Paytaxtdakı təhsil
situasiyasını nizamlaya biləcək müasir təhsil
modeli-bilinqval təlim
Telman CƏFƏROV (VƏLİXANLI)
Filologiya üzrə elmlər doktoru,
professor, Əməkdar müəllim, Bakı Slavyan
Universitetinin tədris işləri üzrə prorektoru
Cari tədris ilinin başlanğıcında aydın
oldu ki, paytaxtımızda təlim rus dilində aparılan məktəblərə
və siniflərə şagird qəbulu artan dinamika ilə
davam etməkdədir.
Həyata keçirilən tədbirlərə və
ictimaiyyət nümayəndələrinin
çıxışlarına rəğmən vəziyyət
dəyişmir. Hazırlıq siniflərinə və
uşaq bağçalarına builki qəbul da göstərir
ki, növbəti illərdə də paytaxt məktəblərində
rus bölməsinə qəbul azalmayacaq. Bu isə, mənəvi
tərəfi bir yana, həm də tədris
Azərbaycan dilində aparılan məktəblərin
nüfuzuna və siniflərdə dərs yükünə mənfi
təsir edə bilər. Mediada və sosial şəbəkələrdə
bu barədə müzakirələr səngimək bilmir.
Kadr məsələsinə gəlincə, bu gün təlim
rus dilində aparılan ibtidai siniflərdə müəllim
çatışmazlığı nəzərəçarpacaq
dərəcədə hiss olunursa, 2-3 ildən sonra bu, orta və
yuxarı siniflərdə fənn müəllimlərinin
çatışmazlığında özünü göstərəcək.
Rus bölməsində işləyən fənn
müəllimləri hazırda normadan artıq yükləniblər.
Rəsmi statistikaya görə, respub-likamızda
Azərbaycan və rus dilində təlim aparılan məktəblərin
sayı 342, təlimi yalnız rus dilində həyata
keçirən orta təhsil müəssisələrinin
sayı isə 16-dır. Göstərilən
tendensiya, respublika məktəblərinin rus bölmələrində
tədrisin keyfiyyətinin və rus dilində təlimin
nüfuzunun aşağa düşməsinə səbəb
olursa, bu, məzunların müvafiq bilik, bacarıq və
kompetensiyalar əldə etmələrinə, əmək
bazarlarında layiqli yer tutmalarına, eyni zamanda,
respublikamızda rusdilli təhsilin ənənələrinin
qorunmasına imkan verəcəkmi? Digər
tərəfdən, biz respublikanın gələcək müqəddəratını
həll edəcək böyük bir qism
övladlarımızı dövlət dilində, ana dilində
savadlı danışıb-yazma və ünsiyyət-qurma
imkanından məhrum etmirikmi?
Vəziyyətdən çıxış kimi biz Azərbaycan
məktəblərində rus bölməsi
adlandırdığımız siniflərdə bilinqval təhsil
modelinin tətbiqini təklif edirik. Təbii ki, bu modelin tətbiqinin
uşaq bağçaları və məktəblərin
hazırlıq siniflərindən başlanması məqsədə-uyğundur. Bu təhsil modelinin paytaxtın məktəbəqədər
və orta ümumtəhsil müəssisələrində
reallaşması dövlət dilində təhsil
imkanlarını geniş-ləndirməklə yanaşı,
şagirdlərin milli-mənəvi dəyərlərə yiyələnmələrinə,
vətən-pərvərlik ruhunda tərbiyə olunmasına
imkan verər. Bilinqval təhsil modeli ana
(dövlət) dilində və xarici dildə (rus və sair) fənlərin
paritet gözlənilməklə paralel tədrisini
mümkün edir. Bu zaman xüsusən
ibtidai sinif pilləsində rus dilində tədris
üstünlük təşkil edir. Ümumi
orta təhsilin müxtəlif mərhələlərində
ana dili və ədəbiyyat, tarix, coğrafiya, musiqi, həyati
biliklər və mədəniyyət üzrə fənn və
kurslar ana dilində tədris olunduqca orta siniflərdə tam
bilinqval təlim mühiti təmin olunur. Şagirdlərin
ingilis dili üzrə dil-danışıq bacarıqları və
orta təhsil müəssisəsinin kadr potensialı imkan
verdikcə isə yuxarı siniflərdə üç dildə
(Azərbaycan, rus, ingilis) multilinqval tədris modeli tətbiq
edilir. Bununla yanaşı, yuxarı siniflərdə
tədrisin tam olaraq ingilis dilində ararılması
üçün eksperimental məktəb və siniflərin
seçilməsinə də şərait yaranır.
İstənilən cəmiyyətin inkişaf səviyyəsi
burada tətbiq olunan təhsil modeli və onun sə-viyyəsi
ilə ölçülür. Qloballaşma prosesləri
gücləndikcə, cəmiyyətlərdə multikultural və
tolerant mühit formalaşdıqca, dünyanın sivil
xalqları, qabaqcıl mədəniyyətləri yeni,
mövcud sosial-ictimai və siyasi duruma uyğun təhsil
modelinin tətbiqi barədə düşünürlər.
Son bir neçə il ərzində Azərbaycan
cəmiyyətində tolerant və multikultural mühitin
mövcudluğu, bu mühitin unikallığı barədə
istər ölkədə, istərsə də xaricdə
müsbət rəy formalaşıb. Bu,
pespublikamızın ərazisində, tarixi
torpaqlarımızda əsrlərin sınağından
çıxmış birgəyaşayış mədəniy-yətinin
bu gün də mövcudluğunu sübut etməklə
yanaşı, həm də yeni nəsillərin bu ruhda tərbiyə
olunması, ən əsası isə bu konteksdə milli-mənəvi
dəyərlərin, ruh və mentalitetin qorunması məsələsini
aktuallaşdırır. Bu mənada məktəb
və universitetlərdə, xüsusən də ümumtəhsil
müəssisələrində təhsilin məzmun və
standartları mühüm əhəmiyyət kəsb edir.
Uzun müzakirələrdən sonra 18 iyul 2018-ci il tarixdə
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş
"Azərbaycan Respublikasında ömürboyu təhsil
üzrə Milli Kvalifikasiya Çərçivəsi"ndə
səkkiz təhsil səviyyəsi üzrə müəyyən
edilmiş konkret kompetensiyalar da buna sübutdur.
Fikrimizcə,
ölkədə yaranmış təhsil situasiyasına (təlim
Azərbaycan dilində aparılan məktəb və siniflərlə
yanaşı, rus, ingilis və sair əcnəbi dillərdə
təlimin təşkili nəzərdə tutulur) uyğun
olaraq çevik şəkildə təxirə salınmadan 1)
məktəbəqədər təhsilin məzmun və
standartlarına yenidən baxılması, müəyyən
olunmuş kurslar və maraqlar üzrə kurikulumların (tədris
proqramlarının), tədris vəsaitlərinin
hazır-lanması; 2) orta təhsili əcnəbi dillərdən
birində alması nəzərdə tutulan uşaqlara dövlət
dilinin mənimsədilməsi, məhz məktəbəqədərki
təhsil dövründə onlara ana dili üzrə müvafiq
nitq vərdişlərinin aşılanması
üçün xüsusi tədris proqramının işlənilməsi;
3) uşaqların yaş psixolo-giyasının xüsusiyyətlərindən,
müasir linqvodidaktikanın gəldiyi nəticələrdən,
ana və əcnəbi dillər üzrə
dil-danışıq vərdiş və
bacarıqlarının 7 yaşadək dövrdə və 8-12
yaş arasında daha intensiv mənimsənilməsinin
mümkünlüyündən çıxış edərək,
məktəbəqədər təlim-tərbiyənin və
ibtidai təhsilin dillərin, məntiqi təfəkkürün
və həyati biliklərin inkişafı yönümlü
olması üçün I-IV siniflərdə tədris
planlarının, təhsil standartlarının, fənn
kurikulumlarının, dərsliklərin yenidən nəzərdən
keçirilməsi; 4) 5-6-cı siniflərdə texniki və təbiət
fənlərinə ayrılmış saatların
azaldılması hesabına xarici dillərin tədrisi üzrə
saatların artırılması; 5) hazırda təlim rus
dilində aparılan siniflərdə bilinqval təhsil modelinin
tətbiqi və bu zaman dövlət dilində və rus dilində
fənlərin yanaşı tədrisinə tədricən
keçməklə 8-9-cu siniflərdə tam paritetə (rus və
Azərbaycan dillərində paralel tədrisə) nail
olunması və bu zaman ana
(dövlət) dilində təlimin ana dili və ədəbiyyat,
Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, musiqi və
s. fənlərini əhatə etməsi; 6) 7-9-cu siniflərdə
tədrisin təmayüllər üzrə aparılması məqsədilə
dərs saatlarının maraqlar əsasında
bölüş-dürülməsi və göstərilən
siniflərdə xarici dilin 3 saat həcmində verilməsi; 7)
təmayül və profil üzrə fənlərin dərindən
mənimsədilməsi üçün 10-11-ci siniflərdə
həftəlik dərs yükünün 26-28 saatadək
azaldılması, yuxarı sinif şagirdlərinin sərbəst,
yaradıcı və layıhəyönümlü fəaliyyətinin
dəstəklənməsi; 8) bəzi
ölkələrin təcrübəsindən
çıxış edərək, geniş eksperiment şəklində
tam orta təhsil pilləsində (10-11-ci siniflərdə) tədrisin
yalnız ingilis dilində təşkili və sair kimi məsələlərin
həlli bu gün təhsil sistemimizin qarşısında
durur. Bu isə respublikamızda təkcə bilinqval yox, həm
də eksperiment şəklində multilinqval tədris modelinin
tətbiqinin mümkünlüyünü gündəmə gətirir...
Burada bir haşiyəyə çıxmağa ehtiyac
duyuruq. Qloballaşma dövründə bilinqval və
multilinqval təhsil modellərinin
qaçılmazlığı qabaqcıl təhsil sistemlərinə
malik ölkələr üçün artıq normaya
çevril-məkdədir. Amerikada Kanadanın, Avropada
Almaniya və Finlandiyanın, Asiyada Sinqapur və
Malayziyanın, MDB-də Qazaxstanın bu sahədə təcrübəsi
maraqla qarşılanır...
Qabaqcıl
cəmiyyətlər onilliklər və yüzilliklər boyu mədəniyyətlərarası
dialoq, Şərq-Qərb əməkdaşlığı,
müqayisəli dilçilik və ədəbiyyatşünaslıq,
fərqli və oxşar mədəniyyətlərdə
tipoloji və ideya-mövzu yaxınlığı, tədrisdə
etnomədəni təhsil komponenti kimi məsələləri
təkcə elmi müstəvidə nəzərdən
keçirmir, həm də onların tətbiqinə nail olmaqla
ciddi nəticələr əldə etməkdədirlər.
Ölkəmizdə də bilinqval və multilinqval təlimə
keçidin kifayət qədər güclü elmi-nəzəri
bazası var. Birincisi, yuxarıda qeyd etdiyimiz etnik zənginlik,
tolerant və multikultural mühit, ikincisi, respublikamızın
malik olduğu geosiyasi mövqe, iqtisadi potensial, siyasi iradə,
üçüncüsü, bu gün Avrasiya arealı və
türk dünyasında gündəmə gətirilən
avrasiyaçılıq görüşlərinin
kökündə duran mədəni dominant ideyasına cavab verən
milli-mənəvi dəyərlərimizin, ədəbi-tarixi
abidələrimizin mövcudluğu, dördüncüsü,
yuxarıda sadaladığımız elmi-nəzəri aspektlərin
postsovet Azərbaycan elminin, filoloji, kulturoloji və fəlsəfi
təfəkkürünün diqqət mərkəzində
olması. Ən başlıca cəhət ondadır ki, eyni məktəblərimizdə
təlimin Azərbaycan və rus dilində
aparılmasının böyük təcrübəsi var. Bu təcrübəni
məktəb miqyasından sinif miqyasına endirmək, yaş
xüsusiyyətlərini, dilmənimsəmə
standartlarının tələblərini nəzərə
almaqla tədris planlarını qurmaq, müvafiq tədris
resursları bazası yaratmaq lazımdır. Bu
işi məhz təlim rus dilində təşkil olunan siniflərdə
aparmaq olduqca asandır. Belə ki, Azərbaycan və rus
dillərinin, ədəbiyyatlarının,
xalq-larımızın tarix, mədəniyyət,
iqtisadiyyatının, fəlsəfi fikir tarixinin və s.
müqayisəli təhlili və bir-birinə təsiri uzun
onilliklərdir ki, həyata keçirilir. Türk-slavyan
birgəyaşayışının, Azərbaycan-rus əlaqələrinin
dərin kökləri və gözəl nümunələri
var. Bütün bunları əks etdirən ədəbi-tarixi
abidələri, canlı nitq və ünsiyyət nümunələrini,
praktikasını məktəb-lərimizə gətirmək
asan və vacibdir.
Bu gün
K.Yaspersin, A. Toynbinin, O.Şpenqlerin, M.Buberin, M.Baxtinin,
V.Biblerin, M.Dostoyevskinin, L.N.Tolstoyun, N.Danilevskinin, N.Berdyayevin,
N.Rerixin, E.Meylerin, L.Qumilyovun, Y.Lotmanın və onlarla digər
tanınmış zəka sahiblərinin mədəniy-yətlərarası
dialoqla bağlı nəzəri görüş-lərini əks
etdirən kitab və məqalələr Azər-baycan oxucusuna
yaxşı məlumdur. Müstəqillik illərində bir
sıra universitetlərimizin və AMEA institutlarının bu
mövzuda təşkil etdikləri konfrans, simpozium, forumlar ənənə
halını alıb, nüfuzlu elmi dərgilər və məcmuələr
çap edilir, göstərilən elmi-nəzəri istiqamətdə
elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir...
Məşhur filosof və filoloq Mixail Baxtinin "iki mədəniyyətin
dialoqu prosesində onlar bir-birinə qovuşmur, bir-birinin
içində ərimirlər, hər biri öz
bütövlüyünü və aşkar
tamlığını qorumaqla yanaşı, həm də
qarşılıqlı surətdə zənginləşirlər"
tezisi, digər bir rus müəllifi L.Luzinanın "Digərinin
mədəniyyətini qəbul etmək, öz yanında onun
mövcudluğuna dözmək xüsusiyyəti yalnız
dialoji təfəkkürə, özgəsi ilə özü
ilə, öz düşüncəsi ilə ünsiyyətdə
olduğu kimi ünsiyyət qurmaq qabiliyyətinə malik xalqa
mənsubdur... Digər "məni" öz
içində görmək. O "mənsiz", kənar
mədəniyyətlə dialoq qurmadan mən öz
unikallığımı duymaq iqtidarında deyiləm"
fikri hazırkı şəraitdə mədəni dialoqun
aktuallığını gündəmə gətirib. Mədəniyyətlərin
paralel aşılanması, paralel dərki prosesi barədə
Vladimir Biblerin aşağıdakı tezisi problemin təhsil
müstəvisində nə qədər maraqlı və cazibədar
görünməsi haqda dolğun təsəvvür
formalaşdırır: "Mədəniyyətlərin dialoqu
ideyası "neytral meydança" deyilən bir məkanı
nəzərdə tutur; bu məkanda dünya mədəniyyətlərinin
səsləşməsi baş verir". Deməli,
bilinqval və ya poli (multi)linqval təhsil həm də daha
çox mədəniyyət və sivilizasiya ilə
tanışlığa şərait yaradır. Bu mənada əksər tədqiqatçılar
YUNESKO-nun mədəniyyət sahəsində siyasətini bəyan
edən Mexiko deklarasiyasına da tez-tez istinad edirlər.
Deklarasiyanın bəndlərindən birində deyilir:
"Heç bir mədəniyyət mücərrəd şəkildə
universallıq hüququ qazana bilməz, universallıq
bütün dünya xalqlarının təcrübəsindən
hasil olan keyfiyyətdir. Onlardan hər biri
özünəməxsusluğunu təsdiq edir. Mədəniyyətin orijinallığı və mədəni
müxtəliflik bir-birilə qırılmaz vəhdətdədirlər".
Və ən nəhayət, biz artıq
özünü təsdiq etmiş, müstəqillik
dövrünə dair bütün görüşlərimizə
və fəaliyyətlərimizə ciddi sirayət etmiş və
hopmuş ideoloji platformaya - Azərbaycanşünaslıq
ideologiyasına malikik. Avropa və dünyaya sıx
inteqrasiya etməkdə olan, eyni zamanda, milli kimliyini və
mentalitetini qorumağa, onun özünəməxsusluğunu elə
həmən məkanlarda sübut etməyə
çalışan ölkəmizdə milli-mədəni
inkişaf dünya fəlsəfi təfəkkürünə,
Azərbaycan və türk fəlsəfi və ədəbi
düşüncə təcrübəsinə əsaslanır.
Bu cəhətdən Mirzə Fətəli Axundzadə, Əhməd
Bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə, Əhməd
Cəfəroğlu, Hüseyn Cavid, Heydər Hüseynov,
Şıxəli Qurbanov, Cavad Heyət və onlarla digər
fikir örnək-lərimiz var. Ən müasir tariximizdə azərbaycançılıq
ideyalarını, azərbay-canşünaslığı
gündəmə gətirən və aktuallaşdıran
Ümummilli Lider Heydər Əliyev irsi mövcuddur. Dünya əhəmiyyətli
milli-mənəvi dəyərlərimizi YUNESKO xətti ilə
tanıtmış və kifayət qədər təbliğ
etmişik, yenilənmiş milli ensiklopediyamız var, türk
respublikaları içərisində birinci olaraq latın
qrafikasına keçməklə sovet dövründə
yazılanları da saf-çürük edib bütün
dünya ədəbiyyatını, milli ədəbiyyatımızı,
ən vacib elmi, elmi-kütləvi mənbələri, lüğət
və ensiklopediyaları dilimizə çevirmişik. Kütləvi kitabxanalarımızı, təhsil
müəssisə-lərimizin kitabxanalarını dövlət
vəsaiti hesabına latınqrafikalı nəşrlərlə
təhciz etmişik. Son bir neçə il ərzində
ana dilimizin Dövlət dili kimi qorunması, inkişaf etdirilməsi,
işlənmə dairəsinin genişlənməsi, dilimizdə
müvafiq informasiya və İnternet bazalarının
formalaşdırılması, elmi, filoloji və bədii tərcümə
işinin yüksək səviyyədə aparılması
istiqamətində verilən Prezident sərəncamları və
görülən işlər ortadadır. Təhsil Nazirliyi,
universitetlərimiz, elmi-tədqiqat və elmi-metodiki mərkəzlərimiz,
dövlətin dəstəyi ilə qeyri-hökumət təşkilatları
tərəfindən müvafiq təhsil və məlumat
portalları yaradılıb və yaradılır. Bütün bunlarla yanaşı, Konstitusiyamız və
"Təhsil haqqında" Qanunumuz ölkəmizdə digər
dillərdə təhsil üçün münbit şərait
formalaşdırıb.
Sonda daha bir fikir üzərində də dayanmağı vacib hesab edirəm. Çoxdillilik qabaqcıl mədəniyyətlərin göstəricisidir. Bir hadisə kimi onun təhsil müstəvisinə gətirilməsi istənilən xalq və ölkə üçün mütərəqqi faktdır. Rus dili, ədəbiyyatı və mədəniyyəti Azərbaycanda Oktyabr inqilabınaqədərki və sovet dövrü ziyalılar nəslinin yetişməsində müstəsna rol oynayıb və bu gün də öz missiyasını davam etdirməkdədir. Postsovet mərhələsində yetişən ziyalılar və mütəxəssislər nəsli üçün digər xarici dillər də, ilk növbədə, ingilis dili müstəsna əhəmiyyət kəsb edir. Bizə maraqlı görünən fakt odur ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində rus-tatar məktəblərində (bu məktəblər özləri də bilinqval idi. Təhsil tariximizdə bu, olduq-ca uğurlu təcrübə olub), Sankt-Peterburq, Moskva, Kiyev və s. Rusiya və Avropa univer-sitetlərində təhsil almış azərbaycanlılır dırnaqdan başadək milli ruhlu ziyalılar kimi formalaşmışdılar, kosmopolitizmdən, qərbçilikdən, slavyanofil ideyalarından və sair "izm"lərdən uzaq idilər. Məşhur "Üç mədəniyyət" kitabının müəllifi Əhməd Bəy Ağayev rus ədəbiyyatı üzrə professor elmi adını daşıyırdı... Təlim rus, ingilis, fransız, alman və ölkəmizdə yaşayan azsaylı xalqların dilində aparılan bugünkü Azərbaycan məktəblərini bitirən gənclərin azərbaycanşünaslıq ideyaları ruhunda yetişdirilməsi təhsil sistemimizin, ideoloji işə cavabdeh qurumların, hər birimizin ən ümdə vəzifəsidir.
Azərbaycan ictimai-siyasi, etnik və təhsil reallıqları üçün açıq bilinqval (multilinqval) təlim tipi xarakterikdir. Əsas məqsəd milli-mədəni özünəməxsusluğun, milli ruhda tərbiyənin aparılması şərtilə ümumavropa və dünya məkanına inteq-rasiyanın və mədəniyyətlərarası kommunikasiyanın təmin olunmasından, gənc nəslin multikultural ruhda tərbiyəsinə nail olmaqdan ibarətdir.
525-ci qəzet 2018.- 21 noyabr .- S.4.