Əli İldırımoğlu - Sözün sadiq sirdaşı

 

 

 

“Ey anıb axtaranlarım! Allaha inamım, ata-babama ehtiramım, övladlarıma məhəbbətim, elimə-obama bağlılığım, vətənə sədaqətim, gücsüzlərə köməkliyim, yazıqlara rəhmim, yolunu azanlara qəzəbim - əyilən qəddim, qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz gecələrim, narahat günlərim, gərginləşən əsəblərim - sevincim, kədərim, tapdığım və itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları, ahıllığımın gileyləri kitablarımın əmanətindədir. Məni və mənimi bilmək istəsəniz ömür salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin”.

Özü haqqında belə deyir Əli İldırımoğlu...

Onu ötən il - 90 illik yubileyi ilə bağlı tədbirlərdən tanıdım. İlk qarşılaşmağımız da “Azərkitab”da keçirilən yubiley tədbirində olmuşdu. Bu nurani, gülərüz, təmkinli kişinin adındakı “İldırımoğlu” təxəllüsü ilk diqqətimi çəkənlərdən idi. Ədəbiyyatımızda atasının adını özünə təxəllüs götürmüş onlarla şair, yazıçılarımız var. Onların çoxunda “oğlu”, “qızı” hissəciyi yoxdur. Əli müəllim isə uzun və şərəfli yaradıcılıq yolunu “İldırımoğlu” imzası ilə keçib. Bu da onun ataya, ailəyə, soykökünə bağlılığının ilk nümunəsidir. Onun atasına bağlılığı yalnız bununla yekunlaşmır. Bu sevgi, bu bağlılıq və bu ehtiram az və ya çox dərəcədə əsərlərinin demək olar ki, hər birində, verdiyi müsahibələrdə, haqqında hazırlanmış video çarx və sənədli filmlərin hamısında görünür. O, özü də tez-tez bunu dilləndirir. Günü bu gün də atası haqqında danışarkən gözləri dolan Əli müəllim həyatda ayaqüstə dayanmağı, yaxşının tərəfində dayanıb pisə qarşı mübarizə aparmağı, əsl insani keyfiyyətləri məhz atasından öyrəndiyini dönə-dönə vurğulayır.

Sonrakı nümunələr isə onun özünü, ailəsini, öz dünyasını qələmə aldığı əsərləridir.

Əli İldırımoğlu haqqında danışarkən, onun yaradıcılığına bələd olan hər kəsin söylədiyi ortaq fikir var: “Əli İldırımoğlu özünü yazır”. Bu fikri daha geniş və dəqiq şəkildə ifadə edənlərdən biri də professor Nizaməddin Şəmsizadədir: “Mən Əli müəllim haqqında beş məqalənin müəllifiyəm. Onun əsərlərinə yaxşı bələd olan biri kimi deyə bilərəm ki, Əli müəllimin bir çox romanları bioqrafikdir. O, özünü, ailəsini, yaşadığı mühiti qələmə alır. Onun əsərlərində sanki yazıçının mənəviyyat gözü açılır və o, hadisələrə məhz bu gözlə baxır. Əli İldırımoğlunun bütün yaradıcılığını belə ifadə etmək olar: Ata kultu, Vətən əxlaqı”.

lll

İstərdim, haqq sözü, aydın düşüncəsi, cəsarətli qələmi ilə Azərbaycan ədəbiyyatına, mətbuatına “Əli İldırımoğlu” imzasını əbədi həkk etmiş qocaman yazıçımızın keçdiyi ağrılı, acılı, şərəfli həyat yoluna birgə nəzər salaq:

Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941-45-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanıb. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflərdə tədris dayandırılmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədris davam etdirilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçir və orta məktəbi müvəffəqiyyətlə bitirir.

Yazıçı uşaqlığını hər zaman xoş duyğularla, həlim və ilıq hisslərlə xatırlayır: “Bütün yaranmışlar kimi, mənim də heç kimə bənzəməyən öz dünyam var. Qaranquş kimi uçub, gözdən itən dünyam. Ağlım kəsəndə mömin babamın gündə neçə dəfə sumağı gəbənin üstündə dayanaraq dönə-dönə əlini göyə qaldırıb Tanrının dərgahına üz tutduğuna, dizini yerə qoyub, qəddini əyib, alnını qarşısındakı möhürə vurduğuna baxıb avazla dediyi sözləri dinləyirdim. Kəndimizi əhatə edən dağların, qayaların əzəmətini, çalın-çarpaz cığırlar düşən geniş düzlərin seyrinə dalırdım. Çayların gur səsini, çeşmələrin xəfif pıçıltısını, rəngbərəng quşların nəğməsini dinləyirdim. Yorulmaq bilmədən yal-yamacları dolaşırdım. Müdriklərdən dərs alırdım, gecələr üzümü təmiz səmaya tutub ulduzları sayırdım. Ağacların quşqonmazına dırmanırdım. Elə bir qiymətli ətir təsəvvür etmirdim ki, əlindən kərəntisi, dəhrəsi, baltası düşməyən atamın tər basmış köynəyinin rayihəsi qədər mənə xoş təsir bağışlasın. Çılpaq atları yalmanlayıb tay-tuşlarımla cıdıra çıxardım. Qəbahətim olanda müəllimlərimdən çox valideynlərimin məzəmmətinə, töhmət və tənəsinə məruz qalırdım. Xoş əməllərim onların çöhrəsini məşəl kimi şölələndirirdi”.

Müharibənin gedişi ilə əlaqədar, kəndlərdə müəllim qıtlığı yaranır. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilir. Həmin kursu bitirdikdən sonra 1941-42-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləyir.

Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzrə müavini işləyir. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən “Avanqard” rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışır.

1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər respublikanın ən nüfuzlu orqanı olan “Kommunist” qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan, Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərir.

Sonralar öz təşəbbüsü ilə respublikada nəşr edilən “Həyat” qəzetinə işə keçir və il yarım həmin mətbu orqanda eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) eyni vəzifədə işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxır.

Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərin, “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”. “Mənim rəncbər atam'”, iki hissədən ibarət “Zorən jurnalist”, “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.

“Zorən jurnalist” romanının birinci hissəsi (“Eşq, qələm və qovğa” adı altında), “Mənim rəncbər atam”, “Aqibət” romanları türk dilinə, “Aqibət” romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunub. “Mənim rəncbər atam” romanı İranda ərəb əlifbası ilə nəşr edilib.

2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxıb. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun “Milli-mənəvi dəyərlərin bədii salnaməsi” monoqrafiyaları ərsəyə gəlib.

1941-45-ci illərdə arxa cəbhədəki fəaliyyətinə görə “Rəşadətli əməyə görə” medalına, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci ildə Əməkdar Jurnalist adına layiq görülüb. “Qızıl qələm”, “Ali Araz”, “Ustad jurnalist”, Ə.Haqverdiyev adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə Türk Ədəbiyyatına Xidmət beynəlxalq mükafatı ilə təltif edilib.

lll

Əli İldırımoğlu həm yazıçılar, həm də jurnalistlər üçün çox əziz, doğma insandır. Hətta ondan söz düşəndə hər iki tərəf onu öz tərəfində görmək istəyir, fəaliyyətindən, yaradıcılığından misallar gətirərək onun əslində yazıçı, ya da jurnalist olduğunu sübut etməyə çalışırlar. Həm bədii, həm də publisistik yazılarında uğurlu olmaq, xalqın, vətənin, el-obanın dərd-sərini, problemlərini, çatışan və ya çatışmayan tərəflərini böyük ustalıqla açıb göstərməyi bacarmaq, hər yazısı ilə oxucu diqqətini və təqdirini qazanmaq, oxucunu gələcək yazıya qədər özünə aid intizarda saxlamaq hər qələm sahibinə qismət olan xoşbəxtlik deyil. Bunun üçün böyük müşahidə qabiliyyəti, zəngin təcrübə, geniş ürək, istedadlı qələm, ağır zəhmət və təmiz vicdan lazımdır. Əli müəllim bunların hər birinə yüksək səviyyədə sahibdir.

Onun daxili məsuliyyəti, özünə və həmkarlarına öz daxilində qoyduğu senzuralar bir yazıçı, jurnalist kimi yetişməsində ən önəmli faktordur. Bu senzura haqqında Əli müəllim deyir: “Qələm sahibləri, mətbuat gərək öz sözünə dəyər verməyi bacara. Jurnalist çox böyük addır. Onun yazdıqları ilə əməlləri uyğun gəlməlidir. Əgər belə deyilsə, gec-tez özünə qarşı inamı itirəcək, düz sözünə də inanan olmayacaq. Şəxsi qərəz, təmənna qələmi ovxardan salır. Jurnalist öz peşəsi ilə fəxr etməlidir, onu uca tutmalıdır, həmişə haqqın, ədalətin tərəfində olmalıdır. Hər cümlənin arxasında insan taleyi dayanır. Jurnalistlərimiz bunu anlamalı, özlərini haqqında tənqid yazdıqları adamların yerinə qoymağı bacarmalıdırlar. Hər bir faktı əvvəlcə dönə-dönə araşdırmaq, dəqiqləşdirmək jurnalistin vicdani borcudur”.

Əli İldırımoğlu “525-ci qəzet”ə də doğma imzadır. Onun zaman-zaman qəzetin səhifələrində çap edilən müxtəlif mövzulu bədii, publisistik yazıları hər zaman oxucuların diqqət mərkəzində olub. Onun publisistik yazılarını özünəməxsus edən cəhətlərdən biri də odur ki, o, araşdırdığı, haqqında bəhs etdiyi ünvanı ən incəliklərinə qədər araşdırır, öyrənir, özündən də yaxşı tanıyır və yalnız bundan sonra oxucusuna əminliklə tanıdır. Hansı mətbuat orqanında çalışmağına, hansı mövzudan yazmağına baxmayaraq, öncə öz qələminə sadiqliyi ilə seçilir.

O, ədəbiyyatımızda həm də felyeton ustası kimi tanınır. Yazıçı felyetonlarında hər kəsi maraqlandıran, narahat edən problemlərə özünəməxsus dərəcədə işıq tutur, illərdir ədalət naminə qələmini vərəqin geniş sinəsinə “döyəcləyir”.

“Yazıçı həm də sözün rəssamı, memarıdır” - deyən Əli İldırımoğlu bütün ömrü boyu sözə sadiq qalıb. O, sözlə necə davranmağı, sözlə sirdaş olmağı, onun “başına sığal çəkib”, yeri gələndə bir silaha da çevirməyi ustalıqla bacarıb. Buna görə söz özü də onu sevir, əzizi, doğması, ən məhrəm insanı kimi onun qələminə sığınır.

Bu gün sözün sadiq dostu, sirdaşı Əli İldırımoğlunun 91 yaşı tamam olur. Bu münasibətlə, “525-ci qəzet”in kollektivi olaraq, Əli müəllimi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq və yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.14.