Ələkbər Rzaquliyevin
ağ-qara dünyası
“XALQ
ƏMANƏTİ” LAYİHƏSİNİN 17-ci
NƏŞRİ OLAN YENİ BƏDİİ ALBOM UNUDULMAZ
RƏSSAMIN HƏYAT VƏ YARADICILIQ YOLUNA HƏSR EDİLİB
Noyabrın 2-də Xalq Bankın
Baş Ofisində “Xalq Əmanəti” layihəsi üzrə
17-ci nəşrin - görkəmli
Azərbaycan rəssamı,
milli qrafika sənətimizin yaradıcılarından
olan Əməkdar Rəssam Ələkbər
Rzaquliyevə (1903-1974) həsr
edilmiş bədii albomun təntənəli təqdimat mərasimi keçirildi.
Azərbaycan təsviri sənəti üçün əsl bayrama çevrilən bu mərasimə mədəniyyət və
elm mühitimizin seçkin
simaları, tanınmış
ictimai xadimlər, işgüzar dairələrin
təmsilçiləri və
media nümayəndələri toplaşmışdılar. Tədbirin keçirildiyi
qalereyanın salonlarında
Ə.Rzaquliyevin əsərlərinin
- onun yüksək sənətkarlıqla yaratdığı,
cəsarətli yanaşma
tərzi, məzmun və forma məziyyətləri,
zəngin milli koloriti ilə seçilən linoqravürlərin
sərgisi təşkil
edilmişdi.
Repressiyaya məruz qalan, Sibirdəki dəhşətli
həbs düşərgələrində
əzab-əziyyət, işgəncə
dolu onillər keçirən görkəmli
rəssamın ömür
yolu bir çox cəhətdən
ibrətamizdir. Ələkbər Ələsgər oğlu Rzaquliyev Bakının ən köklü tarixi guşəsində - qala divarları arasındakı
İçərişəhərdə dünyaya gəlib. Özünün ilk yaradıcılıq nümunələrini o, hələ
balaca ikən çalışdığı dükandakı qutuların
üstünə çəkirmiş.
İlk sənət təhsilini doğma şəhərdə alan Ə.Rzaquliyev rəssamlığın daha
dərin sirlərinə
Moskvadakı Ali Bədii-Texniki
Emalatxanalarda (VXUTEMAS) yiyələnib,
oranın qaynar və rəngarəng mühitində püxtələşib.
İstedadı ilə müəllimlərinin
və tələbə
yoldaşlarının rəğbətini
qazanan gənc sənətkar əsərləri
Moskvada sərgilənən
ilk peşəkar Azərbaycan
rəssamı kimi tanınır. Həmin
dövrdən günümüzə
onun cəmi iki rəngkarlıq nümunəsi - hazırda
Milli İncəsənət
Muzeyində saxlanan “Azərbaycan qadını”
və “Pəhləvanlar”
gəlib çatıb,
qalanları, əfsuslar
olsun ki, zamanın amansız burulğanında yoxa çıxıb. Sonralar Ə.Rzaquliyev
öz yaradıcılıq
fəaliyyətini bütünlüklə
linoqravür sənətinə
yönəldib. Keşməkeşli taleyinin, həyatı boyu sürətlə bir-birini əvəzləyən
sevincli və iztirablı çağlarının
ifadəsi sayılacaq
ağ-qara rənglərin
növbələşməsinə, yalnız tutqun və aydın ştrixlərin bir arada təzahürünə
üstünlük verib.
Beləliklə də, doğma
məmləkətini, onun
məşhur insanlarını,
həmçinin, sadə
adamlarını əks
etdirən neçə-neçə
kamil əsər ortaya qoyub.
Stalin repressiyasının qorxunc caynaqları sənət yollarında yenicə irəliləməyə
başlayan gənc rəssamın coşqun arzularına, yaradıcılıq
planlarına qənim kəsilib. Ə.Rzaquliyev 1928-ci ildə həbs
olunaraq ölümə
məhkum edilib, ardından bu dəhşətli hökm
8 illik ağır sürgünlə əvəzlənib.
Bir neçə dəfə məhkumluq cəzası alan,
bütövlükdə ömrünün
25 ili qorxunc düşərgələrdə keçən rəssam yalnız aradakı qısa azadlıq zamanlarını doğmalarının
arasında yaşamağa,
bu müddətdə ailə qurmağa, atalıq səadətini dadmağa müvəffəq
olub. Ancaq hər dəfə
də onun çox qısa sürən sevincinin ardınca amansız müsibətlər gəlib.
Arxangelskdə, Solovkidə üzləşdiyi
dözülməz məşəqqətlər
onun incə sənətkar ruhunda sağalmaz yaralar açmış, silinməz
izlər qoymuşdu. Tikanlı məftillər
arasına 25 yaşında
gənc kimi düşən Ə.Rzaquliyev
həbs düşərgəsindən
çıxanda artıq
yarım əsri adlamışdı, ömrünün
ən gözəl, məhsuldar illəri arxada qalmış, sağlamlığı zədələnmişdi.
Amma yaradıcılıq ehtirası
sönməmiş, sabaha
inamını itirməmişdi.
53 yaşında azad olub bəraət alan rəssam,
dünyaya və xüsusən sənət
aləminə yenicə
gəlmiş kimi, büsbütün yaradıcı
həyata qapılır,
taleyin sərt hökmüylə itirdiyi illərin əvəzini çıxmağa, aradakı
böyük boşluğu
doldurmağa can atır.
Bu məramla bəzən
sutkada 15-16 saat çalışan sənətkarın
gərgin əməyi
bəhrəsiz qalmır,
yaratdığı möhtəşəm
ağ-qara əsərlər
- linoqravürlər ona
böyük şöhrət
qazandırır. Bakıda
və Moskvada açılan fərdi sərgilərdən əlavə,
Ə.Rzaquliyevin əsərləri
dünyanın bir çox ölkəsində
təşkil olunan birgə nümayişlərdə
də hər zaman öz layiqli
yerini alır...
Mərasimi açıq elan edərək qonaqları salamlayan tanınmış
telejurnalist Dilarə Səlim ilk növbədə
“Xalq Əmanəti” layihəsinin milli mədəniyyətimiz üçün
dəyərli və əhəmiyyətli töhfə
olduğunu vurğuladı. Sonra isə
Ə.Rzaquliyevin həyat
və yaradıcılıq
yoluna qısaca nəzər salaraq, yeni bədii albomun və təşkil olunan sərginin önəmindən
söz açdı.
Tədbiri mədəni həyatımızda
əlamətdar hadisə
kimi dəyərləndirən
Azərbaycan Rəssamlar
İttifaqının sədri,
Xalq Rəssamı Fərhad Xəlilov qeyd etdi ki,
əvvəlki albomlar və kitablar kimi, “Xalq Əmanəti”nin bu, yeni
- 17-ci nəşri də
nəfis və məzmunlu alınıb. Qrafika sənətimizin görkəmli nümayəndəsi
Ə.Rzaquliyevin adının,
haqlı olaraq, ustad Əzim Əzimzadə ilə yanaşı çəkildiyini
diqqətə çatdıran
F.Xəlilov çıxışını
bu cümlələrlə
yekunlaşdırdı: “Ələkbər
Rzaquliyev kimi möhtəşəm yaradıcı
şəxsiyyətə həsr
olunmuş mərasimdə
iştirak etdiyim üçün xoşbəxtəm.
İndiki praqmatizm dövründə
bizim məhz belə insanlara və sənətkarlara böyük ehtiyacımız
var. Azərbaycan təsviri
sənətinə, mədəniyyətimizə
bu misilsiz töhfəsinə görə
Xalq Banka, “Xalq Əmanəti”nin yaradıcı
qrupuna bütün Azərbaycan rəssamları
adından minnətdarlığımı
bildirirəm”.
Xalq Rəssamı
Tofiq Ağababayev isə Ə.Rzaquliyev haqqında danışarkən
onun həyat və yaradıcılığının
Moskva dönəminə
ayrıca toxundu, Ali Bədii-Texniki Emalatxanalarda
təhsil aldığı
illərin mərhum sənətkar üçün
daima əziz və unudulmaz olduğunu vurğuladı. T.Ağababayevin
sözlərinə görə,
böyük şair Nazim Hikmətlə yaxın ünsiyyət sayəsində Ə.Rzaquliyevin
daxili aləmi daha da zənginləşmiş,
dünyagörüşü bir qədər də genişlənmişdi:
“25 illik həbs və sürgünlərdən
sonra Ələkbər
Rzaquliyev hər şeyi təzədən başlamalı olsa da, qətiyyən qorxub-çəkinmədi, çünki
Sibirdə, məhbus düşərgələrində dəhşətli işgəncələrdən
keçib gəlmişdi”.
Nəşrin hazırlanması və
Ə.Rzaquliyevin həyat
və yaradıcılığına
aid materialların toplanılması
zamanı arxiv məlumatlarından bəhrələnmə
zərurəti meydana çıxıb və bu işin mühüm
bir qismini Azərbaycan Xalça Muzeyinin direktoru, albomdakı mətnin müəllifi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Şirin Məlikova layiqincə yerinə yetirib. Ş.Məlikova mərasimdəki
çıxışında Ə.Rzaquliyevin əlyazmaları
ilə tanış
olarkən sənətkarın
sürgündə, həbs
düşərgəsində necə sonsuz əzab və işgəncələrlə üzləşdiyini
öyrənməsindən və
buna görə dərin sarsıntı keçirməsindən söz
açdı. Ə.Rzaquliyevin
faciəvi hadisələr
yaşadığını önə çəkən
Ş.Məlikova bütün
o müsibətlərin rəssamın
mənəviyyatına xas
olan, əsərlərində
aydın gördüyümüz
insanpərvərlik, xeyirxahlıq,
alicənablıq və
həyatsevərlik kimi
ali keyfiyyətlərə
qətiyyən xələl
gətirmədiyini xüsusi
qeyd etdi.
Sənətşünas albomda rəssamın indiyədək işıq
üzü görməyən
əsərlərinə də
yer verildiyini vacib məqam kimi diqqətə çatdırdı.
Sənətkarın ailəsi adından onun yolunun davamçısı
- oğlu Aydın Rzaquliyev çıxış
edərək bu sanballı nəşrin ərsəyə gəlməsində
rolu, əməyi olan hər kəsə
dərin minnətdarlığını
bildirdi.
Ə.Rzaquliyevin vaxtilə öz
emalatxanasındakı iş
prosesi zamanı lentə alınmış
nadir kinokadrları tədbir
iştirakçıları maraqla izlədilər. Qonaqlar və mərasimin təşkilatçıları qalereyada gəzişərək
Ə.Rzaquliyevin yaradıcılıq
nümunələrinə baxdılar,
ayrı-ayrı linoqravürlərin
mövzusu, işlənmə
texnikası və digər cəhətləri
barədə fikir mübadiləsi apardılar.
Bu kimi tədbirlərin daimi və fəal
iştirakçılarından Xalq Rəssamı, professor
Arif Hüseynov, “Xəzər” Universitetinin qurucusu, professor Hamlet İsaxanlı
və digər tanınmış qonaqlar görkəmli rəssamın
həyat və sənət yolu, əsərlərinin məziyyətləri
ilə bağlı düşüncələrini bölüşdülər.
Onların qənaətinə görə, “Xalq Əmanəti” silsiləsinin
uğurlu davamı kimi meydana gəlmiş
bu albom və sərgi keşməkeşli tale üzündən
zamanında layiqli miqyasda tanınmağa fürsəti olmayan Ə.Rzaquliyevin irsinin geniş auditoriyaya çatdırılması baxımından
müstəsna önəm
kəsb edir.
Tədbirin rəsmi hissəsinin ardından Xalq Bankın mətbuat xidmətinin rəhbəri Elşən Eynullayev media nümayəndələrinə sərginin və nəşrin hazırlanma prosesindən danışdı, daha sonra isə Ə.Rzaquliyevin yaradıcılığı barədə öz fikirlərini söylədi: “Təhsil aldığı illərdə, həbs və sürgün olunana qədər daha çox rəngkarlığa meyl etdiyi halda, Ələkbər Rzaquliyev sonradan linoqravürə yönələrək, bu sənətin inkişafına böyük təkan verib. Azadlığa çıxdıqdan ömrünün sonuna qədər bütün həyatını yaradıcılıq fəaliyyətinə, öz xalqının milli mədəniyyətini zənginləşdirməyə həsr edib”.
Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən həyata keçirilir. Milli mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyan layihə çərçivəsində görkəmli söz və fırça ustalarımızın yaradıcılığı geniş təbliğ edilir. Layihə çərçivəsində işıq üzü görən albom və kitablar Azərbaycan, rus və ingilis dillərində nəşr edilərək ölkənin ali və orta təhsil müəssisələrinə, kitabxanalara, uşaq evlərinə, səfirlikərə, dünyanın nüfuzlu muzey və kitabxanalarına hədiyyə olunur.
“Xalq Əmanəti”nin bu yeni sərgisi - Əməkdar
Rəssam Ələkbər Rzaquliyevin əsərlərinin
nümayişi Xalq
Bankın əsas binasında (Bakı şəhəri,
İnşaatçılar prospekti, 22L) davam edir. Sərgini iş günləri saat
18.00-dan 21-dək, şənbə və bazar
günləri isə saat 10.00-dan 16.00-dək
izləmək mümkündür, giriş sərbəstdir.
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.18.