Şeirlərindən
tanıdığım şair
Bu yazım şair-publisist Əbülfət Mədətoğlu haqqındadır. Ancaq sözümə xeyli əvvəl “Ədalət” qəzetinin ünvanına yazdığım bir Məktubla başlamaq istəyirəm:
“Hörmətli redaksiya, salam!
“Ədalət” qəzeti mənə təsisçi və məsləhətçisi, tələbəykən “Rast” povestimin qərəzli tənqidinə qarşı Sovet sıxaclarından ehtiyatlanmadan etiraz səsini ucaldan Aqil Abbas, Məmməd Araz yadigarı baş redaktor İradə xanım Tuncay və baş redaktor müavini, redaksiyanın yorulmaz “yazı maşını - motoru” Əbülfət Mədətoğlu imzaları ilə əzizdir. Sevdiyim, oxucusu olduğum qəzetdə bir daha çıxış etmək mənə xoş olardı...
Dərin hörmətlə: Qərib Mehdi
Məmməd Araz mükafatı laureatı
21 aprel 2016-cı il, Gəncə şəhəri”.
Əvvəlcədən deyim ki, yazım o üçlüyün içində adını qara hərflə, seçdirdiyim Əbülfət Mədətoğlu ilə bağlıdır.
Bəli, Məmməd Araz haqqında xatirələrimi o məktubla birlikdə redaksiyaya göndərdim. Yazının həcmi iri olduğundan dərcindən ehtiyatlanırdım. Hələ əlimdə zərfin hərarəti soyumamış xatirələr işıq üzü gördü - özü də ard-arda üç nömrədə. İntizardan, yəni gözü yolda qalmaqdan çox çəkmişəm. Bu dəfə dərcin operativliyi məni təəccübləndirdiyi qədər də sevindirdi. Sən demə, burada, redaksiyada üçüncü imza sahibinin - Əbülfət Mədətoğlunun müstəsna qayğısı və həssaslığı varmış. Sonra onun haqqında əlavə məlumatlara malik oldum. Hamı onun müəllifin yanında olmasından (əlbəttə, yazı dərcin tələblərinə cavab verdiyi halda) ağızdolusu danışdı. “Ədalət”də yazılarımın dərci çoxaldıqca, necə deyərlər, mən də ona iman gətirənlərin cərgəsinə qoşuldum.
“Ədalət”i fərqləndirən bir cəhəti də qeyd etməyə ehtiyac duyuram. Etiraf edək ki, diktator xislətli baş redaktorları çox görmüşük. Müşahidəmə əsaslanıb deyə bilərəm ki, adını çəkdiyim qəzetdə tam demokratik əhval-ruhiyyə hökm sürür. Bu azad nəfəsalmanın təmin olunmasında Mədətoğlunun da xidməti hörmətə layiqdir.
Bu yazının yazılmasının səbəbkarı Azərbaycan yazıçılarının “Ensiklopedik məlumat” kitabıdır. Kitabı nəzərdən keçirirdim. Təsadüfən Əbülfət Mədətoğlu haqqında verilmiş məlumata rast gəldim. Özümdən asılı olmayaraq doğum gününə diqqət yetirdim. Gördüm ki, iki ilin təhvil-təslimində - 2018-in dekabrını aşıb 2019-cu ilin yanvarına çatanda hörmətli şairimizin 60 yaşı tamam olur.
Nə gözəl! Bu tarix hər kəsə onu tanıdığı qədər söz demək imkanı yaradır. Mən isə bu sırada axırıncıyam. Nə olar axırıncı olanda?! Hərdən axırıncı olanın ağlına elə sözlər gələr ki, bu, heç birinci olanın da yadına düşmür.
Mən Əbülfəti şəxsən tanımıram. Ancaq qabaq-qabağa bir stəkan çay içmədiyim, bir tikə çörək kəsmədiyim bu adama böyük hörmətim var. Deyə bilərlər ki, görmədiyin adama nə hörmət?! İntəhasız təcrübə var. Allahı da görmürük. Ona olan hörmətimiz, dua-sənalarımız hansı qucağa, hansı məcraya sığar?! Bəndə Allah ola bilməz. Amma Allah istəyir ki, onun müəyyən sifətləri bəndəsində təcəssüm olunsun. O xoşbəxt bəndələrdən biri də şair Əbülfət Mədətoğludur. Allahı sevərlikdən onun da qismətinə bir pay düşübsə, bununla ancaq qürur duymaq olar.
Əbülfət qarabağlıdır, Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Doğma ocağı erməni tapdağında inildəməkdədir. Bu ağrı onun ictimai-siyasi mövzuda yazdığı şeirlərində qırmızı bir xətt kimi keçir. İnanır ki (biz də inanırıq), azad edilmiş doğma yurduna qovuşmayanadək nə qocalmayacaq, nə də ölməyəcək. Vüsala inam arzusu onu yaşadacaq...
İşğalçı, yadelli ermənilər Qarabağda hansı qırğınları törətməyiblər?! Bunu hamı bilir. İstila, ölüm-itim bu gün də davam edir. Bu dərdi hər bir azərbaycanlı çəkir. Təbii ki, qarabağlılar bu dərdin iki mislini çəkirlər. Etiraz etməyə yer yoxdur. Üstündə ev tikdiyi torpağını, əlindən tutduğu əzizlərini, dağa-dərəyə, gülə-çiçəyə, yola-izə saxlanca verdiyi xatirələrini itirənlər dərdin nüvəsində yaşayırlar. Onlardan biri də şair Əbülfət Mədətoğludur. O, dərdini, sevincini, ümidini şeirlərində paylaşıb. Onları göz içinə alan, danışdıran həssas oxucu şairin nəyin üstündə əsdiyini, nəyi asıb-kəsdiyini dərhal anlayır.
Fərddən tutmuş, dövlətlərə, BMT-yə qədər yardımçı olmayanda ədalətsizliklərin, işğalların, qaçqın-köçkünlüyün ömrü uzanır. Bu hal, bu halı yaşayan şairin müşahidəsindən necə qaça bilər?!
Bu qocalan ümidlərim,
Vaxtsız-vədəsiz qarıdı...
Ümidsiz, ümidli yetim -
Güldü, həsrətim yarıdı!..
lll
... Hay vermir məscid, kilsə,
Gələn də deyil ta kimsə,
Sən deməsən də, kim isə
-
Deyər:
Əbülfət varıdı...
Əbülfət gerçəyi söyləyən
şairdir. O, yaxşı bilir ki, yalançı
təsəllilərə uymaq,
şirin vədlərə
aldanmaq heç bir yaranı sağaltmır. Bunun üçün də oxucusuna yuxarıda söylədiyi fikri bir az da dərinləşdirir:
Bu yer bir tala
- düşmüsən,
Tapmısan bəla - düşmüsən!
Çıxılmaz hala düşmüsən -
Daha... tora ehtiyac yox!..
Əgər haqlı səsinə
hay verən yoxdursa, dövlət başçılarının
başı öz mənafelərinə qarışıbsa,
bəs çıxış
yolu nədədir, kimdədir? Şair bu suallara da
cavab verir:
Bata-bata günaha,
Mən çıxsam
da sabaha.
Səsim
çatmır Allaha -
Çatsa, dizi bükülər!..
lll
Daş atıram quşa hey,
Dəymir,
yerə düşə
hey...
Bağırmaqla: “Şuşa!” hey -
Düşmən çətin çəkilər!
Deməli, çıxış yolunu
özümüzdə - Azərbaycan
xalqında, Azərbaycan
əsgərində axtarmalıyıq. Uzağa getməyək,
2016-cı ilin qələbə
qoxulu Aprel döyüşlərinin nümunəsi
var.
Valideyn övlad
üçün istək,
qayğı, bütün
acılara sinə gərən səddir. Bu sədd ata olanda
daha möhkəm, daha keçilməz olur. Düşmənin yenə bilmədiyi
bu səddi vaxt yenir. Onda övlad yetimliyin çeşidli sınaqları
ilə üz-üzə
dayanır. Elə
atasını itirən
Əbülfət kimi:
Uçdu
söykəndiyim zirvə
kökündən,
Həzm
edə bilmirəm bu yetimliyi...
Səndən ayrılmağın lap ilk günündən,
Duymağa başladım mən
çətinliyi...
lll
Sözümün söykəyi göyə
çəkildi,
Başıma qoyulan ağılla
birgə...
Dünyanın ölçüsü itdi, kiçildi,
Uşaqlıq adlanan nağılla
birgə...
Şairlər lirikadan - eşq, məhəbbət sınaqlarından,
macəralarından yan
dura bilməzlər. Sirdən danışan
bu kəsim sanki sirlərini aləmə car çəkmədən
həzz alırlar.
Bəlkə də, ürəklərində
gəzdirdikləri bu yükü oxucuları ilə bölüşməklə
yüngülləşir, ovunurlar.
Əbülfətin lirik “Mən”i məhəbbət məbədinin
bütün hücrələrində
dolaşır. O, məşuqun
sevincindən çox,
əzabını dadır;
həsrətin üzərindən
vüsal körpüsü
salmağa çalışır,
neyləmək ki, zəhməti əlində
qalır. Bu cür
uğursuz sevdalarda Əbülfət babası
Füzuli yolunu tutur. Füzuli dərdi bəyirin
(dəvənin) başına
qoyur. Bu dərdi, əzabı çəkən bəyir
o qədər incəlir
ki, axırda sap kimi iynənin deşiyindən keçməli
hala düşür.
Zərif duyğuları
kövrək misralara çevirən Mədətoğlu
da həmin halı yaşayır:
Özümü Məcnun bildim,
-
Bitməyən dərdə dözümdə...
Bir şair gözümdə öldü -
Bir sevən isə özümdə!..
Keçmişli, indili Azərbaycan poeziyasında gözəllərlə,
sevgi ilə bağlı bir xristianlıq xətti də görünür. Əsli, Kərəm,
Qara Keşiş əhvalatı bir nakam sevgi dastanı
yaradıb. Bundan başqa,
ayrı-ayrı məqamlarda
da mənfili-müsbətli
xristianlıq (tərsalıq)
çaları özünü
büruzə verir.
Ələsgərin vəsfə çəkdiyi
türk qadını
o qədər gözəldir
ki, Aşıq inanır ki, onu tərsa görsə, çönüb
müsəlman olar.
Şəhriyarın xristian gözəlinə vurulan lirik “Mən”i sevgilisinə qovuşmaq naminə onunla bərabər ibadət etməyə kəlisaya (kilsəyə)
getməyə hazırdır.
Şeyx Sənan da xristian
dinli gürcü gözəlindən ötrü
irəli sürülən
şərti qəbul edir, müsəlmanların
müqəddəs kitabı
sayılan Quranı oda atıb yandırır.
Mədətoğlu da bu qəribə
versiyalardan birinə müraciət edir. O, hər
şeyini - ümidini,
inamını, eşqini
tapşırdığı ürəyi ilə mükaliməyə girir. Ürəyini istədiyinə əsirgəmir.
Bununla belə, yolunu sapanda “cəzalandırmaqdan” da çəkinmir:
Qu tükündən yumuşaq,
Bir beşikdi
ürəyim.
Sığışa bilmədiyin -
Ev-eşikdi ürəyim.
Hisslərin toqquşmasından, əzabın
ço xluğundan, etinasızlığın, vəfasızlığın,
ədalətsizliyin ağırlığına,
ağrılarına tab gətirmir
ürək:
Gözümə Yer-Göy dəyir,
Qamətimi Göy əyir.
Hava çəkir, göynəyir
-
Gəl, deşikdi
ürəyim.
Hansı tərəfin təqsiri üzündən ortada fikir ayrılığı yaranır? Ürək yolunu-ərkanını, əvvəlki and-qəsəmini, ibadət etdiyi, tapındığı dinini geri itələyib yeni istiqamət götürür. Ayırıcı rəmzə qucaq açır, ruhun candan, aşiqin məşuqdan ayrılmaq acısına meydan verir:
Batıb
aha, günaha,
Əlin
açıb Allaha...
Dinindən dönüb daha
-
Bax, keşişdi
ürəyim.
Qələm əhli oxucularının
görüşünə gedən
kimi, vaxt da şairin görüşünə gəlib
- 60 yaş! Bu illərin indi də davam edən
qələmli mərhələsində
Əbülfət Mədətoğlu
çox şeirlər
yazıb, çox kitablar ərsəyə gətirib. Sözlərini bir Allaha, bir də kitablara
tapşırıb. Nə vaxt
arzuları çin olacaq? Nə vaxt parçalanmış
vətəninin yarasına
məlhəm qoyulacaq?
Yuxarıdakı da gözləyir,
aşağıdakı da.
Nəyi gözləyirlər? Suallarına cavab
istəyən şairin
ruha çevrilməsinimi?
Əbəs gözləntidir. Şairin insanla açılan, bütöv
Vətənlə bitən
öz gözləntisi
var. Bu gözlənti gerçəkləşməyincə
şair nə ruhdan düşəcək,
nə öləcək!.. 60 yaşlı Əbülfət Mədətoğlu
bu fikri aşağıdakı misralarıyla
təsdiqləyir:
İçimdəki səsdi O,
Aldığım nəfəsdi O...
Sabaha həvəsdi O -
Ruhumda, canımdadı...
Qərib MEHDİ
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.19.