İspaniya - düşüncələr və unudulmaz xatirələr

 

 

 

“Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli

Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri  

Alikantedə biz təyyarəyə gecikmişdik, lakin I klass biletimizi gördükdə, uçuşa hazırlaşan DC-9 təyyarəsini dayandırıb, bizi ona oturtdular. İspaniyada hava nəqliyyatı çox inkişaf etmişdir. Biz dörd şəhərdən təyyarə ilə uçmalı olduq. Uçuş çox dəqiq həyata keçirilir, təyyarə biletdə göstərilən vaxtda yerdən ayrılıb, göyə qalxır. Salonda xidmət o qədər yüksək olmasa da, uçuşun təhlükəsizliyinə və vaxta düzgün əməl edilməsinə söz yoxdur.

Alikantedən biz Barselonaya uçduq. Barselona Kataloniyanın paytaxtından daha çox, müasir gənclərə Leonel Messi kimi dünya şöhrətli oyunçusu olan “Barselona” futbol komandası ilə tanışdır. Lakin Barselona paytaxt və ya futbol Məkkəsi olmasından asılı olmayaraq, olduqca gözəl və çox qədim şəhərdir: onu karfagenlilər b.e.ə. III əsrdə salmışdılar. Hətta bu adın məşhur sərkərdə Hannibalın atası Hamilkar Barka ilə əlaqədar olduğunu iddia edənlər də az deyildir. Sonralar buranın nüvəsinin Roma koloniyası təşkil etmişdi. XVIII əsrin əvvəllərində Barselona Amerikadakı ispan koloniyaları ilə ticarət hüququ əldə etmişdi.

Bu şəhər ölkənin paytaxtı ilə birlikdə İspaniyanın mühüm iqtisadi, ticarət, nəqliyyat və mədəniyyət mərkəzidir. Bura iri dəniz, dəmir yolu, avtomobil və beynəlxalq və daxili xətlərdə xidmət edən hava nəqliyyatı qovşağı vardır. Burada ildə dünyanın onlarla ölkəsindən minlərlə gəmi gəlir. Limanın yanındakı Dünya qapısı meydanında şəhərin ən gözəl abidələrindən biri - Xristofor Kolumbun 60 metr hündürlüyündəki heykəli ucalır. Heykəldən, məşhur və daim qələbəliyi ilə seçilən Kataloniya meydanına qədər Barselonada ən populyar küçə olan Las-Ramblas prospekti uzanır. Biz Barselonaya axşam çatdığımızdan ispanların adətinə uyğun olaraq bir məşhur restoranda şam yeməyini də gec yeməli olduq.

Gecə yarısından sonra bizi Las-Ramblasda gəzməyə apardılar. Küçədə gəzişən adamlar olduqca çox idi, elə bil ki, şəhər yatmaq istəmirdi. Bizim küçələrdə yalnız yaxşı havada gündüz belə qələbəlik ola bilər. Gəzintiyə həsr olunan gecə növbəsini çəkən adamların çoxluğuna görə, yəqin ki, Barselona ən iri şəhərləri də geridə qoya bilər. Axı bu prospekt şəhərin ürəyidir, onun ictimai və sosial həyatının mərkəzidir. Burdakı mağazaların, restoranların, kafelərin sayı-hesabı yoxdur.

İspanlarda baş küçə ilə gecə gəzintisi (paseo) adəti indiyədək qalır. Küçədə vitse-kralların sarayı yerləşir.

Kataloniya meydanı da fəvvarələrlə, heykəllərlə və müasir heykəl qrupları ilə bəzədilmişdir.

Qrasiya bulvarı, elə bil ki, Las-Ramblasın davamıdır, bu, Barselonanın parad küçəsidir, şəhərin ən kübar rayonudur. Bulvarın bəzəyi yayda sıx kölgəsi ilə sərinlik verən dördcərgəli çinar ağaclarıdır, Soçini və Gəncəni xatırladır.

İspaniya meydanında isə Millət sarayı, sərgi pavilyonları yerləşir. “Ensanço” adlanan rayonda tanınmış Katalon modernist arxitektoru Antonio Qaudinin (1852-1926-cı illər) məşhur incisi - tikintisi hələ də başa çatmamış Saqrada Familia - Müqəddəs ailə kilsəsi yerləşir. Memar onun tikintisinə 1884-cü ildə başlamışdı.

Qaudi məbədi termit yuvasına bənzər qaydada düşünmüşdür, kilsənin dörd iri qüllə şəklindəki hissələri, həqiqətən də, termist yuvalarına bənzəyir. Binanın qarşısındakı kiçik gölməçədə məbəd bütünlüklə əks olunur və bu mənzərə də adamı valeh edir. Dünyada Le Korbyuzye, Oskar Nimeyer kimi məşhur arxitektorlar az deyildir. Lakin yəqin ki, onlar da bəlkə, Qaudinin qeyri-adi populyarlığına həsəd apara bilərdilər. Korbyzye Hindistanda Çandiqarx şəhər ansamblının layihəsini vermiş, Nimeyer isə Braziliyanın yeni paytaxtı Brazilia şəhərinin bütöv arxitektura layihəsinin müəllifidir. Qaudinin Saqrada Familiası isə Barselonanın rəmzinə çevrilməklə, həqiqətən də böyük şöhrətə yiyələnmişdir.

Məbəddən bir qədər aralıda isə onun daha bir yaratdığı obyekt - Quel parkı yerləşir, park gözəl arxitektura tikintiləri, fəvvarələr və çiçək ləkləri ilə şöhrət tapmışdır. Qaudinni daha bir işi gözəl monumental şəlalədir.

Barselonanın ən gözəl küçələrindən biri La-Dioqanaldır. Onun uzunluğu 10 km-ə bərabər olmaqla, şəhəri yarıb keçir. Bizi buradakı beşulduzlu “Diplomat” otelində yerləşdirmişdilər. Lüks nömrədəki yemək otağında direktordan hədiyyə kimi iki iri buludda meyvə və qarpız qoyulmuşdu və onların sərin qalması üçün buz dənələri ilə bəzənmişdi.

Barselonanın kənarında, Madridə gedən yolun üstündə XX əsrdə tikilmiş Kral sarayı yerləşir. Saray gözəldir, lakin bu gözəlliyi həm də gur fəvvarələri olan və heykəllərlə bəzədilmiş əla park xeyli dərəcədə artırır.

Səhər tezdən bizi Fransa sərhədinin yaxınlığında yerləşən kiçik bir zavoda apardılar, burada təyyarə meydanlarında hava gəmilərinə birləşməklə, sərnişinlərin birbaşa aeroporta daxil olmasına şərait yaradan xortumlar istehsal edilirdi. Kiçik müəssisə o qədər də asan olmayan bir avadanlıq istehsal edirdi və bu, onu göstərirdi ki, İspaniyada kiçik müəssisələrin yaradılmasına və fəaliyyətinə ciddi fikir verilir.

Ölkənin cənubunda qərb sərhədindən şərq sərhədinə qədər səyahət etdikdən sonra biz Madridə döndük. Cümə günü Çilidəki ezamiyyətdən qayıtmış holdinqin prezidenti ilə görüşdük. Bu adam təcrübəli biznesmen olmaqla yanaşı, dövlət vəzifələrində də işləmişdi, beş ilə qədər ölkənin xarici ticarət naziri, ona bərabər müddətdə İspaniyanın Kubada səfiri işləmişdi. İndi başçılıq etdiyi holdinq isə əsasən, xarici ticarətlə məşğul olur, ölkə kommersiyasında aparıcı yerlərdən birini tuturdu. Danışıqlarımız məzmunlu və nəticəli alındı, digər məsələlərlə yanaşı, holdinqin SSRİ-yə subtropik meyvələr ixracını 15-20 faiz güzəştli qiymətlərlə artırılması barədə razılığa gəlindi. Başlanğıcda isə danışıqlarımız uğurlu getmirdi, qarşılıqlı anlaşmadan uzaq idi, şərtlər bir-birinə uyğun gəlmirdi. Belə vəziyyətə görə mən öz rəyimi bildirdim və qeyd etdim ki, əgər maraqlarımız üst-üstə düşmürsə, biz tələsik qərar verməməliyik. Onların yaxınlaşdığı nöqtəni tapmağa cəhd etməliyik, razılıq əldə edilməsinə yol açmalıyıq. Buna nail olsaq, qarşıya qoyduğumuz məqsədə çatar, təmsil etdiyimiz institutların - sizin kompaniyanın və bizə gəldikdə, dövlət orqanının qarşıya qoyduqları vəzifələri yerinə yetirmiş olardıq. Prezident bu sözlərə gülümsündü. Deyəsən, bu qeydim onun xoşuna gəlmişdi və tərcüməçi mənə pıçıldadı ki, müşavirindən mənə hansı maşının xidmət etdiyini soruşur. Müşaviri isə bildirdi ki, ölkəyə səfərdən yalnız dünən axşam qayıtmışlar. Söhbət daha çox anlaşılma şəraitində davam etdi və bizə tapşırılan proqramın öhdəsindən əsasən gəldik. Sonra o, şənbə gününün axşamı verəcəyi ziyafəti xatırlatdı və əlavə etdi ki, sovet səfiri də rəsmi dəvət almışdır. Görüş bitdikdən sonra biz şəhərlə tanış olmağa gedəndə çox böyük, yaşıl rəngdə olan “Mersedec”ə oturduq. Maşın küçələrdən keçdikcə, madridliləri də təəccübləndirirdi.

Madrid Meseta yaylasında, dəniz səviyyəsindən 655 m hündürdə yerləşir. İlk dəfə IX əsrdə ərəb qalası Macirit kimi meydana çıxmışdır, bundan da onun adı çıxmışdır. 1561-ci ildə paytaxt Toledodan bura köçdükdən sonra Madrid ispan krallarının iqamətgahına çevrildi. Şəhər Napoleona qarşı ispan xalq-azadlıq müharibəsində böyük rol oynamışdır. Madridlilərin digər bir igidliyi isə 1936-1939-cu illərdəki vətəndaş müharibəsi dövründə şəhərlilərin 30 ay ərzində faşist qiyamçılarına qşrşı qəhrəmancasına müdafiəsində özünü əks etdirmişdir.

Madrid ölkənin əsas mədəni-elmi mərkəzidir. Şəhərdə dünya şöhrətli Prado daxil olmaqla, 100 muzey vardır. Pradoda ispan və əcnəbi rəssamların görkəmli əsərləri nümayiş etdirilir. Burada çoxlu teatr, əsası XVI əsrin əvvəllərində qoyulmuş universitet vardır.

Madriddə çox sayda gözəl arxitektura abidələri vardır. Hər bir epoxa onun sifətində öz izini qoymuşdur. Şəhər köhnə və təzə hissələrdən ibarətdir. Tarixi nüvəsinin mərkəzində məşhur Puerta-del-Sol (“Günəş qapısı”) meydanı yerləşir, ondan radius qaydasında 10 küçə çıxır. Meydan Parisin daha məşhur Zəfər tağını yada salır, ondan isə 12 küçə öz başlanğıcını götürür. Madridin bu meydanından gözəl Alkala prospekti çıxır, bu da İspaniyanın Londona bənzər “Siti”sidir. Burada varlı mağazalar, teatrlar, restoranlar, kinoteatrlar çoxdur.

Qran-Via prospektinin şimali-qərb qurtaracağında Plasa-de-Espanya (İspaniya meydanı) yerləşir, orada Madridin göydələnləri ucalır. İspaniya meydanında Servantesin alleqorik monumental heykəli vardır. Postamentindən aşağıda isə at üstündəki Don Kixotun və eşşəyin belindəki Sanço Pansanın heykəl portretləri təsvir olunur. Don Kixotun obrazına ölkədə çox yerdə rast gəlmək mümkündür. Köhnə və yeni şəhəri isə gözəl bulvarlar (“paseo”) ayırır.

Madriddə mənə çox xoş gələn şəhərin mərkəzindəki “Sivilla” heykəli oldu. Qədim yunan mifologiyasındakı öncəni görə bilən bu qadın mərmərdən olan arabada təsvir edilmişdir. Heykəltəraş mifi xeyli müasirləşdirməyə nail olmaqla yanaşı, mərmərdə həm də qadının gözəl obrazını yaratmışdır. Heykəlin hər iki tərəfində suyu ucaya qalxan fəvvarə vardır, arxada isə yaxşı memarlıq nümunəsi olan poçtamt binası yerləşir.

Madriddən qərbdə məşhur Eskorial monastır-sarayı diqqəti cəlb edir, burada ispan krallarının sərdabələri yerləşir. Eskorialı həm də məşhur ispan rəssamlarının əsərlərindən ibarət zəngin kolleksiya bəzəyir.

Eskorial kral II Filippin dövründə tikilmişdir. Fransa kralı XIV Lui 1681-ci ildə sarayı yeni tikdirdiyi möhtəşəm Versala köçürtdükdən sonra, ispan kralı da yeni saray binası tikməyi qərara almışdı. Lakin Versalla müqayisədə Eskorial çox uduzur, elə bil ki, bu binadan qəm, kədər hissləri yağır, Versal isə öz ölçüləri, gözəlliyi və nəhayət, qeyri-adi parkı ilə insanda müsbət emosiya yaradır.

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.22.