“... yorğan-döşəyini teatra
göndərim”
Təkcə rejissor deyildi. Aktyor idi, pedaqoq idi, rəssam
idi Aleksandr Aleksandroviç. 20-ci illərin
qaranlıq-qorxulu günlərində Azərbaycan teatrına
mizan-düzən verən sənət fədaisi idi Tuqanov.
Moskvadan başlayan sənət yolu Tiflisdən keçib
Bakıya gətirmişdi onu. Çox adamla dostluq
etmişdi, amma onların içində daha çox
Cabbarlı və Haqverdiyevi xatırlayırdı. Xatırlamaq demişkən, məni noyabrın
darıxdırıcı günlərində bu yazıya həvəsləndirən
məhz xatirələrdir. Tuqanovun xatirələri.
1980-ci ildə Teatr Cəmiyyəti Aleksandr
Aleksandroviçin 90 səhifəlik əl boyda xatirələrini
çap edib. Yazırdı ki,
ömrümün ən gözəl günlərindən biri
Lev Tolstoyla görüşdüyüm həmin iyun səhəri
idi. 1890-cı ildə Yasnaya Polyanada Tolstoyla
görüşəndə özünü saxlaya bilməyib
heyrətindən yazıçının üstünə
cummuşdu. Hə, məhz belə yazırdı: “Onun
üstünə cumdum”. Lev Nikolayeviç isə
nə etsə yaxşıdır? Üz-gözünü
turşudub ki, heyrət, səcdə əsas deyil, vacib olan odur
ki, yazıçı sağlığında mümkün qədər
öz əsərlərini çap elətdirməməlidir,
çünki kütlənin zövqündən asılı vəziyyətdə
qalır.
Belə-belə
işlər...
***
1924-cü
il. Tuqanov Tiflisdəki aktyor,
rəssam, şair dostları ilə sağollaşıb
Bakıya gəlir. Onu Bakıya gətirən
səbəblər çox idi. Bəs o səbəblərdən
ən vacibi nə idi?! Əlbəttə, təzə
teatr yaratmaq arzusu! Di gəl, Tuqanov Tiflisi Bakı
ilə səhv salmışdı. Hələ
anlamırdı ki, Bakıda onu hansı çətinliklər,
nə kimi qayğılar gözləyir. Hərçənd,
Azərbaycan teatrı, onun əməkdaşları Tuqanovu dost
kimi qarşılamışdı, amma... Ammalar nə
çox. Tutalım, truppa pərakəndə, teatr din
düşməni elan olunub, qadınların səhnəyə
çıxması müşkül, teatr mədəniyyəti
formalaşmayıb... Bütün qaranlıqların içində
bircə işıqlı, bircə yaxşı hadisə də
baş vermişdi: 1922-23-cü dərs ilində Şövkət
Məmmədovanın əsasını qoyduğu teatr texnikumu
Azərbaycan teatrının həyatında böyük hadisə,
Şərqdə ilk teatr texnikumu idi.
Aleksandr
Tuqanov bu sözləri dönə-dönə təkrar etməyə
məcbur idi:
-
Bir-birimizi sevək, iş də bizi sevəcək.
Nə qədər ki, ideya var, sevgi var, bir-birimizə
dostluq hissləri var, işlərimiz qol-qanad açıb irəli
gedəcək.
Tolstoydan
sonra Cəfər
Aleksandr Tuqanov Cabbarlı ilə
tanışlığını Tolstoyla görüşü
qədər böyük səadət bilirdi. Yazırdı ki:
“Öz dövrünün ən böyük şəxsiyyəti
tərəfindən Yasnaya Polyanada qəbul edilmişdim. O vaxt keçirdiyim həyəcanı
təsəvvür etmək çətin deyil. Bu
görüşün təsiri o qədər güclü idi
ki, Lev Nikolayeviçin surəti xəyalıma əbədilik
həkk olunub, onun boy-buxunu, polad rənginə çalan və
sənə baxmasa da, içini bütünlüklə görən
gözlərinin üstünə sallanmış
qaşları indi də gözümün önündədir.
Budur, indi də başqa bir görüşdən
- çox sonralar, mənim yetkinlik çağımda baş
vermiş və yenə də mənə eləcə
güclü təsir bağışlamış, ömrüm
boyu unutmadığım görüşdən danışmaq
istəyirəm. Bu, Cəfər Cabbarlı
ilə görüşdür”.
Müəllim Tuqanov Teatr Texnikumunun tələbəsi
olan Cəfərlə tanışlığını bu qədər
yüksək dəyərləndirirdi. Hər şeylə
maraqlanan tələbə iri qara gözlərini qırpmadan
müəllimə baxır. Və müəllim
Tuqanov bu vəziyyətə öyrəşib artıq vərdişkar
olur ki, dərsdə ancaq o gözlərə baxıb
danışır.
Tuqanov Cəfər Cabbarlının evinə gedən
yolun üstündə yaşayırdı. Tələbə-müəllim
münasibəti sonralar dostluğa çevrilir. Cabbarlı şəhərin yuxarı hissəsində,
Dağlı küçəsində, öz balaca evində
yaşayırdı. Tuqanov hər gün
görürdü ki, Cəfər öz balaca
bağçasına, xırda yaşıllıq “təsərrüfatına”
necə qulluq edir, necə məhəbbətlə gül becərir.
- Onu bu vəziyyətdə
görəndə heç cür inana bilmirdin ki, bu həmin Cəfərdir
- yazıçı, dramaturq, Azərbaycan sovet ədəbiyyatının
gələcək klassiki.
***
Cəfər
Cabbarlının bu yazıya (bəlkə də) aid olmayan
monoloqu:
- Sadə! Sadə! Həyatın
özü kimi sadə olun. İşi
sürətləndirmək, yüksəltmək
üçün daha çox əmək sərf etmək, daha
çox zəhmət çəkmək lazımdır. Artist, sənətkar yaradıcı ola-ola
çirkaba, çamıra bulaşa bilməz. Hər şeyi bir kənara atıb ancaq öz
işinlə məşğul olmalısan. Teatr naminə,
onun çiçəklənməsi naminə öz xırda,
cılız rahatlığını qurban verib, böyük əməllərə
qoşulmağa dəyər! Azərbaycanlılar
böyük istedadlı xalqdır. Onun
qızğınlığı, fantaziyası və
poeziyası bu fikri təsdiq edən gözəl nümunələr
yaradıb. Deməli, daha çox iradə,
həvəs və arzu gərəkdir. Mübarizə
aparmaq və səhvlərdən qorxmamaq lazımdır! Ancaq
heç bir iş görməyən adam səhv
eləmir.
Cabbarlı
təzimə çıxır
Aleksandr Tuqanovun xatirələri həm də ona görə
maraqlıdır ki, Cəfər Cabbarlının şəxsiyyət
kimi də portretini yaradıb. Yazır ki, Cəfər
diqqəti özünə cəlb etməyi bacarırdı.
Onun ağlına heç vaxt qara fikir, çəkişmə
törətmək, pislik etmək fikri gəlməzdi. Cəfər
ona pislik edən adamların yanından sakitcə ötüb
keçərdi və heç onların
varlığını, yoxluğunu hiss eləməzdi də...
Bu, məğrurluq deyildi, dəqiq, aydın
şüurdan, onun təmkinin böyüklüyündən irəli
gəlirdi. Öz əsərləri ilə,
yaradıcılıq işləri ilə ilk növbədə
arvadı Sona xanımı tanış edərdi.
Əvvəlcə gərək onun razılığını
alaydı, əsər bəyəniləndən sonra isə deyərdi:
“Bəli, çatdı! Deməli, mənim istədiyim kimi
olacaq...”
Cabbarlının
Aleksandr Tuqanova yazdığı çox maraqlı məktubunu
bir az aşağıda, şərh etmədən,
olduğu kimi verəcəm. (Əslində, bu
yazını yazmağımın səbəbi də məhz
bu məktubdur). Amma söz Cəfər Cabbarlının
yaradıcı insan kimi portretindən düşübsə,
Aleksandr Aleksandroviçin “Almaz” pyesinin tarixi ilə
bağlı yazdığı bu üç cümləlik
qeydi də oxumağınızı rica edirəm:
- 1931-ci
ildə teatr Cəfər Cabbarlının “Almaz” pyesinin
hazırlığına başladı. Rejissor
işi Cabbarlı ilə mənə, bədii tərtibat rəssam
Rabçikova tapşırılmışdı. 1931-ci ilin aprel ayının 13-də “Almaz”ın
premyerası böyük müvəffəqiyyətlə
keçdi və müəllifi tələb eləyən
kütlənin qabağına Cəfəri demək olar ki,
zorla dartıb çıxartdıq.
Tuqanovun
sağlığına bir stəkan
“Əziz Aleksandr Aleksandroviç! Nahaq yerə Siz məni
olmayan şeyə görə təqsirləndirirsiniz! Təəccüblənirəm
ki, məni hamıdan yaxşı tanıya-tanıya Siz necə
olur az məktub yazdığıma görə
məndən inciyirsiniz. Əvvəla, mən
ömrüm boyu Sizdən başqa heç kimə məktub
yazmamışam, hətta qızlara da. Bu tənbəllikdirmi?
Yazmaq qabiliyyətinin olmamasıdırmı,
yoxsa sadəcə olaraq pis vərdişdir - deyə bilmərəm.
Sizə isə öz təbiətimə zidd gedərək
məktub yazmışam, lakin görünür, gəlib
çatmayıb. Əlbəttə eyibdir.
Siz mənə o qədər əzizsiniz ki, iki məktubla
kifayətlənmək olmazdı. Günahkar
özünüzsünüz. Boynuma
ağır yük qoymusunuz. Mən sakitcə
işləyirdim, Siz məni hələ bir rejissor işinə
də sövq etdiniz. Aktrisaya rol verirsən,
bu vaxt başqaları deyirlər. “Gördün!.. Ona görə ki, onların
arasında... o söz... özün gördün...
öpüşürdülər”. Növbəti dəfə
rolu bu danışana verirsən, bu dəfə də həmin
sözləri olduğu kimi əvvəlki təkrar eləyir...
Hələ aktyorları, xüsusən də nüfuzlularını, əməkdarlarını... demirəm. Ancaq mən bu böyük imtahana dözdüm. Hamını işə, ümumi marağa itaət göstərməyə sövq edə bildim. Bu, əmək intizamı, planlılıq, əmək məhsuldarlığı uğrunda amansız mübarizə qarşısında qorxudurmu, yaxud yeni quruculuq həvəsidir? - özünüz yaxşı bilərsiniz. Lakin fakt budur ki, daha rol bölgüsündə aktyorlardan bircəciyi də bir kəlmə artıq söz demir və hamı səliqə ilə işləyir. Mən sizdən sonra “1905-ci ildə” pyesini yazmışam. Pyesin müvəffəqiyyəti barədə yəqin sizə yazıblar, ya da yazarlar. Deyəsən, otuzuncu tamaşadır ki, anşlaqla gedir. Pyesdə çoxlu qüsurlar var idi və yenə var, rejissorun, yəni mənim işim onları düzəldə bilmədi. “Otello”nu tərcümə eləmişəm. Quruluş başlanır. Hələlik kimin tamaşaya qoyacağını bilmirəm. Yəqin “peşəkar proletarlar”ın öhdəliyinə düşəcək. Mən özüm iştirak etmək istəməzdim. “Qriması” teatrının yubileyinə əsər yazıram.
İşlərimiz belədir. Pyes, əlbəttə, mənim qüvvəm daxilində, pis olmamalıdır. Yubileyə qədər, əgər, əgər... qurtara bilsəm. Bir sözlə, işim yaman çoxdur. Sizin yeriniz görünür. Yaman arıqlamışam. Bu günlərdə xəstələnmişdim, amma yatmağa vaxt yox idi. Məsuliyyət, kiminsə önündə qorxu yox - öz-özünün qarşında, öz borclarının qarşısında məsuliyyət ağır şeydir. Sizə məktub yazıram və barmaqlarımda tutduğum stəkanı Sizin sağlığınıza qaldırıram. Sonra yenə yazıram. İnanıram ki, həyatda hələ görüşəcəyik, ola da bilsin ki, lap tezliklə, mənim sizə münasibətim elə əvvəlki kimi qalır. Sizdən ötrü çox darıxıram və bizim teatrımızın çiçəklənməsi üçün Sizə ehtiyac hiss edirəm.
Bağrıma basıb öpürəm. Cəfər Cabbarlı. 20.1 - 1932”.
***
Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın Aleksandr Tuqanova məktubu:
“Pis yaşamırıq, uşaqlar böyüyür. Cəfər haqqında isə danışmağa belə dəyməz. Son vaxtlar mən ərizə yazmaq istəyirəm, qoy, Cəfərə heç olmasa iki saat vaxt versinlər ki, hamama gedə bilsin. Bir də ona görə ki, ona icazə versinlər, yorğan-döşəyini teatra göndərim”.
Və son.
Yenə belə-belə işlər...
Cavid
ZEYNALLI
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.12.