Cövdət Hacıyev
adına musiqi məktəbi beynəlxalq
yarışmaya qatıldı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli on bir illik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci "Florida keys" beynəlxalq musiqi yarışmasında ölkəmizi təmsil edib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqədə məktəbin vokal ixtisası üzrə onuncu sinif şagirdi
Məhəmməd Məmmədov
və "Renesans"
xoru öz nominasiyaları üzrə
birinci yerə layiq görülüblər. Müsabiqənin qala - konsertində M.Məmmədov Azərbaycanı
layiqincə təmsil edib. Qaliblərə pul mükafatları,
Azərbaycan kəlağayıları
və milli suvenirlər hədiyyə
edilib, müsabiqənin
laureatları isə Vyana şəhərində
ustad dərslərində
və "Mozart's House"da
konsertdə iştirak
etmək imkanı əldə ediblər.
Müsabiqənin təşkilatçısı, bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun dəstəyi ilə reallaşıb.
Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur "Carnegie Hall"un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Qeyd edək ki, müsabiqəyə bu ilin əvvəlində start verilib, musiqiçilər iştirak üçün öz çıxışlarını onlayn təqdim ediblər. Ümumilikdə müsabiqəyə 15 ölkədən və ABŞ-ın 5 ştatından 70-ə yaxın iştirakçı qatılıb. Onlardan 5-23 yaş arası iştirakçılar forte-piano və simli alətlər, 5-32 yaşarası iştirakçılar isə ansambl və vokal nominasiyaları üzrə yarışıblar.
ŞAHANƏ
525-ci qəzet 2018.- 21 noyabr .- S.7.