Bircə arşın...
Çağdaş sənətin gəlib çıxdığı yer, məqam çox qəribədir. Bəlkə əslində, indikilərin dilində desək, kreativ düşünən, yenilik həvəskarı olanlardan ötrü maraqlıdır, cəlbedicidir, bilmirəm.
Zahiri effektlər, stereotiplərin qırılması, hətta insana sevinc, xoşbəxtlik gətirən dəyərlərin sıradan çıxması, postmodernizm adı altında özündən əvvəl nə vardısa, hər şeyi inkar. Bu, yaxşıdırmı? Doğrusu, “izm”lərin xronologiyasını izləmək niyyətindən uzağam, ona görə heç bir şəkildə sənətin hardan başlamasını və niyə bu yerə gəlib çatmasını izah edə bilməyəcəm. Sadəcə son günlərdə internet video şəbəkələrində dünya modern sənəti ilə bağlı ardıcıl araşdırmalar apardıqca onu başa düşdüm ki, bu günün sənətkarı insanın, tamaşaçının hisslərinə toxunmaq arzusunda deyil. Daha çox “bərabərlik, azadlıq, hamı yaşamalıdı” şüarının müxtəlif, hətta ən eybəcər təzahürləri əsas götürülür. Məsələn, səhnədə kişi kişini qucağına alıb gəzdirirsə, həm də bunu bir sevgili kimi edirsə, yaxud qadın qadına gözəl sözləri pıçıldayırsa, bu, yaxşı sayılır, ona görə ki, cinsi azlıqların nümayəndələri üçün təsəllidir. Hətta gender bərabərliyindən ötrü qadın da kişini boyundan yuxarı qaldıra bilər, yəni fiziki gücdən söhbət gedirsə, qadına nə olub?! Niyə görə qadın zərif, gücsüz, hətta zəif olmalı, kişiyə sığınmalıdı?! Bəli, təbiətə, insana, yaradılışa qarşıdır yeni, müasir sənət... Və bunun axırı görünmür!
Elə bu düşüncələrlə İçərişəhərin dolanbaclarına ayağımı qoyan kimi hər şey dəyişir sanki. Sözümdə zərrə qədər pafos yoxdur, həqiqəti söyləyirəm. Beyin yenilikdən, şüşə qablara bənzər binalardan, qutu-qutu evlərdən, hamarlanmış küçələrdən bezir, usanır. Çağdaş qalabalıq, tıxaclarda keçən zaman ruhunu yorur, hər an hər yerə tələsən və gecikən adamların təlaşından qaçmağa yer axtarırsan. İçərişəhər ən uyğun yerdir, şəhərin mərkəzində belə bir qalaçanın olması doğma adam, səni sözsüz başa düşən həmsöhbət kimidir. Hamıdan qaçıb ona sığınırsan... Hələ həftəsonu bu qala divarları arxasında Üzeyir bəy musiqisinə dalmaq və kuklaların ən sadə, “ibtidai” hərəkətlərindən, oyunundan zövq almaq imkanın varsa, xoş halına.
Marionet teatrı haqqında daha əvvəlki yazımda buranın nağıl estetikası, ab-havasının fərqliliyi barəsində fikirlərimi bölüşmüşdüm. Bu dəfə isə yenidən bu kiçik dünyaya qapılanda başa düşdüm ki, Marionet teatrı İçərişəhərdən, Bakıdan ayrı deyil, şəhərlə qarşılıqlı vəhdətdə, nəfəs-nəfəsə yaşayır. Tamaşadan əvvəl yuxarı mərtəbədəki terrasdan müasir Bakıya, işıqları göz qamaşdıran yeni şəhərə baxandan sonra keçmişə, Üzeyir bəyin zamanına, bəylər, xanlar, tacirlər dövrünə qayıtmaq, hələ üstəlik, bunu təkrarsız musiqinin sədaları altında etmək ayrı bir zövqdür.
Teatrın kollektivi tamaşaçılarını gündəlik qayğılardan ayırmaqda israrlıdır. Gündəlik qayğının isə ən böyük simvolu mobil telefondur. Sanki bütün problemlərimizi ovcumuzda tutub gəzirik, hər şey ordadı, bircə düymə ilə xəstəlik, ölüm, sosial və ictimai bəlalar, evə almalı olduğun ərzaqlardan tutmuş borclarına kimi hər şey gözün önündə canlanır və ən qəribəsi budur ki, sən heç azacıq da olsa, ayrılmaq, uzaqlaşmaq istəmirsən bunlardan. Ona görə teatrın işçiləri az qala hər kəsə bircə-bircə yanaşıb telefonu söndürməyi xahiş edirlər...
Marionet teatrının şarmlı və enerjili aktrisası Fərizə Babayevə küncdə qoyulmuş kiçik dəyirmi masa arxasına keçib danışmağa başlayır, tamaşadan əvvəl söhbəti ilə hər kəsi o dövrün ab-havasına aparmağa çalışır. Sən demə. Üzeyir bəyin bu təkrarsız əsəri elə o zaman böyük səs-küyə səbəb olubmuş, müxtəlif dillərə çevrilib, eyni zamanda, fərqli teatr səhnələrində oynanılırmış. Əlbəttə, “Arşın mal alan” əsasında çəkilmiş film və ən çox məhz bu ekran əsərinin kinomuzu xaricdə təmsil etməsi də ayrıca mövzudur. İkinci dünya müharibəsindən sonra “Arşın mal alan” yaralara məlhəm kimi çıxıb ekranlara. Və maraqlıdır ki, idmanla sənətin sintezi olan youtube videolarından sonra da yenə məlhəm kimi gəlir adama. Sanki beyin müharibədən çıxıb, ruh sınıq-salxaqdı və Üzeyir bəyin ikicə notu, sadədən sadə Rüstəm bəyin bəsit danışığı rahatlıq gətirir adama.
Eyni zamanda, 1988-ci ildə lentə alınan fonoqram da o aktyorların səsi vasitəsiylə ötən illərə qaytarır tamaşaçını. Məsələ burasındadır ki, hələ 80-ci illərdə Tərlan Qorçunun rəhbərliyi altında Marionet teatrı fəaliyyətə başlayıb. Məqsəd və ideya belə idi: bu teatrda xalqın mədəni irsinin müxtəlif sahələri - həyat tərzi, memarlığı, milli geyim və musiqisi, bayram və rəqsləri, bir sözlə, etnoqrafiyası təcəssüm etdiriləcəkdi. Elə o zamanlar “Arşın mal alan” Musiqili Komediya Teatrın ilk tamaşası olub və 1990-cı ildə Fransanın Karpantra şəhərində göstərilib. Bakı premyerası isə 2011-ci ildə baş tutdu. Tamaşa Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə və digər ölkələrdə uğurla nümayiş etdirilib.
Beləliklə, müəyyən səbəblər ucbatından fasilədən sonra teatr yenidən bu əsərə qayıdıb, amma elə o zamanki ssenari və fonoqramla. Ona görə Siyavuş Aslanın, Zərnigar Ağakişiyevanın, Nuriyyə Əhmədovanın, Yasin Qarayevin, Məlahət Abbasovanın canlı, ifadəli dialoqları, Xuraman Qasımovanın, İlqar Muradovun ifaları tamaşanın uğurudur. Həmçinin, kuklaların dizaynında və geyimində xarakterin, dövrün, ab-havanın gözlənilməsi də son dərəcə vacib məqamdır. Yəni qulluqçu Telli ilə nökər Vəlinin geyimi, üz ifadəsi özlərinə uyğun, ağaların, xanımların geyimi, dizaynı da onlara xas şəkildə olmalıdır. Həmçinin, tacir Əsgərin, yaxud Rüstəm bəyin evi milli üslubdadır, dövrün adətlərini əks etdirir.
Deyilənə görə, bu əhvalat doğrudan da olubmuş, Üzeyir bəy süjeti həyatdan götürüb. O dövrdə məşhur musiqiçi Məcid bəyin başına gəlibmiş bütün bunlar. Doğrusu, indi, əsrin bu tayında süjetin hardan qaynaqlanması o qədər vacib deyil. Üzeyir bəyin bəstəkar kimi dahiliyi, yazdığı əsərlərin təkrarsızlığı müzakirə mövzusu ola bilməz. Amma Marionet teatrında bu əsərə yeni gözlə baxdıqca, süjetə daldıqca, aktrisa Fərizə xanımın şərhlərini dinlədikcə dahi bəstəkarın dramaturq kimi də nə qədər qeyri-adi istedada malik olduğuna heyrətlənirsən. Son dərəcə sadə və ilk baxışda Şərqin qadağalarını əks etdirən hadisə əslində, mahiyyətcə gerçək hissləri göstərir. Yəni “günah” heç də Şərqdə deyil. Sevgi elə belə olur. Şübhəsiz, bu mübahisəli fikir ətrafında uzun-uzun polemikalar aparmaq olar. Əlbəttə, mühit və onun qanunları sevgi əleyhinə imiş, amma bütün bu mənzərə sənətin xeyrinədir. Sənət sevgini başqa cür göstərsə, mənası da olmaz...
İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərindən bir şərhi bu mənada tez-tez nümunə çəkməli oluruq. Yazıçının fransız dilində, Avropa oxucusu üçün yazdığı əsərdə Rəşid bəy və Səadət xanım sadəcə bir-birinin səsini eşitməklə, bircə dəfə üzünü görməklə aşiq olurlar. Yazıçı avropalıların bunu anlamayacağından çəkinib Şərqin qanunlarını, çərçivələrini də şərh edir. Şərqdə qızlarla oğlanların görüşmək, danışmaq imkanı yox idi, ona görə bircə dəfə görüşəndə, qarşı cinsin səsini eşidəndə təbiət öz işini rahatca görə bilir. Bütün bunlar aydındır və bu çərçivələrin doğurduğu gülüş də, faciə də kifayət qədər qələmə alınıb. Ancaq elə marionet kuklaların ifasında “Arşın mal alan”a baxdıqca onu da düşünürdüm ki, məgər sevgi bütün zamanlarda bir anda, bircə qığılcımdan yaranmırmı?! Nə fərqi var, yüzlərlə adam görür, səs eşidirsən, ya qapalı bir məkanda, çərçivələr içərisində yaşayırsan?! Məgər bugünkü azad dünyada da sevgi bir görüşdən, bir baxışdan, bircə səsdən yaranmır?! Bəli, mən əsl sevgidən danışıram. Hesablamalara təslim münasibətlər sevgi deyil. O da həyatın bir “növüdür”, yaşamın qaydasıdır, ancaq sevgi deyil. Çünki sevgi hansısa riyaziyyata, zamana, məkana, mühitə tabe ola bilməz... Sevgi gələndə qapını döymür, sadəcə açır girir içəri! Qulliver kimi... Ayağı altında bütün cılız qaydaları və liliput qanunları əzərək girir... Baxırsan və hələ heç nə başa düşmürsən, bu danışıq niyə başqalarından fərqlənir, bu səs niyə ayrı cür gəlir sənə, bu baxışdan içində yaranan təlaşın səbəbi nədir, onun xoşuna gəlmək üçün saçına tez-tez sığal çəkməyinin də mənasını başa düşmürsən... Bax bu, Allahın qığılcımıdır. Sevgi bütün zamanlarda, zəmanələrdə, hətta ən azad cəmiyyətlərdə belə bu cür yaranır. Üzeyir bəyin dahiliyi də bu məqamı yazmasındadır... Gülçöhrə Arşın malçını görəndən, onunla iki kəlmə danışandan hər şey başlanır... Elə bir sevgi ki, Əsgər bəy ayrısı ilə evlənə bilməz, Gülçohrə başqası tərəfindən qaçırıldığını düşünəndə intihar etmək istəyir. Bu gerçək duyğular Telli ilə Vəlinin öz səviyyələrində - “pulun var gələrəm” üslubunda duyğuları, Rüstəm bəyin “3 manat pul, bir kəllə qənd” arzusu ilə paralel göstərilir. Zəngin dramaturji material, min illik genlərimizi, yaddaşımızı oyadan musiqi iplərlə idarə olunan marionetlərin ifası ilə bir qədər də təsirli olur.
Və sonda teatrın aktyorları bircə barmaq, əl işarəsi ilə idarə etdikləri kuklalarla birgə tamaşaçıların önünə çıxanda sənət fədakarlığının bariz nümunəsini görürük... Ən sadə bir adamın da içərisində şöhrət duyğusu var, az ya çox... Sənətin yazılmamış qanunudur bu, “baxın mənə, görün məni” iddiasını itiləyir səhnə. Amma Marionet teatrının aktyorları sadəcə kölgəyə çəkilərək görürlər işlərini. Barmağın bircə tərpənişi ilə xarakter yaradırlar, hadisəni “oynayırlar”... Bu, sadə məsələ deyil, illərlə zəhmət çəkərək, sənətin incəliklərini öyrənərək mümkün olur və bu zəhmətə yalnız əsl sənətsevərlər qatlaşa bilərlər.
Marionet teatrı hazırlıqlı, səviyyəli tamaşaçı üçündür. Üz ifadəsi dəyişməyən kuklanın “ovqatını” hiss etmək üçün bir az ayrı cür baxmalı, başqa cür görməlisən hər şeyi... Elə Üzeyir bəyin də musiqisi hamı üçün deyil!!!
PƏRVİN
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.15.