Ağbulaqdan əsən külək

Qəşəm NƏCƏFZADƏ

İlk dəfə mən şəhər işıqlarını Gorusda gördüm. Axşamüstüydü, dağdan gəlirdik, Kəlbəcərin "Sarı yer" yaylağından.

14-15 yaşım olardı, yük maşınında yaylaq ağırlığının üstündə üzümü çubuqlara söykəyib yaşıl, , göy, qırmızı işıqlara baxmaqdan doymurdum. Deyəsən, sürücü yol keçən bir nəfərdən soruşdu: bura haradı? O da dedi: Gorus şəhəri.

Biz yol azmışdıq, başqa yolla İmişliyə gəlməliydik. Mən ilk dəfə yol azmağın insan üçün dəyərli olduğunu bildim, çünki biz böyüklü, kiçikli bu şəhərlə qaynayıb-qarışırdıq, çoxdan itirdiyimiz yurd yerlərimizlə görüşürdük, çünki orada dədə - babalarımızın ruhları işıq selinə çevrilib bizi salamlayırdı. Dağlardan sərin meh əsirdi, meh anam kimi məni oxşayırdı.

İndi bu gün həmin yurdun, elin, obanın şair oğlu Təvəkkül Goruslunun şeirləri də həmin şəhərin işıqları kimi ruhumuza, qəlbimizə çilənir və itirdiyimiz torpaqların ən şirin xatirəsi kimi bizi ovundurur. Bu şeirlərdə Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən, Qarquzey, Ələyəz dağlarının, Göyçəgölü, Xanlıq, Toxluca, Qurdqalaq, Şahverdilər, Ağbulaq kənd və digər ərazilərdən xoş sərin meh əsir, minillik tariximizin qaranlıq sirlərindən bizi xəbərdar edir. Mən şeirləri oxuduqca yenə həmin Gorus şəhərindəki meh asta - asta havalanırdı, Ağbulaq kəndinin ruhu məni özünə çəkib tarixin dərə yaddaşına aparırdı.

Təvəkkül Göruslu bu qədim türk ellərinin şair oğludur, istər-istəməz onun qələmindən bu yerlərin -  Zəngəzur vilayətinin şirin-şəkər folkloru: oxşama, bayatıları süzülür. Demək, insan harada yaşamasından asılı olmayaraq, həyatı boyu doğulduğu məkanı xatırlayır, bütün işlərində, hərəkət və fəaliyyətində onun ən dərin cizgilərini canlandırır.

Şairin bu günlərdə çap olunmuş "Məni misralarda qələm assa da" kitabı yuxarıda dediklərimi təsdiqləyir. Onun qoşma və gəraylılarında baş mövzu sevgi olsa da, yenə də vətən, yurd, torpaq anlayışı bu sevginin başlanğıcı kimi çıxış edir. Şairin "Ağbulaq" şeirində olduğu kimi.

 

Yaman darıxmışam sənli gün üçün,

Sənli axşamlara həsrətəm indi.

Öləydim çiçəyin, hər gülün üçün,

Daşını öpəydim, Ağbulaq kəndim.

 

Bozarıb qəhərdən rəngi üzünün,

Hədəfi olmuşuq qərib sözünün.

Bulağı çağlayan, axan gözünün,

Yaşını öpəydim, Ağbulaq kəndim.

"Ağbulaq" kəndi şeirdə Azərbaycanın tarixi keçmişinin bir parçası kimi göstərilir, şair onun çiçəyindən, gülündən, daşından, bulağının gözünün yaşından nə qədər öpsə də belə, nə həsrət soyuyur, nə də ki, ürək. Çünki Ağbulaq kəndi qəriblikdədir, ermənilər tərəfindən adı dəyişdirilib, məscidi dağıdılıb. Həmişə vətənin qıraqda qalan yerləri çox şirin olur və adamın ürəyini yandırır.

Təvəkkül Goruslu şeirlərində bir damcı kədərə belə ictimai məzmun verir, deyək ki, bəzən o böyük bir faciəni şəxsləndirsə də, kiçik bir kədəri ümumxalq kədərinə yönəldir. Şeirin verdiyi bu imkanlardan yararlanan şair yaradıcılığında dərin assosiasiyalar yaradır.

 

Sən demə baharda qış da var imiş,

Sən demə göz yırtan yaş da varmış.

Sən demə baş güdən daş da var imiş,

Başlar o daşlara dəydikcə dəydi.

 

Yuxarıda misal gətirdiyim bənddə təsvir olunan hadisələr bir adamın da başına gələ bilər, otuz milyonluq bir xalqın da. Bu şeir tarixin dolanbaclarını əks etdirir, harda daş varsa, orda baş da var və ya əksinə. Sən demə, yanaqdan süzülüb gələn yaş gözü yırtıb gəlirmiş. Baharın içində qış, qışın içində bahar yaşayırmış. Həqiqətən belədir. Şair təbiət hadisələrini əsas götürərək, cəmiyyət hadisələrini ictimai problemləri ustalıqla qabardır. Cəmiyyət və təbiət arasında aparılan paralellik şairin ictimai rəyini orijinallıqla açıqlayır. "Payız küləyi" şeirində bu məsələ daha da önə çıxır. Bu, təkcə şairin özündən asılı deyil. Ağbulaqdan əsən külək şairin yeni, orijinal yolunu müəyyənləşdirir.

 

Yenə başlamısan səsi, sədanı,

Tökmə üstümüzə dərdi, qadanı.

Sənmi çəkməlisən ahı, nidanı,

Döymə pəncərəmi payız küləyi.

 

Payız küləyi təbiət hadisəsi olsa da, burada ictimai məna kəsb edir. Necə ki, vaxtı ilə bolşeviklərin Azərbaycana gəlişi Qılman Musayevin (Qılman İlkin) "Şimal küləyi" hekayəsində əks olunurdu. Elə bu şeirdə də pəncərəni döyən külək təbiət yox, cəmiyyət küləyidir və külək ictimai, sosial problemləri qırmanc kimi insanların başına vurur.

Müasir şeirimizdə "pəncərə", "qapı" detalları şəxsi səciyyə daşısa da, həm də cəmiyyətə açılan bir vasitə olub. Məsələn: Süleyman Rüstəm vaxtı ilə deyirdi: "Gecənin qulağına "səhər gəlir, qaç" dedim, Günəş doğur, ay sevgilim, pəncərəni aç dedim". Və yaxud Məmməd İsmayılın "Ağacdələn, döy qapımı" şeirində də qapı söhbəti şeirin onurğasıdır əslində. Təvəkkül Gorusluda da payız küləyi ilə pəncərə döyüşməsi və bu ixtilafdan yaranan məna oxucunu məsələnin məğzindən halı edir: yəni ictimai məzmun oxucunu tutur.

Şairin başqa şeirlərində də ictimai məzmun lirik düyğuları üstələyir. Hətta sevgi şeiri olsa belə. Aşağıdakı şeirə baxaq.

Budaqları dərd gülləyən ağacam,

Nə gözəldi çiçəkləri, deyirlər.

Ləçəkləri butasına yığacam,

Aldanıb da budağımı əyirlər.

 

Burda da təbiət misalı və bu mənzərinin arxasında dayanıb dişlərini üstümüzə qıcayan sosial problemlər. Özü də necə, poetik bir şəkildə.

 

Mən Təvəkkül Goruslunun bundan əvvəlki kitabların da oxumuşam, internet saytlarında və dövrü mətbuatda dərc olunan şeirlərini də imkanım daxilində izləyirəm. Onun qələmində təbiət şeirləri, xüsusən etüdlər gözəl alınır. Qabaqkı kitablarında bunlar adi etüd və təbiət şeirləri idisə, indi tamamilə fərqli bir məqam: təbiət və cəmiyyət cizgiləri və bu cizgilərin yerdəyişməsi təbii şəkildə və ustalıqla meydana gəlir.

 

Təvəkkül Goruslunun sevgi şeirlərinin əsas qəhrəmanı min il əvvəl olduğu kimi, yenə öz sevgilisi yolunda aşiqi-nalandır. Məşuq onun dünyalar qədər olan sevgisinə etinasızdır. Yenə də "gül qönçəlikdə xar ilədir, açılanda bir özgə yar ilədir", yenə gülün tikanları biçarə bülbülün köksünü al qana boyayır. Amma hər gələn şair eşq sevdasına öz möhürünü vurur. Elə bir möhür ki, heç kəsin dəst-xəttinə bənzəmir. Bu mənada Təvəkkül Göruslunun üslubu, dərin lirizmi, şeir stixiyası yalnız özünə aiddir, çünki o, düşündüklərini qələmə alır. Ürəyi yanmasa, bir kəlmə də yazmaz. Fələyin insafından, dünyanın darlığından, çiçəyin xarlığından çox yazıb, çox deyiblər. Amma bütün bunlar onun şeirlərində yeni çalarla səslənir. O, öz şeir aləminə başqa rənglər qatmır, nə varsa özünə məxsusdur. Aşağıdakı şeirə baxaq.

 

Gəlibdi tuş kəpənək,

Əğyarın tənəsinə.

Düşərdi kəssə külək,

Gülünün sinəsinə.

 

Yenə də külək, özü də zaman küləyi. Məsələn, kəpənəkləri öz gülündən ayıran küləklərdir. Bir balaca əsdimi, kəpənəkləri başqa ünvanlara qovur. Həm həqiqi mənada, həm də məcazi mənada.

 

"Su çərşənbəsi" şeirində vacib dörd ünsürə: torpaq, od, su və havaya işarə edilir. Qarı əridən oddur, istidir, əriyən qar suya çevrilir, su torpağa hopur, yel çiçəklərin, bağların ətrini hər yana yayır. Beləliklə, həyat canlanır. Yel əsir, yaz gəlir, ağaclar, çiçəklər tozlanır, yenə də külək, yenə də yel və hərəkət.

 

Əriyən qarların suyu sellənir,

Qaçırır dağların, düzün yuxusun.

Havada tərpənir, xəfif yellənir,

Gətirir bağların çiçək qoxusun.

 

Mənə elə gəlir ki, dünyanın ilk şeiri səsdir və səs heç zaman insanı aldatmır, onun psixoloji məqamlarını dəqiqliyinə qədər ifadə edir. Söz adamı aldada bilər, amma səs yox. Sən sözü kiminsə sözünə oxşada bilərsən, amma səs nə cür olsa, öz sahibini o saat ələ verəcək. Şairin səslə bağlı şeirləri də maraq doğurur, artıq burda heç bir anlaşılmazlıqdan söz gedə bilməz. Yəni səs kimi təmiz, saf şeirlər öz şairini oxucuya və böyük mənada zamana təqdim edərək sanki deyir: buyurun tanış olun.

 

Milyon səsin içindən

Seçilib, səs seçilib.

Bu səs mənim ruhuma

Köynək kimi biçilib.

 

Və yaxud

 

İpəkdəndi elə bil,

Tanrım,

Duyduğum bu səs.

Yaz - bahar ətirlidi

Səslə duyulan nəfəs. 

Şairin şəhidlərimizlə bağlı maraqlı, yaddaqalan, onların döyüş yolunu işıqlandıran, Xocalı, Şuşa haqqında ürək ağrıdan və həm də insanları vətən uğrunda mübarizəyə səsləyən şeirləri olduqca çoxdur.

Verdik əlimizdən bizim olanı,

Tuş etdik yurduma dərdi, bəlanı.

Ələyib gözlərə falçı yalanı,

İllərlə lentlərdə baxıldı Şuşa.

Şair vətən şeirlərində ürək ağrısı ilə göstərir ki, bəzi beynəlxalq təşkilatlar, gözlərə yalan üfürürlər, bizə boş - mənasız ümidlər verirlər. Əsas məsələ xalqın öz əlndədir, tarixi torpaqlarımızı, dədə-baba yurd yerlərimizi ancaq xalqla dövlətimizin sarsılmaz birliyi və həmrəyliyi qaytara bilər. Yalnız xalqın inamı, gücü sahəsində Şuşa lentlərdən qopub reallığa çevrilər. Şair haqlıdır. Özü də min dəfə.

525-ci qəzet  2018.- 20 noyabr.- S.7.