməliyik. Abbas Mirzə Şərifzadə opera tamaşası quruluşlarının zənginləşdirilməsi yolunda da çox xidmətlər göstərmişdir.

Kino və teatr işlərində çalışmaqla Abbas universal səhnə xadimi olmaq dərəcəsinə çatmışdır.

Böyük sənətkara alqışlar!”

Azərbaycan səhnəsində Otello və Hamletin ilk ifaçısı olan Şərifzadə Maqbetə də milli səhnəmizdə mayak olub. Bu rolun digər yaddaqalan, həm də kədərli cəhəti sənətkarın sonuncu rolu olmasıdır. 1937-ci ilin 3 dekabrında Şərifzadə “Maqbet” kimi son dəfə səhnəyə çıxıb.

Elə həmin gün Azərbaycan SSR Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü bölməsinin rəis müavini baş leytenant Borisov arayış tərtib edir: “Əldə edilmiş məlumatlara görə, Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən, Şərifov Abbas Mirzə Rəsul oğlu həbsə salınıb Azərbaycan SSR CM-in 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.

Dekabrın 4-də sənətkar həbs olunur. Evində axtarış aparılır, bir teatr qılıncı və iki teatr tapançası müsadirə edilir.

1937-ci ilin dekabr ayının 9-da Şərifzadə birinci dəfə dindirilir. Bu dindirmədə, o, İran konsulu Vafi ilə gizli görüşməkdə ittiham olunur. Dekabrın 17-də baş tutan ikinci dindirmədə Abbas Mirzə Şərifzadə deyir: “Mən tamamilə Sovet hökuməti və Kommunist Partiyasının tərəfdarıyam. Onların tapşırıqları mənim üçün qanundur”.

Dekabr ayının 25-də üçüncü dindirilmə zamanı Hüseyn Cavidlə görüşməkdə, konsertlərdə və radioda öz repertuarına Mikayıl Müşfiqin, Əhməd Cavadın, Hüseyn Cavidin əsərlərini salmaqda ittiham olunur. Lakin ifadəsinin sonunda qətiyyətlə vurğulayır: “Məni heç kəs heç bir təşkilata cəlb etməyib və belə təşkilatın olması ilə bağlı mənə heç bir şey bəlli deyil”.

... 10 ay çəkən istintaqın yekunu olaraq 1938-ci ilin oktyabrının 19-da Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün iclasında qərara alınır: “Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun”.

Qərar 1 ay sonra - noyabrın 16-da icra olunur. Yalnız 17 il sonra, 1955-ci il sentyabrın 17-də Şərifzadənin ittihamına dair işə SSRİ-nin Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən yenidən baxılır, cinayət tərkibi olmadığı üçün xitam verilir.

 

 

Cavid QƏDİR

 

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.23.