Təbəssümü
xatırladan yazılar
Şəfa VƏLİ
Bir
fransız filmi var; "8 qadın" ("8 femmes")... Orda
"qadın" adlı varlığın ilahiləşdirilməsi
və şeytaniləşdirilməsi 111 dəqiqə boyunca
tamaşaçını təzadlı duyğuların qoynuna
atır...
Təsadüf
dediyimiz qanunauyğunluq nədirsə, bu filmlə Şahanənin
sevimli "525-ci qəzet"dəki "Rifah istəyi, yoxsa nəfsin
əsarəti..." adlı yazısı sentyabrın əvvəlində
ard-arda gözlərim önündə təzahür etdi.
Şahanə qadın təzadına, hər zaman göz
önündə olsa da, təfəkkürü dumanlandıran
qadın həqiqətinə bir cümlə həsr etmişdi
öz yazısında: "Niyə uzun müddətli
xaqanlığımızı (söhbət 40 min il bundan
öncə başlamış e.ə IV minilliyin sonlarınadək
(təqribən, 37 min il) mövcud olmuş ana
xaqanlığından, matriarxatdan gedir) kişilərə
inanıb həvalə etmişik?" İlahi sualdır, məncə...
Çünki, cavabı sonsuzluqda gizlidir. Heç eynimə də gəlmir ki, Şahanə
öz sualına "məhz güclərindən, qüvvətlərindən,
dözümlülüklərindən dolayı"
cavabını verib. Mənimçün cavab bu gün
üçün sevgidir... Sabahkı gün bu cavab "xəyanət",
"cəza", "sitayiş", hətta daha irəli
gedib "qurban etmək istəyi" də ola bilər...
lll
Uşaqlığım
ən təlatümlü illərin qoynuna atılmış məktub
parçası olub; gah illərin altında qalıb, əzilib,
gah anamın göz yaşıyla islanıb, rəngləri,
yazıları bir-birinə qarışıb, gah da əldən-ələ
gəzərək qırıq-qırıq oxunub... Amma mənim
varlığıma şükür edən az
olub, çox az. Heç kim üzümə məhəbbətlə,
yaxud nəvazişlə baxıb "yaxşı ki
varsan!" deməyib. Şikayət etmirəm, əsla! Bu da bir tale payıdır, qoyulub ovcumuza. Məşhur
deyimdəki kimi, Tanrı məni yaradanda artıq qalan gili
ovcuma qoyub: "Nə istəsən düzəlt!" - deyib. Mən hələ o bir ovuc gillə
oynamaqdayam...
Şahanə isə ürəklə "Yaxşı ki
var gül balalar..." deyir. Yazı "3 ALMA"nın
yeni layihəsi: "Göyərçinim, gəl
görüm" şeirli, şəkilli "əlifba"
kitabı haqqında qeydlərdən ibarətdir. Amma Şahanə özünün uşaqlıq həsrətini
də yazısına hopdura bilib. Elə səmimi etiraf
edir ki: "Uşaqlar üçün nəzərdə
tutulmuş hər şeyi sevirəm, xüsusən də
kitabları". Və bu sevginin, bu incəliyin arxasınca
günümüzün uşaqlarının ruhundakı
boşluqların səbəbini, qaynağını da
hayqırır: "Etiraf etməliyik ki, ölkəmizdə
yaxın illərə qədər uşaq ədəbiyyatı
sahəsində ciddi problemlər var idi. Nəşriyyatlar
belə kitablara maraq göstərmir, yazıçılar isə
nəşriyyatın maraq göstərmədiyi bu sahəyə
çox da enerji sərf etmək istəmirdilər. Buna
görə də uzun müddət bu sahədə böhran
dövrü yaşandı..."
lll
"Tənhalığın simfoniyası" da
Şahanənin "525-ci qəzet"in oxucularına hədiyyə
etdiyi yazılardandır. "Çətinliyə baş
vurmaq" serialının baş qəhrəmanı
haqqında yazılan bu yazıda hamıdan gizlətdiyimiz və
sadiqliyimizə görə bizə heç bir xoş gün vəd
etməyən tənhalığımız var.
Şahanə
yazır: "Hərdən ürküdücü olur tənhalıq.
İnsan özü özünü dinləməkdən
o qədər bezir, o qədər yorulur ki, yanında başqa
bir səs, başqa bir nəfəs istəyir. Həmin an hər şeyini verməyə hazır
olursan bəlkə də. Təki öz
beynimin içərisindən çıxım,
ağzımdan çıxan kəlməni eşidə bilən
biri olsun, o da mənə cavab versin istəyirsən".
lll
Bütün bu narahatlıqların fonunda Şahanə
sevincdən kövrəlməyə də vaxt tapır. Valideynlərinin
50 illik yubileyi ərəfəsində sevdiyim peçenyelərdən
danışır. Yox, siz "Əlli il
deyildi, əllicə gündü..." adlı yazıda
peçenye haqqında bir cümlə də
oxumamısınız, bilirəm. Sadəcə,
mən, yataqxana pilləkənində oturub bir qutu
peçenyeni göylərin hədiyyəsi kimi qəbul edən
gənc ananın yanındaydım bu yazını oxuyanda.
Onun əllərindən peçenye alıb yeyirdim... Və o
peçenye limonlu idi!
lll
"525-ci qəzet"in mən tanıdığım təbəssümüdür
Şahanə Müşfiqin yazıları. Siz heç
bir kitabın ağlamağını, bir jurnalın xatirə
danışdığını, bir qəzetin gülümsədiyini
görməmisiniz ki?! Görməmisinizsə,
özünüzü oxucu saymayın...
"Səhnənin
gülən üzü - Afaq Bəşirqızı",
"Sirli təbiətin yazıçı və rəssam
oğlu Ernest Seton-Tompson", "İtkin səsin möhtəşəmliyi:
Akif İslamzadə" kimi sənədli esselərində
Şahanə özü də gülümsəyir... Bu təbəssümün
yaz gürşadı kimi anidən
şıdırğılanması da var, payız leysanı
kimi qəfildən titrəyəni də...
"İtkin
səsin möhtəşəmliyi: Akif İslamzadə"
adlı sənədli essesində Şahanə yazır:
"Arzu! Bir insan övladının heç zaman bitib tükənmək
bilməyən istəkləri! Əslində, insanı həyata
bağlayan da məhz budur: arzu və ümid. Keçmiş nə
qədər cah-cəlallı, nə qədər rahat, nə qədər
hüzurlu olsa da, insan gələcək istəyir,
çünki gözləntiləri var, arzuları var. O
gözləntiləri, coşğun dağ şəlaləsi
kimi qəlbində aşıb daşan, beynini dumanlandıran,
gözlərini alovlu günəştək parıldadan o
arzuları bircə anın içərisində daha öncə
artıq yaşadığın, gördüyün, nə
olacağını əzbər bildiyin keçmişin
üçün qurban vermək mümkünmü ki?! Verərikmi? Yəqin ki, yox". Mən bu cavabla
razılaşıram!
Amma
"Ruh sən özün deyilmisən, özündən vaz
keçə bilərmi insan?" sualına veriləsi bir
düjün cavabım var...Bu cavabların hər birində məndən
bir parça, keçmişimdən, bu günümdən, gələcəklə
bağlı gözləntilərimdən bir incə ştrix
var... Yox, deməyim, bu cavabları hələ
yazmayım. Qoy, bu da mənim qadın sirrim olsun!
"Səhnə və ekran sənətimizin ulu korifeyi:
Məmmədrza Şeyxzamanov" adlı yazıya kiçik
bir əlavə etmək istəyirəm. Hazırda Gəncədə,
Mərkəzi Univermaq Mağazasının sol tərəfindən
dolanıb keçən küçədə
Şeyxzamanovların (Şeyxzamanlıların) mülkündə
avtomobil yuma məntəqəsi fəaliyyət
göstərir. Bu, bizim tariximiz üçün
acınacaqlı faktdır... Çox istərdim ki,
üstündən insan talelərinin qara yelləri əsən
bu mülk ev muzeyi kimi yaşasın, öz
tarixini elə özü danışsın...
lll
Şahanə "525-ci qəzet"də oxuduğu
kitablar haqqındakı qeydlərini də oxucularla
bölüşür. Beləcə, mənim kimi kitabsevərlərə
zövqlü oxu saatlarından əlavə düşünmək
üçün də zaman tanıyır. Məsələn, mən hələ İlqar Kamilin
"Yerlə göy arasında" romanını
oxumamışam. Amma Şahanənin "Yerlə Göy
arasında qalanların romanı" adlı
yazısını oxuduqca bu roman haqqında düşünə
bildim... Bu, Şahanənin öz publisist qələmiylə
oxucuya təsir etmək bacarığıdır.
"Mustafa Məsturun romana çevrilmiş
pıçıltıları" adlı yazısında isə
Şahanə özü də əsərlərini
oxumadığı bir müəlliflə söhbətin
avantaj olduğunu qeyd edir. Çünki bu məqam
yazıçı-oxucu münasibətlərində tamam
başqa əhval yaradır. Tanıdığın bir
adamın yazılarını daha rahatlıqla həzm edə
bilirsən...
"Ağrılı mətləblərin uğurlu bədii
ifadəsi" adlı yazısında Şahanə
yazıçı Aqşin Babayevin yeni hekayələrindən
danışır. Qeyd edir ki, "Çağdaş ədəbiyyatımızın
problemlərindən biri də uzunçuluqdur". Nə yalan deyim, Şahanənin bu iradından
özümə də pay götürdüm. Və çoxdandır yazdığım nəsr əsərlərini
gizlətməyimə daha bir haqlı səbəb tapdım.
Məni qane etməyən bir əsəri oxucuya sırımaq
kimi niyyətim yoxdur...
Şahanə isə Aqşin Babayevin
"Ağrı" və "Divardakı portret" hekayələrində
"geniş təsvirçilik, tez-tez mövzudan yayınmaq,
haşiyəyə çıxmaq" kimi lazımsız
nüansların olmamasını qeyd edir. Və oxucu
üçün hekayələrin qısa anonsunu da verir.
Bir də
Şahanənin "Məmməd Araz
yaradıcılığının rənglər
dünyasındakı əksi" adlı yazısı var.
"Qoçaq qız" deyə xitab etdiyim Şahanə
Müşfiq rəssam Kirman Abdinin "Məmməd Araz qrafik
albomu"ndan elə qəribə maraqla söz açır
ki... Əslində, bu maraq özü də məni
sevindirdi. Hardasa özümlə,
üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyi ilə
qürur duydum. Axı bu Birliyin həyata keçirdiyi
"Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik"
layihəsinin yekunlarına dair nəşr olunan "Səs...
Söz... Rəng" adlı toplunun tərtibçilərindən
biri də mən idim... Və səsin sözə,
sözün də rəngə çevrildiyinin şahidi
olmuşdum.
Şahanə
isə məhz bu yazısında Məmməd Araz
poeziyasının rənglərdəki təzühürünü
"oxşayır", "sevir": "Hazırda
qarşımda olan və günlərdir vərəqlədiyim
"Məmməd Araz qrafik albomu" da bir rəssamın
şairin poeziyasına və şəxsiyyətinə sonsuz
sevgisinin təcəssümüdür. Azərbaycan Rəssamlar
İttifaqının, Azərbaycan Jurnalistlər və Azərbaycan
Karikaturaçı Rəssamlar Birliklərinin üzvü
Kirman Abdinin bədii təxəyyülünün və
yüksək sənətkarlığının əksi olan
tabloların hər birində başqa, tamamilə yeni Məmməd
Araz "doğulur" sanki".
lll
İllər
əvvəl televiziyada redaktor işləyəndə Norma Cinlə
- Merilin Monro ilə tanış
olmuşdum. O gündən bu qadın haqqında qeyri-adi
düşüncələrim vardı. Gah ən çətin
zamanda düşünürdüm: "Norma Cin olsaydı, bu
çətinliyin üzünə necə gülərdi?"
Gah da özüm gülürdüm...
Gülüşümün onun gülüşünə
oxşamadığını bilə-bilə...
Bu gün Şahanə Merilindən - Norma Cindən
"gözəllik ikonu" deyə bəhs edir. Haqsız da
deyil. Axı, o, doğrudan da, gözəlliyin çox
şeyə bədəl olduğunu sübut edən bir həyat
yaşayıb...
Bütün
zamanların seks-simvolu, azad sevginin etalonu sayılır Norma
Cin... Amma o, qadınları nikah masasına oturdacaq bir cümlə
də miras qoyub dünyada: "Özünün də dediyi
kimi, karyera mükəmməl bir şeydir, amma siz soyuq
qış gecələrində karyeranızı qucaqlayıb
yata bilməzsiniz".
Mənsə...
Etiraf edim ki, bir zamanlar Norma Cinin ən çox bu sözlərini
sevirdim: "Həyatın əsl üzü xəyallarınızdan
fərqlidir. Uzun müddətdən bəri ilk dəfə
tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt
olmaqdan daha yaxşı görünür gözümə".
İndi isə Edit Piafın sözlərini sevirəm, artıq bədbəxtliklərin gözünə arzu adlı kül üfürə bilirəm... O "Sərçəcik" deyirdi ki: "Ən böyük arzular heç vaxt gerçək olmur".
Yaxşısı budur, daha susum. Səhər
açılır...
525-ci qəzet 2018.- 21 noyabr.- S.7.