Ədəbiyyatın keşiyində  

 

Nizami institutu mədəniyyətimizi, ədəbiyyat elmimizi, dilimizi yaşadan, qoruyan, nəsillərdən-nəsillərə çatdıran yüksək mənəviyyat ocaqlarımızdandır.

Söz sənəti üç amilə bağlıdır - həyat gerçəkliyi, bədii ədəbiyyat və geniş anlamda - nəzəriyyə, tarix, tənqid daxil olmaqla - ədəbiyyatşünaslıq elmi.

Milli mədəniyyət tariximizdə - ədəbiyyat elmi və bədii ədəbiyyat - əkizdirlər. Qədim dövrün ədəbiyyat nəzəriyyəçisi Xətib Təbrizidən üzü bəri - Nizaminin, Nəsiminin, Füzulinin bədii yaradıcılığında söz sənətinin sirləri haqqında dərin hikmətlər ifadə olunmuşdur. Orta çağ risalələri, təzkirələr, cünglər bizə milli ədəbiyyatımızın zəngin xəzinəsini çatdırmışlar. Mirzə Fətəli Axundzadənin Molla Rumi haqqında məqaləsi çağdaş anlamda tənqidimizin ilk örnəklərindəndir. Ədəbiyyatın məqsədi, qayəsi, üslubiyyət və  ifadə vasitələri haqqında  dəyərli fikirlər Həsən bəy Zərdabinin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Abbas Səhhətin, Hüseyn Cavidin  bədii    publisist yazılarında mühüm yer tutur. XX əsrin əvvəllərində ilk peşəkar tənqidçilərimiz Abdulla Sür, Hüseyn Sadiq (Seyid Hüseyn) Firudin bəy Köçərli fəaliyyətə başlayırlar. Firudin bəy Köçərli  ədəbiyyat tariximizə aid çox qiymətli ikicildliyin müəllifidir. Yeri gəlmişkən,  başqa bir önəmli  əsərin - İsmayıl Hikmətin  Azərbaycan və türk ədəbiyyatlarına həsr   olunmuş  4 cildini  bugünkü əlifbamızla nəşr etmək nəcib və vacib iş olardı.

Müxtəlif dövrlərdə Türkiyədə və İranda ədəbiyyat tariximizə aid ciddi araşdırmaların dəyərini azaltmadan bu sahədə ilk fundamental  Heydər Hüseynov və Məmməd Arifin redaktəsi ilə nəşr olunmuş ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” sayılmalıdır. Sonralar tədqiqatlar daha da genişləndirilərək və təkmilləşdirilərək üçcildlik ədəbiyyat tariximiz nəşr olundu. Əlbəttə, bu  kitablarda da, ümumən o dövrün ədəbi tənqidində, mətbuatında  da sovet ideologiyasının təsiri və təzyiqi  aydın görünür, marksist-leninçi təlimə əsaslanan sırf sinfi baxış əks olunub, söz sənətimizin bir çox parlaq nümunələri, pantürkist, mürtəce burjua romantizmi adıyla çıxdaş edilib.

Acı bir həqiqətdir ki, 1933-cü ildən bugünə qədər Nizami institutunun on beş müdirindən beşi 37-38-ci illərin repressiya qurbanları olmuşlar.

Sovet dönəmində yaranmış bədii ədəbiyyatda belə gah millətçilik, yalançı xəlqilik, gah nihilizm, kosmopolitizm, formalizm, süni novatorluq meylləri “tapılırdı”. Altmışıncı illər nəslinin əsərləri “sosialist realizmi” metoduna zidd olduğuna, plakat əmək qəhrəmanlarına deyil, adi adamlara üz tutduğuna, “işıqlı sovet həyatını” tünd  qara boyalarla təsvir etdiyinə  görə  damğalanırdı.

Amma bununla bərabər,  ədəbiyyat elmimiz və tənqidimiz bütün yasaqlara və qadağalara rəğmən ədəbiyyatın həqiqi dəyərlərinin  keşiyində dayanıb, bu gün bir çox hallarda  baş alıb gedən ölçüsüzlüyə, meyyarsızlığa, subyektivizmə, ucdantutma tərifnamələrə uymurdu. Çünki sözünün dəyərini bilən ciddi alimlər öz yazılarına Tarixin verəcəyi qiyməti yaşadıqları Zamanın konyuktur hökmlərindən və imtiyazlarından  üstün tuturdular.

Ədəbiyyatçı alimlər ədəbiyyat tariximizi sistemləşdirməklə, ardıcıl təsnifat aparmaqla, faktik bilgilər toplamaqla və nəzəri ümumiləşdirmələrlə bu elmin özülünü qurmuşlar. Və bu əməli işdə Elmlər Akademiyasının 85 il bundan əvvəl fəaliyyətə başlamış  Nizami institutunun böyük xidmətləri var.

Bəzi inkarçılar sovet dövrünün bütün aşkar uğurlarına göz yumaraq o dövrün ancaq qüsurlarını göstərirlər. O rejimin qüsurlarını, yanlışlıqlarını, hətta cinayətlərini unutmadan ədalət və həqiqət naminə onu da deməliyik ki, elə Elmlər Akademiyamızın özü də, onun institutları da, o cümlədən, Nizami institutu da məhz o dövrdə yaranıb və səmərəli işlər görüb. Qədim dövr və Orta əsrlər ədəbiyyatı, XVIII,  XIX və XX  yüzillərin ədəbiyyat tarixləri, ədəbiyyat nəzəriyyəsinə, folklora, mifologiyaya, əruz vəzninə, aşıq sənətinə aid araşdırmalar, tənqid və mətbuat tarixiylə bağlı tədqiqatlar, klassik və müasir yazıçılara həsr olunmuş monoqrafiyalar xalqımızın mənəvi  zənginliyini əks etdirən sərvətdir və bu sərvət neçə-neçə nəslin milli ruhda yetişməsinə, mədəni dəyərləri dərk etməsinə misilsiz xidmət göstərib. Ədəbiyyatımız, incəsənətimiz, təhsil sistemimiz və elmimizin başqa sahələriylə bir sırada ədəbiyyatşünaslığımız da  müstəqilliyimizin  mənəvi  təməlini qoyan ən mühüm amillərdəndir. Bu mənada müstəqillik dövrümüzdə yaranmış ədəbiyyatşünaslıq nümunələri, çoxcildlik  ədəbiyyat tariximiz bu möhkəm dayaqlar  əsasında və müasir dövrün yaratdığı imkanlar zəminində uğurla meydana çıxır. Müstəqllik dövründə işıq üzünə çıxarılan  monumental nəşrin elə ilk cildi ədəbiyyat tariximizə yeni, daha dürüst, daha elmi baxışın yaranmasına sübutdur. Ədəbiyyat tariximizin kökləri əsgilərdə olduğu kimi, bizə yad dillərdə çatmış mətnlərlə deyil, ümumtürk abidələri, türk folklor və mifologiya örnəkləriylə bağlanır.

Bu baxımdan unudulmaz ulu öndər Heydər Əliyevin “Kitabi Dədəm Qorqud” dastanının 1300 illiyiylə bağlı qərarı ədəbiyyat tarixşünaslığımızın dönüş nöqtələrindən sayılmalıdır. Heydər Əliyevin siyasi iradəsiylə və sırf elmi yanaşma nəticəsində dastanın yaşı  Həzrət Məhəmmədin müasiri Dədə Qorqudun yaşadığı dövrə yəni - VII əsrlə bağlandı  və bu rəqəm UNESCO  tərəfindən də  təsdiq   edildi.

Bu gün böyük qürur və iftixar  hissiylə  deyə bilərik ki ədəbiyyatımızda “Kitabi Dədəm Qorqud” kimi ölməz bir abidə də  var, bu abidəni  doğma dilimizdə yaradan ozan-şair-dastançı Dədə Qorqud kimi dahi  bir  sənətkarımız  da... Böyük ədəbiyyat tariximiz də bu faktdan başlanır.

Dastanın hər tərəfli araşdırılmasında Nizami institutunun və onun içindən çıxmış Dilçilik və Folklor institutlarının əməkdaşlarının xidmətləri xüsusi qeyd olunmalıdır.

Sovet dövründə yasaq olunmuş başqa bir tarixi uyğunsuzluğu da  aradan götürməyin vaxtı çatmışdır. Əgər Türkiyə ədəbiyyatşünasları haqlı olaraq Nəsimini, Xətaini, Füzulini Azərbaycan ədəbiyyatından ayırmadan öz ədəbiyyat tarixlərinə də salırlarsa, biz də sivaslı Qazı Burhanəddinlə bərabər, Səfəvilər müridi Pir Sultan Abdal, Qacacaoğlan, Afşar Dadaloğlu kimi şairlərin yaradıcılıq irsini Türkiyə ədəbiyyatından qoparmadan ortaq şeir və dil örnəklərimiz kimi araşdırmalı, Azərbaycan ədəbiyyatı tarixinə daxil etməliyik. Həsənoğlunun doğma dilimizdə yaranmış əruz vəznli qəzəllərindən  daha əvvəl heca şeirimizin ilk böyük sənətkarı Yunis Əmrənin   möhtəşəm divanı da ədəbiyyat və dil tariximizin malı olmalıdır. Bu örnəklərsiz şifahi və yazılı poeziyamızın inkişaf və dəyişmə proseslərini müəyyənləşdirmək çətin olardı. Ədəbi təkamülü bugünkü siyasi sərhədlərin o tayına, ya bu tayına düşməsiylə  ayırmaq  keçmişə bütöv şəkildə baxmağa əngəl törədər, bu baxışlarda natamamlığa,  yarımçıqlığa səbəb olar. Güman edirəm ki, yeni nəşrə hazırlanan və artıq birinci cildi çıxmış 10 cildlik ədəbiyyat tariximizdə bu cəhət nəzərə alınacaq.

Müstəqillik illərində Nizami institutunun ərsəyə gətirdiyi çox dəyərli işlər - “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının bugünkü əlifbamızla nəşrləri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Müstəqillik dövrü ədəbiyyatı haqqında ikicildlik son illərin böyük nailiyyətidir.

Gələn il Azərbaycan Yazıçılar təşkilatının da 85 yaşı tamam olur və bu gün mən Yazıçılar Birliyimiz adından özündən bir yaş böyük qardaşını - Nizami adına Ədəbiyyat institutunu ürəkdən salamlayır, alqışlayır, ona daha  böyük uğurlar arzulayıram. Ona - yəni institutun əməkdaşlarına, rəhbərliyinə, çünki institut yalnız addan və binadan  ibarət deyil, onu yaradanlar və yaşadanlar insanlardır - peşəkar, fədakar alimlərdir.

Səksən ildən artıq bir müddətdə Yazıçılar təşkilatıyla ədəbiyyat institutu sıx yaradıcılıq təmasında çalışırlar. Nizami institutu  hər ilin ədəbi prosesinə aid elmi konfranslar keçirir, alimlərimiz, tənqidçilərimiz yeni əsərlərimizi diqqətlə izləyir, təhlil edirlər. Təşkilatımızın  nizamnaməsinə görə Akademiyanın ədəbiyyat üzrə həqiqi və müxbir üzvləri Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar şurasına daxildirlər. Qəzetimizin və jurnallarımızın redaksiya heyətlərində  ədəbiyyatşünas alimlər, tənqidçilər önəmli yer tutur.

1945-ci ildə Akademiya təşkil olunanda onun ilk həqiqi üzvləri sırasında görkəmli  ədəbiyyat xadimləri  - 39 yaşlı şair Səməd Vurğun və 34 yaşlı nasir Mirzə İbrahimov da vardı. 45-ci ildən bu günə qədər 73 il ərzində  Akademiyanın tərkibinə şair kimi deyil, filoloji elmlər doktoru, ədəbiyyatşünas alim kimi əvvəl müxbir, sonra həqiqi üzv  seçilmiş Bəxtiyar Vahabzadədən başqa heç bir yazıçı Akademiyaya üzv olmayıb. Bu vaxt ərzində üç bəstəkar (Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov) həqiqi üzv, iki bəstəkar (Fikrət Əmirov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə) müxbir üzv seçilmişlər. Dahi və görkəmli bəstəkarlarımızın Akademiyaya üzvlüyünə layiq görülməsi əlbəttə, bizi sevindirir.

Bütün hallarda yazıçılarla alimlərimiz bir məqsədə birgə xidmət edirlər - ədəbiyyatımızın həqiqi dəyərlərinin keşiyində dururlar, dilimizin saflığı və sağlamlığı uğrunda birlikdə çalışırlar.

Hörmətli Prezidentimiz İlham Əliyevin 85 yaşlı Nizami institutunun əməkdaşlarını təltif etməsi dövlətimizin bu böyük elm ocağına diqqətinin və qayğısının daha bir  təzahürüdür.

Yazıçılarımızın alim qardaşlarını və bacılarını bu möhtəşəm bayramları, ortaq bayramımız münasibətiylə ürəkdən təbrik edirəm.

Neçə-neçə belə illərə... Bir yerdə... Birlikdə... Bərabər...      

14 noyabr 2018

 

 

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

 

525-ci qəzet.- 2018.- 17 noyabr.- S.9.