Mingəçevirin 70 illiyi qeyd olundu
Mingəçevir şəhər İcra
Hakimiyyətinin təşəbbüsü,
təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi
Mingəçevir bölməsinin
və Bərdə
Regional Mədəniyyət İdarəsi Mingəçevir
nümayəndəliyinin Mingəçevirə
şəhər statusu
verilməsinin 70 illiyinə
həsr etdiyi “Səni tərənnüm
edirəm, gözəl
Mingəçevirim” adlı
poeziya gecəsi keçirilib.
Şəhər ictimaiyyəti nümayəndələrinin,
yazarların və tələbə gənclərin
qatıldıqları poeziya
gecəsinin aparıcısı
AYB Mingəçevir bölməsinin
sədri İsmayıl
İmanzadə giriş
sözü ilə tədbiri açıq elan edib.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının
səlahiyyətlərini yerini
yetirən İlham İsmayılov çıxışında
şəhərin tarixindən
bəhs edib, quruculuq işlərini nəzərə çatdırıb.
AYB-nin Mingəçevir bölməsinin də fəaliyyətini yüksək qiymətləndirən, “Bənövşə” jurnalının və bu il nəşr olunan “Bir ocağın şöləsiyik” almanaxının yazarlara söz sovqatı olduğunu vurğulayan şəhər rəsmisi yerli sakinlərə və yazarlara uğurlar arzulayıb.
AYB-nin Gəncəbasar və Ağdaş filiallarının sədrləri Xəzangül Hüseynova və Fəxrəddin Əsəd nur timsallı Mingəçevirin gözəlliklərindən bəhs edib, şeirlərini səsləndiriblər.
Daha sonra çıxış edən Zahid Qasımlı, Misədi Daşdəmirov, Rizvan Mikayıllı, yerli yazarlardan Zümrüd Rəhimova, Elşən Əzim, Namiq Zaman və şair Səxavət tədbirin keçirilməsindən məmnunluqlarını ifadə ediblər.
Gənc şairlərdən Ruslan Ələkbərli, Ayşən Rəhim, Seymur Sönməz və Rəna Əliyeva öz şeirlərini oxuyublar.
Tədbirdə, həmçinin, şəhər Uşaq-Gənclər Mərkəzindəki dram dərnəyinin üzvlərindən Türkan, Yeganə, Səbinə və Aysunun çıxışları da yaddaqalan olub.
Bədii hissədə müğənnilər İsa Müseyibov, Turanə Məmmədova, Səttar Rizvanoğlu, Nicat Əhmədov, Fuad Nəbiyev çıxış ediblər. Tədbir iştirakçıları yerli yazarların əsərlərindən ibarət kitab sərgisi ilə də tanış olublar.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 17 noyabr.- S.13.