Qədim köklər və sağlam budaqlar...

 

 

 

Bugünlərdə Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi “Gürcü nəsri antologiyası” (Bakı, 2018, 400 s.) kitabı (tərtib edənlər Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, redaktorlar Mahir Qarayev, Salam Sarvan) iki xalq arasında tarixən mövcud olan ədəbi, mədəni ilişgilərinin ən yaxşı faktıdır.

 

Məlumdur ki, Azərbaycan-gürcü ədəbi və mədəni əlaqələrinin  zəngin tarixi var. Gürcü bədii düşüncəsi də ədəbiyyatımız kimi, qədim tarixə malikdir, min ili keçən bir dövrü əhatə edir, həm də dünya ədəbiyyatı xəzinəsinə qiymətli sənət əsərləri verib. Bununla yanaşı, fikrimizcə, məsələ heç də ədəbiyyatın qədimliyində deyil, həm də onun məzmununda, xalq ruhunu ifadə etməsində, humanizmində və daim təravətini qoruyub saxlamasındadır. Hər iki xalqın bədii düşüncəsinin zərifliyini, poetik ifadə formalarının müxtəlifliyi və zənginliyini də buraya əlavə etsək, mənzərə tamamilə aydınlaşar.

Gürcü ədəbiyyatının bütün dövr və mərhələlərində mənsub olduğu xalqın həyatı, istək və arzuları, qəhrəmanlıq və məhəbbət səhifələri əks olunub. Lakin qardaş ədəbiyyatın özəlliyi bununla bitmir, bu ədəbiyyat bizim üçün həm də doğma, dost xalqın, bizə yaxın olan, bəzən iç-içə formalaşan milli bədii təfəkkür zəminində təzahür edib, daim qonşuluq, azadlıq, qardaşlıq, dostluq, xeyirxahlıq, humanizm ideyaları ilə zənginləşib. Qafqazın təbiəti, dağları, meşələri, Kür çayının, bu ərazidə yaşayan insanların tərənnümü iki xalqı bir-birinə bağlayıb.

Möhkəm qədim köklər, mənəvi-mədəni bağlar özündə hər iki xalqın tarixi taleyini, yaradıcı şəxsiyyətlərini və qəhrəmanlarını da ehtiva edib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin çağdaşı Şota Rustaveli öz yaradıcılığı ilə dünya ədəbiyyatının zəngin mənəvi xəzinəsinə çevrilib. Bir neçə dəfə dilimizə tərcümə olunan “Pələng dərisi geymiş pəhləvan” əsərində Şərq mövzusu və problematikası ilə yanaşı, Şərq bədii düşüncəsi də yer alır. Şərq ab-havası bu möhtəşəm sənət əsərini bizə daha da doğmalaşdırır və sevdirir. “Leyli və Məcnun” məhəbbət dastanını Nizami və Füzuli ilə yanaşı, gürcü şairləri də nəzmə çəkiblər. Beləcə, gürcü ədəbiyyatındakı Şərq ruhu onun milli bədii düşüncə qatlarına yeni rəng qatıb. Bu məsələdə tarixi bağlar da müəyyən rol oynayıb: Şirvanşah Axsitanın xanımı Qurucu Davidin qızı Tamaranın, yaxud Davidin oğlu Demetrenin ölümünə Fələki Şirvaninin şeir həsr etməsini xatırlayaq. Xeyir-Şər mübarizəsi Şərq ədəbiyyatında olduğu kimi, gürcü ədəbiyyatında da qırmızı xətlə keçir...

Azərbaycan və gürcü xalqları arasında həm tarixi, həm də mənəvi-mədəni əlaqələr son iki yüz il ərzində daha da möhkəmlənib. XIX əsrdə və XX əsrin əvvəllərində Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və bir çox şəxsiyyətlərin Rusiya imperiyasının əsarətində olan Qafqazın inzibati mərkəzi Tiflisdə yaşayıb-yaratmaları, gürcü mühiti ilə yaxınlıqları həm də ortaq mühit formalaşdırmışdı. Azərbaycan dramaturgiyasının ilk nümunələri məhz həmin mühitdə yazılıb, ilk gündəlik anadilli “Şərqi-Rus” qəzeti Tiflis ədəbi mühitində işıq üzü görüb, ilk satirik jurnal “Molla Nəsrəddin” buradan dünyaya gülüş mesajları verib. Cəlil Məmmədquluzadə Tiflisdəki müsəlman həyatını, insanları, hadisələri publisistikasına gətirib, Nikoloz Barataşvili Gəncə və Naxçıvanda dövlət işlərində çalışıb, “Gəncə gündəliyi” adlı silsilə şeirlər yazıb, Gəncədə də vəfat edib. Akaki Sereteli və İlya Çavçavadzenin əsərlərində xalqların birgə taleyi təsvir olunub. Borçalıda anadan olan yazıçı, publisist Mixeil Cavaxişvili yaradıcılığında çarizm siyasətini kəskin tənqid etiyinə görə mühacirətə getməyə məcbur olub, bir müddətdən sonra gizli şəkildə vətəninə qayıtsa da, həbs edilərək sürgünə göndərilib. Yazıçı “Günahsız Abdulla”, “İki hökm”, “Ləmbəli və Qoşa” hekayələrində Borçalı həyatını təsvir edərək azərbaycanlıların obrazını yaradıb. Eləcə də bir çox Azərbaycan yazıçıları Gürcüstanda doğulub, yaşayıb, vətənləri bu gözəl diyarın insanlarını və təbiətini təsvir ediblər. Nəriman Nərimanov, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Tahir Hüseynov, Arif Mustafazadə, Abbas Abdulla, İsa İsmayılzadə, Zəlimxan Yaqub, eləcə də çağdaş ədəbi prosesdəki onlarla yazıçı və şairlərimizin əsərlərində, aşıq ədəbiyyatında Gürcüstan həyatı və təbiəti tərənnüm edilib. Nəhayət, Azərbaycanın müstəqillik Bəyannaməsi Tiflisdə elan olunub. Bütün bunlar xalqlarımızın tarixi taleyi kimi, bədii düşüncəsini də bir-birinə yaxınlaşdırıb, doğmalaşdırıb.

Ədəbiyyatların yaratdığı bağlar, bəslədiyi sağlam budaqlar, saldığı körpülər ideoloji təzyiqlərə baxmayaraq, sovet dövründə də davam edib. Səməd Vurğunun Qalaktion Tabidze və Georgi Leonidze ilə dostluğunu yada salaq. Bu dostluq ədəbiyyatşünaslıqda Dilarə Əliyeva və Leyla Eradzenin simasında da özünü göstərib. Yunus Əmrə, Nəsimi, Füzuli, Aşıq Paşa, Ruhi Bağdadi haqqında fundamental tədqiqatlar aparan batano Elizbar Cavelidze ilə İsa Həbibbəylinin bu gün də davam edən akademik dostluğu iki xalqın mənəvi birliyini ifadə edir. Tərcüməçi Zezva Medulaşvili Məmməd Arazın, Abbas Abdullanın, İsa İsmayılzadənin, Zəlimxan Yaqubun... əsərlərini gürcü oxucularına çatdırıb.

Gürcü kinosu kimi, gürcü nəsrinin də özünəməxsus xüsusiyyətləri var. Sosializm realizminin hökm sürdüyü zamanlarda belə, bu nəsr həmin xüsusiyyətləri qoruyub saxladı, orijinal təhkiyəsi, yumoru, xalq düşüncəsini əks etdirməsi baxımından ədəbi ənənəni davam etdirdi, yeni bir mərhələyə daxil oldu. Atası repressiya qurbanı olan Cabua Amirecibi “Ağ Georgi” təşkilatının üzvü olduğu üçün 25 illik həbs cəzasına məhkum edilib həbsdən çıxdıqdan sonra “Data Dutaşxia” və “Möhtəşəm Georgi” kimi məşhur romanlarını sovet gerçəkliklərinin mənzərəsini yaratdı. Edişer Kipiani “Qırmızı buludlar”, “Göyə atılmış papaq” romanları ilə keçmiş Sovetlər məkanında tanındı. Konstantin Qamsaxurdianın “Ayın oğurlanması” romanında kommunizm ideologiyası tənqid olunurdu. N.Dumbadzenin sovet gerçəkliklərini əks etdirən “Ağ bayraqlar” romanı dünyanın müxtəlif (o cümlədən, Azərbaycan) dillərinə çevrildi, “Mən, nənəm, İliko və İllarion” əsərində isə yazıçı reallıqları gürcü yumoru cildində çatdırmağa nail oldu, sonuncu “Əbədiyyət qanunu” romanında da dövrün, quruluşun obrazını yaratdı. Yazıçının bu əsərlərini birləşdirən ümumi cəhət isə çağdaşlarının gerçək obrazını ədəbiyyata gətirməsi idi. Bu keyfiyyətlər gürcü ədəbiyyatına müəyyən mənada dissidentlik ruhu aşılamışdı. C.Amirecibinin “Data Tutaşxia” romanında qəhrəmanın həyatda üzləşdiyi məhrumiyyətlər, çətinliklər, təqiblər, məhrəm adamın satqınlığı dövrün mahiyyətini ifadə etdi və “Azadlığı insan özü özünə qazanmalıdır” qənaətini ortaya çıxardı.

Beləliklə, dəyişən təkcə əsr olmadı, gürcü yazıçılarının Xeyirin yanında dayanmaları quruluşu və cəmiyyəti də dəyişdi, sovet həyatı və düşüncəsi tarixə qovuşdu. Gürcü nəsrindəki ideologiyadankənar realizm və özünəməxsusluq orijinal bədii düşüncə tərzi olaraq qaldı. Gürcü yazıçıları öz əsərlərində gerçək gürcü həyatından yazdılar və gerçək Gürcüstanın obrazını yaratmağa nail oldular. Otar Çiladze və Quram Doçanaşvilinin əsərlərinin dünyaya çıxması və Ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunması gürcü nəsrinin qədim köklər üzərində böyüyən sağlam budaqlara malik olduğunu göstərir.

Son illərdə Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yönümündə təqdirəlayiq addımlar atan Azərbaycan Tərcümə Mərkəzinin araya-ərsəyə gətirdiyi gürcü nəsri nümunələrindən ibarət antologiyanın bizim üçün ayrı yeri var, çünki bu toplu sayəsində qardaş xalqın nəsrinin son yüz ildəki mənzərəsini görəcək, gürcü bədii düşüncəsində yaranan bir çox obrazlar, süjet xətləri və hadisələrlə tanış olmaq imkanı qazanacağıq. Bu isə gürcü xalqının son yüz illik həyat yolunun ədəbi xəritəsi deməkdir. Əgər bədii düşüncənin xalqın mənəvi siması olduğunu nəzərə alsaq, o zaman antologiyanın əhəmiyyəti daha aydın nəzərə çarpar. Bu, həm də iki xalqın ədəbiyyatı arasındakı əlaqələrin yeni mərhələsidir.

Oxuculara təqdim olunan antologiyada toplanan nəsr nümunələrində də bu ənənə davam etdirilir. Antologiyada son yüz il gürcü nəsrinin görkəmli nümayəndələri Mixeil Cavaxişvili, Konstantin Qamsaxurdia, Cabua Amirecibi, Revaz İnanişvili, Nodar Dumbadze, Tamaz Çiladze, Otar Çiladze, Quram Pancikidze, Erlom Axvlediani, Rezo Çeyşvili, Quram Doçanaşvili, Quram Petriaşvili və bir çox qələm sahibləri milli gürcü ədəbi düşüncəsinin yeni nəslə ötürülməsində vasitəçi rolunu oynadılar. Sonra aldıqları mirasa sahib çıxan və quruyub yeni nəslə çatdıran Nuqzar Şataidze, Naira Gelaşvili, Maka Coxadze, Avtandil Çxikvişvili, Merab Abaşidze, Laşa Tabukaşvili və onların müasirləri, nəhayət, ən yeni gürcü nəsrinin nümayəndələri olan Qoderzi Çoxeli, Marina Soskolauri, Şota İataşvili, Aka Morçiladze, İrakli Cavaxadze, Beka Kurxuli, David Kartvelişvili, Eka Qaqanidze, İrakli Şamatava və b. yazıçılar gürcü nəsrinin taleyinin etibarlı əllərdə olduğunu sübut etdilər. Toplu bütövlükdə gürcü nəsrinin bütün mərhələləri və inkişaf yolu haqqında müəyyən təsəvvür yaradır. Nodar Dumbadzenin “Teymur-ləng”, Tamaz Çiladzenin “Durna”, Rezo Çeyşvilinin “Üçüncü sərnişin”, Quram Doçanaşvilinin “Dağın o üzündə”, Qoderzi Çoxelinin “Küknarlara məktub”, Aka Morçiladzenin “Arvadımın romanı”, Marina Soskalaurinin “Buz deşikdən görünən gün”, Maka Coxadzenin “Qoca qapıçının səs-küylü günü”, İrakli Şamatavanın “Lənət” və digər hekayələri gürcü sosial həyatını, məişətini və gerçəkliyinin bədii təzahürüdür.

Antologiyada toplanmış nəsr nümunələri üslub və təhkiyə baxımından bir-birindən fərqli olmaqla yanaşı, son yüzildəki gürcü həyatının mənzərəsini, sosial xarakterini reallıqla əks etdirir. Əminik ki, həmin əsərlərlə tanış olan Azərbaycan oxucusu iki qardaş xalqı birləşdirən ortaq mənəvi dəyərləri aydın görəcək, mütaliə etdikləri əsərlərdən həqiqi zövq alacaq.

 

 

Bədirxan ƏHMƏDLİ

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.11.