Şəhid şair
Ülvi Bünyadzadə beynəlxalq elmi konfransla anıldı
Dünən Bakı Kitab Mərkəzində "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik - Ülvi Bünyadzadə: Şəxsiyyəti və ədəbi irsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq konfransın əhəmiyyətindən danışıb. Bildirib ki,
dövlətimiz tərəfindən
şəhidlərimizin ruhu
hər zaman hörmətlə anılıb
və yeni fəaliyyətə başlayan
mərkəzdə də
bu səpkidə ilk dəfədir belə bir tədbir keçirilir. "Ülvi
Bünyadzadə qısa
ömür sürməsinə
baxmayaraq, o qədər
iş görüb ki, bir neçə
onilliklərə sığar.
Yaşasaydı, çoxlu əsərləri
ilə həm elmimizə, həm ədəbiyyatımıza töhfələr
verə bilərdi.
Ömür vəfasızdır, tale amansız. Ülvinin də taleyinə
belə bir naxış vurulub ki, o, Vətən uğrunda şəhid olmalı idi. O, gənclərə örnək
ola biləcək
bir ömür yaşadı", - deyə
mərkəzin direktoru
qeyd edib.
Tədbirin aparıcısı, filologiya
elmləri doktoru Almaz Ülvi Binnətova şəhidin keçdiyi mənalı ömür yoluna, yaradıcılığına nəzər
salıb, konfransın
əhəmiyyətini qeyd
edərək deyib:
"Bu il ölkəmizdə
müsəlman Şərqində
ilk parlamentli respublikanın
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illiyi qeyd edilir. Yüz illik bu dövlətin tarixində
çox şəxsiyyətlərin
xüsusi rolu, mübarizəsi, izi olub. Bu müqəddəs
yolda kimisi Qazi, kimisə də Şəhid oldu. Amma milli mübarizlər məqsədlərinə nail olmuşlar
- kimin döyünən
ürəyi sevinmiş,
kimininsə ruhu. Azərbaycan müstəqilliyi, mücadiləsi
yolunda həm mənəvi dünyası,
həm də cismani ömrü ilə adını əbədiyyətə yazmış
bir ad da var - milyonların qəlbində yer almış şəhid-şair
Ülvi Yusif oğlu Bünyadzadə".
İlk yaradıcılıq fəaliyyətinin
poeziya aləmi ilə bağlı olduğunu qeyd edən A.Binnətova bildirib ki, Ülvi
Bünyadzadə uşaq
yaşlarından bu sənətə öz duyğusu, hissi, duyumu ilə meyl edib və
getdikcə həyati müşahidələri, düşüncələri
ilə buna daha da bağlanıb:
"Ülvinin bütün
şeirləri, yazıları
onun xarakteri ilə bir vəhdətdə
birləşir, bu, Vətənə, torpağa
məhəbbət hissi
ilə əlaqədardır.
Ülvi ədəbi yaradıcılığı
üzərində ciddi
çalışıb. Həmin illərin bəhrəsi olaraq bu gün
əlimizdə onun zəngin, rəngarəng və orijinal ədəbi irsi vardır. Ülvinin əsərlərində ana xətt - vətən müqəddəsliyi,
azadlıq duyğusu və qeyrətli vətəndaş oğul
obrazının tərənnümü
əsas yer tutur".
Qeyd edib ki, "Həyat üçün doğulmuşuq,
Vətən üçün
ölməliyik!" - azadlıq
eşqi ilə şeirlər qoşan, Vətən təəssübü
ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20
illik həyatı ilə Azərbaycan tarixində, Azərbaycan ədəbi-mədəni həyatında
silinməz izlər qoyub.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Ü.Bünyadzadənin azadlıq
uğrunda mübarizəsindən,
onun gənclərə
örnək ola biləcək nümunəvi
davranışından, yaradıcı
fəaliyyətindən bəhs
edib.
Ü.Bünyadzadə haqqında xatirələrini
bölüşən bacısı,
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə qeyd edib ki, qardaşı
içindəki həqiqətləri
və gənclik missiyasını üzə
çıxararaq öz
şəxsiyyətinin qurucusu
olub.
Çıxışlarda qeyd edilib ki,
o, bütün zamanların
ən gənc və istedadlı şairi kimi yaddaşlarda qalacaq. O, bəlkə
də xoşbəxtlərdəndir
ki, ölümü ilə ölməzliyə
yol açdı, adını bir millətin tarix salnaməsinə yazdıra
bildi. Onun adı bu gün ən vətənsevər, mübariz
insanların adı ilə birgə, yanaşı çəkilir.
Uyuduğu Şəhidlər
xiyabanı isə təkcə mənsub olduğu xalqın yox, həm də
Azərbaycana üz tutan ən ali qonaqların ziyarət yerinə çevrilib.
Ömrünün 20-ci qışında, 20 Yanvarda bu dünyaya əlvida dedi Ülvi Bünyadzadə. Amma bir xalqın azadlıq dolu sevgisinə qənim kəsilərək Bakıya girən rus əsgərləri neçə-neçə günahsız insanlardan biri kimi ona da rəhm etmədilər, lakin bir yolluq susdura bilmədilər.
Diqqətə çatdırılıb ki, Ülvinin ədəbi irsinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (hər iki əsəri Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisinə, dostlarına yazdığı məktublar və s. yazıları daxildir. Ölümündən 4 ay əvvəl yazdığı "And"ı isə yaşadığı ömrünün məzmunu, qayəsidir.
Sonra tədbir Ülvi Bünyadzadə həyat və yaradıcılığından bəhs edən məruzələrin dinlənilməsi ilə davam edib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 21 noyabr.- S.7.