Əməkdar artist İdris
Mehdiyev yad edildi
Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar
artist, vokal sənətinin
görkəmli nümayəndəsi
İdris Mehdiyevin yaradıcılığına həsr
olunmuş xatirə gecəsi keçirilib.
Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət"
kanalının birgə
layihəsi çərçivəsində
təşkil edilən
tədbirdə ölməz
sənətkarın həyat
və yaradıcılığı
haqqında videoçarx
nümayiş olunub.
Tədbirdə "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov, Xalq artisti Ağa
Cəbrayıl Abasəliyev,
Əməkdar incəsənət
xadimi Ruhəngiz Qasımova çıxış
edərək ölməz
sənətkarın ömür
yolundan, zəngin yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, görkəmli vokal ifaçısı öz bənzərsiz mahnıları ilə musiqi mədəniyyəti
tariximizdə özünəməxsus
yer tutur. O, Radio və
Televiziyanın Estrada-Simfonik
Orkestrinin müşayiəti
ilə Rauf Hacıyevin "Sevgilim",
"Bakı haqqında
mahnı", Tofiq Quliyevin "Sənə də qalmaz", "Qızıl üzük",
Səid Rüstəmovun
"Qurban adına",
"Alagöz", "Sumqayıt",
Cahangir Cahangirovun
"Ana", "Qarabağ", Əziz Əzizlinin "Kənd yolunda", Qənbər Hüseynli və digər Azərbaycan bəstəkarlarının
bir sıra vokal əsərlərinin təkraredilməz ifaçısı
olub. Onun repertuarında Fikrət
Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov və digər korifey sənətkarların əsərləri
də mühüm yer tutub.
Diqqətə çatdırılıb ki, ansambldakı xidmətlərinə görə
İdris Mehdiyev 1978-ci
ildə "Azərbaycan
SSR Əməkdar artisti"
fəxri adına
layiq görülüb.
Xatirə
gecəsində Gülarə
Əliyeva adına
Azərbaycan Dövlət
Televiziyasının "Dan ulduzu" instrumental ansamblı,
Vaqif Mustafazadə adına "Sevil" vokal kvarteti və Ramiz Mustafayev
adına xorun müşayiəti ilə
respublikanın tanınmış
ifaçıları İdris
Mehdiyevin vaxtilə oxuduğu mahnıları səsləndiriblər.
Sonda sənətkarın
həyat yoldaşı
Məhəbbət Mehdiyeva
tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 21 noyabr .- S.7.