Yaqut Bahadurqızı "Vətən naminə" medalı ilə təltif edildi

Bugünlərdə "Azərkitab"da keçirilən tədbirdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı "Vətən naminə" medalı ilə təltif edilib.

Medal "Hay ver mənə, cənab leytenant" kitabına hərbi vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərə, yazılarına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları Şəhid Ailələri ictimai Birliyi tərəfindən verilib.

Qeyd olunub ki, "Hay ver mənə, cənab leytenant" kitabı 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra "Azərbaycan Bayrağı" Ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü baş leytenant Əbu Bəkr Vüqar oğlu İsmayılovun xatirəsinə həsr edilib.     

Mərasimi giriş sözü ilə "AzərKitab"ın İctimaiyyətlə əlaqələr üzrə icraçı direktoru Mədət Məmmədov açaraq Y.Bahadurqızının sözügedən kitabının oxucular, kitabsevərlər arasında uğur qazanmasından vətənpərvərlik mövzusunda daha çox kitabların yazılmasına ehtiyac duyulmasından bəhs edib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları Şəhid ailələri İctimai Birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayev Y.Bahadurqızının vətənpərvərlik mövzusunda yazıları ictimai-siyasi fəaliyyəti ilə fərqlənən ziyalı kimi  Birliyin etimadını qazandığını deyib İctimai Birliyin təsis etdiyi "Vətən naminə" medalını sahibinə təqdim edib.

Şəhid Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova çıxış edərək: - Şəhid cismən vurulanda ölmür, unudulanda, xatırlanmayanda ölür - deyərək, Yaqut Bahadurqızının hər zaman onların ailəsinə mənəvi dəstək olmasından, torpaq uğrunda canından keçənlərə həsr etdiyi ədəbi yazıları ilə şəhidlərimizin ruhunu şad etməsindən danışıb.

Mərasimdə söz alan yazıçı publisist, naşir Qəşəm İsabəyli, yazıçı-publisist Əlisəfa Azayev, "Ulu məkan" qəzetinin redaktoru, şair Əli Vahid Çaylı, Əməkdar jurnalist "Mingəçevir işıqları" qəzetinin redaktoru Fərman Nəbiyev, "Söz" jurnalının redaktoru Sevda Əlibəyli çıxışçılardan Zəminə Cavadlı, İradə Sədyarova, Habil Qasımov və başqaları Yaqut Bahadurqızına fədakar, vətənpərvər qələm sahibi, ziyalı kimi dəyər verdiklərini dilə gətirərək onu "Vətən naminə" medalı ilə təltif olunması münasibəti ilə təbrik ediblər.

ŞAHANƏ

525-ci qəzet  2018.- 20 noyabr.- S.7.