“Ovcuma
yığmışam xatirələri...”
Gülnar SƏMA
"Sonun ardından
başlayır bütün
ilklər". Elə bu nağıl
da beləcə başladı. Şair
olub şeir kitabının olmamasına
son qoyuldu, ilk şeirlər
kitabı "Şahanənin
nağılı"na
döndü.
Bu nağılın qəhrəmanı
gənc yazar kimi Prezident təqaüdçüsü, Gənclər
və İdman Nazirliyinin mükafatçısı
olan Şahanə Müşfiqdir. Onun "aybkitab" layihəsində
çap olunan şeirlər toplusu daha təsəlli verə bilmədiyi üçün bir küncə çəkilib
yazıq-yazıq baxan
xəyalların acınacaqlı
taleyini o qədər təsirli şəkildə
sözə hopdurur ki, söz-söz susursan. Danışan
isə səmimiliyi ilə ürəkləri fəth edən misralar olur:
Ağaclara yazdığım
Adında qalıb sevgim.
Bir də ki küçənizin
Yadında qalıb sevgim.
Sevmək
və nəticədə
"Tənhalıq... Güzgülərə olan qorxundur" - qənaətinə gəlmək
özündə gizlətdiyi
ağrıların izi
ilə ələ keçir. O ağrıları
əl boyda ürəyinə göy boyda sevgi verib,
sevgisizlikdə boğulan
bir insanın yaşam fəlsəfəsi
kimi başa düşməmək mümkünsüzdür.
Keçən hər dəqiqəsi
günü yandıran
bu insan həsrəti yuxu kimi min bir yerə
yozaraq yaşamağın
hər üzünə
bələd olduğuna
bütün səmimiyyəti
ilə inandıra bilir. Yasaq sevdaya tamah salan Həvvanın qızı olaraq "Mən dağlar yandıran Tanrı ahıyam" pıçıltılarını,
eşitmək istəyən
hər bir qulağa söyləyir.
Bu ahın mənbəyi
də, mənsəbi də sevildiyinin fərqində olmayan seviləndir. Hələ ki,
necə dəyər verildiyinin fərqinə varmayan həmin sevimli, üzünə gülən bəxti göz yaşları ilə hədələməklə
məşğuldur. Gözlər
isə sadəcə yaşarmaq üçün
yox, həm də baxışlara can vermək üçündür.
Ən orijinalı isə bu baxışların
ağlagəlməz hədəfidir:
Baxışımı göndərdim
Yollarına sərilsin.
Üstündən keç, sevdiyim,
Ayağın toz görməsin!
Müqəddəsliyin ən içdən etirafı "Küçələrə
su səpmişəm"
mahnısında da ifadə olunub, lakin Şahanə öz fikirlərini o qədər özünəməxsus
şəkildə təqdim
edir ki, bənzərsizliyə təslim
olursan. Hər şey isə
dözülməsi mümkün
olmayan sənsizliyə
qalib gəlmək üçündür. Müəllif olaraq etiraf edir
ki, "Mənim sənsizliyim yaman paxıldı, Sənli günlərimi gözü
götürmür". Bu mücərrəd varlıqla
düşmənçilik etmək
məğlubiyyətlə yekunlaşar,
amma özünümüdafiə
qələbəyə zəmin
yaradır: "Ovcuma yığmışam xatirələri,
Sənsiz həyatımdan
gizləmək üçün"
- sətirləri sığına
biləcəyi son ümid
kimi nişan
verilir. Bu da
köməyə yetməyəndə
"Bütün arzuları
gözümdə boğub,
Sevgim ürəyimdə
yoxa çıxıram"
- etirafı ilə üz-üzə qalırıq.
Yoxluq ayrılıqların özünüifadəsidir.
Hər ayrılığın isə
gedənlə əl-ələ
verməsi geriyə qalanındır. Və
bu antitezaya özündən asılı
olmayaraq pənah gətirərsən:"İlk
dəfə sevdiyin biri son dəfə çıxıb gedəndə
ayrılar canından
can". Yaşam marağın bir
başqa səmtə yön alar. Bir az da fəlsəfədə təsəlli arayarsan:
"Həyatı asmışıq
gözlərimizdən, Bir
qırpım hər şeyin sonu deməkdi" - düşüncələri
səni gözünü
qırpmağa da qoymaz. Dünyamızın
daha fərqli performansı ilə qarşılaşarsan:
Balığı suyundan atır özünü
Quşu göy üzündə yer tapa bilmir.
Dənizi
qan qoxur,
torpağı cəsəd,
Heç
kim bu
dünyanın
gözünü silmir.
Bu dünya ən
çox şəhid verərkən gözü
yaşlı qalır və gözləri də yaşlı qoyur. Müşahidələrini ümumiləşdirən Şahanə Müşfiq
"Şəhid" şeirində
bütün faciələrin
kəsişmə nöqtəsini
göstərə bilir.
"Sevgisini hayqırdığı
gözlərindən sevgisinə
yaşlar tökən
nişanlı qız
- Şəhid!" - tipli misralar da həmin kəsişmə
nöqtəsinin nidalarıdır.
Bu nidalar bəzən
üsyankarlıq həddini
də aşır,
"Allahın da yoxdu, Allah, Səni tapşırram sevgimə"
- sətirlərində olduğu
kimi müxtəlif yozumluluq əmələ gətirir. İlk baxışdan qarğış
təsiri bağışlayan
bu misralarda Şahanə allahına qarşı ancaq sevgi nümayiş etdirə biləcəyini,
onu yalnız sevgisinə hədəf edə biləcəyini etiraf etmişdir. "İlahi, bu
dünyan hələ dözürsə, Borclusan
bir ovuc düz adamlara" - deyərək sevgisinə qarşılıq haqqının
olduğunu da gizlətməmişdir. Eləcə də,
onun vətən sevgisi, azalmaqda olan bu hissin
səbəblərini araşdırmağa,
həmin səbəblərin
həll edilməsi ilə vətənə sevginin əbədiyaşarlılığını
sübut etməyə
çağırışdır. "Manat-manat, qəpik-qəpik,
kredit-kredit, qayğı-qayğı
azalmısan övladının
yaddaşından" - sözləri
ilə həll olunması mümkün olan problemlərə görə vətəndən
üz çevirənlərə
acıyır, hər şeyin vətən üçün yaxşı
olacağına ümid
bəslənilir.
Şair, insanların yalanında güvəni intihar etmiş bir sevginin aqibətini də düşünür. "Eşq səmamdakı ən parlaq ulduzum, Bir dünyalıq
insan içərisində
yalnızlığımsan" - müraciəti ilə yerlə göy arasında özünə
yer edə bilməməyin dəhşətini,
acizliyin təntənəsini
əks etdirir.
"Günəşin başına
dolanan dünya Yalanın başına dolanır artıq" - fikirlərində bir ümidsizliyə qapılır,
amma "Yadındamı
demişdim, Ən gözəl sevən kəsdir, Ən möhtəşəm unudan..."
- xatirəsini yada salaraq möhtəşəmlikdən
üz döndərməyəcəyini
özünə etiraf
edir. "Səssiz
getmə, tutulacaq qulağım" - sətirlərində
isə yalvarışdan
daha çox gələcək üçün
narahatlığın əndişəsi
hiss olunur. Gedən isə
ən çox darıxmaqla yad olunar. Bunun dözülməz olduğunu
görən müəllif
"Darıxmağı kim icad edibsə, onu görüm mənim kimi darıxsın" - deyərək özünə
toxtaxlıq verir. Lakin fəsillər bir-birini əvəzləyir
və gedənin dönüşü olmur:
Hər insanın öz fəsli vardır,
Dörd
fəslim var mənim də...
Onun ilıq nəfəsi,
İsti
qucağı,
Yağmurlu gözləri
Və...
Soyuq yoxluğu.
Bənzətmələr təşbehi mükəmməl
sıralanma yaradan bu
şeirdə yazdan qışa doğru bütün fəsillərin
yolçusu oluruq. Hər birində o qədər
incəliklə uyğunlaşdırılmış bənzərliyi
görürük ki, bir andaca dörd
fəsil yaşayırıq. Şahanənin "Cənnət
və sevgi" şeirində isə sujet, əhvalatvari məzmun, bir-birinə məntiqlə
bağlanan fikirlər öz
Həvvasını cənnətdən vaz
keçəcək qədər sevən Adəmin
ayrılıq taleyinin sonra
bütün sevənlərdə təkrar
olunması gerçəkliyinə üsyan
formasında qələmə alınıb. Nəyi qələmə
alırsa, öz dünyasından yeni bir dünya
yaradır Şahanə. "Gülüşünə and olsun ki,
bilmirsən!" bu dünya
nə qədər xoşbəxtdir sənin kimi
bir sakini olduğu üçün.
Səni sevmək göy
qurşağında qar axtarmaqdır,
"Gözlərindəki səmaya and olsun!"
525-ci qəzet 2018.- 20 noyabr.- S.7.