Qayıtmasam...

Hekayə

Əlindən tutmuşdu, barmaqlarını bir-bir yumub açırdı, barmaqla say öyrənən körpə uşaq kimi. Uzun barmaqlarının, iri ovcunun hərarəti vicudunu titrətsə də, içindən həlim bir duyğu keçsə də, biləyindəki saatın əqrəbləri bu gözəl anları qovurdu sanki.

- Niyə gərginsən?

- Gərgin deyiləm!

- Gərginsən, görürəm axı...

- Saata baxıram, vaxt qaçır elə bil.  Sabah səhər gedirsən, - səsi titrədi, - bir-birimizə deyiləsi o qədər sözümüz var ki... Ancaq sən hələ beşcə barmağımı sayıb qurtara bilmirsən...

Gülümsündü. O andaca sifətinin ifadəsi dəyişdi, sanki ənsəsində, əngində dərinin altında əzələləri titrədi. Qaşları bir az düyünləndi:

- Tələsirsən?

- Yox, ancaq borclanmaq istəmirəm.

- Kimə?

- Zamana - xəfifcə gülümsündü...

- Barmaqlarını saymırdım, deyəcəklərimi nizamlayırdım, sözləri, kəlmələri seçirdim. İstəyirəm deyəm ki, - ani fikrə getdi.

- Məni sevirsən.

- Yox, onu deməyəcəm. "Sevirəm" sözündən xoşum gəlmir, çox ucuzlaşdırıblar bu sözü. Nənəm demişkən, lap adamın əti tökülür.

- Kim ucuzlaşdırıb axı?

- Yalançı məcnunlar...

Hər ikisinin dodağı qaçdı:

- Mövzunu dəyişməyək.

- İstəyirəm deyəm ki, səni çox istəyirəm.

- Nəhayət!

- Xətrimə dəyirsən.

- Niyə? Axı mən dörd ildi bu sözləri gözləyirəm.

- Sənə sözmü lazımdı, Nəzrin? Bəyəm mən sənə 4 ildə min dəfə, milyon dəfə etiraf etməmişəmmi istəyimi... baxışlarımla, davranışımla... Bir az incik baxışlarını uzağa - dənizin ortasında yanıb sönən işıqlara dikdi.

- İncimə, məni sevdiyini birinci kursdan bilirəm. Davranışından, məni nişanlım kimi, məhrəmim kimi qorumağında, hər zaman yanımda olmağından, hisslərindən, həyəcanından bilirdim. Yoxsa bu saatda, burda səninlə tək... qəhərləndi - nə işim vardı. Soruşanlara "sevgilimdi", "nişanlımdı" deyə bilmirəm, "dostumdu" deyirəm. Bir az əsəbi halda əlini çəkib:

- Səfehəm mən. Sevgisini oğlana etiraf edən qızlara nifrət edərdim. İndi özüm həmin durumdayam sanki...

- Gərginliyi aradan götürməkçün:

- Yaxşı, möhkəm ol, sənə etiraf edəcəm. Əlini buraxmadan skamyadan qalxıb bir dizini yerə qoyub, gözlərini qırpmadan:

- Sənə çoxdan vurulmuşam. 4 il əvvəl Dövlət İmtahan Komissiyasının qarşısında yerə dağılan sənədlərini toplayıb çantana qoyan gündən. İlk baxışdan sevgi deyirlər ha, bax onun kimi. Yerdən topladığım sənədlərin içindən iki artıq şəkil də vardı. Bax, onu özümdə saxlamışdım. - Əlini köynəyinin döş cibinə salıb kiçik ölçüdə iki şəkil çıxardı.

- O vaxtdan əmanət saxlamışam. O zamançun ən böyük arzum bu idi: kaş bu qızla bir universitetə, bir qrupa düşəydim.

- Arzuna çatmısan ki...

- Hə, çatmışam. İlk dəfə auditoriyada rastlaşanda gülümsündük, köhnə tanışlar kimi salamlaşdıq. Yanında oturmaq istədim, çəkindim. Keçib arxadakı masada oturdum. Elə o gündən də düşündüm ki, bu qız mənim qismətimdi, həmişə arxasında olacağam. Səni qorumağa çalışdım söz-söhbətdən, yad baxışdan, hətta əsən küləkdə də... Mənim ilk eşqim olmayıb, - dodağı qaçdı, - dostum İlqar kimi nə uşaq baxçasında, nə orta məktəbdə qız sevməmişəm. İlk eşqim elə anam olub. Bilirsən, bacım, qardaşım yoxdu. Dünyada iki ən əziz adam var mənim üçün - anam, bir də sən. Atam mən uşaq olanda avtomobil qəzasında vəfat edib. Anam mənimçün çox dəyərlidi. Həm atamdı, həm bacımdı, həm qardaşımdı. Özü demiş, mən də onun yaşam səbəbiyəm. Anamın bir öyüdü hər zaman qulağımdadı: "Heç vaxt bir qızı incitmə, ağlatma, aldatma. Bir dəfə sev və evlən". O üzdən sənə gözlərimdən məlum olan hisslərimə adım kimi əmin olmadan  dilə gətirə bilmirdim. Bu gün Diplomumu aldım, sabah əsgər gedirəm. Anama səni istədiyimi söylədim.

- Doğrudan, nə dedi? - səbirsiz, nigaran halda soruşdu.

- Hə, hər şeyi danışdım. Bilirəm, - dedi. Birinci kursdan hiss edibmiş.

- Ay Allah! - qızardı. Etiraz etdi, hə?

- Niyə ki?

- Tək övladısan. Yəqin özü qız gözaltı eləmiş olar sənə...

- Yoox, mənim anam mələk kimi qadındı. Mənim arzularımı nəzərə alır, qərarlarımla hesablaşır.

- Bəs nə dedi?

- Dedi ki, sağ-salamat get əskərliyini çək, gəl, nişan apararıq Nəzrinə.

- Doğrudan?..

Sevincdən gözü dolmuşdu. Özünü dünyanın xoşbəxti sayırdı o anda.

Sadiq cibindən bir gümüş üzük çıxarıb Nəzrinin barmağına taxdı.

- Bu üzük nişan üzüyü olmasa da, qızıldan olmasa da, sevgi etirafimın, evlənmək təklifimin şahidi olsun. Mən qayıdana qədər qoru, barmağından çıxarma.

Ayağa qalxdılar. Əl-ələ, üz-üzə, göz-gözə xeyli baxışdılar. Sol əlini havada bir neçə dəfə o tərəf-bu tərəfə çevirib üzük taxılan barmağından öpdü. Gözlərindən yanağına yuvarlanan göz yaşını əlinin dalı ilə silib:

- Sənin əmanətini, şahidini gözüm kimi qoruyacam, söz verirəm. Səni bir an, bir saniyə unutmayacam. Səni gözləyəcəm! Ancaq sən də mənə söz ver. Cəbhə bölgəsinə düşmüsən. Söz ver ki, özünü qoruyacaqsan - Vətənçün, anançun, mənimçün...

- Kövrəlmə, belə yadımda qalarsan. Gülümsə, bir il nədi ki? Bax, səni darıxmağa qoymayacam. Axı mən sıravi əsgər olmayacam. Telefonum olacaq yanımda. Hər gün səsimi eşidəcəksən. Fərqlənsəm, məzuniyyət də verərlər yəqin ki...

Sonra yanağına isti nəfəs toxundu...

- Xanım, ay xanım, - çiyninə toxunan əl onu diksindirdi, gözlərini açıb yana baxdı. - Niyə ağlayırsız? Üşüyürsüz, xəstələnmisiz? Sizə taksi çağıraq? Qarşısında dayanan, ona məyus-məyus baxan gənc oğlanla qızı süzüb:

- Lazım deyil, yaxşıyam. Üşümürəm, mənə burda istidi, - dedi. Onu ömrünün ən şirin xatirəsindən ayırdıqlarına görə onlara hirsləndi də. Hələ də qarşısında dayanıb üzünə baxan gənclərə:

- Nəyə baxırsız? Gedin, mən yaxşıyam, - dedi. Yenə gözlərini uzağa - dənizdəki qaraltıya zilləyib xəyallarını vərəqlədi. Sonuncu görüşləri...

Mart ayı idi. Sadiq bir həftəlik məzuniyyətə gəlmişdi. Nümunəvi xidmətinə görə ona 3 ay əvvəl də məzuniyyət vermək istəmişdilər. Novruz bayramında anasını tək qoymamaq üçün məzuniyyətin vaxtını mart ayına salmağı komandirdən xahiş etmişdi. Komandir də onun çalışqanlığını, məsuliyyətli, ağıllı davranışlarını nəzərə alıb razılaşmışdı... Martın 25-i - məzuniyyətin sonuncu günü idi. Səhər tezdən hərbi hissəyə qayıtmalıydı. Son görüşlərində oturduqları skamyada - dəniz kənarındaydılar. Hava soyuq olduğundan ətrafda heç kəs görünmürdü. Yaz axşamının sazağında Nəzrinin burnu qızarmışdı, əlləri titrəyirdi.

- Əsirsən, sənə soyuq olar. Gedək yaxındakı kafeyə.

- Yox, üşümürəm. Sən gedəndən bura mənim ən əziz məkanımdı. Hər gün olmasa da 2-3 gündənbir gəlirəm bura. Xidmətini qurtarana qədər gələcəm, səni burda gözləyəcəm, - səsi titrədi.

- Ay dəli, niyə kövrəlirsən? Daha nə qalıb ki? Üçcə ay. Mart bitir, aprel, may, iyun... Qayıdan kimi nişanlanarıq. Özümə iş tapım, payızda da toyumuzu edərik. - Qərarından razı halda gülümsündü, - anam da toy həvəsindədi. Sonra  keyfini açmaq üçün iki barmağı ilə xəfifcə onun qızarmış burnunu sıxdı. Nəzrin dolmuş gözlərini silərək gülümsündü:

- Zarafatından qalmırsan.

- Bax, gözlə ha! - Ərklə şəhadət barmağını silkələdi. - Bilirsən, andıma sadiq oğlanam mən. Sənə də, anama da söz vermişəm, qayıdacam. Mənimçün dünyanın ən əziz iki qadınını bəxtəvər edəcəm...

Bir həftə sonra, cəmi bir həftə sonra bütün ölkə təlatüm içindəydi. Savaş başlamışdı - Aprel döyüşləri. Cəbhədən qarışıq xəbərlər yayılırdı. Havadan qan iyi gəlirdi... Sadiqdən xəbər tuta bilmirdilər, telefonuna zəng çatmırdı. Anası hərbi komissarlığa ayaq döyürdü hər gün. Qohum-qonşu anasının yanından ayrılmırdı. Dua edə-edə ağlayanlara anası çımxırırdı da:

- Ağlamayın, mənim balam sağdı, döyüşür. Mənim balam mənə söz verib. Mənim balam sözünə sadiq oğuldu. Mənim balam ölə bilməz!..

Nəhayət, 5 gün sonra xəbər gəldi. Qara xəbər darvazanı laybalay açmışdı ki, əsgərlərin çiynində bayraqla bəzənmiş cənazə son dəfə doğma ocağı ilə vidalaşsın...

... Dəfn mərasimi çox izdihamlı idi. İnsan axınının ucu-bucağı görünmürdü. Bir evin oğlunu bütün el son mənzilə yola salırdı. İzdihamın başı üzərində bayraqlar dalğalanırdı. "Şəhidlər ölməz, Vətən bölünməz", nidası cənazə başında Quran oxuyan mollanın səsini batırırdı...

Dəfn zamanı çıxış edən yüksək rütbəli zabit, Sadiqin anasına yaxınlaşıb tabutun üzərinə sərilmiş bayrağı ona verdi və əlini döş cibinə salıb bir balaca kağız parçası çıxardı:

- Sizə çatacaq. Sadiqin son məktubudu.

Ana göz yaşları içində boğula-boğula üstündə qan ləkəsi olan kağızı açdı. Tələsik, səliqəsiz yazılmış iki-üç cümlə oxudu: "Ana, Nəzrin, sizə söz vermişdim ki, mütləq qayıdacam. Ancaq mən Vətən qarşısında da müqəddəs borcumu yerinə yetirməyə söz vermişəm. Ağır döyüşə gedirəm, qayıtmasam, bağışlayın. Sizi çox istəyirəm".

Ana başını qaldırıb gözləri ilə oğlunun tələbə yoldaşlarının arasında Nəzrini axtardı. Qızlar qara yaylıqlı, ağlamaqdan gözləri şişmiş, bənizi solmuş Nəzrini ovutmağa çalışırdılar. İzdihamı aralayıb Nəzrinə tərəf getdi:

- Gəl, qızım, gəl! Oğlumun əmanəti, ilk və son məhəbbəti. - Onu qucaqlayıb bağrına basdı, pərişan saçlarından öpdü. Qoynuna qoyduğu bayrağı və məktubu Nəzrinin əllərinə təslim etdi: - Oğlumun əmanəti qoy səndə qalsın. Mən Sadiqdən sonra çətin ki yaşayam. Oğlumun Vətən məhəbbəti Ana, Yar məhəbbətindən daha güclü imiş...

Dənizdən əsən külək saçlarını üzünə dağıtdı. Üz-gözünü silib skamyadan qalxdı. Ovcundakı kağız parçasını cibinə qoyub pıçıldadı:

- ... Qayıtmasam, bağışlayın, sizi çox istəyirəm...

Yaqut BAHADURQIZI

525-ci qəzet  2018.- 23 noyabr.- S.7.