Milli ədliyyə sistemi və müasir çağırışlar

2018-ci il ölkəmiz üçün bir sıra mühüm hadisələrlə, ən başlıcası isə milli dövlətçiliyimizin 100 illik tarixinin qeyd olunması ilə yadda qaldı.

Şübhəsiz ki, milli dövlətçilikdən danışarkən ədliyyə sistemini nəzərdən qaçırmaq olmaz. Milli ədliyyə sistemininin tarixi dövlətçiliyimizin siyasi həyata qədəm qoyduğu gündən başlanır. Ədliyyə sisteminin yaradılmasını hüquqi dövlətçiliyin təməli hesab edən Cümhuriyyət qurucuları dövrünə görə əhəmiyyətli addım ataraq Ədliyyə Nazirliyinin yaradılmasına nail olmuş, 22 noyabr 1918-ci ildə nazirliyin əsasnaməsi qəbul edilmiş, dövrün gərgin siyasi vəziyyətinə baxmayaraq, ədliyyə sisteminin yaradılması istiqamətində inamlı addımlar atılmış, ədliyyə idarələri, məhkəmələr təsis edilmiş, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq kadr potensialını formalaşdırmaq üçün qısamüddətli kurslar təşkil olunmuşdu. İnsan hüquqlarının ən yüksək səviyyədə təmin olunduğu 23 aylıq müstəqillik dövründə qarşıya çıxan bütün hüquqi məsələlər ədliyyə müstəvisində öz həllini tapmışdı.

Lakin məşum aprel işğalı bütün bu işləri yarımçıq qoymuş, İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmışdı. 1930-33-cü illər komissarlığın ləğv edilərək səlahiyyətlərinin müxtəlif qurumlar arasında bölüşdürülməsi, sonra yenidən ayrıca qurum kimi yaradılması ilə müşayiət olundu. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının səlahiyyətləri məhdudlaşdırıldı, nəticədə, onun əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməklə məhdudlaşdırıldı. 1959-cu ildə yeni ədliyyə islahatı həyata keçirilərək funksiyalarının bəziləri Ali Məhkəməyə həvalə olundu, Ədliyyə Komissarlığının səlahiyyətləri bir sıra dövlət orqanları arasında bölündü. Sovet Azərbaycanı dövründə ədliyyə sistemi üzərində aparılmış bu lüzumsuz islahatlar heç şübhəsiz, ədliyyə sahəsinin nüfuzdan düşməsinə, dövrün tələbinə uyğun olaraq onun siyasi rejimin cəza alətinə çevrilməsinə gətirib çıxardı, ədliyyə orqanlarından repressiya vasitəsi kimi istifadə edilməsi onu siyasiləşmiş dövlət orqanına çevrilməsi ilə nəticələndi.

Bu prosesə 1969-cu ilin iyulunda Ümummilli lider Heydər Əliyevin partiya rəhbərliyinə gətirilməsi ilə son qoyuldu, onun təşəbbüsü ilə qısa vaxtda ədliyyə sistemi yenidən formalaşdırıldı. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1970-ci il oktyabrın 27-də Ədliyyə Nazirliyi təsis olundu, onun məhkəmə orqanlarına təşkilati rəhbərliyi təmin edildi, əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsi dövrün şərtləri prizmasında daha da yaxşılaşdırıldı, həyata keçirilmiş tədbirlər ədliyyə fəaliyyətinin inkişafı üçün zəmin yaratdı.

Ümummilli lider xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra ədliyyə sisteminin daha da gücləndirilməsini xüsusi diqqətdə saxlayaraq köklü islahatlar həyata keçirərək nazirliyin müasir dövrün tələblərinə uyğun fəaliyyətini təmin etdi. Bu gün milli ədliyyə sistemi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması, notariat fəaliyyəti, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət reyestri, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri, Azərbaycan Respublikası əhalisinin dövlət reyestri, qanunvericiliyə uyğun müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatı, məhkəmə qərarlarının icrası, penitensiar müəssisələrin fəaliyyətinin təşkili və nəzarəti, bələdiyyələrin işinin təşkilinə kömək və onlara metodoloji yardımların  göstərilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqların aparılması kimi çoxsaylı funksiyaları yüksək peşəkarlıqla həyata keçirir. Bundan əlavə, Nazirlik hüquqi dövlət quruculuğunun təməli olan hüquqi maarifləndirmə işini həyata keçirir, hüquq sahələrinə dair elmi tədqiqat işlərini reallaşdırır, məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir, hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilinə təminat yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində son illər ədliyyə sistemi daha da inkişaf edir. Bu illər ərzində ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi və demokratik təsisatların möhkəmləndirilməsi paralel olaraq ədliyyə sisteminin daha da inkişafına, onun beynəlxalq standartlara uyğun qurulmasına da rəvac verirdi. Hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək qarşıya yeni və məsul vəzifələr qoyur.

Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Dövrün tələbinə uyğun olaraq vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, hüquqi-fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək dövlət siyasətinin başlıca istiqamətinə çevrilib.

Ədliyyə sistemin müasir dünya tələblərinə cavab verməsi, xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə 2006-cı ildən başlayaraq çoxsaylı qərarlar imzalanıb, zəruri addımlar atılıb. Dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilib, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub və "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi fərman imzalanıb. Prezidentin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" uğurla həyata keçirilib. Dövlət proqramının icrası ilə yanaşı, məhkəmə hakimiyyətinin müasirləşdirilməsi istiqamətində ölkə başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb, vətəndaşların məhkəmələrə müraciət imkanlarının artırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə regionlarda apellyasiya və inzibati-iqtisad məhkəmələri təşkil olunub, "2006-2011-ci illərdə insan hüquqlarının müdafiəsinə dair milli fəaliyyət proqramı"na əsasən, Ədliyyə Nazirliyi tərkibində İnsan hüquqları üzrə şöbə, sonra nazirliyin yeni Əsasnaməsinə uyğun olaraq İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb. Ümumiyyətlə, son illər nazirliyin strukturunda dövrün tələblərinə uyğun olaraq normativ hüquqi aktların hüquqi ekspertizalarının yaxşılaşdırılması və layihələrinin hazırlanması işinin təkmilləşdirilməsi məqsədi Qanunvericilik baş idarəsi, dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fiziki və hüquqi şəxslərə göstərilən notariat xidmətinin səmərəliliyinin artırılması məqsədi ilə Qeydiyyat və notariat baş idarəsi, ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədi ilə Ədliyyə Akademiyası, yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədi ilə regional ədliyyə şöbələri, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədi ilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri və digər müvafiq strukturlar yaradılıb.

Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mühüm sahələrdən biri də məhkəmə ekspertizalarının aparılmasıdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədi ilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin üzvlüyünə qəbul edilib. Ekspert araşdırmalarının operativliyinin təmin edilməsi məqsədi ilə Ekspertiza Mərkəzinin Naxçıvan, Gəncə, Şirvan və Şəkidə filialları yaradılıb.

Elektron hökumət təsisatlarının yaradılması istiqamətində də nazirlik mühüm addımlar atıb, dövlət qeydiyyatına alınmış təşkilatlar üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi qurulub. Vətəndaşların ədliyyə orqanlarına müraciətlərini asanlaşdırmaq məqsədi ilə "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurularaq, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilib. Vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən, elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilib, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayı 22-ə çatıb. 2017-2018-ci il ərzində nazirliyin elektron xidmətlərindən istifadələrin sayı 1 milyonu ötüb. Dünya miqyasında Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində insanlara yüksək keyfiyyətli xidmətlər göstərilməsində ədliyyə orqanları da aktiv iştirak edir. 8 milyondan artıq insanın faydalandığı "ASAN xidmət" çərçivəsində 2 milyona yaxın əməliyyat məhz ədliyyə işçiləri tərəfindən həyata keçirilib. Nazirliyin Qeydiyyat və notariat baş idarəsi tərəfindən 2018-ci ilin 11 ayı ərzində   3,607,669 notariat hərəkətləri həyata keçirilib, 6,457,944 elektron xidmətlər göstərilib, 122,179 doğum qeydiyyatı aparılıb.

Beynəlxalq təşkilatların rəylərinə əsasən, aparılan bu genişmiqyaslı islahatlar ölkənin hüquqi təsisatlarının möhkəmləndirilməsində ədliyyə orqanlarının rolunun artmasına, ədliyyə orqanlarında avtomatlaşdırılmış informasiya sisteminin və məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqinə, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində aşkarlığın artmasına, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişlənməsinə, hakimlərin, ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlıq səviyyəsinin artmasına, kadr potensialının güclənməsinə gətirib çıxarıb.

Nazirlik çərçivəsində aparılan bu genişmiqyaslı işlər Qubadlı rayonu üzrə də uğurla həyata keçirilir. İşğal faktına görə, Qubadlı rayon qeydiyyat şöbəsi 23 noyabr 1993-cü ildən etibarən öz fəaliyyətini müvəqqəti olaraq Sumqayıt şəhəri 29-cu məhəllə, N.Nərimanov küçəsi, ev 7 ünvanında davam etdirir. Burada vətəndaşların qəbulu qanuna uyğun şəklidə, ən yüksək səviyyədə təşkil olunur, müraciətlər dinlənilir və icrası təmin edilir. Şöbə tərəfindən 2017-ci ildə 479 ilkin qeydiyyat aparılıb ki, bunlardan 187-i doğum, 54-ü nigah, 69 nigahın pozulması, 142 ölümdür. 2018-ci ilin üçüncü rübü ərzində isə 292 ilkin qeydiyyat aparılıb. Bunların 114-ü doğum, 20-i nigah, 42-i nigahın pozulması, 95-i ölümdür. Şöbə tərəfindən daim xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir, vətəndaşların razı qalması üçün ən zəruri addımlar atılır.

İnanırıq ki, dövlət səviyyəsində inamla aparılan və ədliyyə sisteminin sürətli inkişafını təmin edən islahatlar yaxın gələcəkdə də davam etdiriləcək, milli ədliyyəmiz bundan sonra da vətəndaş cəmiyyəti quruculuğunun əsas stimulverici mexanizmlərindən biri kimi fəaliyyət göstərəcək.

Afət ABDULLAYEVA

Qubadlı rayon Qeydiyyat şöbəsinin rəisi

525-ci qəzet 2018.- 21 noyabr .- S.5.