İvan Krausdan 3 hekayə

 

 

“Vaxtınızı, pulunuzu psixoanalitiklərə xərcləməyin, yaxşısı budur, Krausu oxuyun” - Çexiyada ən cığal tənqidçilər də bu fikirə şərik çıxırlar. Nasir, dramaturq, aktyor-kuklaçı kimi məşhur olan İvan Kraus bu sahələrin hər birində böyük uğurlar qazansa da, ilk növbədə, incə kinayə ustasıdır. Kinayə isə, Krausun öz təbirincə, hüznün daimi qonşusudur.

İvan Kraus 1939-cu ildə doğulub. 1968-də - keçmiş Çexoslovakiyada “insanpərvər sosializm” qanla boğulduqdan sonra ölkəsini tərk edib, kukla tamaşaları ilə dünyanı dolaşmağa başlayıb, 1990-cı illərə qədər vətənindən kənarda yaşayıb. Əsərləri onlarla dilə tərcümə edilmiş İvan Kraus dövrümüzün usta ədibləri sırasındadır.

İvan Kraus

Mədəniyyət nazirinə məktub

Dəyərli nazir!

Bilirəm ki, sənə bir yığın adam çoxlu xahiş ünvanlayır, ona görə də qabağa düşmək üçün elə təyinatından dərhal sonra bu məktubu yazmağa qərar verdim. Nə vaxtsa biz vətənsevərlərdən də birinin nazir olacağını və əvvəllər (əlaqə kasadlığı ucbatından) həyata keçirə bilmədiyim planlarımı gerçəkləşdirməkdə mənə köməklik göstərəcəyini çoxdan gözləyirdim.

1. İlk növbədə, mənim yenicə (bu, məhz indi üçün önəmlidir) yazmağa başladığım kitabımın növbədənkənar, həm də sərfəli şərtlərlə (pulsuz çapından söhbət gedir) nəşri barədə üstüörtülü bir sərəncamı çox təqdir edərdim.

2. Əvvəllər bəzi-para həmkarlarımın olduğu kimi, indi də mənim kitablarımın vitrinlərdə gen-bol, həm də məxsusi yer tutmasına şərait yaradılsa, buna görə minnətdar olardım.

3. Yaradıcılığım haqqında qəzetlərdə mütəmadi qaydada (birmənalı şəkildə müsbət məzmunlu) sanballı rəylərin dərci təşkil olunsaydı, heç etiraz etməzdim. Təklif deyil, sadəcə güman edirəm ki, belə bir göstərişi yerinə yetirməyən müvafiq redaksiyalar (yenə üstüörtülü formada) lazımi cəza tədbirlərinə məruz qalmalıdır.

4. Təltif məsələsinə gəlincə, icazənlə xatırladım ki, mən də, arvadım da artıq xaricdə mükafatlar almışıq, Çexiyadan isə hələ bircə təltif də görməmişik. Biz bunu qeyd-şərtsiz rüsvayçılıq hesab edirik.

5. Arvadımın yaxşı rəsm qabiliyyəti var, eskizlər çəkə bilər.

6. Fəxri ad, lent, nişan, medal - fərqlənmə naminə hər nə olsa, bütün bunların təqdimat mərasimində mənə birinci sırada, tən ortada, həm də (təltifat zamanı rahat çəkə bilsinlər deyə) düz kameranın tuşunda yer verilsə, dərin minnətdarlığımı bildirərdim.

7. Mənimlə birgə ön sırada durmağa layiq çex mədəniyyəti ustalarının (yəni dostlarımın) da, arxa sıralarda dayanmalı olanların da siyahısını ayrıca bir vərəqdə təqdim edirəm.

8. O biri vərəqdəki isə mədəniyyət sahəsində çalışan, amma mənim zəhləm gedən soydaşların siyahısıdır. Siyahı iki hissədən ibarətdir: a) xaricdəkilər, b) ölkədəkilər.

9. Yeni himnə ehtiyac duyularsa, aktual bir mətn yazmağa hazıram: əsas odur ki, yaradıcılıq məzuniyyəti və köçürmək imkanı təmin olunsun.

10. Əlbəttə, sanballı mükafatlar vəd edilən ədəbi müsabiqələrdə iştiraka da hazıram, bu şərtlə ki, məni ikinci, üçüncü və ilaxır yerlərə çəkib salmasınlar.

11. Əgər Monte-Karloya (Parisi istəmirəm, orda maşın saxlamağa yer olmur) Mədəniyyət attaşesi təyin etməyə hazırlaşırsansa, bunun üçün ikicə namizəd var: Z.V., bir də mən özüm. Bu Zdeneklə aram yaxşıdı, amma onu qətiyyən məsləhət görməzdim. Səbəblərini görüşəndə deyərəm.

12. Qohumlarımdan biri babat skripka çalır. Hələlik həvəskar səviyyədə. Buna uyğun nəsə düzüb-qoşmaq olmazmı? İxtiyar sənindir.

13. Əgər sənə çatdırsalar ki, guya öz şəklimi poçt markalarının üstündə görmək istəmirəm, bu, aşkar iftiradır. Şəklimin markaya vurulmasına razıyam, ancaq şərtlərim var:

a) çəhrayı olmasın;

b) üç yox, beş kronluq olsun;

v) hansısa seriyada yox, ayrıca;

q) həmin marka qətiyyən “Onurğasızlar tipi”nə aid seriyanı hazırlayan rəssama tapşırılmasın.

14. Səni yaxşı tanıdığım üçün bioqrafiyanı yazmağa başlamışam. Təbii ki, namünasib intim təfərrüatlara toxunmuram. Əksinə, səni cəmiyyətə insani yöndən göstərmək üçün keçmişdəki bəzi şən macəralarımızdan söz açıram. Ad da tapmışam artıq: “Nazir haqqında bir neçə söz”. Eksklüziv müəlliflik haqqımı göndərməyi unutma. Əgər göndərməsən, gərək nəzərə alasan ki, onda tamam tərsinə davranmalı, şən məqamları yığışdırıb, intim mətləblərə yer verməli olacam.

Ən xoş arzularla

sənin ən yaxşı dostun Nivlt.

Oxuyun, ay millət!

Hər dəfə kitab mağazalarına girəndə guşələri gəzir, rəflər arasında dolaşıram. Boynumu qeyri-təbii şəkildə burub, rəflərə düzülmüş kitabların kötüyündən adlarını oxuyuram. Ta boynum tutulana qədər. Bu, təhlükəli haldır. Bir tanışım hansısa kitabı beləcə o qədər axtarmışdı ki, boynu qurumuşdu, düzəldə bilmirdi. Satıcılar onu taksiyə oturdub birbaşa massajçı yanına göndərmişdilər.

Kitab mağazalarına istirahət üçün getdiyini deyənlər, sözsüz ki, məsələni şişirdirlər. Şair dostum var, deyir ki, hər dəfə kitabçıdan çıxan kimi cumuram evə - uzanmaq üçün. O dəfə kitab mağazasında bir nəfər gördüm, həmin qeyri-təbii vəziyyətdə kitab axtarmaqdan axırda huşunu itirdi. Xoşbəxtlikdən, yıxılanda başı aktyorların və müğənnilərin xatirələrindən ibarət kitab qalağına çırpıldı deyə, salamat ötüşdü. Mağazadakılar arasında həkim də varmış, əlüstü müayinədən belə nəticəyə gəldi ki, bir ara adamın beyninə qan çatmayıb. Həmin oxucunu şeir kitabları olan bölməyə aparıb, endirimli nəşrlərin üstünə uzatdılar, özünə gələnəcən də orda qaldı.

Yaşım artdıqca daha da ehtiyatkar oluram. Uyuşmanın ilkin əlamətlərini hiss edən kimi, kitabların yuxarı rəflərə düzüldüyü guşədən aralanır, aşağı rəflərdəki, təbii vəziyyətdə baxmaq mümkün olan kitablara yaxınlaşıram.

Üz qabığında yazılanları oxuduqca görürəm ki, müasir romanlar bir-birinə çox oxşayır. Əksəriyyətinin qəhrəmanları Rita, Canet, ya da Hildeqarddır. O qəhrəman, adətən, tənhalıqdan, depressiyadan əziyyət çəkir. Günlərin birində Cerriyə, Boba, ya da Karl-Haynsa rast gəlir: vaxtilə birlikdə dərsə, yaxud tennis oynamağa getdiyi oğlana. Tam 150 səhifə boyunca ona elə gəlir ki, öz köhnə dostuyla birlikdə xoşbəxt həyat qura bilər, ancaq hardasa 160-la 200 arasında özü üçün aydınlaşdırır ki, bu, sadəcə, xəyalmış. Əgər romanın baş qəhrəmanı kişi cinsindəndirsə, əksər hallarda adı ya Arno, ya Ceyms, ya da Volfhanq olur. Elə ilk fəsildəcə hiss edir ki, bezdirici və lazımsız bir işdə çalışır. Yoldaşları darıxdırıcı, texnologiya anlaşılmaz, yollardakı tıxaclar isə dözülməzdir. Qəhrəmanın öz dostuna məxsus fitnes-kluba gəldiyi, o adama qarşı hisslərinin də yalnız dostluqla məhdudlaşmadığı məlum olan səhifələrə çatanda kitabı tez-tələsik qoydum yerinə. 

O günsə əlimə bir kitab keçdi, üzqabığındakı anonsda yazılmışdı ki, Cek bu bahar öz anasının seksual cazibəsini kəşf edəcək... Kitabı hövlnak qaytarıb rəfə qoymaq istəyəndə satıcı qızla toqquşdum. Qucağında bir topa kitab aparırdı. Biri yerə düşdü. Götürüb üzqabığını oxudum, məlum oldu ki, Karib adalarından birini vuran qasırğa təkcə yerli sakinlərin yox, Çikaqodan gəlmiş bir zooloqun - Cill adlı qadının da həyatına əsaslı təsir göstərib. O, yerli hindulardan Hayriri adında bir oğlanla qayalığa sığınıbmış. Oğlan həmin zooloqu öz tilsiminə, yerli magiyanın təsirinə salmaqla kifayətlənməyib, üstəlik, qadında elə sonsuz ehtiras oyadıb ki, Baltimorda yaşadığı müddətdə beləsini dadmayıbmış! Qəribə gəlməsin, hamısı amerikan qidasından və həyat tərzindəndir...

Kitabı satıcı qıza qaytarıb başqa guşəyə keçdim. Burda “nəyi necə eləmək” mövzulu onlarla kitab vardı. Özünəinam hissini necə yaratmalı... Məsləhətləri necə qulaqardına vurmalı... Seksdən necə həzz almalı... Özünü necə sağaltmalı... Düşüncələri necə oxumalı... Karyeranı necə qurmalı... Kişilərin qadınlara münasibətini necə bilməli... Stresdən necə qurtulmalı... Necə varlanmalı...

Bu guşədə tək bircə kitab çatışmırdı: “Mütaliə üçün maraqlı bir kitabı necə tapmalı...”

Hər dəfə kitab mağazalarına baş çəkəndə bunu da fikirləşirəm ki, gör nə qədər yazan var...

Uyuşmasın deyə boynumu düzəldib yan-yörəmi gözdən keçirirəm. Kassadakı qız xəyallara qərq olub. Bu hal mənə tanışdır. Yəqin ki, roman düzüb-qoşur. Müdirin də vəziyyəti qəlizdir. Gözlərini kağıza zilləyib, arada köks ötürür. Görünür, hansısa bir məqamacan gəlib, ondan o yanasına qərar verə bilmir. Sarışın satıcı qız kitabları rəflərə düzür. Ancaq dalğın bir halı var. Ətrafına məhəl qoymur. Onun necə işlədiyini müşahidə etdikcə anlayıram ki, əslində, indi qızın beyni uzun bir hekayə qurmaqla məşğuldur. Fikirləşir ki... Elə hey rəflərə kitab düzürdü... Bütün günü mağazada keçdiyi üçün öz məhəbbətilə rastlaşa bilmirdi... Təbii ki, günlərin bir günü Yaromil gəlib “Seks haqqında indiyədək bilmədikləriniz” adlı kitabı tapıb gətirməsini ondan xahiş edənəcən...

Həmin gün qız, axır ki, mövcudluğun dözülməz yüngüllüyünü dadır. Tezliklə onun da kitabı rəflərdə peyda olur. Üz qabığında qeyd edilir ki, o, bir vaxtlar satıcı işləyirmiş... Başqa mağazalardakı satıcılar onun kitabını götürüb baxacaq, öz əsərlərinin süjeti barədə düşünəcəklər.

Kassada oturan qız könülsüz-könülsüz çek vurur. İstedadı üzə çıxarılsaydı, nələr yaratmazdı! Məsələn, lezbiyan sevgisi haqqında romanını tamamlardı: əsl sensasiya yaradardı!

Kompüterdə nəsə bir kitab adı axtaran eynəkli qız... Çox vaxt əlləri belində olur, “Bədən işarətlərini necə oxumalı” kitabının müəllifinə görə bu, seksual məyusluq əlamətidir. Bəllidir ki, o da nəsə yazıb-yaradır. Qızın ondan ötrü “Romanı necə yazmalı” mövzusunda vəsait tapmasını gözləyən cavan oğlanın isə saçları üzünə tökülüb. Belə vəziyyətdə kitabları görə bilməsə də, bu, onun roman yazmasını əngəlləmir. Heç bir maneə dayandıra bilməz onu. Deməyə sözü var çünki. Atası ilə qatı ziddiyyətdədir. Saçlarının uzunluğu səbəbindən. Azadlığı məhdudlaşdırılır. Cəmiyyət onu qətiyyən anlamır. Amma bütün bunlar yalnız fitnes-klubda Marselə, ya da tətil vaxtı Dehlidə Rao adlı yoqa rast gələnəcən davam edir.

Azacıq aralıda bir kişi dayanıb, gözlərini çılpaq qadın rəsmləri olan kitaba zilləyib. Hər dəfə satıcı qız onun yanından keçəndə səhifəni çevirir, özünü elə göstərir ki, guya girişi oxuyur. Yəqin ki, erotik roman yazır, bəzi detalları dəqiqləşdirməyə ehtiyac duyub.

Mağazadan küçəyə çıxıram.

Avtobus sürücüsü qaşqabağını töküb. Görünür, hekayələr silsiləsi alınmır. Adını “Dayanacaqlar” qoyub. Birincini yazmağa başlayıb: qarajdan necə çıxdığı barədə. Amma elə birinci dördyoldaca əyləci basmalı olub.

Kafedəki ofisiant ikicə addımlığımdadır. İşarəylə çağırıram, xeyri olmur. İndi onun beynində əhvalatlar qaynaşır, müştərilərsə ona mane olurlar.

Meyvə-tərəvəz satıcısı şeir aləminə elə dalıb ki, pomidor istəyirəm, portağal çəkir. Aptekçi isə “Aspirin” əvəzinə “S vitamini” gətirir. Çəkinmədən deyə bilərəm ki, o, kriminal roman yazır.

Metroya girirəm, ora əməlli-başlı yazıçılar ittifaqına dönüb. Kimsənin üzü gülmür. Hamı qaşqabaqlıdır, nədənsə dümdüz qabağa baxırlar. Sərnişinlərin yarısı hələ əsərinə münasib ad tapmayıb, narazıdır, qalan yarısı da romanını açıq, yoxsa qapalı finalla yekunlaşdırmaq barədə düşünür.

Vaqonun küncündə bir kişi tək oturub. Hüznlü görkəmi var, arabir burnunu çəkir. Oğrun-oğrun adamları süzür. Hərdən qımıldanıb kağıza nəsə yazır. Sonra da onu oxuyub xəfifcə gülümsəyir. Vərəqi büküb cibinə qoyur, dərhal da çıxarır. Yazdıqlarını təzədən oxuyub başını bulayır, ucdantutma hamısını qaralayır. Xülasə, suyuşirin adamdır. Adi bir yumoristdir.

Təqdimat mərasimi

Kitab yazan hər kəs əməlinə görə məsuliyyət daşıyır. Odur ki, öz kitabının dolub-daşan bazarda diqqətdən kənarda qalmaması üçün naşirinə kömək əli uzatmağa borcludur...

Təqdimat mərasimi geniş kitab mağazasında keçirilirdi. Mən kitablarımın, bir də zanbaq qoyulmuş güldanın yaraşıq verdiyi masanın arxasında oturmuşdum. Naşirimlə bu mağazanın xanım müdiri isə süfrəli masalara yaxın dayanmışdılar. O masalara şərab, şirniyyat, çərəz düzülmüşdü.

Qələm əlimdəydi, siqaret çəkirdim. Üçüncü siqaretdən sonra belə qərara gəldim ki, durub dükanı dolaşsam, daha yaxşı olar.

Bir guşədə “Vizuallıq dövrü və ya şəkilli yazıya qayıdış” adlı kitab diqqətimi çəkdi.

Həmin kitabı götürüb baxmaq istəyirdim ki, alıcılardan biri əli çatmayan “Göbələklərə dair atlas”ı ona verməyimi xahiş elədi. Qatlama nərdivanı yaxına çəkib alıcını razı saldım.

- Qarışqalar haqqında kitab almışam, ancaq sökülüb-dağılıb, bu nə işdir belə? - acıqlı bir xanım bu sözlərlə üstümə yeridi. Kitabı məişət zənbilində gətirmişdi.

Cavab verdim ki, bu, çox kədərli olaydır.

Xoşbəxtlikdən, gənc satıcı qız özünü yetirdi. Alıcıya bildirdi ki, “Qarışqaların gizli həyatı”ndan qalmayıb, əvəzində ona başqa kitab -  Soxulcanlar haqqında hər şey” - təklif elədi.

Qadın isə “Qarışqalar...” deyib durmuşdu.

Hay-küydən aralanıb üstünə təamlar düzülmüş masalardan birinə yanaşdım.

Elə bu məqamda naşir mağazanın müdirinə başa salmağa çalışırdı ki, ən çətini yayım prosesidir. O qadın isə mağazanın icarəhaqqının artmasından gileylənirdi. Naşir də bunun, həqiqətən, görünməmiş məbləğ olduğunu təsdiqlədi. Öz növbəsində, kağızın bahalığını vurğuladı.

Mən boşqabdan götürdüyüm çərəzi qaytarıb yerinə qoydum: çünki bütün bu təamların da havayı olmadığını anlamışdım.

Avtoqraf almaq istəyən bir nəfər mənə yaxınlaşanda qələmi irəli uzadıb öz masama sarı cumdum. Ancaq məlum oldu ki, kitaba yox, o adamın “Avtoqraflar kolleksiyası” üçün ayırdığı 4 ədəd vərəqə imza atmaq lazımmış.

Ondan sonra cavan bir qadın gəldi. Yaradıcılığını irreallığın sərhədlərində tarazlayan, beləliklə, fərdin taleyini zamandankənar gerçəkliyəcən yüksəldən, bununla da absurdu təzadlı bir şəkildə reallığa çevirən yazıçılara aid esse üzərində işlədiyini dedi. Siqaret uzatdım ona. Qayıtdı ki, çəkən deyiləm, fəlsəfə fakültəsində “Müasir nəsr saat qurşaqlarının qarşılıqlı təsirinə əsaslanır” mövzusunda mühazirə dinləyəndən tərgitmişəm. O, ucadan, həm də cır səslə “fəlsəfi inikasın və apelyativ lirizmin ədəbi obrazı vəhdət halında tamamlamasından, bunu ifadə etməyin müəllif poeziyasının özünəməxsusluğunu gücləndirməsindən” dəm vuranda kitabı dartıb əlindən aldım. Mən kitabı imzalayana qədər o hələ “travmatik situasiyalarda insan taleyinin başlıca təzahürlərini yaşayan ədəbi obrazları özünə daha yaxın saydığını” söyləməyə də macal tapdı.

- Təbii haldır, - pıçıldayıb, avtoqrafımın altına bu tarixi qoydum: 1896.

Ondan sonra masama bir kişi yanaşdı. Əlindəki kitabı önümə atıb soruşdu ki, tanış gəlirmi..? Məndən “yox” cavabı alan kimi də “ehtiyat çağırışçıların otuz il əvvəlki toplanışı”ndan xatırlatma verib, eyhamlı tərzdə xəbər aldı ki, bəs bu, nəsə deyirmi... Yenə heç nə alınmayanda isə vaxtilə toplanış məntəqəsindən yayınıb birlikdə şəhərə çıxmağımızdan danışdı. Üstəlik, ardımızca düşüb bizi çuğundur sahəsində qovalamış gülməşəkər giziri də yada saldı.

Mən “aradan keçən bu otuz ildə nədənsə oranın məhz kartof sahəsi olduğuna əminlik hissilə yaşadığımı” etiraf edib, kitabı əlüstü imzaladım. Tarix yerinə isə təkərli top şəkli çəkdim.

O aralaşandan sonra ayağa qalxdım ki, gedib ağzıma bir şey atım. Müdir indi də naşirə bu mağazanın sahəsinin neçə kvadratmetr olduğunu açıqlayırdı. Fürsəti qənimət bilib peçenyələrdən əkişdirdim.

Naşir anbar üçün ödənişdən söz saldı. Müdir xanım isə işıqpulundan, isitmə xərcindən. Naşir keçdi telefonpuluna...

Təqdimat mərasiminə dördcə nəfər gəlmişdi: kimya mühəndisi olan, axırıncı dəfə hələ tumançaq gəzdiyimiz vaxtlarda gördüyüm əmioğlum, yaşlı ər-arvad, bir də bekarçılıqdan bizə yaxınlaşan, mərasim boyunca da ancaq dırnaqlarını boyayan gənc satıcı qız.

Həmin ər-arvadı maraqlandıran bu idi ki, mən adətən nə vaxt yazıram: səhərlərmi, axşamlarmı. Və ümumiyyətlə, niyə yazıram.

Əmioğlum dedi, məni yaxşı tanıyır, yazdıqlarımın hamısı düppədüz yerindədir, amma ikicə əhvalat var, nəsə onları tam alındıra bilməmişəm. 

Təqdimatdan sonra özüm üçün bir neçə kitab götürdüm. Bir neçəsini də naşir aldı. Məndən 900 kron çıxdı, naşirdən 650. Hərəmiz öz torbamızı götürüb evimizə yollandıq.

Yolda birdən ağlıma gəldi ki, kitabın gələcəyi heç də parlaq görünmür.

Naşir bununla nə demək istədiyimi soruşdu.

- Heç, sadəcə, gərək hər bir naşir və müəllif öz təqdimatında kitaba ən azı bizim indi verdiyimiz qədər pul xərcləsin.

 

Ruscadan tərcümə edən: Seyfəddin HÜSEYNLİ

Simsim.

 

  525-ci qəzet.- 2018.- 17 noyabr.- S.16-17.