Zəngin, qiymətli milli-mənəvi
dəyərlərimiz
Hər bir xalqın sahib olduğu ən qiymətli miras onun milli-mənəvi dəyərləridir.
Azərbaycan xalqının milli-mənəvi ənənələri
kifayət qədər zəngindir və xalq onu daim nəsildən-nəsilə
ötürür. Çünki bu mənəvi xəzinə
milli şüurun, milli ruhun, tarixin yaddaşından
süzülüb gəlir. Bir milləti
var edən və daima ayaqda saxlayan isə milli-mənəvi dəyərlərdir.
ƏSRLƏR BOYU QORUNAN
DƏYƏRLƏR
Xalqımızın mənəvi dünyasını zənginləşdirən,
tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi
dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi
xüsusiyyətlərinin göstəricisidir. Dünya
xalqları arasında öz qədim milli-mənəvi dəyərləri
ilə tanınan Azərbaycan xalqı yaşatdığı
və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri,
milli xüsusiyyətləri ilə dünya mədəni irsində
özünəməxsus yer tutur. Uzun illər
aparılan araşdırmalar, qədim köklərə malik
Azərbaycanın bir çox adətini əsrlər boyu
qoruyub saxladığını üzə çıxarır.
Azərbaycanın milli dəyərləri min illər
əvvəl formalaşan, bu günədək demək olar ki,
dəyişilməyən, itirilməyən dəyərlərdir.
Bu dəyərlər vahid xalq olaraq
formalaşmağımızda da əhəmiyyətli rola
malikdir. Bu dəyərləri yaşatmaq, gələcək
nəsillərə ötürmək xalqın
keçmişini, onun varlığını qorumaq deməkdir.
Milli-mənəvi dəyərlər hər birimiz
üçün qiymətli və müqəddəsdir. Bu amillər
milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın
fundamental prinsipləri əsasında formalaşıb. Xalqımız əsrlər boyu qoruduğu, bəzən
əlindən alınmağa çalışılan adətləri
bu günədək gətirib çıxara bilib, bu, milli
özünüdərkin formalaşmasına böyük
kömək edib.
DÖVLƏT
SƏVİYYƏSİNDƏ TƏBLİĞ
Hər bir xalqın maddi-mənəvi dəyərlərinin
qorunaraq sonrakı nəsillərə və dünyaya
çatdırılmasında cəmiyyətin bütün
üzvləri ilə yanaşı, dövlət
başçılarının da əhəmiyyətli rolu var.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
xalqımızın yüksək mənəvi dəyərlərini
qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına
təsir göstərmək, onun tarixi yaddaşını,
milli-mənəvi dəyərlərini gələcək nəsillərə
ötürmək kimi tarixi vəzifəni məhz Ümummilli
lider Heydər Əliyev uğurla həyata keçirməyə
nail olub. Ulu öndər Heydər Əliyev xalqda milli heysiyyəti
gücləndirmək, onu öz şanlı keçmişinə,
soykökünə qaytarmaq, habelə zəngin bədii irsini,
mədəniyyətini, incəsənətini, adət-ənənələrini
yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir
sıra tədbirlər həyata keçirib. Heydər Əliyevin Azərbaycan
xalqının milli mənəvi irsini ehtiva edən ideyanın
- Azərbaycançılığın təşəkkülü
və inkişafına mühüm təsir göstərib. Azərbaycan xalqı hər zaman milli dəyərlərə
sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə
yaşadaraq onu inkişaf etdirib.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik
ənənələrinin layiqli davamçısı
olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən
Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin
istiqamətini müəyyənləşdirən, ona təsir
göstərən ciddi fenomenə çevrilib. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
aparılan və milli mənəvi dəyərlərə
dayanan islahatların başlıca məqsədi müasir
dünya çağırışlarına cavab verən
güclü, rəqabətədavamlı və vətəndaşın
daha yaxşı yaşadığı dövlətin
qurulmasıdır. Bu vəzifələri
yerinə yetirmək üçün xalqımızın
özünün milli mənəvi dəyərlərinə,
tarixinə sahib çıxması vacibdir. İlham Əliyevin konsepsiyasına görə, milli
ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə
çatdırmağın ən mühüm şərti məhz
milli dövlətçilikdir. Milli dövlət
ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də
milli mənəvi dəyərlərin qorunmasına xidmət
edir. Dövlətçilik hisslərinə
malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Bu gün ulu öndərin ali
ideyalarının gerçəkləşməsində
Prezident İlham Əliyevlə birgə Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva da yaxından iştirak edir.
MİLLİ MƏNƏVİ
DƏYƏRLƏRİN QORUNMASI VƏ İNKİŞAFI
Ümumilli liderin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli
addımları ilə sübuta yetirən İlham Əliyev
regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən,
ona təsir göstərən ciddi fenomenə çevrilib. İlham
Əliyevi eyni zamanda, milli-mənəvi dəyərlərimizin
ən qüdrətli mühafizəçisi kimi
görürük. Yüksək mənəvi-əxlaqi
dəyərləri parlaq şəxsiyyətində cəmləyən
Azərbaycan qadını kimi Mehriban Əliyeva isə
demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə
irəliləyərək sivil dəyərləri əxz edən
cəmiyyətimizin həyatına birinci xanıma xas yüksək
ənənə gətirib. Mehriban
Əliyevanın milli-mənəvi irsimizin qorunması istiqamətində
ardıcıl səyləri də Azərbaycanın milli-mənəvi
dəyərlərinə yüksək sayğının təzahürüdür.
Xalqına və dövlətinə qəlbən
bağlı olan Mehriban Əliyeva xalqının zəngin
milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək
nəsillərə çatdırılması naminə əzmlə
çalışır. Azərbaycanın
birinci xanımının fəaliyyəti milli-mədəni
incilərin qorunub saxlanılması, tarixi abidələrin bərpası,
dünya miqyasında təbliği ilə yanaşı, saf və
nəcib dəyərlərin ictimai şüurda möhkəmlənməsinə,
özünə güclü dayaqlar tapmasına yönəlib.
AİLƏDƏ FORMALAŞAN
DƏYƏR
Şəxsiyyətin yetişməsində mühitdən
də əvvəl ailənin rolu böyükdür. Əsas dəyərlər
məhz ailədə doğulur və formalaşmağa
başlayır. Azərbaycanlı milli
düşüncəsində ailə, kiçik dövlət
modeli kimi qəbul edilərək müqəddəs və
ülvi sayılır. Böyüklərə
ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və
qayğı zəngin milli-mənəvi dəyərlərimizin
başlıca qayəsini təşkil edir. Gənclərin
ədalət və düzgünlük, humanizm, vətənpərvərlik,
xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət
və şücaət, mərdlik, təmizlik, halallıq,
milli-mənəvi dəyərlərə bağlılıq,
böyüklərə hörmət, əməksevərlik
ruhunda tərbiyə edilməsində əsas rollardan birini də
ailə oynayır. Ona görə də, ailələrdə
bu məsələlərə ciddi fikir verilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın,
mədəniyyətin, incəsənətin, folklor nümunələrinin,
o cümlədən, tanınmış yazıçı və
şairlərin əsərlərinin mühüm rolu var.
MƏTBUATDA TƏBLİĞAT
Azərbaycanda
milli mənəvi dəyərlərin qorunması və təbliğındə
mətbuatın da xüsusi rolu var. Azərbaycan xalqının
milli mənlik şüurunun oyanışında, zəngin
tarixi-mədəni irs, adət-ənənələr üzərində
yeni tipli mədəniyyətin yaradılmasında,
türklük düşüncəsi, islam dəyərləri,
müasir demokratik prinsiplər əsasında Azərbaycançılıq
məfkurəsinin yaradılmasında mətbuat həm təşkilati,
həm təbliğatı, həm də təşviqati
işin mərkəzində olub. Zaman-zaman
KİV milli-mənəvi dəyərləri yeniləşdirib
zənginləşdirməkdən əlavə, həm də
onu yad təsirlərdən qoruyan ideya-mənəvi sipər
rolunu oynayıb.
Bu gün
mətbuatda və sosial mediada milli adət-ənənələrimizi,
milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə
mövcud olan ənənəvi dinimizi qorumağın, o
cümlədən, sosial şəbəkələr vasitəsilə
gənc nəslə təbliğ etməyin
yolları müzakirə edilir, milli adət-ənənələrimizlə
mədəni inkişafımızın vəhdəti
araşdırılır və geniş ictimaiyyətə
çatdırılır. Əsas məqsəd
isə gənc nəslin milli mənəvi dəyərlərə
sahib çıxmasını, onu qorumasını və vətənpərvərlik
hisslərini gücləndirməsini təmin etməkdir.
SADİQLİQ VƏ EHTİRAM
Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadənin dediyinə
görə, Azərbaycan milli-mənəvi və bəşəri
dəyərlərə ehtiramı ilə seçilən məkandır. O, Azərbaycanda milli mənəvi
dəyərlərimiz inkişaf etdiyini, məscidlər, ziyarətgahlar,
sinaqoqlar, kilsələr tikildiyini və bərpa olunaraq
dindarların istifadəsinə verildiyini deyir: "Azərbaycan
dindarlarına ən böyük töhfə
paytaxtımızın mərkəzində əzəmətlə
ucalan Heydər məscidi oldu. Qafqazda analoqu
olmayan bu məscidin, arxitektura baxımından, deyərdim, bəlkə
də dünyada analoqu yoxdur. Heydər məscidinin
95 metrlik minarələri Azərbaycanda milli mənəvi dəyərlərin
ucalığını göstərir".
A.Paşazadə vurğulayıb ki, Azərbaycanda milli və
bəşəri dəyərlərə hər zaman
böyük önəm verilib. Ölkəmizdə
dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin
dialoqu, tolerantlıq ənənələri olduqca yüksək
səviyyədədir. Bu, bizim fəxarət, qürur mənbəyimizdir:
"Müasir Azərbaycan dini dəyərlərə ən
yüksək ehtiramın, dini abidələrə - məscidlərlə
yanaşı, xristian və yəhudi dini məbədlərinə
dövlət səviyyəsində qayğı və himayənin
nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada
tanınır. Əlbəttə ki, bütün
bunlar ölkəmizdə daxili birliyimizi, sabitliyimizi, vətəndaş
həmrəyliyimizi güclü edir".
MƏNƏVİ
DƏYƏRLƏRLƏ DOLU AZƏRBAYCAN
Milli Məclis Sədrinin müavini Bahar Muradova deyir ki, Azərbaycan
tarixən milli-mənəvi cəhətdən zəngin,
müxtəlif dil, din və mədəniyyətlərin sərbəst
şəkildə inkişaf etdiyi məkanlardan biridir. Ölkəmizdə
multikulturalizm və tolerantlıq dəyərlərinin tarixi
kökü çox qədim dövrlərə qədər
uzanır, çünki ta qədimdən bu torpaqlarda təşəkkül
tapmış xalqlar dil, din, mədəniyyət fərqlərinə
baxmadan birgə, dostluq və qardaşlıq şəraitində
yaşamışlar. Qədim və
müasir tariximizin bütün dövrlərində əsrlərdən
bəri formalaşan multikulturalizm və birgəyaşayış
ənənələri mövcud olub. Bu bir
gerçəklikdir ki, bu gün ölkəmizin bütün
regionlarında mədəni müxtəliflik həyat tərzinə
çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini
dözümlülüyün, tolerantlığın və
multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması
ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra daha da möhkəmlənib,
tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas
istiqamətlərindən və hədəflərindən bir
olub. Heydər Əliyev ilk dəfə olaraq
multikulturalizmi azərbaycançılıq ideyasının tərkib
hissəsi kimi təqdim edib və Azərbaycanın çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni
müstəviyə keçirdi.
Ölkə
başçısı İlham Əliyev
tolerantlığın və multikulturalizmin artıq dövlət
siyasətinə və cəmiyyətin həyat tərzinə
çevrildiyinə xüsusi önəm verir:
"Tolerantlıq artıq ölkəmizin vizit kartına
çevrilib. Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması faktdır və bu, bizim güc mənbəyimizdir".
Ölkədə
dini dözümlülüyün, dini müxtəlifliyin, milli
və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi
dəyərlərin inkişafında və təbliğ edilməsində
birgə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın əvəzolunmaz xidmətləri var. Mehriban
Əliyeva Azərbaycan reallıqlarını, ənənələrini,
multikulturalizmi, tolerantlıq mədəniyyətini hər zaman
daxildə və ölkə xaricində beynəlxalq
konfranslarda, tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə
çatdırır, milli-mənəvi dəyərlərin
qorunub saxlanılmasına dəstək verir və milli mədəniyyətimizin
təbliğində böyük işlər görür.
XALQIN VARLIĞINI QORUYAN
DƏYƏRLƏR
Mənəvi Dəyərlərin Təbliği Fondunun
icraçı direktoru Mehman İsmayılov deyir ki, hər bir
xalqın varlığını qoruyan əsas amillərdən
biri də milli-mənəvi və dini dəyərlərdir və
Azərbaycan xalqı da zəngin mənəvi, dini dəyərlərə
sahibdir. Azərbaycan xalqının mədəniyyəti
tariximizin müxtəlif mərhələlərindən
keçib. Xalqımızın mənəvi
dünyasını zənginləşdirən, tariximizi və
mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən
milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər
birimizin müqəddəs borcudur və həmin o dəyərlərin
qorunması məsələsi çox vacibdir. Azərbaycan dövlətinin, Prezidentinin də bu sahəyə
ayırdığı diqqət onu göstərir ki, mənəvi
dəyərlərin inkişafı, qorunması bizim cəmiyyət,
xalqımızın gələcəyi üçün nə
qədər vacibdir.
Dil, din, əxlaq,
mental dəyərlər, dövlətçilik sistemi,
xalqın özünəməxsus cəmiyyətdaxili
münasibət sistemi, ailə institutu, ağsaqqalıq
institutu və s. bizim milli-mənəvi sərvətimizdir. Bütün normal dövlətlər bu dəyərlər
üzərində yaranır və inkişaf edir. Bu gün o dövlətlər güclüdür ki,
onlar tarixləri ilə bu günlərinin sintezini
düzgün qura biliblər. Azərbaycan məhz
milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik
sistemı ilə var olub və olacaq.
Sevinc QARAYEVA
525-ci qəzet 2018.- 20 noyabr.- S.6.