Yersiz əndişələr - Rəsulzadənin
cavabı Şirməmməd Hüseynovun təqdimatında
Müsəlman
Şərqində ilk demokratik respublikanın elan edilməsinin
100 ilinin 23 ayı müstəqillik, 71 ili
istila-fasilə dövrüdür. Vətəni
tərk edib mühacirət həyatı yaşayan mücahidlər
müstəqilliyin yenidən qələbəsi uğrunda
mübarizələrini qətiyyətlə davam etdirmişlər.
Mühacirət mətbuatı bu, istila-fasilə
dövrünün canlı salnaməsidir. Nəzərdən
keçirək.
(Əvvəli
ötən cümə sayımızda)
YERSİZ
ƏNDİŞƏLƏR
(Rəsulzadə
Məhəmməd Əmin bəyin cavabı)
Çalınan istiqlalımızı iadədə ən
güvəndigimiz nəsil gənclikdir. İlk
fürsəti gövşək bir tərzdə degil, dəmir
bir əzim və çelikdən bir iradə ilə istifadə
edə bilmək üçün bu nəsil, məfkurəçi
və ixtilalçı bir zümrə halında yetişməlidir.
Yetişdiginə şübhə etmədigimiz
bu nəsli, istədigimiz kibi qüvvətli bulmaq
üçün kəndisini keçmişdəki nöqsan və
xətaları tədqiqlə bundan istiqbal naminə nəticə
çıxarmaq və istiqbaldakı mühəqqəq müzəffəriyyəyə,
sadə propağanda sözlərilə degil, fikri mümarisə
(səriştə - hərəkət) və təhlillərlə
iman etmək üsuluna alışdırmalıyız. Bu
xüsusda hər növi mübaliğəyi iyi görəcəyimizdən
“7-dən 70 yaşına qədər” bütün Azərbaycan
xalqının əsarətdən qurtulmaq arzusunda olduğunu qəbul
etməklə bərabər, içərimizdə “əcəba
bir daha müvəffəq ola bilirmiyiz?” deyə tərəddüd
edənlərin də yox olmadığını iddia edəcək
qədər qafil olmayalım. Bu kibi şübhə
və tərəddüdlərə xəyallarında yer verən
zəvatın bilxassə gənclik içində
bulunmamasını təmin etmək naminə nə yapsaq
yeridir. Bizcə böylələrinə
daha istiqlallarını əldə edəməmiş bulunan
millətlərdə məfkurə zəifliginin rolu
olduğunu gətirməklə bərabər,
istiqlallarını almaq səadətində bulunan millətlərin
dəxi bu dövrü keçirərək bir və hətta
bir qaç təcrübədən sonra olsa da müzəffəriyyətə
nail olduqlarını söyləməlidir.
İstanbuldakı gənc vətəndaşlarımızdan
kəndiləri ilə bir müsahibədə bulunmaq təklifini
alınca, Qafqasya cümhuriyyətləri ilə Baltik
cümhuriyyətləri arasında bir müqayisəyi təşkil
edən “İstiqlal Məfkurəsi və Gənclik”
mövzusundakı konferansı verdik. Gənclərin
müttəhidən vüqu bulan qərarlarına tabeən
müfid görülən bu konferansın risalə (kitabça)
təşkilində təbi (çapı) arzusunu dəxi məmnuniyyətlə
qəbul etdik.
Risaləmizdə “durəndiş”lərinin (uzaq görənlərinin)
istədiginə qalırsa, düşünmələri
lazım gələn gənclərə “hər cəhətcə
hazır ikən səadətli hadisatdan bil-istifadə
elani-istiqlal eylədik, mənhus (nəhs) və məşum
(uğursuz) hadisələrin təsirilə də təkrar təhdi
əsarətə girdik” deməli, bütün məziyyət
və qəbahətləri yalnız bizim xaricimizdə olan
hadisata yüksəltməliymişiz. Əlimizə fürsət
keçmiş ikən hərəkat və bəyanatımızda
tərəddüd və quyidi etiraziyyəyi (etiraziyyə
qaydalarını) ehtiva edən vaqeə və hadisələri
zikr etməklə, sanki biz “istiqlal məfkurəsi Azərbaycanda
doğmamış da onun üçün Azərbaycan
istiqlalı yaşayamamış” demişizdir.
Risaləmizi “mütaliə” olmaqdan ziyadə
“müğalitə” (həqiqətə əsaslanmayan
mübahisə) kibi görən münəqqidimiz burada həqiqətən
də müğalitəkar olduğunu bizzat göstərmişdir. “Bir kərə yüksələn
bayraq bir daha enməz!” şüarının qaili (söyləyəni)
“Azərbaycanda istiqlal fikri doğmamış”
küfrünü heç bir zaman söyləməz, nitəkim
qələt anlaşılan “iddia”mızı cərh
üçün münəqqidimiz başqa yerdən degil, yenə
bizim əsərlərimizdən iqtibaslarda bulunmuşdur.
İstiqlal davamıza zərrə qədər təhlükə
təşkil etmədiginə qail olduğumuz bir qənaətlə
təkrar ediyoruz ki: “Azərbaycanda doğmuş istiqlal fikri
yenidir və bir çox “bəlli başlı” degil,
“yaşlı başlı” vətəndaşlarımızın
istiqlalçılıqları Azərbaycan istiqlalından gəncdir.
Əvət, Hərbi-Ümumi əsnasında
atılan toplar azərbaycanlıların qəlbində “millətin
haqqı müqəddəsdir” iddiası şəklində əks
ediyordu. Əvət, 1905 sənəsindən
sonra Azərbaycanda milli mətbuat və təşkilat təəssüs
eyləmiş, hətta siyasi firqələr belə vücuda gəlmişdi.
Fəqət Baltik sahillərində
gördügümüz kibi, siyasi istiqlal şüarı daha
ortaya atılmamışdı. Bunu səmimanə
etiraf edərkən bizə “öylə isə, istiqlalə
layiq degilsiniz” deniləməz. İstiqlal,
zənn edildigi kibi, davayı şu və ya bu hüquqi formula
uydurmaq bahasına verilsəydi istehsalı çox qolay bir
şey olurdu. Biz hürriyyətimizi 1918-də
zəif bir müqəddiməyi ehtiva edən İstiqlal Bəyannaməsi
iraə (təqdim) etməklə degil, qanımızla
yazılacaq İstiqlal müharibəsinin Bəyannamələri
ilə istəyəcək, düşmənin taxtını
başına devirdigimiz gün alacağız. Yoxsa,
iş diplomasiyə qalırsa, şayani müahizə olan
şey “əhdnamə”nin tənqidi degil, təhririndəki
zəəfdir. Bizim “Misaqi-Milli” olaraq tələqqi etdigimiz
şey “Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti”ni istəyən məvaddır (maddələrdir).
Yoxsa “xarici və daxili müşkülatdan
çıxmaq üçün” çarə arayan bir məntiq
degildir. Gənc nəslə İstiqlalın bir vasitə
degil, kəndi-kəndinə bir məqsəd, müqəddəs
bir məqsəd olduğunu təlqin etməliyiz!
Əvət, heç qorxmadan etiraf etməliyiz ki,
zamanın əleyhimizə işlədigi surət və ya daha
doğrusu tariximizin göstərdigi bətaət (lənglik)
üzündən Bəyannaməmizin surəti təhrirində
bir ixtilalçı qətiyyəti degil, idarei məsləhətçi
üslubu vardır. Başqa şeydən degil, yalnız bu
üslub zəəfindən görülüyor ki, “nə
yapalım müstəqil olmuşuz”. “Kinayə” olduğu
sərih (aşkar) olan bu ifadənin mövzui-bəhs vəsiqənin
üslubi-təhriranə aid olduğu siyaqi-kəlamdan (üslub
tərzindən) məlum ikən münəqqidimizin “bu Bəyannamədən”
kəlməsinin ümdən teyyi (dərindən şərhi)
ilə bizə “istiqlali-Azərbaycan xalqına qəzadan gəlmə
bir bəla şəklndə tələqqi etmək” zehniyyətini
isnad etmək qədər haqsızlıq olmaz. Əgər
bu zəifi-təhrir mətnini çox təqdir və
çox təqdis etdigimiz vəsiqədə yer bulmasa idi, əleyhdarlarımızın
dəxi əleyhimizdə söyləyəcəkləri
azalardı. Gərçi onları bu kibi
diplomasi və münaqişə təbiyyələri ilə
degil, həqiqi bir mücadilə vəziyyətlərilə
susduracağımızı bir daha təkrar ediyoruz.
Görüyoruz
ki, Məhəmməd Əmin, milli tariximizin dönüm
nöqtəsi təşkil edən tarixi bir vəsiqəyi
“ehmal” etməmiş (əhəmiyyət verməmiş) və
bundan “anlaşılmaz bir istiğna (kifayətlənmə)” ilə
degil, çox anlaşılır bir əlaqə və diqqətlə
bəhs eyləmiş, məsələyə bir diplomat kibi
degil, bir ixtilalçı (inqilabçı) hiss və zehniyyətilə
yanaşmışdır.
“Azərbaycan
Cümhuriyyəti”ndə yazdığımızı yenə
təkrar ediyoruz: “Azərbaycan dövri-istiqlalına
bolşeviklər “Müsavat dövrü” deyirlər. O,
şimdiki “rejimi” Azərbaycan deyə qəbul edəmiyor. Xalqın düşüncəsində Azərbaycan məfhumu
coğrafi bir mənadan ziyadə fikir və əməl təşkilində
təcəssüm ediyor. İstiqlal xaricində
onun üçün bir Azərbaycan yoxdur”.
“Durəndiş”inin “muğalata”dan (elmsiz mübahisəçidən)
ari və səmimi olsa idi eyni əsərimizdən bolşeviklərin
istilasını mütəaqib məmləkətin hər tərəfində
zühur edən milli üsyanlara aid zəngin parçaları
nəql edər və görürdü ki, “eşqi-istiqlal ilə
yüzlərcə, minlərcə təlafat verən” xalqı
biz qətiyyən ehmal etməmişizdir. “Azərbaycan Cümhuriyyəti”ndə
buna aid səhifələr bulmaq qabil olduğu kibi “İstiqlal
Məfkurəsi və Gənclik” risaləsində dəxi,
mövzu ilə mütənasib bir şəkildə, Azəri
xalqının halı-hazırda istiqlal mücadiləsi yolunda
göstərdigi fədakarlıqlar qətiyyən “ehmal” edilmə-mişdir.
28-ci səhifədə eyni ilə şu sətirlər
yazılmışdır: “Şimdi xalqdakı Türklük
ruhunu yüksəldən, ona məfkurə hərarəti verən,
hürr vətən meyvəsini yetişdirəcək
istiqlalçılıq fidanını kəndi məsum
qanı ilə suvaran fədakar bir zümrə vücuda gəlmiş
və gəliyor. Yeni bir nəsil doğmuş,
böyüyür. İşdə bu
çağda, əməlpərvər istiqlalçı gənc
nəslin yetişdigi və böyüdügüdür ki, biz
ona pək böyük məna veriyor, əsil qazanc olaraq, onu əhəmiyyətli
buluyoruz”. Bolşevik müstövlilərinə
(işğalçılarına) qarşı mücadilədə
həyatlarını fəda edən şəhidlər bizim
münəqqidcə “bu istiqlalçılıq fidanını
kəndi məsum qanları ilə suvaran fədakarlar” ədadına
(saylarına) girmiyorlarmı?..
Biz bir təcrübə keçirdik, bu mühəqqəq. “Bu
böyük təcrübədəki ədəmi-müvəffəqiyyətimizin
üfuqi və ənfusisinin bir çox əsbabı
vardır”. Dırnaq arasındakı
cümləyi risaləmizdən nəql ediyoruz. Deməli ki, hizmətimizi, göstərildigi kibi,
yalnız bir səbəblə izah etmiyoruz. Digər mühüm səbəblərdən bər-təfsil
bəhsi ayrı bir fürsətə təliq ediyoruz. Münəqqidimizin başdan-ayağa tutduğu
münaqişə təbiyəsi, bizi bizimlə cərh
(biyabır) etməkdir. Bunun
üçün o, işbu risaləmizlə söyləmək
istədigimiz fikrin əvvəlcə müntəşir əsərlərimizdə
mövcud olmadığını bilxassə iləri
sürüyor. Halbuki “Azərbaycan Cümhuriyyəti”nin xitab etdigi mühit və istihdaf (xidmət)
etdigi məqsəd başqa olduğundan, bilxassə gənclərə
xitabən və müəyyən bir məsələyə
aid nəşr edilən risalənin möhtəvi olduğu
bütün fikirləri orada aramaq nə qədər məntiqlidir,
biləməyiz. Məəmafih 1925-də İstanbulda gənc
Azərilərə açdığımız “sirrin” 1918-də
Lahıc dağlarında fərari ikən dəxi zehnimizi
işğal etdigini bilmək istərlərsə, təqdir
etdikləri “Əsrimizin Siyavuşu” risaləsinin 75-ci səhifəsində
“...Məəttəəssüf biz daha bərkiməyən
etiqadımızla “Bir kərə yüksələn bayraq bir
daha enməz!” şüarına etdigimiz afərinləri
unutduq. Canımız və malımız
qorxusundan bu “Ləvayi İstiqlalı” qırmızı bir
parçaya təbdil etdirdik.
İntriqan və zalım bir qüvvət
tərəfindən susdurulduq, dilim varmıyor... təslim
olduq” cümləsini oxusunlar.
Bu
cümləyi təkrar oxurkən qəlbimizin nə acı bir
hislə qanadığını bilsəniz!...
Fəqət qəlbimiz qanasa da,
keçmişimizdən gələcəyə müfid bir dərs
almaq istərsək, xəstəligimizi gizlətmiyəlim.
Çünki sihhət bulamayız. Gərək bu acıyı həpimiz duyalım.
Bunu bilxassə gənclik duysun. Gərək
bütün cahan da görsün ki, biz
qüsurlarımızı can acısı ilə etiraf ediyor,
islahına doğru iman qüvvətilə yürüyoruz.
İşbu mühakiməmizdən görülüyor
ki, biz tarixdə vaqeə olaraq sezdigimiz həqiqətləri nə
qədər acı da olsa, etiraftan, davayi millimiz naminə zərrə
qədər bir ziyan degil, biləks faydalar təsəvvür
ediyoruz. Və bu qüsurları təhlil edərkən “durəndişlər
şöylə yapdılar, böylə yazdılar” deməklə
iştirak etdigimiz vaqeyədən hissəmizə düşən
məsuliyyəti üzərimizdən atmaq niyyətini əbədiyyən
bəsləmiyoruz. Şübhəsiz ki, yalnız
bir firqə lideri olmaq həsəbilə degil, az-çox fəal
bir mövqedə bulunmuş bir Azəri sifətilə dəxi
iştirak etdigimiz vaqeəyi və hadisələrin məsuliyyətini
dərk edənlərdəniz. Bu məsuliyyət
idrakiyədir ki, gələcək fürsətdə mucibi məsuliyyət
olacaq xətalardan nəsli-atiyi (gələcək nəsli) təhriz
etmək niyyətilə bu konferansı verdik. Konferansımızda yalnız gənclər degil,
müstəqil Azərbaycan həyati-siyasiyyəsi ilə
mübariz Azərbaycan cidalında iştirak etmiş digər
vətəndaşlar da hazır idi. Onların
da inzimam (əlavə) rəyi ilə təb və nəşri
münasib görülən bir risalənin “Milli Azərbaycan Nəşriyyatı”
silsiləsinə girməsi qədər təbii bir şey
olamaz. Buna qarşı bəyan olunan
qeydi-ehtirazıyi kəza pək yersiz buluyoruz.
Məəmafih
“əsbabi həzimətimizə aid mütaliə”nin şu surətlə müahizə edilməsi
(sorğu-suala tutulması) eyni zamanda bizi pək məmnun
ediyor. Buna qətiyyən heyrət edilməsin.
Bu hadisə mühitimizdə istiqlal fikri və əndişəsinin
nə dərəcədə həssas bir əlaqə
oyandırdığını göstərmək həsəbilə
bilxassə şayani-təqdirdir. Görülüyor
ki, istiqlalçılıq bizdə artıq bir təəssüb
halına giriyor, o dərəcədə ki, tənqidi nəfs
qabilindən zərərsiz mütaliə belə əsəbiyəti
mucib oluyor. İstiqlal təbiyyəsini tənqidə
mütəvəcceh (üz tutan) bir söz belə söyləmək
istəmiyorlar. Bravo!
Rusiyadan firarimizi mütəaqib İstanbula gəlişimizdə
Azərbaycan istiqlal və təşəkkülünü sadə
tənqid degil, adəta təzyif edən (saxtalaşdıran) əsərlərin
belə cavabsız buraxıldığını görməkdən
mütəəssüf olmuşduq. Şimdi pək də
“dürəndişanə” olmayan bu ətalət və ehmal
dövrəsindən çıxıldığını
görməklə müftəxir oluyoruz. Fəzlə bir
təəssüb ibrazı ilə olsa da, görülən bu
tərəqqidə nəşriyyatımızın bir az olsun təsiri olmuşsa kəndimizi məsud ədd
edəriz.
“Yeni
Qafqasiya”, 1 qanuni-əvvəl (1 dekabr) 1925, ¹5
MÜASİR
İRANIN HƏQİQİ ÇÖHRƏSİ
Bu çöhrə, bəzilərincə tərif
olunduğu kibi, pək də kərih (yaraşıqsız)
degildir. Bir məmləkətin həqiqi çöhrəsi
məhud (dostluq) metodla zatən kəşf ediləməz.
“İç üz” deyə İrana ətf olunan məyub
(nöqsanlı) sifətlərdən bir çoxu, maələsəf,
bütün Şərq millətlərini gəmirən illətlərdəndir
ki, ifşası, üzləri qızartdığı zaman,
bizim də yanaqlarımıza az qırmızılıq verməz!...
Bir məmləkətin
həqiqi üzünü tamamilə görə bilmək
üçün bulunduğu halını yalnız statistik bir
şəkildə degil, dinamik bir tərzdə dəxi tədqiq
etməlidir, statistik bir təsniflə biz, cəmiyyətdə
mövcud müxtəlif qüvvət və amillərin kəmiyyətini
təsbit edəriz, dinamik bir təhlil isə, bizə, bu kəmiyyətlərin
keyfiyyətlərini kəşf ilə hərəkətlərini
və mütəqabil təsirlərini göstərir. Yalnız böylə bir təsnif və təhlil nəticəsindədir
ki, biz, bir cəmiyyətin vəchi-istiqamətini kəşf
edər və o vasitə ilə məzkur cəmiyyətin (təbiri
digərlə millət və ya məmləkətin) hansı
mərhəleyi-tarixiyyədə bulunduğunu həqqi ilə
dərk edəriz.
Tarix dedigimiz zaman, bittəbii, miladi və ya hicri, şəmsi
və ya qəməri sənələri qəsd etmiyoruz. Cəmiyyətlər,
bünyei-ictimaiyyələri nöqteyi-nəzərindən
müxtəlif dövrlərdə bulunurlar. Bu dövrlər bir cəmiyyətin tabe bulunduğu
iqtisadi sistemlərə görə dəgişir. Bir məmləkət kəndinə hakim olan iqtisadi
sistem nöqteyi-nəzərindən hansı bir dərəcəyi
inkişafda isə, ictimaiyyat, əxlaqiyyat və mənəviyyatına
aid “üzü də” onunla mütənasib olur. Şəhərləri, kiçik əsnaf
bazarından ibarət olub müstəqil birər iqtisadi vahidi
təşkil edən feodal məmləkətlərin
üzü başqa, sənayei-cəsiməyə sahib olub
istehsalatı artıq kəndi hüdudi-millisinə
sığamayan kapitalist məmləkətlərin üzü
də başqadır.
Millətlərin kəndilərinə məxsus mənlikləri,
harsi xüsusiyyətləri vardır. Bu mənligin
mühafizəsi naminədir ki, milliyyətpərvərligi təqdir
və istiqlalı milli qayəsini təqdis edəriz. Fəqət hadisatı-ictimaiyyəyi, bilatədqiq
aldığımız zaman biz, əksəriyyə
yanılıyoruz. Müəyyən bir
dövrü tarixdə hər hansı bir millət
üçün ümumi və müştərək olan
hadisələri milli bir rəngdə görüyoruz. Şərq ilə Qərb arasındakı müqayisəmizdə
bu üsul yanlışlığına
qapıldığımız kibi, Şərqdəki
qonşularımız haqqında mühakimə
yürüdürkən bu qəflətə bilxassə
tutulmuş oluyoruz.
Müasir
İranın üzünü görə bilmək
üçün biz, Tehrandakı əmrazi (cinsi) zöhrəviyyə
xəstələrinin ədədi, tiryək çəkənlərin
miqdarı və yaxud kiçik yaşında “siğə olan”
qızların faciələrinə fəzlə əhəmiyyət
verir və bunları qonşumuza məxsus “milli bir sifət”
deyə tələqqi edərsək, yanılır, həqiqəti
görəməyiz. Həqiqi üzünü
görə bilmək üçün İranın hansı
dövrü tarixdə, nə kibi iqtisadi zümrələrə
malik və bu zümrələrin hansı münasibəti
mütəqabilədə olduqları ilə vəcheyi istiqamətlərinin
nə kibi inkişaf və təkamül təmayülləri
göstərdiklərini tədqiq etməliyiz.
Bu metodla
İranın və yaxud hər hansı bir məmləkətin
iç üzünü öyrənmək, təqdir etməlidir
ki, pək çox tədqiqat və təhqiqata mütəvəqqif
(əlaqədar)bir məsələdir. Kiçik bir qəzetə məqaləsində
mövzunun ciddiyyətilə mütənasib vəqayi və həqayiq
zikr etmək imkanı olmadığından ixtisar və icmal təriqini
iltizam etmək zərurətində bulun-duğumuzu möhtərəm
qarelərimizin nəzəri-müsəmməhlərinə
(qiymət vermələrinə) ərz edəriz. İlk məqaləmizdə müasir İran
haqqında mükəmməl bir fikir söyləyə bilmək
üçün aşağıda
yürütdügümüz mühakimələrin kafi gələcəgini
ümid ilə iləridə İrana aid yazacağımız
məqalələrdə qareləri əlaqədar edəcək
məlumat verməgə dəxi
çalışacağız.
lll
İran yaylasının nə qədər nüfus ehtiva
eylədigi çox ixtilaflı bir məsələdir. İxtilaf 7
milyon ilə 15 milyon arasındadır. Biz
bunu 8-9 milyon miqdarında təxmin edərsək, ehtimal ki, həqiqətə
pək o qədər qarşı gəlməyiz. Bundan 3-4 milyonu köçəbədir. Mütəbaqi qismin əksəriyyəti əziməsini
köylü təşkil edib digər qismi isə şəhərlərdə
əsnaflıq və ticarətlə yaşarlar.
Almaniyanın 3 misli 42.470 fərsəng (ağac) vəsi
(geniş) bir məsaha (ərazi) üzərinə yayılan
bu nüfus hər yerdə eyni kəsafətdə
(sıxlıqda) degildir. İran yaylasının qismi-mühümmi, bilxassə mərkəzi
qismi geniş qum səhralarından, əkiinə
yaramayan vadilərindən ibarətdir. Məmləkətin
məskun qismi, əksəriyən dağ ətəkləri ilə
sahillər və dərə-lərdir. İran
şəhərləri yekdigərindən ya böyük
dağlar və ya vəsi (geniş) səhralarla
ayrılmışdır.
İran sənət və sənayeinin məhsulu deyə
tanıdığımız əmtəə, başlıca
birər vəhəb (hədiyyə) mərkəzini təşkil
edən bu şəhərlərdən yetişdigi kibi,
“İran mədəniyyəti” deyə bəllədigimiz
şeylər də yalnız buralara münhəsirdir.
Şəhərlərin
kəndi başına müstəqil birər əsnaf
bazarından ibarət olması əfkari-ümumiyyənin
bütün məmləkətə aid olmayıb hər şəhərin
kəndi mühitinə məxsus pək bariz intibalar vücuda
gətirdigi, yaxın zamana qədər müxtəlif vilayətlərin
kəndilərinə məxsus eyzən məqadir
(miqdarları) hətta sikkəyə belə malik olmaları
feodalizmin şəhərlərə aid bir xüsusiyyətini
təşkil eylədigi kibi, vilayətlərin hakimi-mütləqi
olan xanların, kiçik bir hökmdar kibi hər növi səlahiyyət
və iqtidara malik birər əmiri-mütləq halında
olduqları dəxi bunu göstərməkdə idi.
Bir vilayət daxilində, rəyasət eylədigi əşirətin
çıxardığı müsəlləh qüvvətə
istinadən, dərəbəyligi edən xan, bulunduğu məmləkətin
“kiçik bir şahı” idi. İran bu qəbildən
mütəəddid “şahlıqlara”
bölünmüşdü. Nitəkim mərkəzi
məmləkətdə yaşayan şaha da “Şahən
şah” deyilirdi.
Paytaxtın nüfuzu və şahın iqtidarı tam olduğu zamanlarda belə, onların bu böyük xana biəti İran vəhdətini üzvi degil, süni bir tərzdə təmin ediyordu.
Kapitalist Avropa ilə ilk təmas və münasibətə gəldigi zamanlarda İran xanlıqları iqtisadən cins mübadiləsi ilə məşrut ibtidai bir tərzi-istehsal dövründə idilər. Şimdi belə İran iqtisadiyyatında bu üsulun pək çox müəssir olduğunu qəbul etməliyiz. Bu üsulun icabca “xanlıq”larda İran milliyyətpərvərligindən ziyadə vilayət hiss və əxlaqları mövcud idi. Şah, kəndi nüfuzunu icra və məmləkətin vəhdətini təmin üçün xanlar və ellər (əşirətlər) arasındakı rəqabəti “hüsni-idarə” etmək siyasətini bilməli, böyük ərazi sahibi xanlarla əşirət rəislərinə, köylü ilə tüccar üzərindəki təhəkkümlərinə göz qapa-yaraq, istinad etmək hikmətini dərk etməliydi. Bu şərait daxilində köylü hər hankı bir hüquqi-bəşəriyyədən məhrum olduğu kibi, tüccar qismi də heç bir zaman kəndisini amanda görəmiyordu. O, sənələrlə yığdığı sərvətini, xanın “qəzəbinə” və ya tamahına uğrayıb bir anda qeyb etmək təhlükəsindən heç bir zaman əmin degildi.
İran qapıları Avropayı fabrika əmtəəsinə açıldıqdan və xariclə mübadilə çoxaldıqdan sonra, cins mübadiləsinə müstənid və məhəlli bazara çalışan əsnaf, şiddətli bir zərbə yemiş oldu. Avropanın təzyinat (bəzək şeyləri) əşyasına məclüb olan xanların israf və məsrafları daha ziyadə artdı. Bunun ağırlığı da bittəbii köylüyə yükləndi. İran, Türkiyə kibi degildi. Tüccarı başqa cinsdən degil kəndindən idi. Ermənisi, rumu yox kimi idi. Cənubda ingilislərin, şimalda rusların təşəbbüsü ilə olsa da yapılan şose yolları İran mübadilatına az-çox inkişaf veriyordu. Para tədavülü üzərinə inkişaf edən mübadilədə tüccar sinfi kəsbi-əhəmiyyət etməyə başlıyordu. Getdikcə iflas edən mülkdar feodal sinfi hesabına kəsbi-sərvət edən fəal bir burjua sinfi təşəkkül ediyordu. Bu sinif dəröhdə eylədigi mübadilə vəzifəsi ilə İran “yəhva”larının (“allah”larının) yekdigərinə ittisalarını (birləşməsini) təmin etmək istedadını göstərdigi kibi, feodalizmin icab etdigi hər növi məhəlli təhdidatın ilğası ilə qüdrətli bir hökumət təşkilinə və ehkamı hər tərəfdə söylənən cari olan qəvanın vəzinə tərəfdar oluyor. İran hərəkati tərəqqi-pərvanəsi vücuda gəliyordu.
İrandakı məşrutiyyət hərəkatı, pək maddi düşünürsək, İran tüccarının hərəkatı idi. İran hərəkatı məşrutiyyət-pərvəranəsi tədqiq olunursa, bu hərəkata ən fəal və zi-şüur bir rol oynayan sinif, mühüm mərkəzlərdəki tüccar olmuşdur. Müzəffərəddin Şahı qəvanini-əsasiyyə ətasına icbar edən qüvvət, Tehran bazarının qrevi (tətili) olmuşdur. İstibdada qarşı aylarla və bəlkə sənələrlə müqavimət edən Təbriz mücahidinin ön səflərini bazarlılar təşkil eyləmişlərdir. İxtilal məfkurəçiləri belə qismən İstanbul və Qafqasiyaya mühacirət edən tüccar arasından yetişmişdir. Nəsirəddin şahı qətl edən Mirzə Rıza bu sinifdən yetişdigi kibi Atabəyi öldürən fədai Abbas Ağa dəxi Təbrizli bir əsnaf idi. Məşrutiyyət hərəkatının gömrük tarifəsi üzərinə bilxassə infilaq etdigi, bu hərəkatın İran ticarət burjuaziyası ilə nə dərəcədə mərbut olduğunu göstərir. İran ixracatının zərərinə tərtib olunan gömrük tarifəsini Tehran bazarı qanlı nümayişlərlə protesto etmişdi.
Məmləkətdəki zində (həyati ruhlu) və tərəqqipərvər ənasiri (ünsürləri) içinə alan bu hərəkat sinifi olmaqla bərabər milli idi. Çünki vəchəyi-istiqaməti feodalizm iftiraqını (pərakəndəligini) ortadan qaldırmaq, əsri və vahid bir məmləkət vücuda gətirmək idi. O, ədalət istiyor, qanun istiyor, ordu istiyor, əmniyyət istiyor, istiqlal istiyordu. Fəqət bu məqsədin istehsalı üçün sənələrcə davam edən qanlı mücadilələr İrana məşruti bir hökumət şəkli vermək müvəffəqiyyətinə nail olduysa da, əcnəbi müdaxiləsi, bu mücadilələri nəticəyi məntiqiyyəsinə varmaqdan mən etdi. Feodallarla şəhər burjuası arasında davam edən bu cidal, demokrasinin təmini-hakimiyyəti ilə olmasa da, qüvvətli bir hökumət təsisi ilə nəticələnəcək, yeni bir dövlət vücuda gətirəcəkdi. Diqqət edilsin, dövlət vücuda gətirəcəkdi, diyoruz. Çünki, sözün əsri mənasilə, feodal İranda nə bir millət vardı, nə də dövlət...
Əvət, İran məşrutiyyət namını qazandıysa da, tamamilə təşəkkül etmiş əsri bir dövlət halına daha gələmədi.
Bu natamam halıyla İran Hərbi-Ümumiyi dərk eylədi. Hərb əsnasında felən müharib, rəsmən bitərəf bir vəziyyət içərisində qalan məmləkət, müharibənin xitamında, bir hökumət olaraq yalnız sözdə qalmışdı. İştə isə məmləkət tamamilə bir hərcü-mərc içində puyan (yeriyən) idi. Hər vilayət bir dərə bəyinin əlində və yaxud sərkeş (itaətsiz) bir komitənin təhdi-idarəsində bulunuyordu. Bir tərəfdən ingilis əskəri, digər tərəfdən də bolşevik çetələri məmləkəti çeynəməkdə idilər. Şu sırada, qazaqxanə nəfərligindən yetişmə Rıza Xan, Tehran üzərinə yürüməkdə olan bolşevik hücumunu dəfilə şöhrət qazanmış və nəticədə yekdigərini təvali edən İran kabinələrində, mövqei sarsılmaz hərbiyə naziri sifətilə 3-4 sənə mütəəssil çalışmış 30-40 min miqdarında müntəzəm əskəri bir qüvvət vücuda gətirməklə məmləkətin hər tərəfində zühur edən təcərrüd (ayrılma) davalarını və əskidən bəri mövcud olan feodaloizm sərkeşliklərini (itaətsizliklərini) birər-birər tənkil eyləmiş (uzaqlaşdırmış), məmləkətə bu vaxta qədər görmədigi bir əmniyyət və mərkəziyyət vermişdir.
Bir tərəfdən Avropa imperyalizminin daxili bir çox qayələrlə məşğul olması, digər tərəfdən də Rusiya Çarizminin çökməsi ilə Şimal müdaxiləsinin daha bir qaç sənə üçün bərtərəf İran olması qüvayi-ictimaiyyəsinə sərbəsti hərəkətini təmin eyləmişdir. Rıza Xanın başlıca İran qüvəyyi-əskəriyyəsini tənzim ilə işə başlaması, əldə edilən bu fürsətdən ciddi bir surətdə istifadəyə başladığını göstərir.
İranın şimdiki halda ərz eylədigi çöhrə, Hərbi-Ümumi əsnasında və sonunu mütəaqib günlərdə göstərdigi çöhrəyə qətiyyən bənzəməz. Hərbi-Ümumi zamanında məmləkət yabançı qüvvətlərin cövləncahı olub, fərdayi (ertəsi gün) müharibədə dəxi felən İngiltərənin himayəsinə girmiş, istiqlalını qeyb etmişdi. İngiltərənin bu fürsətçiliyinə qarşı bütün hiddət və ciddiyyətilə qarşı qoyan ünsür yenə tüccar sinfi olmuşdu. Bazar İngiltərədən qurtulmaq üçün hətda bolşeviklərə belə meyl etmişdi. Fəqət Şimali İrana girən Qızıl Ordu, Rəşt bazarına yapdığı müamiləsi ilə İran burjuazisini qorxutduqca qorxuddu. İki atəş arasında qalan İran üçün yeganə çareyi-nicat, tarixi fürsəti qaçırmayaraq, kəndi qüvvətilə meydana atılmaq, milli nicat və səadətini kəndi təmin eyləməkdi. Bu hərəkatın ələmdarı isə sövqi tarixlə, sərdar Rıza Xan oluyordu.
Göstərdigi fövqəladə yararlıqla sərdari-sipəh rütbəsini qazanan və sədr əzim məqamına yüksələrək, bütün iqtidarı kəndi əlində mərkəzləşdirən Rıza Xan, yeni İran burjuaziyasının can və dildən istədigi vəzifəyi ifa eyləmiş, feodallar əlində parçalanan İrana bir dövlət şəkli verdirmək əzmini göstərmişdir.
Şəkil etibarı ilə bir diqtator kibi görünsə də, Rıza Xanın icraatı tərəqqi və iləriyə doğru atılmış bir qədəmdir. Müxtəlif feodalların qal (mübahisə) və kamı (istəyi) bahasına təəssüs edən müqdədir bir hökumət, hər hansı bir şəkil alsa da, İran üçün bir faydadır. Qəribədir ki, mürtəce olduqları şübhə götürməyən bir çox zəvat, Rıza Xanın diktaturasına qarşı nifrət etdikləri məşrutiyyət və qəvanini-əsasiyyə tərəfdarlığı ilə müqabilə ediyorlar.
Fərzən kəndisinə əcir (muzdur) olaraq çalışan köylügü, əski ixtiyarat üzərinə, ağaca bağlatdıraraq ölüncəyə qədər döydürən vilayət mütəğəllibələrindən (hakimlərindən) bir xanın məzkur vilayətdəki karnizon komandanı tərəfindən tövqif və cəzalandırılmasını Tehran əyan və əşrafı “Va-məşrutiyyata!” yayqarası ilə qarşılıyorlar. Halbuki “dəvairi-əskəriyyənin ümuri-mülkiyyəyə qarışmasını” protesto surətində, şəklən, haqlı görünən bu nara (dərd, qəm) həddizatında heç də səmimi degildi. Çünki köylü ağaca bağlandığı zaman, xilafi-məşrutiyyət olduğu mühəqqəq olan bu hala qarşı, işbu zəvati-möhtərəm qətiyyən bir səs və səda çıxarmamışlardı.
İşbu məsrudatımızdan (izahımızdan) görüləcəgi vəchilə, İranın bu günlərdə ərz eylədigi çöhrə, az-çox bir fərqlə, bütün Şərq məmləkətlərini istila edən bir hərəkat çöhrəsidir. Bu hərəkatın həqiqi üzü isə iki kəlmə ilə tərsim oluna bilir:
Feodalizmdən kapitalizmə!...
Rəsulzadə Məhəmməd Əmin
“Yeni Qafqasiya”, dekabr 1924, ¹5
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.20-21.